Maddə 237. Meyitin qəbirdən çıxarılması (eksqumasiya)
237.1. Meyitin qəbirdən çıxarılması zərurəti olduqda müstəntiq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında meyitin qəbirdən çıxarılmasına icazə alınması üçün məhkəməyə təqdimatla müraciət edilməsi haqqında əsaslandırılmış vəsatət qaldırır. Meyitin qəbirdən çıxarılması yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər.
237.2. Meyit müstəntiqin, məhkəmə təbabəti sahəsində mütəxəssisin, ölmüş şəxsin yaxın qohumlarının və ya onun qanuni nümayəndələrinin (onların istəyindən asılı olaraq) iştirakı ilə qəbirdən çıxarılır. Qəbirdən çıxarıldıqdan sonra meyit göstərilən şəxslərin müşayiəti ilə digər tədqiqatların aparılması üçün müvafiq tibb idarəsinə aparıla bilər.
237.3. Meyitin qəbirdən çıxarılmasında müstəntiqin göstərişi və ya icazəsi ilə foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilə bilər.
237.4. Meyitin qəbirdən çıxarılması qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətinin protokolunu tərtib edir və həmin protokolda aşağıdakılar göstərilir:
237.4.1. meyitin qəbirdən çıxarıldığı vaxt, tarix və yer;
237.4.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;
237.4.3. meyitin qəbirdən çıxarılmasında iştirak etmiş məhkəmə təbabəti sahəsində mütəxəssisin vəzifəsi, soyadı, adı və atasının adı;
237.4.4. meyitin qəbirdən çıxarılmasında iştirak etmiş şəxslərin soyadı, adı və atasının adi, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifələri, faktiki yaşadıqları və qeydiyyatda olduqları yer;
237.4.5. meyitin qəbirdən çıxarılmasında ölənin yaxın qohumlarının və ya onun qanuni nümayəndələrinin iştirak etdiyi halda, onların soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, yer, habelə faktiki yaşadıqları və qeydiyyatda olduqları yer;
237.4.6. meyitin qəbirdən çıxarılmasının xüsusiyyətləri, xüsusən fotoçəkiliş və ya meyitin qəbirdən çıxarılması zamanı video və kino çəkilişdən və ya digər texniki vasitələrdən istifadə edilməsi haqqında qeyd;
237.4.7. müşahidə edilmə ardıcıllığı ilə meyitin qəbirdən çıxarılması zamanı bütün aşkar olunanlar.
237.5. Meyitin qəbirdən çıxarılması haqqında protokol ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə onun hər bir vərəqi istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanır.
237.6. Meyitin qəbirdən çıxarılması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə, müvafiq olaraq fotoşəkillər və ya çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə olunur.
Maddə 238. Şəxsi müayinə
238.1. Məhkəmə-tibb ekspertizasının keçirilməsi tələb edilmədiyi halda şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidin bədənində cinayətin izlərini və ya xüsusi əlamətləri aşkar etmək məqsədilə müstəntiq onların şəxsi müayinəsini apara bilər.
238.2. Şəxsi müayinə aparılması haqqında məhkəmənin və ya müstəntiqin qərarı, barəsində qərar çıxarılmış şəxs üçün məcburidir. Şəxsin tutulması və ya həbs edilməsi halları istisna olmaqla insanın iradəsinə zidd onun şəxsi müayinəsi yalnız məhkəmənin qərarı əsasında aparılır.
238.3. Təqsirləndirilən və ya şübhəli şəxs üzərində şəxsi müayinənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir.
238.4. Zəruri hallarda şəxsi müayinə həkimin və ya məhkəmə təbabəti sahəsində mütəxəssisin iştirakı ilə və ya qanunla müəyyən edilmiş hallarda həkim-narkoloq, həkim olmadıqda isə, feldşer-narkoloq tərəfindən aparılır. Barəsində şəxsi müayinə aparılan şəxsin soyundurulması ilə müşayiət edilən şəxsi müayinə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır.
238.5. Əks cinsdən olan şəxsin soyundurulması zərurəti yarandığı halda müstəntiq, təqsirləndirilən və ya şübhəli şəxsin müdafiəçisi həmin istintaq hərəkətinin aparılmasında iştirak edə bilməz. Bu halda müstəntiqin tapşırığı ilə şəxsi müayinə həkimin və ya məhkəmə təbabəti sahəsində mütəxəssisin iştirakı ilə aparılır.
238.6. Şəxsi müayinə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətinin protokolunu tərtib edir və protokolda aşağıdakılar göstərilir:
238.6.1. şəxsi müayinənin aparıldığı vaxt, tarix və yer;
238.6.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;
238.6.3. şəxsi müayinədə iştirak etmiş məhkəmə təbabəti sahəsində mütəxəssisin və ya həkimin vəzifəsi, soyadı, adı və atasının adı;
238.6.4. şəxsi müayinənin aparılmasında iştirak edən şəxslərin soyadı, adı və atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifələri, faktiki yaşadıqları və qeydiyyatda olduqları yer;
238.6.5. müşahidə edilmə ardıcıllığı ilə şəxsi müayinə zamanı bütün aşkar olunanlar.
238.7. Şəxsi müayinə protokolu ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanır.
XXX fəsil. Şəxsin və əşyaların tanınması
Maddə 239. Şəxsin tanınması
239.1. Hər hansı şəxsi şahidə, zərər çəkmiş, şübhəli və təqsirləndirilən şəxsə tanınma üçün təqdim etmə zərurəti yarandıqda müstəntiq əvvəlcədən onları həmin şəxsin xarici görkəmi və əlamətləri barədə, habelə tanıyanın tanınanı gördüyü hallar barədə dindirir və bu barədə müvafiq protokol tərtib edilir.
239.2. Müstəntiq təqsirləndirilən və ya şübhəli şəxsin tanınmasında həmçinin onun müdafiəçisinin iştirakını əvvəlcədən təmin etməlidir.
239.3. Müstəntiqin göstərişi və ya icazəsi ilə şəxsin tanınması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilə bilər.
239.4. Tanıyan şəxs şahid və ya zərər çəkmiş şəxs olduqda, o, əvvəlcədən ifadə verməkdən imtina etməyə, boyun qaçırmağa, bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti haqqında, habelə özünün, yaxud yaxın qohumlarının əleyhinə ifadə verməmək hüququ haqqında xəbərdar edilir.
239.5. Tanınmalı olan şəxs tanıyana azı 3 (üç) nəfər eyni cinsdən olan və tanınmalı olan şəxsdən xarici görkəmi və geyimi ilə kəskin fərqlənməyən digər şəxslərlə birlikdə təqdim edilir.
239.6. Tanınma başlanmazdan əvvəl müstəntiq tanınmalı olan şəxsə digər şəxslər sırasında istənilən yeri tutmağı təklif edir.
239.7. Tanıyan şəxsin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə və ya onun tələbi ilə şəxsin tanınmaya təqdim edilməsi tanıyan şəxsin tanınmalı olan şəxs tərəfindən vizual müşahidəsini istisna edən şəraitdə aparıla bilər.
239.8. Tanıyan qeyri-müəyyənliyinə görə tanınanın şəxsiyyətinin eyniləşdirilməsi üçün kifayət edən əlamətləri göstərmədikdə tanınma aparıla, aparılmış tanınma isə əsaslı hesab edilə bilməz. Şəxsin eyni şəxs tərəfindən və eyni əlamətlər üzrə təkrar tanınması aparıla bilməz.
239.9. Zərurət olduqda tanınma xarici görkəminə və geyiminə görə kəskin fərqlənməyən müxtəlif şəxslərin fotoşəkilləri üzrə də aparıla bilər.
Maddə 240. Əşyaların tanınması
240.1. Hər hansı əşyanı tanınma üçün təqdim etmək zəruri olduqda müstəntiq tanıyan şəxsi bu əşyanın əlamətləri və həmin əşyanı gördüyü şərait barədə qabaqcadan dindirir və bu barədə protokol tərtib edilir.
240.2. Əşyanın tanınmasında təqsirləndirilən və ya şübhəli şəxsin müdafiəçisi iştirak etmək hüququna malikdir. Müstəntiq tərəfindən bu istintaq hərəkətinin aparılması barədə əvvəlcədən xəbərdar edilmiş müdafiəçi əşyanın tanınmasında iştirak etmək arzusunu bildirdikdə, müstəntiq onun bu hüququnu təmin etməlidir.
240.3. Müstəntiqin göstərişi və ya icazəsi ilə əşyanın tanınmasında foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilə bilər.
240.4. Tanıyan şəxs şahid və ya zərər çəkmiş şəxs olduqda, ona qabaqcadan ifadə verməkdən imtinaya, ifadə verməkdən boyun qaçırmağa, bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə, habelə özünün və yaxın qohumlarının əleyhinə ifadə verməmək hüququ barədə xəbərdarlıq edilir.
240.5. Tanınmalı olan əşya eyni növdən olan əşyalar arasında tanıyan şəxsə təqdim edilir. Tanıyan şəxsə onun tanıya bildiyi əşyanı göstərmək və həmin əşyanı məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olunur.
240.6. Meyitin, onun hissələrinin, habelə analoqunu tapmaq qeyri-mümkün və ya çətin olan əşyaların tanınması təqdim edilmiş vahid nüsxə üzrə aparılır.
240.7. Tanıyan şəxsin sağlığında müşahidə etdiyi insan meyitinin tanınması aparıldıqda onun qrimlənməsinə yol verilir. Əşya tanındıqda onun çirkdən, pasdan və digər çöküntülərdən təmizlənməsinə yol verilir.
Maddə 241. Tanınma protokolu
241.1. Tanınma aparıldıqdan sonra müstəntiq aşağıdakıları əks etdirən tanınma protokolu tərtib edir:
241.1.1. tanınmanın aparıldığı yer, tarix və vaxt;
241.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;
241.1.3. tanınmada iştirak etmiş şəxslərin soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün və yer; vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduğu yer;
241.1.4. tanınmada iştirak etmiş şəxsə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd;
241.1.5. tanınmanın xüsusiyyətləri, meyitin qəbirdən çıxarılmasında foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd;
241.1.6. müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən tanınma üçün təqdim edilmiş əşyaların təsviri və tanınmanın aparıldığı əlamətlərin təsviri.
241.2. Tanınma protokolunu ona öz qeydlərinin əlavə edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları imzalayırlar. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər bir səhifəsi istintaq hərəkətinin iştirakçıları tərəfindən ayrıca imzalanır.
241.3. Tanınmanın aparılmasında foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə, müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə edilir.
XXXI fəsil. Axtarış və götürmə
Maddə 242. Axtarış və ya götürmənin aparılması
242.1. Əldə edilmiş (mövcud) sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə, müstəntiq axtarış apara bilər.
242.2. Axtarış, həmçinin axtarışda olan şəxslərin, habelə heyvanların, insan meyitlərinin və ya heyvan cəsədlərinin aşkar edilməsi məqsədi ilə aparıla bilər.
242.3. Toplanmış sübutlarla və ya əməliyyat-axtarış fəaliyyətinin materialları ilə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və sənədlərin kimdə və harada olması müəyyən edildikdə müstəntiq həmin əşya və sənədləri götürə bilər.
Maddə 243. Axtarış və ya götürmənin aparılması üçün əsaslar
243.1. Axtarış və ya götürmə, bir qayda olaraq, məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə axtarış və ya götürmənin aparılması haqqında qərarı müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı olduqda çıxara bilər. Axtarış və ya götürmə bu Məcəllənin 177.2—177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır.
243.2. Axtarış və ya götürmənin aparılması haqqında qərarda aşağıdakılar göstərilməlidir:
243.2.1. qərarın çıxarıldığı tarix, vaxt və yer;
243.2.2. qərarı çıxarmış şəxsin soyadı, adı, atasının adı və vəzifəsi;
243.2.3. axtarış və ya götürmənin aparılması üçün əsas olmuş obyektiv hallar və motivlərin əsaslandırılması;
243.2.4. axtarışın və ya götürmənin aparılacağı şəxsin soyadı, adı və atasının adı;
243.2.5. axtarış və ya götürmənin aparılacağı konkret yer (yaşayış, xidməti, istehsalat binası, ünvanı və ya yerləşdiyi yer);
243.2.6. götürmə haqqında qərar qəbul edildikdə, həmçinin götürülməli olan əşya və sənədlər.
243.3. Təxirə salına bilməyən hallarda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan yalnız aşağıdakıları güman etməyə əsas verən dəqiq məlumat olduqda apara bilər:
243.3.1. şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini;
243.3.2. şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, həbsdən və ya azadlıqdan məhrum etmə yerlərindən qaçmış şəxsin yaşayış yerində gizləndiyini;
243.3.3. yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını;
243.3.4. yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olduğunu.
243.4. Bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 243.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, habelə məhkəmənin qərarı olmadan axtarış və ya götürmə aparılmasının zəruriliyi və təxirə salına bilməməsi əsasları nəzərə alınmaqla tərtib edilir.
Maddə 244. Axtarış və ya götürmə zamanı iştirak edən şəxslər
244.1. Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidinin iştirakı məcburidir.
244.2. Şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir.
244.3. Zəruri hallarda axtarış və ya götürmənin aparılmasında tərcüməçi və mütəxəssis iştirak edə bilər.
244.4. Axtarış və ya götürmə zamanı barəsində axtarış və götürmənin aparıldığı şəxsin, onun yetkinlik yaşına çatmış ailə üzvünün və ya qanuni mənafelərini təmsil edən şəxslərin iştirakı təmin edilməlidir. Göstərilən şəxslərin iştirakını təmin etmək mümkün olmadıqda mənzil-istismar təşkilatının, yaxud yerli icra hakimiyyəti orqanının nümayəndəsi dəvət edilir.
244.5. İdarə, müəssisə, təşkilatlara, hərbi hissələrə məxsus olan binalarda axtarış və ya götürmə onların nümayəndəsinin iştirakı ilə aparılır.
244.6. Barəsində axtarış və ya götürmənin aparıldığı şəxslər, habelə hal şahidləri, mütəxəssislər, tərcüməçilər, nümayəndələr, müdafiəçilər müstəntiqin bütün hərəkətləri zamanı həmin yerdə olmaq, protokolda yazılmalı olan qeydlər vermək hüququna malikdirlər.
Maddə 245. Axtarış və ya götürmənin aparılması qaydası
245.1. Müstəntiq axtarış və ya götürmə haqqında qərara əsasən yaşayış binasına, yaxud digər binaya daxil olmaq hüququna malikdir.
245.2. Axtarış və ya götürmə aparılmasından əvvəl müstəntiq barəsində axtarış və ya götürmənin aparıldığı şəxsi bu barədə qərarla tanış etməlidir.
245.3. Müstəntiq axtarış və ya götürməni foto, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə etməklə aparmaq hüququna malikdir.
245.4. Müstəntiq axtarış və ya götürmə faktlarının, habelə onların nəticələrinin və barəsində axtarış aparılan şəxsin şəxsi həyatının hallarının yayılmaması üçün tədbirlər görməlidir.
245.5. Müstəntiq axtarış və ya götürmə qurtaranadək axtarış və ya götürmənin aparıldığı yerdə olan şəxslərə oranı tərk etməyi, habelə öz aralarında və digər şəxslərlə ünsiyyətdə olmalarını qadağan edə bilər.
245.6. Götürmə apararkən müstəntiq qərarı elan etdikdən sonra götürülməli olan əşya və sənədləri könüllü surətdə verməyi təklif edir, bundan imtina edildikdə isə götürməni məcburi aparır.
245.7. Axtarış apararkən müstəntiq qərarı elan etdikdən sonra götürülməli olan əşya və sənədlərin könüllü surətdə verilməsini və gizlənən şəxsin yerinin könüllü göstərilməsini təklif edir. Əşya və sənədlər könüllü verildikdə və ya gizlənən şəxsin yeri könüllü göstərildikdə, bu, protokolda öz əksini tapmalıdır. Axtarılan əşya və sənədlər verilmədikdə və ya tam verilmədikdə, yaxud gizlənən şəxsin yeri göstərilmədikdə axtarış aparılır.
245.8. Axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir.
245.9. Axtarış və ya götürmə apararkən bağlı bina və saxlanc yerlərinin sahibləri onları könüllü surətdə açmaqdan imtina etdikdə müstəntiq həmin bina və saxlanc yerlərini açmağa haqlıdır.
245.10.Axtarış və ya götürmənin aparılması zamanı aşağıdakılar qadağan edilir:
245.10.1. qapıların, qıfılların, digər əşyaların lüzumsuz olaraq zədələnməsi və binada qaydanın pozulması;
245.10.2. kimyəvi və psixotrop maddələrin, habelə insanın səhhətinə və ətraf mühitə ziyan vura biləcək texniki vasitələrin və ya qurğuların istifadə edilməsi.
Maddə 246. Şəxsi axtarış və götürmə
246.1. Müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər.
246.2. Məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər:
246.2.1. şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə;
246.2.2. təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə;
246.2.3. axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda.
246.3. Şəxsi axtarış və götürmə müstəntiq tərəfindən mütəxəssisin və barəsində şəxsi axtarış aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı ilə aparılır.
Maddə 247. Axtarış və ya götürmə protokolu
247.1. Axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair aşağıdakıları əks etdirən protokol tərtib edir:
247.1.1. axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxt;
247.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;
247.1.3. axtarış və ya götürmədə iştirak etmiş digər şəxslərin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduqları yer;
247.1.4. barəsində axtarış və ya götürmə aparılmış şəxsə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd;
247.1.5. hal şahidlərinin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü, yaşadığı və qeydiyyatda olduqları yer;
247.1.6. hal şahidlərinin hər birinin şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxslə qarşılıqlı münasibəti haqqında məlumat;
247.1.7. hal şahidlərinin hər birinə onün hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd;
247.1.8. axtarış və ya götürmənin xüsusiyyətləri, axtarış, yaxud götürmənin aparılmasında foto, kino və video çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd;
247.1.9. axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri.
247.2. Axtarış və ya götürmə protokolu ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi istintaq hərəkətinin iştirakçıları tərəfindən ayrıca imzalanır.
247.3. Axtarış və ya götürmə zamanı foto, kino və video çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri və ya başqa məlumat daşıyıcıları protokola əlavə edilir.
247.4. Axtarış və götürmə protokolunun surəti barəsində istintaq hərəkəti aparılan şəxsə və ya onun yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə və ya təmsil etdiyi şəxsə, onlar olmadıqda isə ərazisində istintaq hərəkəti aparılan mənzil-istismar təşkilatının nümayəndəsinə verilir.
247.5. Axtarış və ya götürmə idarə, müəssisə, təşkilat və hərbi hissənin ərazisində aparıldıqda, protokolun surəti onların nümayəndələrinə verilir.
XXXII fəsil. Əmlak üzərinə həbs qoyulması
Maddə 248. Əmlak üzərinə həbs qoyulmasının mahiyyəti
248.1. Əmlak üzərinə həbs:
248.1.1. mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsini təmin etmək məqsədilə tətbiq edilir;
248.1.2. əmlakın siyahıya alınmasından və mülkiyyətçiyə və ya sahibə həmin əmlak üzərində sərəncam verməyi, zəruri hallarda isə ondan istifadəni qadağan etməkdən ibarətdir;
248.1.3. bank əmanətlərinə tətbiq edildikdən sonra onlar üzrə əməliyyatların aparılmasına xitam verir.
248.2. Həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur.
248.3. Həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Əmlakın cinayətin törədilməsində alət və ya vasitə kimi istifadə edilməsinə, cinayətin predmeti olmasına, cinayət yolu ilə əldə edilmiş vəsait hesabına əldə edilməsinə və ya artırılmasına kifayət qədər sübutlar olduqda, həbs bütün əmlakın, yaxud onun çox hissəsinin üzərinə qoyulur. Cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak üzərinə həbs qoyulur.
248.4. Mülkiyyətçi və ya əmlakın sahibi və onun ailə üzvləri üçün zəruri olan ərzaq məhsullarına, mühüm dəyəri olmayan yanacağa, ixtisas üzrə kitablara və peşə fəaliyyəti ilə məşğul olmaq üçün avadanlığa, daimi istifadə edilən qab-qacağa və mətbəx ləvazimatına, habelə digər ilk zərurət əşyalarına həbs qoyula bilməz.
248.5. İdarə, müəssisə və təşkilatların təsərrüfat fəaliyyətinə xələl gətirmədən mülkiyyətin ayrıla bilən hissəsi istisna olmaqla, onların əmlakı üzərinə həbs qoyula bilməz.
Maddə 249. Əmlak üzərinə həbs qoyulmasının əsasları
249.1. Əmlak üzərinə həbs yalnız cinayət işi üzrə toplanmış materiallar üzrə kifayət qədər əsas verdikdə qoyula bilər.
249.2. Əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Məhkəmə əmlak üzərinə həbs qoyulması haqqında qərarı aşağıdakı hallarda çıxarır:
249.2.1. məhkəməyə müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı daxil olduqda;
249.2.2. məhkəməyə müraciət etmiş şəxslər bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş halların təsdiq edilməsi üçün kifayət olan ilkin sübutlar təqdim etdikdə, habelə əmlak üzərinə həbs qoyulmasının zəruriliyini əsaslandırdıqda.
249.3. Əmlak üzərinə həbs qoyulması haqqında məhkəmənin qərarında aşağıdakılar öz əksinin tapmalıdır:
249.3.1. qərarın çıxarıldığı tarix, vaxt və yer;
249.3.2. qərarı çıxarmış hakimin soyadı, adı, atasının adı və vəzifəsi;
249.3.3. əmlak üzərinə həbs qoyulması üçün əsas olmuş obyektiv halların və motivlərin əsaslandırılması;
249.3.4. əmlakın üzərinə həbs qoyulmuş şəxsin soyadı, adı və atasının adı;
249.3.5. üzərinə həbs qoyulmalı olan konkret əmlak, habelə mülki iddianın təmin edilməsinə kifayət edən əmlak;
249.3.6. əmlak üzərinə qoyulan həbs müddəti.
249.4. Üzərinə həbs qoyulması üçün əmlakın könüllü verilməsinə əsaslı şübhələr olduqda, əmlak üzərinə həbs qoyulması haqqında qərarda axtarış aparılmasının mumkünlüyü də göstərilir.
249.5. Təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan bu Məcəllənin 177.2—177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdə əmlak üzərinə həbs qoya bilər.
249.6. Bu Məcəllənin 249.5-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq əmlak üzərinə həbs qoyulması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 249.3-cü maddəsinin tələblərinə uyğun olaraq və məhkəmənin qərarı olmadan əmlak üzərinə həbs qoyulmasının zəruriliyi və təxirə salına bilməməsi əsaslandırılmaqla tərtib edilir.
Dostları ilə paylaş: |