1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir:
peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi;
əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi;
əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi;
sanitariya və gigiyena normalarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması;
əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi;
əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsi;
bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunması;
işçilərin qanunvericiliklə müəyyən olunmuş məcburi dövlət sosial sığorta edilməsi;
işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması;
əmək müqavilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan şərtlər.
2. Bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə, əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.