Maddə 164. Avtomobil yollarında və nəzarət edilən zonalarda yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması
164.0. Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni:
164.0.1. yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin saxlanılmasına (səkilərdə materialların və ya predmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığı hallar istisna olmaqla);
164.0.2. geoloji, axtarış, tikinti, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə;
164.0.3. daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla birləşmələrin və kəsişmələrin yaradılmasına;
164.0.4. yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə;
164.0.5. təhkim zolağında hərəkət təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların qurulmasına;
164.0.6. dəmiryol keçidlərinin, bəndlərin, şlüzlərin, nohurların, digər meliorasiya və hidrotexniki qurğuların tikintisinə, yenidən qurulmasına, təmirinə və ləğvinə, çayların və kanalların yatağının dərinləşdirilməsinə;
164.0.7. bərk örtüklü yollarda nəqliyyat vasitələrinin zavod sınaqlarının keçirilməsinə;
164.0.8. təhkim zolağında nəqliyyat vasitələrinin durması və yuyulması üçün meydançaların, servis obyektlərinin, köşklərin, pavilyonların, digər qurğuların yerləşdirilməsinə və ticarətin aparılmasına;
164.0.9. yarışların, məşqlərin və digər idman tədbirlərinin keçirilməsinə;
164.0.10. tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə görə—
-
fiziki şəxslər səksən manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə edilir. (1, 48, 102, 119)
Dostları ilə paylaş: |