Maddə 232. Mülki silahın satış qaydasının pozulması
Ticarət müəssisələri (təşkilatları) işçilərinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarından xüsusi icazəsi olmayan fiziki şəxslərə, müəssisə, idarə və təşkilatlara mülki silahı və onun üçün döyüş sursatı satmasına görə—
-
vəzifəli şəxslər otuz beş manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir. (1, 52, 119)
Maddə 233. Mülki silahın saxlanması üçün xüsusi icazə ləğv edildikdən sonra vətəndaşların onu satmaqdan boyun qaçırması
Vətəndaşların mülki silahının və döyüş sursatının saxlaması və ondan təyinatı üzrə istifadə etmək üçün gəzdirilməsi hüququnu təsdiq edən xüsusi icazə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edildikdə, onların bu silahı satmaqdan boyun qaçırmasına görə—
-
silah və döyüş sursatı ödənişlə alınır və səkkiz manatdan on beş manatadək miqdarda cərimə edilir. (1, 52, 119)
Maddə 234. Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə
Cinayət yolu ilə əldə edildiyini bilə-bilə az miqdarda pul vəsaitləri və ya digər əmlakı əldə etməyə, onlara sahiblik və ya onlardan istifadə etməyə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam verməyə görə -
inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.
Qeyd: Bu Məcəllənin 234-cü maddəsində “az miqdarda” dedikdə min manatadək olan məbləğ başa düşülür.
Maddə 235. Müəyyən edilməmiş yerlərdə malların satılmasi və ya işlərin (xidmətlərin) göstərilməsi
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) göstərilməsinə görə—
-
on manatdan otuz manatadək miqdarda cərimə edilir. (1, 119)
Maddə 236. Etil (yeyinti) spirti və alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması
236.1. Ticarət və ya ictimai iaşə müəssisələrinin işçiləri tərəfindən etil (yeyinti) spirti və alkoqollu içkilərin və ya tütün məmulatlarının satışı qaydalarının pozulmasına görə—
236.2. Ticarət və ya ictimai iaşə müəssisələrinin işçiləri tərəfindən etil (yeyinti) spirti və alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə—
-
on beş manatdan qırx manatadək miqdarda cərimə edilir. (1, 119)
Dostları ilə paylaş: |