Maddə 265. Qəza və ya qarşısıalınmaz qüvvənin təsiri zamanı tədbir görülməməsi
265.0. Qəza və ya qarşısıalınmaz qüvvənin təsiri zamanı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməməsinə, yəni
265.0.1. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerə çatdırılmaq üçün qəbul edilmiş və ya tranzitlə keçirilən malların və nəqliyyat vasitələrinin qorunmasının təmin edilməməsinə;
265.0.2. icazə olmadan onlardan istifadəyə yol verilməsinə;
265.0.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına işin halları, malların və nəqliyyat vasitələrinin olduğu yer barədə məlumatın verilməməsinə;
265.0.4. ən yaxın olan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına malların və nəqliyyat vasitələrinin daşınmasının təmin edilməməsinə;
265.0.5. malların və nəqliyyat vasitələrinin olduğu yerə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin gətirilməməsinə görə—
-
inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin iki faizindən on faizinədək miqdarda cərimə edilir.
Maddə 266. Malların, nəqliyyat vasitələrinin və onlara aid olan sənədlərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan verilməsi və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına çatdırılmaması
266.1. Gömrük nəzarəti altında olan malların, nəqliyyat vasitələrinin və onlara aid olan sənədlərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətə çatdırılmamasına görə—
-
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş manatdan yüz manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə edilir.
266.2. Gömrük nəzarəti altında olan mallara və nəqliyyat vasitələrinə aid Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verilmək üçün qəbul edilmiş gömrük sənədlərinin və ya digər sənədlərin itirilməsinə və ya çatdırılmamasına görə—
-
xəbərdarlıq edilir və ya yetmiş manatdan yüz manatadək miqdarda cərimə edilir.
266.3. Gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan verilməsinə və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerə çatdırılmamasına, yaxud itirilməsinə görə—
-
inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən yüz faizinədək miqdarda cərimə edilir. (1, 119, 142)
Dostları ilə paylaş: |