Maddə 301. Fövqəladə vəziyyət rejimi tələblərinin pozulması
301.0. Fövqəladə vəziyyət rejimi tələblərinin pozulmasına, yəni:
301.0.1. fövqəladə vəziyyət rejimi tətbiq edildiyi əraziyə gediş-gəlişin xüsusi rejiminin və bu ərazidə hərəkət sərbəstliyinin məhdudlaşdırılmasının pozulmasına;
301.0.2. yığıncaqlar, mitinqlər, küçə yürüşləri, piketlər və nümayişlər və digər kütləvi tədbirlər keçirilməsinin, müəssisə və təşkilatların fəaliyyətinin tətil və ya başqa üsullarla dayandırılmasının qadağan edilməsinin pozulmasına;
301.0.3. nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasının pozulmasına və onların yoxlanmasına maneçilik törədilməsinə;
301.0.4. xüsusi verilmiş icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədlər olmadan qadağan saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olmağın qadağan edilməsinin pozulmasına;
301.0.5. mətbuatın və digər kütləvi informasiya vasitələrinin azadlığının məhdudlaşdırılmasına, səs ucaldan texniki vasitələrin və surətçıxarma aparatlarının müvəqqəti alınmasına maneçilik törədilməsinə, jurnalistlərin akkreditə olunmasının xüsusi qaydasının pozulmasına;
301.0.6. fiziki şəxslərin toplaşdığı yerlərdə sənədlərin yoxlanmasına, müstəsna hallarda isə, fiziki şəxslərə silah olması barədə məlumat olduqda, şəxsi yoxlama aparılmasına, şəxsi əşyaların, nəqliyyat vasitələrinin və mənzillərinin yoxlanmasına maneçilik törədilməsinə;
301.0.7. silah, zəhərləyici və ya partlayıcı maddələr, döyüş sursatı, xüsusi vasitələr, narkotik vasitələr, psixotrop maddələr və onların analoqları və ya tərkibində güclü təsirə malik maddələr olan dərman preparatları, etil spirti, spirtli içkilər və tərkibində spirt olan məmulatların gəzdirilməsinin, əldə edilməsinin və satılmasının məhdudlaşdırılmasının və ya qadağan edilməsinin pozulmasina;
301.0.8. müstəsna hallarda fiziki şəxslərdan odlu və soyuq silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin, müəssisələrdən, idarələrdən və təşkilatlardan isə həmçinin təlim hərbi texnikasının və radioaktiv maddələrin müvəqqəti alınmasına maneçilik törədilməsinə;
301.0.9. karantin tələblərinin, sanitariya-antiepidemiya, baytarlıq və bu kimi digər tədbirlərin, habelə qanunvericiliklə nəzərdə tutulmuş mülki müdafiə tədbirlərinin pozulmasına;
301.0.10. müstəsna hallarda, təxirəsalınmaz qəzaxilasetmə işləri aparmaq üçün əmək təhlükəsizliyini hökmən təmin etmək şərtilə, əmək qabiliyyətli əhalinin və fiziki şəxslərin nəqliyyat vasitələrinin səfərbərliyə alınmasına maneçilik törədilməsinə;
301.0.11. rabitədən istifadə üçün qoyulmuş xüsusi qaydaların pozulmasına görə;
301.0.12. ayrı-ayrı maliyyə-iqtisadi fəaliyyət növlərinin həyata keçirilməsinə, o cümlədən malların, xidmətlərin və maliyyə vəsaitlərinin yerdəyişməsinə qoyulmuş məhdudiyyətlərin pozulmasına;
301.0.13. gündəlik tələbat mallarının və ərzağın əldə olunmasında, satışında və bölüşdürülməsində müəyyən edilmiş xüsusi rejimin pozulmasına görə—
-
fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə on beş günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir. (1, 55, 94, 119)
Dostları ilə paylaş: |