Maddə 407. Nəqliyyat vasitələrinin saxlanılması
407.1. Bu Məcəllənin 406.1-ci maddəsində göstərilən, yaxud nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilmiş dayanma və durma qaydalarının pozulduğu hallarda nəqliyyat vasitələri müvəqqəti olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağında saxlanılır.
407.2. Üç saat ərzində nəqliyyat vasitəsinin saxlanılması səbəbini yerində aradan qaldırmaq mümkün olduqda, nəqliyyat vasitəsi onu yol hərəkətində iştirakdan kənarlaşdırmış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşının yanında saxlanılır. Belə səbəb aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya mübahisəli hallar araşdırıldıqdan və ya xətaya görə inzibati tənbeh verildikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi onun sahibinə qaytarılır.
407.3. Üç saat ərzində nəqliyyat vasitəsinin saxlanılması səbəbini yerində aradan qaldırmaq mümkün olmadıqda, nəqliyyat vasitəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına gətirilir. Nəqliyyat vasitəsinin saxlanılması səbəbi aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya xətaya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır.
407.4. Nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati xəta haqqında protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir.
Dostları ilə paylaş: |