Maddə 282. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması
282.1. Müəyyən olunmuş müddətlərdə əvvəllər gətirilmiş malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına, əgər bu cür aparılma və ya qaytarılma məcburidirsə, əvvəllər aparılmış malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmamasına görə—
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin mallar və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.
282.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına geri aparılmanı və geri gətirilməni təsdiq edən, yaxud malların və nəqliyyat vasitələrinin qəza və ya qarşısı alınmaz qüvvənin təsiri, təbii aşınma və ya itki, yaxud xarici dövlət orqanlarının və vəzifəli şəxslərinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə qanunsuz hesab edilən hərəkətləri ilə əlaqədar sahiblikdən çıxması nəticəsində geri aparılmanın və geri gətirilmənin qeyri-mümkünlüyünü təsdiq edən etibarsız sənədlər təqdim edilməsinə görə—
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir.