Maddə 78. Müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisinə və yenidən qurulmasına dair ekoloji tələblərin pozulması
78.1. Müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisi və yenidən qurulması zamanı ətraf mühitin keyfiyyət normativlərinə riayət olunmamasına görə—
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək miqdarda cərimə edilir.
78.2. Tikinti işləri aparıldıqda torpaqların rekultivasiyası, təbii resursların bərpası və səmərəli istifadəsi, ərazilərin abadlaşdırılması və ətraf mühitin sağlamlaşdırılması üzrə tədbirlərin görülməməsinə görə—
vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on iki min beş yüz manatadək miqdarda cərimə edilir. (1, 101, 119)