Maddə 113. Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması
113.1. Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına, yəni:
113.1.1. dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə;
113.1.2. ağır ekoloji nəticələrə səbəb ola bilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə;
113.1.3. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə uyğun olmayan təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə;
113.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada yararsız torpaqları bərpa etmədən yeni (xam torpaq sahələrini) təsərrüfat və ya sair fəaliyyət dövriyyəsinə daxil edilməsinə;
113.1.5. ətraf mühitin və onun komponentlərinin qlobal mənfi dəyişikliklərinə səbəb olan, o cümlədən ekoloji təhlükəsizlik sahəsində beynəlxalq müqavilələri pozan fəaliyyətin həyata keçirilməsinə;
113.1.6. müvafiq ərazinin təbii mühitinə xas olmayan, habelə nəzarətsiz artım və yayılmasının qarşısını almaq üçün səmərəli tədbirləri hazırlamadan süni yolla əldə edilmiş orqanizmlərdən istifadə edilməsinə, çoxaldılmasına və ya yayılmasına;
113.1.8. insan orqanizmində və ətraf mühitdə cəmləşə bilən və təbii parçalanmaya uğramayan toksik maddələrdən istifadə edilməsinə, habelə zərərsizləşdirmə texnologiyası ekoloji cəhətdən təhlükəli olan toksik maddələrin tətbiq edilməsinə;
113.1.9. emal, zərərsizləşdirmə və təkrar istifadə texnologiyası ekoloji cəhətdən təhlükəli olan məhsulların ölkəyə gətirilməsinə və ya istehsalına;
113.1.10. radioaktiv tullantıların, işlənmiş, lakin yenidən istifadəyə yararlı olan nüvə yanacağının, müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş siyahıda göstərilən toksik və sair təhlükəli istehsalat və məişət tullantılarının, digər radioaktiv maddələrin və nüvə materiallarının, təkrar istifadə edilə bilinməyən qeyri-toksik tullantıların, habelə istifadəsi və təkrar istifadəsi texnologiyası ekoloji təhlükə yaradan maddələrin ölkəyə gətirilməsinə;
113.1.11. müvafiq normativ hüquqi aktlarla ekoloji cəhətdən təhlükəli fəaliyyət kateqoriyasına aid edilmiş sair fəaliyyətin həyata keçirilməsinə;
113.1.12. bu Məcəllənin 113.1.1-113.1.11-ci maddələrində göstərilən xətaların törədilməsi ilə müşaiyət olunan elmi-tədqiqat, iqtisadi və sair eksperimentlərin həyata keçirilməsinə görə—
fiziki şəxslər iki yüz manatdan yeddi yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə edilir.
113.2. Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normalarının pozulmasına görə-
fiziki şəxslər üç yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə edilir. (1, 101, 110, 119)