Maddə 369. İnzibati xətalar haqqında işlər üzrə məsrəflər
369.1. İnzibati xətalar haqqında işlər üzrə məsrəflər:
369.1.1. şahidlərə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən;
369.1.2. maddi sübutların saxlanılması, göndərilməsi, daşınması və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir.
369.2. Fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur.
369.3. İnzibati xətalar haqqında işlər üzrə məsrəflərin ölçüsü məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir.
369.4. Məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir.
Maddə 370. Zərər çəkənlərə, şahidlərə, ekspertlərə və tərcüməçilərə ödənilməli məbləğ
370.1. İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar olaraq zərər çəkənlərin, şahidlərin, ekspertlərin, mütəxəssislərin, tərcüməçilərin və hal şahidlərinin çəkdikləri xərclər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilir.
370.2. İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) zərər çəkmiş, şahid, ekspert, mütəxəssis, tərcüməçi və hal şahidləri kimi çağırılan şəxslərin işdə olmadıqları müddət ərzində iş yerində onların əmək haqqı müəyyən edilmiş qaydada saxlanılır.
370.3. Mütəxəssisin, ekspertin və tərcüməçinin əməyi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilir.
İyirmi səkkizinci fəsil. İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçıları, onların hüquqları və vəzifələri
Dostları ilə paylaş: |