Maddə 189. Kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etmə
189.0. Kütləvi informasiya vasitəsinin redaksiyası (məsul redaktoru) və jurnalistlər (müəlliflər) tərəfindən kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadə etməyə görə, yəni:
189.0.1. açıqlanması qanunla qadağan edilən məlumatları açmağa;
189.0.2. mətbu nəşrdə çap olunan materialların qanunvericiliyin tələblərinə uyğun hazırlanmasına nəzarət etməməyə;
189.0.3. qanunvericiliklə müəyyən edilmiş hallardan başqa informasiyanı onun mənbəyini göstərmədən yaymağa;
189.0.4. istinad məlumatları göstərilməyən kütləvi informasiya vasitələri məhsullarını istehsal etməyə və ya yaymağa, yaxud istinad məlumatlarını qəsdən yanlış göstərməyə görə—
fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir. (1, 119)
Maddə 190. Statistik məlumatların verilməsi qaydalarının pozulması
Statistika müşahidələrinin keçirilməsi və ya uçot vahidlərinin dövlət reyestrinin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə—
otuz beş manatdan əlli manatadək miqdarda cərimə edilir. (1, 119, 149)
Maddə 191. Statistik sirrin yayılması
191.1. Statistik sirrin yayılmasına, yəni hüquqi şəxslərin (onların nümayəndəlik və filiallarının) və fiziki şəxslərin razılığı olmadan, onlar haqqında məlumatların, bu məlumatlardan istifadə etməyə hüququ olmayan dövlət orqanlarına, müəssisələrə, təşkilatlara, yaxud fiziki şəxslərə verilməsinə görə—
fiziki şəxslər on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan əlli manatadək miqdarda cərimə edilir.
191.2. Statistik sirrin mətbuatda dərc olunmaqla yayılmasına görə—
fiziki şəxslər otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir. (1, 119, 161)
Maddə 192. Arxiv sənədlərinin, sənəd kolleksiyalarının saxlanılması, qeydiyyatı və ya istifadə edilməsi qaydalarının pozulması
Arxiv sənədlərinin, sənəd kolleksiyalarının saxlanılması, qeydiyyatı və ya istifadə olunması qaydalarının pozulmasına görə—
xəbərdarlıq edilir və ya fiziki şəxslər yeddi manatdan on manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda cərimə edilir. (1, 119)
Dostları ilə paylaş: |