Maddə 307. Yetkinlik yaşına çatmayanların sərxoşluq vəziyyətinə gətirilməsi
Yetkinlik yaşına çatmayanların öz valideynləri və ya başqa şəxslər tərəfindən sərxoşluq vəziyyətinə gətirilməsinə görə—
iyirmi manatdan otuz beş manatadək miqdarda cərimə edilir. (1, 119)
Maddə 307-1. Avaralıqla məşğul olma
307-1.1. Avaralıqla məşğul olmağa görə—
vətəndaşlar xəbərdarlıq edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xəbərdarlıq edilir və ya iyirmi manatdan iyirmi beş manatadək miqdarda cərimə edilməklə və ya edilməməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.
307-1.2. Yetkinlik yaşına çatmayanların öz valideynləri və ya başqa şəxslər tərəfindən avaralığa cəlb edilməsinə görə—
on manatdan on beş manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq edilir.
Qeyd: Bu maddədə avaralıqla məşğul olan dedikdə — müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan hər hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan (qanunvericiliklə müəyyən edilmiş qaydada işsiz statusu almış şəxslər istisna olmaqla), mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər başa düşülür. (8, 119)