Maddə 348-5. Dövlət qulluqçuları haqqında məlumatların vaxtında, tam və ya düzgün verilməməsi
Dövlət qulluğuna qəbul edilən şəxslər və digər dövlət qulluqçuları haqqında qanunvericiliklə müəyyən edilmiş məlumatların müvafiq dövlət orqanları tərəfindən Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə vaxtında, tam və ya düzgün verilməməsinə görə —
vəzifəli şəxslər 300 manatdan 700 manatadək məbləğdə cərimə edilir. (176)
Maddə 348-6. İnzibati prosessual qanunvericiliyin pozulması (188)
348-6.1. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı çərçivəsində məhkəmənin tələb etdiyi sənədlərin və ya aktların, habelə zəruri məlumatların inzibati orqanlar tərəfindən təqdim edilməməsinə
görə - vəzifəli şəxslər səkkiz yüz manat miqdarında cərimə edilir. (188)
348-6.2. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında məhkəmə iclasının qapalı keçirildiyi hallar istisna olmaqla, hər hansı şəxsin məhkəmə iclasına buraxılmamasına görə - vəzifəli şəxslər beş yüz manat miqdarında cərimə edilir. (188)