Azərbaycan Respublikasının Mülki Məcəlləsi Qəbul edilmişdir

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 6.29 Mb.
səhifə27/40
tarix20.01.2017
ölçüsü6.29 Mb.
1   ...   23   24   25   26   27   28   29   30   ...   40
§ 2. Sığorta haqqı

Maddə 899. Sığorta haqqını ödəmək vəzifəsi

899.1. Sığortalı sığorta haqqını yalnız sığortanı təsdiq edən sənədi aldıqdan sonra ödəməlidir.

899.2. Əgər sığortaya maraq itmişdirsə, sığortaçı sığorta haqqının öz üzərinə götürdüyü riskin müddətinə uyğun hissəsini tələb edə bilər. Sığortaçı göstərilmiş xidmətə uyğun muzd tələb edə bilər.

Maddə 900. İlk sığorta haqqı

Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, ilk və ya birdəfəlik sığorta haqqı vaxtında ödənilənədək sığortaçı öz vəzifələrindən azaddır.

Maddə 901. Sığorta haqqının vaxtında ödənilməməsi

901.1. Əgər sığorta haqqı vaxtında ödənilməmişdirsə, sığortaçı onun ödənilməsi üçün yazılı surətdə iki həftəlik müddət təyin edə bilər. Bu zaman o, ödəmənin gecikdirilməsinin nəticələrini göstərməlidir.

901.2. Əgər sığorta hadisəsi sığorta haqqının ödənilməsi müddəti qurtardıqdan sonra baş verərsə və bu vaxtadək sığortalı haqqın və ya faizlərin ödənilməsini gecikdirərsə, sığortaçı öz vəzifələrindən azad edilir.

Maddə 902. Müqavilənin sığorta haqqının vaxtında ödənilməməsi nəticəsində ləğv edilməsi

Əgər sığortalı sığorta haqqını vaxtında ödəməsə, sığortaçı müqavilənin ləğvi haqqında sığortalıya bir ay əvvəldən xəbərdarlıq edə bilər və bu müddət ərzində sığortalı sığorta haqqını ödəməsə, müqaviləni ləğv edə bilər.

Maddə 903. Sığorta haqqının ödənilməsinin xitamı

Əgər müqavilə bağlandıqdan sonra aydın olsa ki, sığortaçının iqtisadi vəziyyəti o dərəcədə pisləşmişdir ki, onun sığorta hadisəsi baş verdikdə, müqavilə üzrə götürdüyü öhdəlikləri icra etməməsi ilə bağlı real təhlükə mövcuddur, sığortalı sığorta haqqının ödənilməsinə xitam verə bilər.

§ 3. Zərərdən sığorta

Maddə 904. Zərərin əvəzini pulla ödəmək vəzifəsi

Əgər müqavilədə ayrı hal nəzərdə tutulmayıbsa, zərərdən sığorta zamanı sığortaçı zərərin əvəzini pulla ödəməlidir.

Maddə 905. Zərərin əvəzinin ödənilməsi hədləri

Sığortaçı zərərin əvəzini yalnız sığorta məbləği həddində ödəyir.

Maddə 906. Sığorta müqayisəsi

906.1. Əgər sığorta məbləğinin sığortalanmış mənafeyin dəyərindən (sığorta dəyərindən) xeyli yüksək olduğu aşkara çıxarsa, həm sığortalı, həm də sığortaçı ifrat sığortanın qarşısını almaq məqsədi ilə sığorta haqqının dərhal müvafiq surətdə azaldılaraq sığorta məbləğinin aşağı salınmasını tələb edə bilərlər.

906.2. Əgər sığortalı sığorta dəyərini artırmaq yolu ilə qanunsuz gəlir əldə etmək üçün müqavilə bağlayarsa, müqavilə etibarsız sayılır. Müqavilənin etibarsızlığı müəyyənləşdirilənə qədər sığortaçıya ödənilmiş sığorta haqları ona qalır, bu şərtlə ki, müqavilənin bağlandığı vaxt, o, müqavilənin etibarsız olduğunu bilməsin.

Maddə 907. Əmlak sığortasının xüsusiyyətləri

Əgər əmlak sığortalanıbsa və müqavilədə ayrı hal nəzərdə tutulmayıbsa, əmlakın dəyəri sığorta məbləği sayılır.

Maddə 908. Əldən çıxmış faydanın sığortası

Əgər müqavilədə nəzərdə tutulubsa, sığorta, sığorta hadisəsinin baş verməsi nəticəsində əldən çıxmış faydaya da şamil edilir.

Maddə 909. Əşyalar toplusunun sığortası

Əgər əşyaların toplusu sığortalanıbsa, sığorta topluya daxil olan bütün əşyalara şamil edilir.

Maddə 910. Sığorta ödənişinin miqdarı

Sığortaçı sığorta hadisəsinin baş verdiyi məqamda sığorta məbləğinin sığorta dəyərindən yüksək olduğu halda da, sığortalıya dəymiş zərərin miqdarından artıq olan məbləği ödəməyə borclu deyildir.

Maddə 911. Qismən və ya natamam sığorta. İkiqat sığorta

911.1. Əgər sığorta hadisəsinin baş verdiyi məqamda sığorta məbləği sığorta dəyərindən azdırsa (qismən və ya natamam sığorta), sığortaçı zərərin əvəzini sığorta məbləği ilə sığorta dəyərinin nisbətinə müvafiq surətdə ödəyir.

911.2. Eyni mənafeyi eyni vaxtda bir neçə sığortaçıda sığorta etdirən şəxs bu barədə sığortaçılardan hər birinə dərhal məlumat verməlidir. Məlumatda bütün sığortaçıların şəxsiyyəti və sığorta məbləğinin miqdarları göstərilməlidir.

911.3. Əgər həmin mənafe eyni riskdən bir neçə sığortaçıda sığortalanmışdırsa və sığorta məbləğlərinin məcmusu sığorta dəyərindən yüksəkdirsə və ya digər sığortaçı ilə sığorta müqaviləsi olmasaydı, hər bir sığortaçının verməli olduğu ödənişlərin ümumi məbləği başqa səbəblərə görə bütün zərərdən yüksəkdirsə (ikiqat sığorta), sığortaçılar sığortalı ilə bağladıqları müqavilədə nəzərdə tutulan məbləğ həddində sığortalı qarşısında birgə borclular kimi mükəlləfiyyət daşıyırlar, lakin sığortalının məcmu halda real zərərin miqdarından yüksək olan məbləği almağa ixtiyarı yoxdur.

Maddə 912. İkiqat sığortanın etibarsızlığı

Əgər sığortalı ikiqat sığortanı qanunsuz gəlir əldə etmək məqsədi ilə rəsmiləşdirərsə, bu məqsədlə bağlanan hər bir müqavilə etibarsız sayılır.

Maddə 913. Sığorta hadisəsi baş verdikdə sığortalının təqsiri

Əgər sığortalı sığortada nəzərdə tutulmuş hadisəni qəsdən və ya kobud ehtiyatsızlıq üzündən törədərsə, sığortaçı öz vəzifələrini yerinə yetirməkdən azad olunur.

Maddə 914. Sığortaçının göstərişlərini yerinə yetirmək vəzifəsi

914.1. Sığortada nəzərdə tutulmuş hadisə baş verdikdə sığortalı imkan daxilində zərərin qarşısını almalı və ya onu azaltmalı, bununla əlaqədar sığortaçının göstərişlərini yerinə yetirməlidir.

914.2. Sığortaçı onun göstərişləri nəticəsində çəkilmiş xərclərin əvəzini ödəməlidir.

Maddə 915. Müharibənin və ya digər qarşısıalınmaz qüvvənin doğurduğu zərərdən sığorta

Sığortaçı müharibənin və ya digər qarşısıalınmaz qüvvənin vurduğu zərər üçün yalnız o halda məsuliyyət daşıyır ki, bu, xüsusi razılaşmada nəzərdə tutulsun.

Maddə 916. Zərərin əvəzinin üçüncü şəxs tərəfindən ödənilməsi tələbi

916.1. Əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Əgər sığortalı üçüncü şəxs barəsində tələbindən və ya tələbinin yerinə yetirilməsi hüququndan imtina edərsə, sığortaçı öz xərclərinin əvəzinin ödənilməsi hüququnun həyata keçirilməsi nəticəsində və ya tələbin irəli sürülməsi ilə əlaqədar əldə edə biləcəyi həcmdə zərərin əvəzini ödəmək vəzifəsindən azad edilir.

916.2. Əgər sığortalının zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ onunla birlikdə yaşayan ailə üzvlərinə aiddirsə, ailə üzvünün zərəri qəsdən doğurduğu halda hüququn keçməsi istisna olunur.

Maddə 917. Sığortalanmış əmlakın özgəninkiləşdirilməsinin nəticələri

Sığortalanmış əmlak özgəninkiləşdirildikdə, sığortalının hüquq və vəzifələri əldə edənə keçir.

Maddə 918. Sığortalanmış əmlakın özgəninkiləşdirilməsi haqqında məlumat vermək vəzifəsi

Sığortalanmış əmlakın özgəninkiləşdirilməsi haqqında sığortaçıya dərhal məlumat verilməlidir. Əldə edən və ya özgəninkiləşdirən bu barədə sığortaçıya dərhal məlumat vermədikdə, əgər sığorta hadisəsi əmlakın özgəninkiləşdirildiyi andan iki həftə sonra baş verərsə, sığortaçı sığorta ödənişi vermək vəzifəsindən azad edilir.

Maddə 919. Əmlak özgəninkiləşdirildikdə sığortanın xitamı

919.1. Sığortaçının müqavilənin ləğvi üçün bir aylıq müddəti gözləməklə əldə edənlə sığorta münasibətlərinə xitam vermək ixtiyarı vardır. Əgər sığortaçı əmlakın özgəninkiləşdirildiyinin ona məlum olduğu andan bir ay ərzində müqaviləni ləğv etmək hüququndan istifadə etməzsə, onun bu hüququ qüvvədən düşür.

919.2. Əldə edənin sığorta müqaviləsini ləğv etmək ixtiyarı vardır; o, müqaviləni yalnız dərhal və ya sığortanın cari dövrünün sonuna yaxın ləğv edə bilər. Əgər əldə edən əmlakı əldə etdikdən sonra bir ay ərzində müqaviləni ləğv etmək hüququndan istifadə etməzsə, bu hüququ itirir, əldə edən sığortadan xəbərdar olmadıqda isə ləğvetmə hüququ əldə edənin sığorta münasibətlərindən xəbər tutduğu andan bir ay keçənədək qüvvədə qalır.

919.3. Əgər sığorta müqaviləsinə bu maddənin qaydaları əsasında xitam verilmişdirsə, özgəninkiləşdirən sığortaçıya sığorta haqqı ödəməlidir, lakin bu haqq onun sığorta dövrü ərzində, müqavilənin ləğvi məqamı da daxil olmaqla, ödəməli olduğundan artıq olmamalıdır; bu halda əldə edən sığorta haqqının ödənilməsi üçün məsuliyyət daşımır.

Maddə 920. Sığorta müqaviləsinin başqa şəxsin xeyrinə bağlanması

Sığortalı sığortaçı ilə sığorta müqaviləsini öz adından başqa şəxsin xeyrinə bağlaya bilər. Bu şəxsin adını bildirmək məcburi deyildir.

Maddə 921. Sığorta müqaviləsində başqa şəxsin hüquqları

921.1. Başqa şəxsin xeyrinə sığorta zamanı bu müqavilədən əmələ gələn hüquqlar həmin şəxsə mənsubdur. Yalnız sığortalının sığorta şəhadətnaməsini tələb etmək hüququ vardır.

921.2. Sığortalanmış şəxs yalnız sığorta şəhadətnaməsi onun əlində olduğu halda sığortalı ilə razılaşdırmadan öz hüquqlarından istifadə edə bilər və öz hüquqlarının məhkəmə yolu ilə həyata keçirilməsini tələb edə bilər.

Maddə 922. Sığortalının hüquqları

922.1. Sığortalı sığortalanmış şəxsə sığorta müqaviləsi üzrə mənsub olan hüquqlardan öz adından istifadə edə bilər.

922.2. Əgər sığorta şəhadətnaməsi verilmişdirsə, sığortalı yalnız sığorta şəhadətnaməsinə özünün sahib olduğu halda sığortalanmış şəxsin razılığını almadan ödəniş ala və ya hüququnu sığortalanmış şəxsə verə bilər.

922.3. Sığortaçı sığortalanmış şəxsin xeyrinə ödənişi yalnız o halda verməlidir ki, sığortalı sığortalanmış şəxsin sığorta müqaviləsi ilə razı olduğunu sübuta yetirsin.

Maddə 923. Mülki məsuliyyətin sığortası müqaviləsi

Mülki məsuliyyətin sığortası müqaviləsinə görə sığortaçı sığortalını sığorta dövründə əmələ gəlmiş məsuliyyətlə əlaqədar üçüncü şəxs qarşısında ona həvalə edilən öhdəlikdən azad etməlidir.

Maddə 924. Zərərin əvəzini bilavasitə ödəmək tələbi

Sığortaçı öz öhdəliyinin hədləri daxilində zərərin əvəzini bilavasitə ödəməlidir, bu şərtlə ki, zərər dəymiş şəxs ona qarşı tələb irəli sürsün.

Maddə 925. Məhkəmə xərcləri və məhkəmədənkənar xərclər

Sığortaya üçüncü şəxsin tələblərindən müdafiə olunmaq üçün çəkilmiş məhkəmə xərcləri və məhkəmədənkənar xərclər də daxildir, bu şərtlə ki, işin vəziyyətinə görə həmin xərcləri çəkmək zəruri olsun.

Maddə 926. Sığortaçının məsuliyyətdən azad edilməsi

Əgər sığortalı üçüncü şəxs qarşısında onun üzərinə məsuliyyət düşməsinə səbəb olan halın baş verməsini bilərəkdən doğurmuşdursa, sığortaçı məsuliyyətdən azad edilir.

Maddə 927. İcbari sığorta zamanı məsuliyyət

Əgər sığortaçı sığortalı qarşısında öhdəliklərindən bütünlüklə və ya qismən azaddırsa, icbari sığorta haqqında qanunda nəzərdə tutulmuş hallarda onun üçüncü şəxs qarşısında məsuliyyəti qüvvədə qalır.

§ 4. Həyat sığortası

Maddə 928. Həyat sığortası müqaviləsi

928.1. Həyat sığortası şəxsən sığortalıya və ya başqa şəxsə aid ola bilər.

928.2. Əgər həyat sığortası müqaviləsi başqa şəxsin xeyrinə bağlanırsa, həmin şəxsin və ya onun qanuni nümayəndəsinin yazılı razılığı zəruridir.

Maddə 929. Müqavilənin bağlanmasından imtinanın yolverilməzliyi

Sığortalı müqavilənin bağlanması zamanı özünün məlumat vermək vəzifəsini pozduqda, əgər müqavilə bağlanmasından beş il keçmişsə, sığortaçı müqavilədən imtina edə bilməz. Əgər məlumat vermək vəzifəsi qəsdən icra olunmamışdırsa, müqavilədən imtinaya yol verilir.

Maddə 930. Sığorta haqları vaxtaşırı ödənildikdə müqavilənin ləğvi

Əgər sığorta haqları vaxtaşırı ödənilirsə, sığortaçı sığorta münasibətlərini istənilən vaxt, lakin cari sığorta dövrünün sonuna yaxın ləğv edə bilər.

Maddə 931. Fayda götürmək hüququnun üçüncü şəxsə verilməsi

931.1. Yığımlı sığorta zamanı sığortalı sığorta ödənişi almaq hüququnu üçüncü şəxsə verə bilər, həmçinin üçüncü şəxsi başqa şəxslə əvəz edə bilər, bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın.

931.2. Əgər sığortalı başqa göstəriş verməmişdirsə, sığorta ödənişi almaq hüququ olan üçüncü şəxs bu hüququ ancaq sığorta hadisəsi baş verdikdə həyata keçirə bilər.

Maddə 932. Qeyri-münasib üçüncü şəxs

932.1. Əgər yığımlı sığorta zamanı sığortaçının vəzifəsi üçüncü şəxsin hüququna uyğun gəlmirsə, bu hüquq sığortalıya qalır.

932.2. Əgər yığımlı sığorta zamanı üçüncü şəxs özünün sığorta ödənişi almaq hüququndan istifadə etmirsə, bu hüquq sığortalıya qalır.

Maddə 933. Sığortaçının sığorta ödənişi vermək vəzifəsindən azad edilməsi

933.1. Əgər sığorta müqaviləsi başqa şəxsin ölməsi halı üçün bağlanmışdırsa, sığortalı qanunsuz hərəkətləri ilə qəsdən həmin şəxsin ölümünə səbəb olduqda sığortaçı öz vəzifələrindən azad edilir.

933.2. Əgər həyat sığortası zamanı üçüncü şəxsin sığorta ödənişi almaq hüququ vardırsa, həmin şəxs həyatı sığortalanmış şəxsin ölümünə qanunsuz hərəkətləri ilə qəsdən səbəb olduqda bu hüquq tanınmır.

Maddə 934. İntihar zamanı əvəz ödəməkdən azad edilmə

Həyat sığortası zamanı sığortalanmış şəxsin intihar etdiyi halda onun vərəsələri və ya faydalanan şəxs sığortalanmış şəxsin müqaviləyə öz təşəbbüsü ilə xitam verildiyi vaxt ala biləcəyi miqdarda ödəniş ala bilərlər.

Maddə 935. Sığorta müqaviləsinin dəyişdirilməsi

935.1. Sığortalı sığortanın cari dövrü qurtaranadək istədiyi vaxt sığorta müqaviləsinin sığorta haqları verilməyən müqavilə ilə əvəz olunmasını tələb edə bilər.

935.2. Əgər sığortalı müqavilənin bu cür əvəz olunmasını tələb edirsə, həm də yığılmış sığorta haqlarının ehtiyatı birdəfəlik haqq kimi nəzərdən keçirilirsə, həmin tələbin irəli sürüldüyü andan müqavilədə nəzərdə tutulan sığorta məbləğinin və ya fayda məbləğinin yerini sığortaçının sığortalanmış şəxsin yaşı nəzərə alınmaqla vəzifəsinə uyğun gələn məbləğ tutur.

Maddə 936. Müqaviləyə xitam verilərkən çıxmalar

Həyat sığortası müqaviləsinə imtina, ləğvetmə və ya şikayət nəticəsində xitam verildikdə, sığortaçı bu müqaviləyə xitam verildiyi günədək yaradılmış sığorta ehtiyatını qaytarmalıdır. Sığortaçı müqavilədə nəzərdə tutulmuş məbləği qaytarılan vəsaitdən çıxa bilər.

Maddə 937. Məcburi icranın nəticələri

Sığorta şəhadətnaməsi sahibinin (müqavilə ləğv edilərkən sığortaçıdan ödəniş almağa hüququ çatan şəxsin) müflis olduğu halda məhkəmənin qərarı ilə şəhadətnaməyə tutma yönəldilə bilər. Sığortaçı ilə razılaşmaya əsasən başqa şəxs sığorta müqaviləsinə xitam verilərkən sığorta şəhadətnaməsi sahibinin sığortaçıdan ala bildiyi məbləğ həddində kreditorların qanuni tələblərini ödəyərək şəhadətnamə sahibinin yerini tuta bilər.

§ 5. Fərdi qəza sığortası

Maddə 938. Fərdi qəza sığortası müqaviləsi

938.1. Fərdi qəza sığortası müqaviləsi istər sığortalı barəsində, istərsə də digər şəxs barəsində bağlana bilər.

938.2. Sığorta müqaviləsinin sığortalanmış şəxs tərəfindən deyil, amma onun xeyrinə bağlanması üçün sığortalanmış şəxsin və ya onun nümayəndəsinin razılığı tələb olunur.

Maddə 939. Sağlamlığa zərər vurulmasının nəticələri

Əgər sığortaçının vəzifəsi sağlamlığa qəsdən zərər vurulmasından asılıdırsa, qəsdin olmaması o vaxta qədər güman edilir ki, bunun əksi sübut edilməsin.

Maddə 940. Fərdi qəzanın qəsdən törədilməsinin nəticələri

940.1. Əgər başqa şəxsin sığortalanması zamanı xeyrinə sığorta müqaviləsi bağlanmış şəxs fərdi qəzanın baş verməsini qanunsuz hərəkətləri ilə qəsdən törədərsə, sığortaçı öz vəzifələrinin icrasından azad edilir.

940.2. Əgər fayda götürmək hüququna başqa şəxs malikdirsə, o, fərdi qəzanı qanunsuz hərəkətləri ilə qəsdən törətdikdə bu hüquqdan məhrum edilir.

Maddə 941. Fərdi qəza haqqında məlumat vermək vəzifəsi

Əgər vəzifələr fayda götürən şəxsin xeyrinə yerinə yetirilməlidirsə, bu şəxs fərdi qəza haqqında məlumat verməlidir. Bu qayda məlumatları bildirmək və sənədləri vermək vəzifəsinə də şamil edilir.

Maddə 942. Reqres hüququnun yolverilməzliyi

Sığortalının zərər üçün məsul olan şəxs barəsində reqres hüququ yoxdur.

L Fəsil

Sığorta

(Bu Fəsil AR-in 25 dekabr 2007-ci il tarixli,
520-
IIIQD saylı Qanunu ilə yeni redaksiyada verilmişdir)



Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   40
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə