Azərbaycan Respublikasının Mülki Məcəlləsi


Maddə 1121. Ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi



Yüklə 2,83 Mb.
səhifə34/36
tarix14.02.2018
ölçüsü2,83 Mb.
#42837
1   ...   28   29   30   31   32   33   34   35   36
Maddə 1121. Ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi

1121.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır:

1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər;

1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı;

1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü—əmək qabiliyyətindən asılı olmayaraq;

1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər.

1121.2. İşləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır.

1121.3. Zərərin əvəzi aşağıdakılara ödənilir:

1121.3.1. yetkinlik yaşına çatmayanlara—on səkkiz yaşına çatanadək;

1121.3.2. on səkkiz yaşından yuxarı tələbələrə—əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək;

1121.3.3. əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə—ömürlük;

1121.3.4. əlillərə—əlillik müddəti üçün;

1121.3.5. ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə—qulluq etdikləri on dörd yaşına çatanadək.

Maddə 1122. Ailə başçısının öldüyü halda dəymiş zərərin əvəzinin ödənilməsi miqdarı

1122.1. Ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir.

1122.2. Zərərin əvəzinin ödənilməsi miqdarı müəyyənləşdirilərkən ailə başçısının ölümü ilə əlaqədar şəxslərə təyin edilmiş pensiyalar və həm ailə başçısı ölməzdən əvvəl, həm də öldükdən sonra təyin edilmiş digər növ pensiyalar, habelə həmin şəxslərin götürdükləri qazanc (gəlir) və aldıqları təqaüd onlara zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir.

1122.3. Ailə başçısının ölümü ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan hər kəsə təyin edilmiş əvəz miqdarı, aşağıdakı hallar istisna olmaqla, sonralar yenidən hesablanmamalıdır:

1122.3.1. ailə başçısı öldükdən sonra uşaq doğulması;

1122.3.2. ölmüş ailə başçısının uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan şəxslərə əvəz ödənişi təyin edilməsi və ya əvəz ödənilməsinə xitam verilməsi.

1122.4. Əvəz miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər.

Maddə 1123. Zərərin əvəzinin ödənilməsi miqdarının sonradan dəyişdirilməsi

1123.1. Əmək qabiliyyətini qismən itirmiş zərərçəkənin sağlamlığının pozulması ilə əlaqədar əmək qabiliyyəti sonralar zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən azaldıqda o, zərərin əvəzinin ödənilməsi vəzifəsinin həvalə olunduğu şəxsdən əvəz miqdarının müvafiq surətdə artırılmasını istənilən vaxt tələb edə bilər.

1123.2. Əgər zərərçəkənin əmək qabiliyyəti zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən artarsa, zərərçəkənin sağlamlığına vurulmuş zərərin əvəzini ödəmək vəzifəsinin həvalə olunduğu şəxs əvəz miqdarının müvafiq surətdə azaldılmasını tələb edə bilər.

1123.3. Əgər zərərin əvəzini ödəmək vəzifəsinin həvalə olunduğu fiziki şəxsin əmlak vəziyyəti yaxşılaşmışsa, əvəz miqdarı isə bu Məcəllənin 1116.3-cü maddəsinə uyğun azaldılmışsa, zərərçəkən zərərin əvəzinin ödənilməsi miqdarının artırılmasını tələb edə bilər.

1123.4. Əgər zərər vurmuş fiziki şəxsin əmlak vəziyyəti əlilliklə, sağlamlıq imkanlarının məhdudluğu ilə və ya pensiya yaşına çatmaqla əlaqədar olaraq zərərin əvəzinin ödənilməsinin təyin edildiyi məqamdakı vəziyyətə nisbətən pisləşmişdirsə, onun tələbi ilə məhkəmə zərərin əvəzinin ödənilməsi miqdarını azalda bilər, amma zərərin qəsdən törədilmiş hərəkətlərlə vurulduğu hallar istisna təşkil edir. (30)

Maddə 1124. Dolanacaq xərclərinin yüksəlməsi və minimum əmək haqqının artması ilə əlaqədar zərərin əvəzinin ödənilməsi miqdarının artırılması

1124.1. Dolanacaq xərcləri artdıqda zərərçəkənin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi miqdarı qanunla müəyyənləşdirilmiş qaydada indeksləşdirilməlidir.

1124.2. Minimum əmək haqqının artırıldığı halda itirilmiş qazancın (gəlirin), zərərçəkənin sağlamlığının pozulması və ya ölümü ilə əlaqədar təyin edilmiş digər ödənişlərin əvəzinin ödənilməsi miqdarı minimum əmək haqqının artımına mütənasib surətdə artırılır.

Maddə 1125. Zərərin əvəzinin ödənilməsi üzrə ödənişlər

1125.1. Zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər.

1125.2. Əlavə xərclərin ödənilməsi məbləğləri putyovkaların alınması, gediş haqqının, xüsusi nəqliyyat vasitələri haqqının ödənilməsi də daxil olmaqla, müvafiq xidmətlərin və əmlakın dəyərinin qabaqcadan ödənilməsi zərurəti olduqda tibb ekspertizasının rəyinə əsasən müəyyənləşdirilən müddətlər daxilində gələcək zaman üçün də təyin edilə bilər.

Maddə 1126. Hüquqi şəxsə xitam verildikdə zərərin əvəzinin ödənilməsi

1126.1. Həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür.

1126.2. Həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallar da müəyyənləşdirilə bilər.

Maddə 1127. Dəfn xərclərinin əvəzinin ödənilməsi

Zərərçəkənin ölümü nəticəsində dəyən zərər üçün məsuliyyət daşıyan şəxslər dəfn xərclərini çəkmiş şəxsə həmin xərclərin əvəzini ödəməlidirlər. Bu xərcləri çəkmiş fiziki şəxsin dəfn üçün aldığı müavinət zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir.



61-ci fəsil. Malın, işin və ya xidmətin qüsurları nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi

Maddə 1128. Malın, işin və ya xidmətin qüsurları nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi əsasları

1128.1. Malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına, yaxud hüquqi şəxsin əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun.



1128.2. Bu Məcəllənin 1128-ci maddəsində nəzərdə tutulan qaydalar sahibkarlıq məqsədi ilə istifadə edilmək üçün deyil, yalnız istehlak məqsədi ilə malın əldə edildiyi (işin görüldüyü, xidmətin göstərildiyi) hallarda tətbiq edilir.

1128.3. Əgər məhsul bütün hallar nəzərə alınmaqla ondan gözlənilən etibarlığı təmin etmirsə, keyfiyyətsiz məhsul sayılır.

1128.4. Məhsul yalnız sonradan dövriyyəyə daha yaxşı məhsulun daxil edilməsi nəticəsində keyfiyyətsiz sayılmır.

1128.5. Bu Məcəlləyə görə istənilən daşınar əşya digər daşınar və ya daşınmaz əşyanın bir hissəsi olduqda da, habelə elektrik cərəyanı məhsul sayılır. Əkinçilik nəticəsində əldə edilmiş və hələ emal olunmamış kənd təsərrüfatı məhsulları, heyvandarlıq, arıçılıq və balıqçılıq məhsulları (natural kənd təsərrüfatı məhsulları) məhsullara aid edilmir. Ov yolu ilə əldə edilmiş məhsullar barəsində də eyni qayda tətbiq edilir.

1128.6. Bu Məcəlləyə görə son məhsulu, məhsulun əsas ünsürünü və ya hissəsini istehsal etmiş şəxs istehsalçı sayılır. Öz adından, əmtəə nişanı ilə və ya digər fərqləndirici nişanla istehsalçı kimi çıxış edənlərin hamısı istehsalçı sayılırlar.

1128.7. Bundan başqa, bu Məcəllədə nəzərdə tutulan şərtləri gözləməklə, öz fəaliyyəti sahəsində təsərrüfat məqsədləri üçün məhsulu satış, kirayəyə vermək, lizinq üçün və ya digər formada çıxaran şəxs istehsalçı sayılır.

1128.8. Əgər istehsalçını müəyyənləşdirmək mümkün deyildirsə, hər hansı məhsul göndərən (bu barədə tələb verildikdən sonra bir ay ərzində onun istehsalçı barəsində zərərçəkənə məlumat verdiyi hallar istisna olmaqla) və ya ona bu məhsulu göndərmiş şəxs istehsalçı sayılır. İstehsalçının adı məlum olsa da, məhsulu ilk satanın kim olduğunu müəyyənləşdirmək mümkün olmadıqda idxal malına da bu qayda tətbiq edilir. (12)



Maddə 1129. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət daşıyan şəxslər

1129.1. Malın qüsurları nəticəsində vurulmuş zərərin əvəzini zərərçəkənin seçimi üzrə məhsulun satıcısı və ya istehsalçısı ödəməlidir.

1129.2. İşin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir.

1129.3. Mal (iş, xidmət) haqqında tam və ya düzgün informasiya verilməməsi nəticəsində vurulmuş zərərin əvəzini bu Məcəllənin 1129.1 və 1129.2-ci maddələrində göstərilmiş şəxslər ödəməlidirlər.



1129.4. Keyfiyyətsiz məhsulun nəticəsində vurulmuş zərəri məhsulun satıcısı ödədiyi halda, bu Məcəllənin 1114.2-ci maddəsinin müddəaları tətbiq edilir. (12)

Maddə 1130. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi müddətləri

1130.1. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulan zərərin əvəzi, əgər zərər malın (işin, xidmətin) müəyyənləşdirilmiş yararlıq müddəti ərzində əmələ gəlmişdirsə, ödənilməli, yararlıq müddətinin müəyyənləşdirilmədiyi halda isə malın (işin, xidmətin) istehsal edildiyi gündən on il ərzində əmələ gəlmişdirsə, ödənilməlidir.



1130.2. Aşağıdakı hallarda zərərin əvəzi onun vurulduğu vaxtdan asılı olmayaraq ödənilməlidir:

1130.2.1. qanunun tələbləri pozularaq yararlıq müddəti müəyyənləşdirilmədikdə;

1130.2.2. malın satıldığı, işin görüldüyü və ya xidmətin göstərildiyi şəxsə yararlıq müddəti qurtardıqdan sonra zəruri olan hərəkətlər və bu hərəkətlərin yerinə yetirilmədiyi halda mümkün nəticələr barəsində xəbərdarlıq edilmədikdə. (12)

Maddə 1131. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyətdən azad edilmə əsasları

Malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.



Maddə 1132. Sübutetmə yükü

Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur.



Onuncu bölmə. Vərəsəlik hüququ

62-ci fəsil. Vərəsəlik hüququnun ümumi müddəaları

Maddə 1133. Vərəsəlik anlayışı

1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

Maddə 1134. Vərəsələr

1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

Maddə 1135. Hüquqi şəxslər vərəsələr kimi

Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsəliyə mirasın açıldığı vaxtadək təşkil edilmiş hüquqi şəxslər çağırılırlar.



Maddə 1136. Nikahdankənar uşaqlar atanın vərəsələri kimi

Nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. Əgər həmin uşaq atasından əvvəl ölərsə, onun uşaqları atalarına çatası mirasdan pay tələb edə bilərlər.



Maddə 1137. Ləyaqətsiz vərəsə

Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.



Maddə 1138. Vərəsə ola bilməyən valideynlər

Valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin.



Maddə 1139. Məhkəmə tərəfindən vərəsəlik hüququndan məhrum edilmə

Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir.



Maddə 1140. Ləyaqətsiz vərəsənin bağışlanması

Əgər miras qoyan vərəsəlik hüququnun itirilməsinə səbəb olan hərəkətlər törətdiyinin üstü açılmış şəxsi bağışlayarsa və bu qərarını vəsiyyətnamədə aydın şəkildə ifadə edərsə, həmin şəxs bu hərəkətlərinə baxmayaraq vərəsəliyə buraxılır. Bağışlamanın geri götürülməsinə yol verilmir.



Maddə 1141. Başqa miras qoyanın əmlakını miras almaq hüququ

Vərəsəlik hüququndan məhrum edilmə vərəsəlik hüququndan məhrum edilmiş həmin şəxsin başqa miras qoyanın əmlakının vərəsəsi olmasına maneçilik törətmir.



Maddə 1142. Ləyaqətsiz vərəsə sayılmış şəxsin vəzifələri

Əgər şəxs mirası aldıqdan sonra məhkəmə tərəfindən ləyaqətsiz vərəsə sayılarsa, vərəsəlik üzrə aldıqlarının hamısını bəhərlər və gəlirlər ilə birlikdə qaytarmağa borcludur.



Maddə 1143. Ləyaqətsiz vərəsə sayılma barəsində iddianın irəli sürülməsi müddəti

Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər.



Maddə 1144. Vərəsəlik hüququndan məhrum edilmiş şəxsin miras payı

Vərəsəlik hüququndan məhrum edilmiş şəxsin payı vərəsəliyə çağırılmış qalan vərəsələrə keçir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür. (12)



Maddə 1145. Mirasın açılması

Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.



Maddə 1146. Mirasın açıldığı vaxt

Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.



Maddə 1147. Mirasın açıldığı yer

1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır.

1147.2. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır.

Maddə 1148. Xaricdə yaşayan şəxslərin mirasının açıldığı yer

Müvəqqəti xaricdə yaşamış və orada ölmüş Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun xaricə getməzdən əvvəl Azərbaycan Respublikasında yaşadığı yer, bu yer məlum olmadıqda isə mirasın və ya onun əsas hissəsinin olduğu yer sayılır.



Maddə 1149. Xaricdə daimi yaşamış şəxslərin mirasının açıldığı yer

Xaricdə daimi yaşamış Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun yaşadığı ölkə sayılır.



Maddə 1150. Xaricdə mirasın açılması

Azərbaycan Respublikasında yaşamış Azərbaycan Respublikası vətəndaşı xarici dövlətdə mirası həmin dövlətin qanunvericiliyinə uyğun alır.



Maddə 1151. Miras əmlak

1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

Maddə 1152. Gələcək əmlakın vəsiyyət edilməsi

Miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun.



Maddə 1153. Şəxsi xarakterli hüquq və vəzifələrin vərəsəlik üzrə verilməsinin yolverilməzliyi

Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir.



Maddə 1154. Miras qoyanın qeyri-əmlak hüquqlarının müdafiəsi

Miras qoyanın mirasa daxil olmayan qeyri-əmlak hüquqlarını vərəsələr qanunda nəzərdə tutulan qaydada həyata keçirə və müdafiə edə bilərlər.



Maddə 1155. Mirasa daxil olmayan əmlak

1155.1. Ailə dəftər-kitabları (və ya yazıları), ailə xronikaları, xatirə və digər ayin predmetləri və qəbirlər mirasa daxil deyildir və vərəsələr arasında bölüşdürülmür. Bu predmetlər bərqərar olmuş adətə görə vərəsənin mülkiyyətinə verilir. Həmin predmetləri mirasdan imtina etmiş vərəsə də qəbul edə bilər.

1155.2. Miras qoyanın şəxsiyyətinə, ailəsinə və ya bütün mirasa aid sənədlər ümumi əmlak kimi qalır.

Maddə 1156. Vəsiyyətnamədə nəzərdə tutulan əmlakın artırılmasının nəticələri

Əgər vəsiyyət edən vəsiyyətnaməni tərtib etdikdən sonra vəsiyyətnamədə nəzərdə tutulan daşınmaz əmlakı həmin əmlakla əlaqədar əmlakı əldə etmək yolu ilə artırarsa, vəsiyyətnamə tərtib edildikdən sonra əldə edilmiş əmlaka dair yeni sərəncam verilmədikdə bu əmlak mirasa daxil olmur.



Maddə 1157. Miras şərikləri

Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir.



Maddə 1157-1. Miras şərikləri tərəfindən mirasın idarə edilməsi

1157-1.1. Miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir.

1157-1.2. Mirasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri hər bir vərəsə digər miras şəriklərinin razılığı olmadan da həyata keçirə bilər.

1157-1.3. Mirasın idarə edilməsi ilə bağlı xərcləri vərəsələr özlərinin miras paylarına mütənasib surətdə çəkirlər. (12)

Maddə 1158. Mirasdan əşyanın tələb edilməsi hüququ

1158.1. Əgər vəsiyyət edən vərəsə üçün əşyanı yanlış qoymuşdursa, həmin əşyanın mülkiyyətçisi əşyanı ümumi qaydada tələb edə bilər.

1158.2. Əgər ölənin əmlakında başqa şəxsin əmlakı gizli şəkildə mövcuddursa, əmlakın bu hissəsi aşkar edilməli və müvafiq şəxsə verilməlidir.

63-cü fəsil. Qanun üzrə vərəsəlik

Maddə 1159. Qanun üzrə vərəsələr

1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

1159.1.1. Birinci növbədə—ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.

1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər.

1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur.

1159.2. İkinci növbədə—ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

1159.3. Üçüncü növbədə—həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın.

1159.4. Dördüncü növbədə—xalalar və bibilər, dayılar və əmilər.

1159.5. Beşinci növbədə—xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.

Maddə 1160. Qanun üzrə vərəsəlik zamanı növbəlik

Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.




Yüklə 2,83 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin