Maddə 41. Su obyektlərinin istifadəsinə antiinhisar tələblər
Su obyektləri istifadəçilərinin inhisarçı və haqsız rəqabətə yönəlmiş, başqa su obyektləri istifadəçilərinin, habelə digər fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının məhdudlaşdırılması ilə nəticələnən və ya nəticələnə bilən fəaliyyəti qanunla qadağan edilir.
Müvafiq icra hakimiyyəti orqanlarına sudan istifadənin inhisarlaşmasına səbəb olan, ayrı-ayrı su obyektləri istifadəçilərinin fəaliyyəti üçün ayrı-seçkilik şəraiti yaradan və bununla da başqa su obyektləri istifadəçilərinin hüquqlarının və qanuni maraqlarının pozulması ilə nəticələnə bilən qərarlar qəbul etmək və fəaliyyət göstərmək qadağan edilir.
Sudan istifadə sahəsində inhisara gətirib çıxarmaqla başqa su obyektləri istifadəçilərinin hüquqlarının və qanuni maraqlarının əsaslı şəkildə pozulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş sanksiyaların tətbiq edilməsinə səbəb olur.
Maddə 42. Su obyektlərindən istifadənin məhdudlaşdırılması, dayandırılması və ya qadağan edilməsi
Su obyektlərindən və ya onların bir hissəsindən istifadə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ölkənin müdafiəsinin və təhlükəsizliyinin təmin edilməsi, əhalinin sağlamlığının, ətraf mühitin və tarixi-mədəni irsin, habelə başqa şəxslərin qanuni hüquqlarının və maraqlarının qorunması məqsədi ilə məhdudlaşdırıla, dayandırıla və qadağan edilə bilər.
Su obyektlərinin istifadəsinin məhdudlaşdırılması, dayandırılması və ya qadağan edilməsi müvafiq icra hakimiyyəti orqanlarının təqdimatına əsasən bu Məcəlləyə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir.
Dostları ilə paylaş: |