Maddə 10. Su fondunun torpaqları
Su fondu torpaqlarına aşağıdakı torpaq sahələri daxildir:
Azərbaycan Respublikasının daxili sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin (su obyektlərinin) altında olan torpaqlar;
su mühafizəsi zonalarının və sahilboyu zolaqların altında olan torpaqlar, adalar və bataqlıqlar;
hidrotexniki qurğuların, meliorasiya və su təsərrüfatı obyektlərinin altında olan torpaqlar.
Maddə 11. Su münasibətlərinin subyektləri
Su münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, su obyektlərinin istifadəçiləri və su istehlakçılarıdır.
Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından su münasibətlərində öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları iştirak edirlər.
Bələdiyyələr su münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktları ilə verilən səlahiyyətlər daxilində iştirak edirlər.
Su obyektlərinin istifadəçiləri və su istehlakçıları su münasibətlərində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada öz ehtiyaclarını ödəmək və sahibkarlıq fəaliyyəti göstərmək məqsədi ilə iştirak edirlər.
Dostları ilə paylaş: |