Azərbaycan Respublikasının Vergi Məcəlləsi


Maddə 124. Ödəmə mənbəyində icarə haqlarından və royaltidən vergi tutulması



Yüklə 0,93 Mb.
səhifə18/28
tarix22.10.2017
ölçüsü0,93 Mb.
#9470
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

Maddə 124. Ödəmə mənbəyində icarə haqlarından və royaltidən vergi tutulması


124.1. Daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.

İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə, icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir.

124.2. İcarə haqqı və royaltidən gəlir əldə edən fiziki şəxslərdən bu Məcəllənin 124.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur.

124.3. Rezident müəssisələrə və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər bu maddə üzrə vergitutma obyekti deyildir.

124.4. Azərbaycan Respublikasında daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqı məbləğinin minimum həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 125. Qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması


125.1. Qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur:

125.1.1. dividend - bu Məcəllənin 122-ci maddəsinə uyğun olaraq;

125.1.2. faizlər - bu Məcəllənin 123-cü maddəsinə uyğun olaraq;

125.1.3. rezident müəssisəsinin və ya sahibkarın riskin sığortasına və ya təkrar sığortasına dair müqaviləyə uyğun olaraq sığorta ödəmələri - 4 faiz;

125.1.4. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri - 6 faiz;

125.1.5. rezident müəssisəsinin və ya sahibkarın aşağıdakı ödəmələrindən:

muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər, o cümlədən bu Məcəllənin 13.2.16.2-ci, , 13.2.16.10-cu (Azərbaycan Respublikasında saxlanılan və ya istifadə edilən əmlak üçün alınan royalti şəklində gəlir istisna olmaqla), 13.2.16.12-ci (Azərbaycan Respublikasındakı daşınmaz əmlakın icarəyə verilməsindən əldə edilən gəlir istisna olmaqla) və 13.2.16.14-cü maddələrində göstərilən xidmətlərdən alınan gəlir və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər - 10 faiz;

125.1.6. rezident müəssisəsinin və ya sahibkarın muzdlu işlə əlaqədar ödədiyi gəlir - bu Məcəllənin 101-ci maddəsində göstərilən dərəcələrlə;

125.1.7. icarə haqları və royalti - bu Məcəllənin 124-cü maddəsinə uyğun olaraq.

125.2. Bu maddənin məqsədləri üçün qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi tərəfindən və ya onun adından aparılan ödəmələr rezident müəssisənin ödəmələrinə bərabər tutulur.

125.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda, ödəmə mənbəyində artıq tutulmuş vergi məbləği bu Məcəllənin 87.4-cü maddəsində müəyyən edilmiş qaydada geri qaytarılır.

Maddə 126. Qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində vergi tutulması


Qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq bu daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü (verdiyi) hər hansı məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Maddə 127. Xarici ölkədə ödənilən verginin nəzərə alınması


127.1. Rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır.

127.2. Bu Məcəllənin 127.1-ci maddəsinə uyğun olaraq nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən və ya mənfəətdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır.


Maddə 128. Güzəştli vergi tutulan ölkələrdə əldə edilən gəlir


128.1. Rezident güzəştli vergi tutulan ölkədə gəlir əldə edən qeyri-rezidentin nizamnamə fondunun 20 faizindən çoxuna bilavasitə və ya dolayısı ilə sahibdirsə, yaxud öz növbəsində onun səsvermə hüququ verən səhmlərinin 20 faizindən çoxunun sahibidirsə, rezidentin həmin gəliri onun vergi tutulan gəlirinə daxil edilir.

128.2. Güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və ya maliyyə məlumatını yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür.


Maddə 129. Vergi ili


Vergi ili təqvim ili sayılır.

Maddə 130. Gəlirin və xərcin uçotu qaydası


130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır.

Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir.

130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur.

130.3. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır.

130.4. Vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər.

130.5. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın.



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin