Azərbaycan respulikasi



Yüklə 0,86 Mb.
səhifə11/30
tarix11.01.2022
ölçüsü0,86 Mb.
#110718
1   ...   7   8   9   10   11   12   13   14   ...   30
Ərdəmsizin ögünsə ənqməgüdhə əngər”.

Ərdəm dilə öyrənibən olma lovğa,



Ərdəmsiz öyünsə, imtahanda çaşar”.

(Ərdəm və bilik üçün çalış, öyrənməkdən çəkinmə, heç vaxt lovğalanma, ərdəmsiz adam özünü öyər-öyər, imtahan vaxtı çaşıb rusvay olar)” [36, c.1, s.285-286].

Oxumaqda yarışmaq, biliyi sınaqdan çıxarmaq, bilik öyrənmək, ədəb öyrənmək kimi ifadələr lüğətin tərtib olunduğu dövrdən əvvəlki bilik alma sistemindən xəbər verir.

Tərbiyə və təlimin əsasları qədimdə yaranmış, illərin, əsrlərin sınağından çıxmışdır. Belə əsaslar, üsul və formalar zamandan zamana, nəsildən-nəsilə keçərək bu günə qədər gəlib çatmışdır. Elə bir dövr gəlmişdir ki, belə üsul və vasitələr qəbul edilmiş, sistemə salınmış, anlayışa çevrilmiş, definitiv təyin olunmuşdur.

Cəmiyyət - insan, insan - insan, insan - təbiət haqqında biliklər ilkin dövrdə ümumi və inteqrativ olmuşdur. Həmin biliklər bir sistemdə birləşdirilərək “fəlsəfə” adlandırılmışdır. Bu biliklər cəmiyyət üzvləri tərəfindən də inteqrativ şəkildə öyrənilmişdir. Qədim Yunanıstanda yaranan ilk təlim mərkəzlərində fərdi və ya qrup halında öyrədilən biliklər, verilən təlimlər ən ümumi məsələləri əhatə etmişdir. Təbiət hadisələri, əşya və predmetlər, davranış tərzi və qaydaları, hərbi təlim, döyüş qabiliyyəti, fiziki hazırlıq, peşə, sənət bacarıqlarının təlimində inteqrativlik aparıcı olmuşdur. Lakin zaman-zaman bu biliklər də artmışdır. Nəticədə inteqrasiyada olan çoxlu müxtəlif sahələr tədricən diferensiasiyaya uğramışdır. Riyaziyyat ədəbiyyatdan, ədəbiyyat bəlağətdən (ritorika), bir sənət digərindən aralanmışdır. Döyüş vasitələri və silahlar çoxaldıqca burada da diferensiallaşma baş vermişdir. Oxatanlar süvarilərdən, süvarilər piyadalardan, döyüş arabalarında vuruşanlar süvarilərdən ayrılmışlar. Hər istiqamətin öz təlim qaydaları, təlim üsulları yaranmışdır.

Tədricən konkret fəaliyyət sahələri (sənət, peşə), elmlər bir-birindən uzaqlaşmışdır. Bu sahələr inkişaf etdikcə onların yeni-yeni tədqiqat metodları, üsulları tapılmış, anlayışlar sistemi yaranmışdır.

Orta əsrlərdə elmlər ayrı-ayrılıqda inkişaf etməyə başlamışdır. Nəticədə fizika, kimya, astronomiya, biologiya, dilçilik, fəlsəfə, ədəbiyyat və s. elmlər meydana çıxmış, onlar əvvəllər birləşdikləri ümumi fəlsəfədən ayrılmışlar. Bu proses sonralar daha sürətlə davam etmişdir.

Cəmiyyət tarixində sənət və elmlərin diferensiasiyası bir sahənin bütün istiqamətlərdə zəruriliyini də təsdiq etdi.

Cəmiyyətin norma və qaydaları insanın həmin cəmiyyətin üzvü kimi yetişməsində tərbiyə problemini həmişə ön planda saxlamışdır. Yuxarıda qeyd etdiyimiz Oğuz cəmiyyətində olan ailə tərbiyəsi, sosial cəmiyyətlərdə də öz yerində olmuşdur.

Ailə tərbiyəsi ailənin formalaşdığı gündən yaranmış, inkişaf edərək bu günə qədər çatmış və öz yolunu davam etdirməkdədir.

Ailə tərbiyəsi ailə daxilində gedən təlim prosesidir. Bu tərbiyə ailə üzvlərindən ibarət kollektivdə gerçəkləşir. Tərbiyə valideynlərin davranışı, onların cəmiyyətə, cəmiyyət üzvlərinə, baş verən hadisələrə, əşya və predmetlərə münasibətləri, bilikləri əsasında həyata keçir.

Cəmiyyətin inkişafı yetişən nəslin başqa sahələrdə bilik və bacarıqlar əldə etməsi zərurətini ortaya atmışdır. Nəticədə təlim və tərbiyə müəssisələri yaranmağa başlamışdır. Məsələn, usta həm işinə kömək, həm də əlavə qazanc məqsədi ilə şagirdlər götürmüş onlara öz sənətini öyrətməyə çalışmışdır. Yaxud cəmiyyətin müdafiəsi üçün ordu yaratmaq tələbi döyüş hazırlığını öyrədən təlim mərkəzlərinin açılmasına səbəb olmuşdur.

B.e.ə. üçüncü minilliyin ortalarında Şumerdə məktəb təhsili, b.e.ə. dördüncü minilliyin sonlarında qədim Misir yazısı vardı.

Didaktikanın formalaşmasında Azərbaycan mütəfəkkirlərinin və pedaqoq­larının də əməyi böyükdür. Nizami Gəncəvinin nöqteyi-nəzərincə, təlim almaq hamıya lazımdır. Dahi şair təlimin tərbiyəedici xarakterə malik olduğunu xüsusi vurğulayır, nəzəriyyə ilə təcrübənin vəhdətdə götürülməsinin vacibliyini, eləcə də təlimin insanı həm maddi, həm də mənəvi baxımdan yüksəltdiyini göstərirdi. Nizaminin düzgün qənaətinə görə, təlimin son həddi yoxdur. Bu fikir hazırda dəbdə və gündəmdə olan fasiləsiz təhsil ideyası ilə səsləşir.

Orta əsrlərdə varlı təbəqə uşaqlarının çoxtərəfli inkişafı üçün onlara müxtəlif sahələr üzrə tərbiyəçilər tutmuşlar. Bəzi cəmiyyətlərdə kollektiv tərbiyə və təlim yerləri açılmışdır. Məsələn, qədim Yunanıstanda belə, təlim müəssisələri fəaliyyət göstərmişdir.

İlk ictimai quruluş olan ibtidai icma quruluşunda hər şey hamıya məxsus olduğu kimi tərbiyə də ümumi xarakter daşıyırdı. İbtidai cəmiyyətdə təbəqələşmə əmələ gəlir. Tayfa və qəbilədə müdriklər (ağsaqqallar), sərkərdələr və başqa liderlər üzə çıxır. Tədricən xüsusi təlim və tərbiyə müəssisələri formalaşmağa başlayır.

Quldarlıq dövründə Şərq ölkələrində elm, mədəniyyət, maarif, incəsənət inkişaf edir. Qədim Çində fəlsəfə, astronomiya, riyaziyyat təşəkkül tapır, müxtəlif səciyyəli məktəblər yaradılır. Bu məktəblərdə oxu-yazı ilə yanaşı, müxtəlif istiqamətlərdə təlim və tədris aparılır. Hindistanda yaranmış icma məktəbləri bir neçə min il yaşamışdır. Hindistanda əsasən iki tip məktəb fəaliyyət göstərmişdir: 1)yüksək imtiyazlı şəxslər üçün olan məktəblər; 2) xırda məmur hazırlayan məktəblər.

Quldarlıq dövründə Yunanıstan ərazisində çoxlu xırda dövlətlər mövcud idi. Bu dövlətlər içərisində Lakoniya və Attika dövlətləri xüsusi yer tuturdu. Həmin ölkələrdə olan maarif sistemləri bu ölkələrin paytaxt şəhərlərinin adı ilə bağlı pedaqogika tarixinə Sparta və Afina tərbiyə sistemi kimi daxil olmuşdur.

Sparta tərbiyə sisteminin əsas məqsədi fiziki cəhətdən sağlam, döyüşkən adamlar yetişdirməkdən ibarət idi. Spartada tərbiyə dövlətin ixtiyarında olmuşdur. Burada 7 yaşa qədər uşaqlar ailədə, 7 yaşdan 18 yaşa qədər dövlət tərbiyə müəssisələrində xüsusi pedanomların (nəzarətçi) rəhbərliyi altında tərbiyə alırdılar. 18-20 yaşlarında xüsusi efeb qruplarında hərbi hazırlıq keçirdilər.

Afina tərbiyə sistemində 7 yaşa qədər uşaqlar ailədə tərbiyə olunur, 7 yaşdan 13-14 yaşa qədər uşaqlar qrammatika və kifara (musiqi ) məktəblərində təhsil alırdılar. Bu məktəblərdə uşaqlar oxu, yazı, riyaziyyat və musiqi öyrənirdilər. Təhsil ya ardıcıl və ya paralel şəkildə aparılırdı. Məktəbdə uşaqlara didaskal-müəllim dərs deyirdi. Pedaqogikanın didaktika bölməsinin mənası da buradan götürülmüşdür. Uşaqları məktəbə aparanlar pedaqoq adlanırdı. 13-14 yaşdan sonra uşaqlar iki illik palestra (idman) məktəblərində idmanın beş növü üzrə (qaçmaq, hoppanmaq, güləşmək, ox atmaq, üzmək) hazırlıq keçirdilər. Dövlətli gənclər dövlətin idarə olunmasında iştirak etmək üçün xüsusi gimnaziyalarda təhsil alırdılar. 18-20 yaşlarda gənclər Spartada olduğu kimi Afinada da xüsusi efeb qruplarında hərbi hazırlıq keçirdilər.

Göründüyü kimi, ibtidai cəmiyyətdə məktəbəoxşar müəssisələr formalaşmışdırsa, quldarlıq dövründə artıq müxtəlif səciyyəli və təyinatlı məktəblər, təlim müəssisələri fəaliyyət göstərmişdir. Bu müəssisələrin adları, burada çalışanların və xidmət göstərənlərin adları olmuşdur. Həmin adların bir qismi sonralar pedaqogika terminologiyasına daxil edilmişdir. Qeyd edək ki, belə məktəblər artıq pedaqogika elminin formalaşmasında xüsusi rol oynamağa başlamışdır.

Həyat, insan, cəmiyyət haqqında biliklərə hamı eyni səviyyədə yiyələnə bilmir. Orta Qədim dövrlərdən başlayaraq çoxtərəfli biliyə sahib şəxslər, mütəfəkkirlər yetişmişlər. Belə şəxsiyyətlər müxtəlif sahələr üzrə bilik və bacarıqlara yiyələnməyin sirlərini qələmə almağa çalışmışdır.

Şərqdə nəsihətnamələr, ümumi təlim-tərbiyə kitablarının yazılmasına diqqət verilmişdir. “Qobusnamə”, “Gülüstan”, “Bustan”, “Əxlaqi-nasiri”, “Siyasətnamə”, “Kəlilə və Dimnə” ayrı-ayrı nəsihətnamələr tərbiyə vasitələri və demək olar ki, ilk dərsliklər funksiyasını yerinə yetirmişlər.

Nizami, Füzuli, Nəsimi, Firdovsi, Xəyyam, Sədi, Hafiz, Cami, Xosrov Dəhləvi, Nəvai kimi sənətkarların əsərlərindəki maarifçilik ideyaları pedaqoji biliklərin əsas mənbələrindən sayılmalıdır. Qeyd edək ki, Azərbaycanın ilk məktəbləri olan mollaxana və mədrəsələrdə adları çəkilən kitablar və klassiklərin əsərləri tərbiyə və təlim məqsədilə tədris edilmişdir.

Görkəmli Azərbaycan alimi, mədəniyyət və dövlət xadimi Xacə Nəsrəddin Tusinin “Əxlaqi-Nasiri” (yəni Nasirin əxlaqa aid kitabı) əsəri Orta və Yaxın Şərqdə əxlaq və mənəviyyat dərsliyi sıyılmışdır. Bu kitabda təlim və tərbiyənin əsasları öz yerini almışdır. Tusiyə görə, uşaqlarda əməksevərlik, düzlük, bilik və peşəyə həvəs yaratmaq, onlara xeyirxahlıq, düzlük vərdişləri aşılamaq xüsusi əhəmiyyət kəsb edir. Tusi göstərir ki, heç bir surət bir-birinə oxşamadığı kimi, heç bir xasiyyət də başqa xasiyyətə oxşamır. Ona görə tərbiyə və təlimdə fərdi yanaşma vacibdir. Hər bir insanın ilk tərbiyəçiləri, ümumiyyətlə, onun vicdan səsi olar, ikinci tərbiyəçiləri təmiz əqidəli, düzgün fikirli adamlar olar ki, bunlardan hikmət öyrənib tədricən kamillik dərəcələrinə yiyələnərlər. Deməli, ata-ananın borcudur ki, hər şeydən əvvəl, övladlarını vicdanlı olmağa öyrətsinlər, sonra müxtəlif təlim-tərbiyə işlərinə başlasınlar. Nəsrəddin Tusinin XIII əsrin otuzuncu illərində yazdığı “Əxlaqi - Nasiri” kitabı pedaqogika üçün çox önəmli mənbələrdən biri olmuşdur. Səkkiz əsrə yaxındır kitab bütün şərqdə əxlaqi tərbiyə sahəsində ən mükəmməl kitab sayılır və ondan tədris, təlim prosesində istifadə olunur. Bu dövr ərzində “Əxlaqi-Nasiri” kimi ikinci bir orijinal əsərin yaranmasına hələ təsadüf edilmir” [73, s.21].

N.Tusi əsərində bir çox anlayışları təyin və izah etmişdir. O, hikmət anlayışı belə izah etmişdir: “Hər şeyi olduğu kimi dərk etməyə, hər işi lazımi kimi yerinə yetirməyə hikmət deyilir. Hikmət iki yerə bölünür: 1) elm; 2) əməl (iş)” [79, s.51]. Elm mahiyyəti doğru, düzgün dərk etmək, əməl isə dərk edilənləri həyata keçirmək qaydasıdır. N.Tusi nəfsin formalaşdırılmasında elmin rolunun zəruri olduğunu göstərir. O, dərk etmə ilə əməlin qarşılıqlı vəhdətdə olmasını zəruri sayır, bunu kamillik üçün mühüm şərt olduğunu deyir. N.Tusi “fərd-ailə-cəmiyyət” sxemi üzrə hər bir fərdin ayrı ayrılıqda arzu olunan şəkildə formalaşması üçün nələri etməyin vacib olduğunu göstərməklə, onun ailədə, cəmiyyətdə də nələri etməyə məsul, borclu olduğunu öyrədir [73, s.20].

Azərbaycanda 1906-cı ilin aprelindən nəşr olunmağa başlanmış “Dəbistan”, sonralar “Rəhbər” jurnalları məktəb və tərbiyə məsələlərinə həsr olunmuşdur. “Rəhbər”in işini “Məktəb” jurnalı davam etdirmişdir. “Məktəb” jurnalı Azərbaycan pedaqoji fikir tarixində mühüm yer tutmuşdur. Onun birinci nömrəsi 1911-ci ilin 29 noyabrında çıxmışdır.

Qeyd edilənlər göstərir ki, pedaqogika üzrə ilk terminlər ümumişlək söz kimi işlənmiş və sonralar pedaqogika elmi yarandıqdan sonra terminə çevrilmişlər. Bu baxımdan “bilici”, “nəsihət”, “məsləhət”, “öyüd”, “tərbiyə”, “bilik”, “bacarıq”, “nəsihətnamə” və s. təşəkkül tapmış ilk pedaqoji terminlər sayıla bilər.

Azərbaycanda pedaqogika elmi yaranana qədər təşəkkül tapmış və istifadə olunmuş, müasir dövrdə pedaqoji terminologiyada yer almış sözlər (bilik, təlim, təhsil, icmal, əxlaq, məktəb və s.) dilin ümumişlək leksik qatından alınmış sözlərdir. Onlar təlim və tərbiyə ilə bağlı sözlərdir. Ailə tərbiyəsi məişət sferasından ayrıldıqdan sonra bu tərbiyə, eləcə də əmək, fiziki, hərbi, dini tərbiyə pedaqogikanın ilk əsaslarının yaranmasına səbəb olmuşdur. Tərbiyə, təlim və tədris prosesində bir sıra üsullar, vasitələr, metodlar meydana gəlmişdir. Məsələn, yamsılama, təkrar, təkrarlama, inandırma, tapşırıq, məsələ, misal, sual, suallaşma, sual-cavab, məşq, yarış, yoxlama, qiymətləndirmə, mükafatlandırma, məcburetmə, cəzalandırma, birgə fəaliyyət, yaş qrupu və s. Daha qədimə getdikcə tərbiyə vasitələri arasında başlıca yeri nitq, məşq oyun, əmək fəaliyyəti əsas yeri tutduğunu müşahidə etmək olur.

Deməli, pedaqogika elmi, onun anlayışları yaranana qədər pedaqoji fakt və hadisələr mövcud olmuşdur.

Pedaqoji termin və anlayışların yaranması və sabitləşməsinin əsasında təlim, tərbiyə və təhsil müəssisələrinin meydana gəlməsi durur. Bu baxımdan da məktəblərin yaranması xüsusi yer tutur. Sözün həqiqi mənasında məktəb pedaqogika elminin təşəkkül və formalaşmasının ən vacib şərti olmuşdur. Məktəblərin açılması ilə bir çox ümumişlək sözlər tədricən pedaqoji məna kəsb edərək terminləşmişdir. Tədris prosesində meydana gələn bəzi pedaqoji terminlər determinləşərək həm də ümumişlək leksik qata keçmişdir. Məsələn, diqqətsizlik, göstərici, qiraət, əqli nəticə, əqli bacarıq, fikir aydınlığı, fiziki mədəniyyət, gecikmə, görmə qavrayışı və s.

Bəzi terminlər başqa sözlərlə birləşərək yeni pedaqoji terminlər əmələ gətirmişdir. Məsələn, zehni tərbiyə, əxlaqi tərbiyə, davranış reaksiyası, didaktik oyun, diqqəti yönəltmək, dinamik əyani vasitə, diqqətini cəlb etmək, təlim prosesi, dərs prosesi, dərsin mərhələləri və s.

Pedaqogika terminologiyasında bir qisim terminlər daha əvvəllər formalaşmış və sabitləşmişdir. Məsələn, tərbiyə, təlim, təhsil, didaktika, metodika, pedaqoji psixologiya, müəllim, dərs, şagird, təhsildə əyanilik, əyani vasitə, təcrübə, sınaq, oxu, qiraət, dərsdənkənar oxu, izahedici oxu, dərslik, dəftər, əlifba, məktəb fənni, fənn, əmək tərbiyəsi, politexnik təlim, peşə hazırlığı, emalatxana, laboratoriya və s.

Peqogika terminləri pedaqogika nəzəriyyəsi və təcrübəsi, milli dillərdə təhsillə sıx bağlıdır. Pedaqoji terminologiya fəlsəfə, biologiya, tarix, hərbi iş və digər bilik sahələri, eləcə də məişət leksikası hesabına təşəkkül tapmış və zənginləşmişdir. Pedaqoji fikir qədim şərqin fəlsəfi sistemində yaranmışdır. Pedaqoji fikirlər sonrakı inkişafı antik dövrün filosoflarının, şərqin dahi mütəfəkkir və şairlərinin yaradıcılığında ifadəsini tapmış, eyni zamanda, açılmış məktəb və mədrəsələrdə getmişdir.

Təhlil və araşdırma göstərir ki, pedaqogikanın əsas inkişafı məktəblə, təhsillə bağlı olmuşdur. Azərbaycanda da pedaqoji fikir, pedaqogika bir elm kimi təhsil sisteminin yaranıb kütləviləşməsi ilə formalaşmışdır. Dahi Xaqani, Nizami, Füzuli, Nəsimi və başqalarının əsərlərində təlim, tərbiyə və təhsillə bağlı fikirlər çoxdur. Füzulinin “Leyli və Məcnun” əsərində qızlarla oğlanların bir məktəbdə təhsil almasından, bir səf oğlanın, bir səf qızın məktəbdə oturması, “təlimi-məşq”, “məşqi-xətt” etməsindən söhbət açılır:

Məktəbdə onunla oldu həmdəm,


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin