Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,74 Mb.
səhifə32/110
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#104066
1   ...   28   29   30   31   32   33   34   35   ...   110
Od çərşənbəsi

Novruz bayramı və onun tərkib hissəsi olan ilaxır çərşənbələrin bir əsra­rəngizliyi də ondadır ki, bu zaman insan özünü profilaktika edir; özünü təbiətlə bir sırada qoyur, özünü təbiətin bir parçası kimi görür və özünü təbiətlə eyni­ləşdirir. Elə ilaxır çərşənbələrin adlandırıldığı təbiət ünsürlərinin də hərəsində insan özünü bir cürə görür, bu ünsürlərə tapınmaqla təbiətlə canlı təmasa daxil olur. Od çərşənbəsində də insan həm oda müqəddəs baxışlarını ortaya qoymuş, həm də odun özü ilə təmasda olmaqla ondan faydanlanmış, həm də ki, lazım gəldikdə odun özünü də himayə etmişdir, müqəddəs bildiyi odu qoruyub sax­lamağı özünə borc hesab etmişdir.

“Azərbaycan xalq ədəbiyyatı” dərsliyində A.M.Nəbiyev yazırdı: “İlaxır çər­şənbələrin ikincisi od çərşənbəsidir. Buna xalq arasında “Üskü çərşənbə”, “Üskü gecəsi”, “İkinci çərşənbə”, yaxud da əzizləmə məqsədilə “Addı çərşənbə” də deyilir.

Od çərşənbəsi Günəşə, oda, odu qoruyub saxlamaq inamına tapınma ilə əlaqədar yaranmışdır. Zərdüşt görüşlərindən hələ çox-çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən günəşi, onu yerdəki rəmzi olan odu təsəvvürlərində rəmzləşdirmişlər. Belə bir etiqad yaranmışdı ki, insanlar günəşi və odu nə qədər əzizləsələr, oxşasalar, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər”.

Görkəmli folklorşünasın göstərdiyi kimi, Od çərşənbəsi adından da görün­düyü kimi, odla, istiliklə bağlı olub, insanların oda inamlarını ifadə etmişdir. Odun, işığın, enerjinin kainatdakı ən böyük və tükənməz mənbəyi isə Günəşdir. Günəş isə göyü də, yeri də (hələ desən, yerin altını da) isindirib, qızdırıb həyat enerjisi ilə külli-kainata dirilik bəxş edir.

Təbiətə və təbiətin ayrılmaz parçası olan insanlara həyat enerjisi – dirilik verən odun real həyatdakı funksiyası qədim mifik görüşlərdə də öz inikasını tapmışdır. Mirçe Eliadenin aşağıdakı fikirləri də odun müqəddəs həyatvericilik missiyasını göstərir: “Od hansı təbiətə malik olmasından asılı olmayaraq, insanı “ruha” çevirir: məhz buna görə də şamanlar “odun sahibi” hesab olunur və kö­zər­miş kömür onları yandırmır” (Şamanizm. Arxaiçeskiye texniki ekstaza. Ki­yev. “Sofiya”, 2000. səh.197).



Odun yandırıb məhv etmək təbiəti olsa da, közərmiş kömür belə şamanları yandırmadığından, odun sahibi sayılırlar; çünki müqəddəs od insanı ekstaz halına salır, başqa sözlə, insanı ruha çevirir. Odun insanı ruha çevirməsi isə həm də insa­na mənəvi güc – enerji verməsi deməkdir. Bu mənada odun enerji – həyat mənbəyi olması özünü bu tərəfdən də nümayiş etdirir. Onu da qeyd edim ki, çərşənbə oca­ğı­nın (eləcə də Novruz tonqalının) odu mifik şüurda müqəddəsliyi təmsil etdiyindən heç vaxt dağıdıcı fəsadlar (yanğın fəlakəti və s.) törətmir, həmçinin də ki, bu od heç vaxt od olub insanları yandırmır, əksinə, insanları mənən yüngülləşdirir. Belə ki, uşaq vaxtlarımda kənddə-kəsəkdə gur çərşənbə tonqalları çatılanda, düzü-dünyanı, yəni bütün kəndi çərşənbə yalavları (alovları) bürüyəndə, adama elə gələrdi ki, bu saat hər yan od tutub yanacaq, külə dönəcək. Amma nəticədə heç nəyə və heç kəsə heç zad olmurdu, heç bir ev, heç bir insan bu tonqallardan ziyan çəkmirdi. Yaxud da dağlarda, yalda-yamacda lopa yandırıb, fırladıb göyə atardılar. Həmin lopalar da göydə hərlənib, fırlanıb sonda yerə – hara düşməyindən asılı olmayaraq heç haranı yandırmırdı, heç bir yanğın fəsadı törətmirdi və heç kəs də bundan ziyan çəkmirdi. Çünki bu tonqallar, bu məşəllər müqəddəs sayılırdı.

Yadımdadır, uşaq idim. Kənddə qonum-qonşu yığışıb bayram tonqalı yandırmışdılar. Böyüklər də bu iri tonqalların üstündən: “ağrım-uğrum odlara” deyib tullanırdılar. Mən də cəhd eləyib tullanmaq istədim, ancaq tonqalın böyük olduğunu və alov dilimlərinin göyə bülənd olduğunu görüb dayandım. Bunu görən qonşular tez mənə ürək-dirək verib: – Qorxma, bu çərşənbə tonqalıdır, hoppan, adamı yandırmaz, çərşənbə tonqalının üstündən tullanarlar. Oda düşsən də yanmazsan, – dedilər.

Bu sözlərdən sonra özümü oda toxudum, demək olar ki, odun içindən atla­nıb keçdim. Doğrudan da, mənə heç bir şey olmadı və bundan sonra daha da cəsarətlə odun üstündən o tərəf-bu tərəfə sıçrayıb keçdim.

Bu fakt həm də onu göstərirdi ki, yuxarıda misal gətirdiyim M.Eliadenin fikirlərindəki şamanları közərmiş kömürün yandırmaması ilə müqəddəs çərşən­bə odunun bayram keçirənləri yandırmaması inamı üst-üstə düşür. Üstəlik, həmin məqamda bayram iştirakçıları “Odun sahibi” olan şamanlarsayağı şaman­lıq aktına girmiş olurlar. Bir də bunlarla yanaşı, bu zaman od çərşənbəsi (ümu­miyyətlə, çərşənbə odu) öz odu ilə insanları “ruha” çevirir, yəni ruha çevrilmə de­dikdə insan ruhən təmizlənir, mənəvi gücə yiyələnir, mənən-ruhən güc top­la­yır, daxilən arınıb-durularaq yeni mənəvi ab-havaya köklənir, sağlam ruha yüklənir.



Günəşi, odu həyat, dirilik mənbəyi hesab edən ulularımızın mifik dünya­gö­­rüşündən də bu, təsirsiz ötüşməmişdir. Azərbaycan mifoloji mətnlərindən bi­rin­­də deyilir: “Cinnər, əjdahalar Günün düşmənidirlər. Ona hücum edib boğma­ğa çalı­şırdılar. O zaman Günəşlə cinlər, əjdahalar arasında bərk dava düşür. Am­ma Gü­nəş tək, cinnər, əjdahalar çox. Günəşin gücü bu davada tükənməyə baş­la­yır. Onun qüvvəsi qurtardıqca cinnər, əjdahalar Günəşi daha da boğmağa çalışırlar.

Günəşin tək olduğunu, boğulduğunu görən adamlar ona kömək etməyə başlayırlar. Adamların yerdəki hücumunu görən cinnər, əjdahalar qorxub tez Günəşi buraxırlar. O saat da qaçıb dağılışırlar.

Davada Günəş çox boğulduğundan rənginə qızıl qan gəlir. Ona görə də Günəş tutulandan sonra rəngi qıpqırmızı olur”.

Günəşlə bağlı animistik təsəvvürlər aydın görünür. Cinlər, əjdahalar qara qüvvələrin təmsilçisidirlər və işığın, nurun, odun daşıyıcısı olan Günəşə qarşı vuruşurlar. Bu zaman adamlar Günəşin tərəfinə keçməklə onu məğlubiyyətdən xi­las edirlər. Mifoloji mətn Azərbaycan xalqının mifik təsəvvürünü əks etdirdi­yindən, mətndəki adamlar da xalqımızı ifadə edir. Demək, xalqımız Günəşə, oda tapınmaqla onu dirilik mənbəyi hesab etməklə yanaşı, eyni zamanda Günəşin müdafiəçisi kimi çıxış edib, öz növbəsində Günəşi canlı simada təsəvvür etmiş və onu yad qüvvələrdən qorumağa da cihada qalxmışdır. Beləliklə etiqad etdiyi Günəşin yolunda cihad aparmışdır. Bu mənada ilaxır çərşənbələrdən birinin Gü­nəşə, Günəşin bəlgəsi sayılan oda bağlanması da xalqımızın bu kimi müqəddəs mifik baxışlarını ortaya qoyur.

Qeyd edim ki, nəinki mifologiyada, bədii ədəbiyyatımızda da odla, işıqla bağlı kifayət qədər ədəbi nümunələrimiz yaranmışdır. Şair Hafiz Əlinin “İşıq” adlı yığcam şeirində də odun, nurun, işığın gücünə olan sonsuz inam hissi bu kimi əski dünyagörüşlərdən təsirlənmələrin nəticəsidir:

Hardasa nur, işıq ol,

Dünyaya yaraşıq ol,

O işığın gücünə

Murada, kama yetim.

Ucundan tuta-tuta,

Mənzilə kəsə gedim.

İşıq şəridim, ya qurşağım olsa,

Keçilməz sədləri aşıb gedərəm.

İynə ucu boyda işığım olsa,

Mən onu dünyamız boyda edərəm.

Bu misralarda şair xalqımızın işığın, odun gücü ilə murada, arzuya yet­mək, mənzil başına yetişmək, “keçilməz sədləri” – bütün müşkülləri açmağın mümkün olduğu inamını ifadə etmişdir. “İynə ucu boyda işığı” “dünya boyda” gör­mək isə odun, ocağın mayasının dünyanı işıqlandıran ulu Günəşdən tutul­duğu anlamına gəlir. Məhz buna görədir ki, şair başlanğıc misralarda nur, işıq kəlmələrini dünyaya yaraşıq kimi səciyyələndirməklə Günəşin nurunun, işığının, odunun həyatvericilik gücünə olan inamı açıb göstərmişdir.

Tədqiqatçı Kəmalə Osmanova “Xalq mərasimləri və nəğmələri” kitabında professor Azad Nəbiyevə istinad etməklə yazır: “Od çərşənbəsi əski görüşlərlə bağlıdır... Odlu çərşənbədə adamlar sübh tezdən hündür bir təpənin üstündə ton­qal qalayardılar. Həmin tonqalın dövrəsinə toplaşıb Günəşin doğmasını gözlə­yərdilər. Elə ki, Günəş doğdu, hamı onu salamlayan “Qodu Xan” nəğməsi­ni oxu­yar, tonqalın başında dövrə vurar, sonra da hərə tonqaldan öz məşəlini yan­dırıb ocaqlarını alışdırmaq üçün evə tələsərdilər... Adamlar tonqalın döv­rəsində dolandıqca, eləcə də gəlib öz ocaqlarını yandırdıqca oxuyardılar:

Qodu Xan, Qodu Xan,

Söndürmə odu Xan.

At üstə od gətir,

Ulusa od gətir.

Sözü bal Qodu Xan,

Özü al Qodu Xan.
Qodu Xan daldadır,

Al atı yaldadır.

Don tikək Qoduya,

Arx çəkək Qoduya.

Sözü bal Qodu Xan,

Özü al Qodu Xan.

“Qodu” əksliklərlə, istiliklə əlaqədar olduğundan, o güləndə gün çıxır, ağlayanda yağış yağır, soyuq olur. Burdan apaydın görünür ki, Qodu iki əksliyin başlanğıcıdır”.

Qodu nəğməsinin məzmunundan bir daha anlaşılır ki, Qodu öz mahiy­yə­tində odu və odu söndürə biləcək yağışı (suyu) əks etdirməklə əksliyin vəhdətini işarələyir. Bu da yenə birbaşa xaos-kosmos dünyalarının qarşı-qarşıya dayanma­sını simvollaşdırır. Su ünsürü qışı, od ünsürü baharı (Novruzu) təmsil edir. Qışdan yaza keçid nöqtələrindən biri olan od çərşənbəsində Qoduya müraciətlə “Sön­dür­mə odu, Xan” söylənməsi də insanların yaz günəşinin bəlgəsi olan odun sönmə­məsi arzusunun inikasıdır. Amma eyni zamanda düşünəndə ki, bu zaman aralığı yeni həyatın gəlişi ərəfəsidir, bu ərəfədə odla su bu mübarizə zəminində həm də birləşib birlik yaradır; yeni həyatın ilkin rüşeymlərini təşkil edib, odla su başlan­ğıcları olmaqla diriliyi – yeni canın, yeni həyatın nüvəsini yaradırlar.

Yuxarıda oxuduğumuz od çərşənbəsi ritualının keçirilməsindən bir daha aydın olur ki, od çərşənbəsində məqsəd insanların od əldə etməsi, odu qoruyub saxlaması və od-ocaqlarını yandırmaqla öz diriliklərini təmin etməkdir. Yuxarıda şair Hafiz Əlinin dediyi kimi, “iynə ucu boyda işığım, odum olsa”, onu “Dün­ya­mız boyda edərik” düşüncəsi özünü od çərşənbəsinin mahiyyətində göstərir. İb­tidai dövr insanı ilk dəfə od əldə etdikdən sonra onun necə keşiyini çəkib, qoruyub saxladısa, onu həyat, işıq, enerji mənbəyi kimi əziz tutdusa, eləcə də çərşənbə tonqalının odunu, alovunu beləcə əziz və müqəddəs tutmaqla sanki tarixin ilkin çağlarının təkrarını öz həyat praktikamızda yaşatmış oluruq. İlkinliyə qayıdış, əski çağ düşüncəsinə dönüş etməklə sanki insan öz ibtidasını, mədəni keçmişini tə­zədən yaşatmış olur. Bununla bu günündən keçmişinə, keçmişindən isə indisinə dönüb baxmaq və özünü tarixin bütün çarxları üzrə bütöv epoxalar boyunca görüb tanımaq imkanı qazanmış olur. Kimdir, hardan gəlib hara gedir sualını bu baxışlarında özünə aydınlaşdırır. Beləliklə, özünə yenidən baxışın işı­ğında özünü yenidən qurur, yenidən yaradır, yenidən təşkil edir. Bu təşkiletmənin əsasında isə – bu yenidən yaradılmanın mayasında isə dörd yaradılış ünsürünün də dayandığı həqiqətini aydınlığı ilə dərk edib anlayır. Bu dörd ünsürün birinin isə məhz od çərşənbəsi mərasimindəki odla bağlı olduğunun da bu zaman fərqinə varır. Yeni həyat elementlərindən birinin də od olduğunu təsdiqləyir.
* * *

İlaxır çərşənbələrdən ikincisi sayılan Od çərşənbəsinin Zərdüştilikdən çox – çox əvvəllər xalqımızın mifik təfəkküründə Günəşə, oda tapınma inamından qaynaqlandığından bəhs açan professor Azad Nəbiyev Zərdüştilikdə bu müqəd­dəsliyin davam etdirildiyinə işarə ilə yazır:

“Ulu Zərdüşt Odun və Günəşin bu müqəddəsliyini saxlamış, oda sitayiş anlamı və etiqadını yaratmış, onu etiqad düşüncəsinə çevirmiş, zərdüştilər Gü­nəş-Od-Atəş istisinin beş növü ilə əlaqədar şənliklər keçirmişlər. Həmin şən­liklər də təxminən Od çərşənbəsi günlərində başlamış və yaddaşlarda Azər şən­likləri kimi yaşamışdır.

Zərdüştiliyə görə, Günəş-Od-Atəş tapınmasının ilk nümunəsi – mənbəyi Ağacın gövdəsindəki istiliklə bağlı idi. Əski etiqadlarda insanın qızındığı istili­yin mənbəyi də Ağac kultu hesab olunurdu. Atəşpərəst etiqadlarına görə, “mü­qəd­dəs odu” insana ağac vermişdir, daha doğrusu, insan iki ağacı bir-birinə sürt­məklə od əldə etmişdir. Ulu babalarımız bunun şərəfinə Novruz ərəfəsində şöh­rətli “Şəhrivər” şənlikləri keçirərdilər.

İnsan bədənində və təbiətin özündə qorunub saxlanan istilik də müqəddəs hesab olunardı. Elə bu istiliyi saxlamaq şərəfinə keçirilən “Şəddə” şənlikləri çox geniş yayılmışdı.

Od və istinin əsas mənbəyi isə Günəşin istisi hesab olunardı. Onu çağıran Qodu (hodu) nəğmələri xalq arasında daha qədimdir. Günəşin istiliyi şərəfinə Azərkan şənlikləri düzəldilərdi. Bu şənliklərin bir çoxu Zərdüştiliklə bağlı olub, Türk xalqları içərisində öz dayaqlarını möhkəmlətmiş və bu günə qədər gəlib çatmışdır.

Atəşgahlarda və ocaqlarda saxlanan odun şərəfinə isə Çırağan şənlikləri keçirilərdi.”

Göründüyü kimi, Oda, günəşə inamla səsləşən qədim mifik görüşlərimiz tarixin qismən sonrakı dönəmlərində Zərdüştiliklə çarpazlaşmış, qaynayıb-qarış­mış, hətta bu inamla bağlı şənlik mərasimləri öz şaxələrini artıraraq, daha da genişləndirmişdir. Belə ki, Odun, günəşin müqəddəsliyini əks etdirən Od çər­şənbəsi özünü Zərdüştilikdə Azər şənlikləri şəklində qoruyub yaşatmışdır. Habe­lə istiliyin mənbəyi hesab edib yandırdıqları və qızındıqları ağac-oduncaqla bağ­lı, ağac kultu ilə əlaqəli müqəddəs odun şərəfinə Novruz ərəfəsi Şəhrivər şən­liyinin keçirilməsi də atəşpərəstlikdəki atəşə, oda tapınmanın əsas izlərinin od çərşənbəsi və Novruz mərasimlərindən qaynaqlandığını göstərir. Həmçinin in­san bədənindəki, təbiətdəki istiliyi qorumaq naminə Şəddə şənlikləri, günəşin istiliyi şərəfinə Azərkan şənlikləri, atəşgah və məbədlərdə saxlanan odun şəninə keçirilən Çırağan şənlikləri də öz mənşəyini xalqımızın əski dünyagörüşlərində özünə yer eləmiş Novruz bayramından və Novruz qabağı keçirilmiş Od çərşən­bə­sindən götürürdü. Beləliklə, Zərdüştilikdə oda tapınma ilə bağlı 5 növdə - Azər şənlikləri, Şəhrivər şənlikləri, Şəddə şənlikləri, Azərkan şənlikləri və Çıra­ğan şənliklərinin keçirilməsini qeyd edən A. Nəbiyev bunların kökünün xal­qı­mızın əski çağ dünyagörüşündəki Novruz və Od çərşənbəsi mərasimindən gəldi­yini əsaslandırırdı. Bu, həm də birbaşa onu deməyə əsas verir ki, Zərdüştilikdəki atəşpərəstliyin bu qədər geniş yayılmasına səbəb özündən əvvəlki mifik çağlara-Od çərşənbəsi və Novruz mərasimlərinə gedib bağlanır. Demək, Zərdüştilik özündən əvvəlki mədəniyyət hadisəsini özünəxas şəkildə daha da geniş­ləndir­məklə Odu özünə əsas inam mənbəyi kimi müqəddəsləşdirmişdir.



Başqa sözlə, xalq arasında “Üskü çərşənbə”, “Üskü gecəsi”, “Addı çərşən­bə” kimi adlarla da tanınan Od çərşənbəsi xalqımızın təfəkküründə mifik çağlar­dan ta bu günə, müasir dövrümüzə kimi müxtəlif dini və dünyəvi dünyagörüşləri ilə qovuşub-çarpazlaşmış, mərasim mədəniyyətimizdə və məişət həyatımızda tam oturuşmuş və möhkəmlənmişdir. Əgər Zərdüştlükdə, Atəşpərəstlikdə od ünsürü ilə bağlı inam və etiqadlarımız sövq-təbii bir şəkildə daha da sabitləşmiş, özünə yaddaşda - düşüncədə daha möhkəm yer eləmişdirsə, nisbətən sonrakı dövrlərdə islam mədəniyyətini qəbul etdikdən sonra da odla, günəşlə bağlı inanclarımız beyinlərimizdəki, ürəklərimizdəki öz oturuşmuş mövqelərini nəinki tərk etməmiş, əksinə, İslami görüşlərlə də sıxlaşıb vəhdət təşkil etmiş, islam inancları ilə paralel olaraq bir sırada dayanıb qərarlaşmışdır. Bunun nəticəsidir ki, müasir çağda da “Od haqqı”, “İşıq haqqı”, “Ocaq haqqı”, “Günəşə and ol­sun”, “O getdiyim ocağa kor baxım ki” və s. tipli inanc və andlarımız öz aktual­lığını, əhəmiyyətini itir­məmiş, heç zaman da itirməyəcəkdir. Bunun ən bariz nü­mu­nəsi isə Od çərşənbəsi rituallarında, mərasim və oyunlarımızda özünü qaba­rıq büruzə verir. Tədqiqatçı M. Məmmədova bu mərasimlərə diqqəti yönəldib yazır:

“Od çərşənbəsi mərasimi keçirilən zaman kiçik çilləni, boz ayı qorxutmaq və baharı, yeni ili – Novruzu gətirmək məqsədilə “Duman qaç” ritual oyununu oynayaraq belə oxuyardılar:

Duman qaç, qaç, qaç,

Duvağını aç, aç, aç.

Səni sal qayadan asaram,

Buduna qara damğa basaram.

Sonra isə yeri isindirmək, qızdırmaq üçün günəşi çağıraraq “Gün çıx” ritual oyununu oynayardılar. Böyüklərin icra etdikləri bu oyun hətta sonralar əyləncəli uşaq oyunları içində yer almışdır. Günü çağıraraq ondan keçəl qızı (qış günəşi) deyil, saçlı qızın (Yaz günəşi) gətirilməsi istənən “Gün çıx” təkərlə­məsi­nin bölgələrimizə görə fərqlilik variantları olsa da, demək olar ki, təkərləmənin ilk 4 misrası hər bölgə üçün eynidir:

Gün çıx, Gün çıx,

Kəhər atı min çıx.

Keçəl qızı evdə qoy,



Saçlı qızı götür çıx.”

Bəli, Od çərşənbəsi mərasiminin keçirilməsində başlıca arzu-niyyət yaz gecə-gündüz bərabərliyini gətirən və günəşli günlərin uzanmasına aparan Novruz günəşini, yaz günəşini çağırmaqdan, müqəddəs bildikləri günəşin hərarətinə isin­mək­dən və bu istidə yeni həyat nəfəsi qazanmaqdan ibarətdir. Çünki günəş həyat mənbəyidir, günəş şüası olmasa, günün hərarəti olmasa təbiətin canına isti keçməz və donmuş təbiət cana gəlməz. Günəş şüası olmasa təbiətdə bitkilər aləmində həyat, dirilik üçün zəruri amil olan fotosintez prosesi getməz və canlılar aləmi üçün oksigen – təmiz hava yaranmaz. Deməli, Od ünsürünün (Odun mənbəyi olan günəşin) olmaması digər bir yaradıcı ünsürün – hava stixiyasının (dirilik üçün çox vacib olan təmiz havanın, yeni havanın - oksigenin) olmamasına gətirib çıxarar. Nəticədə yeni həyat rəmzi olan yaradılış ünsürünün ikincisi də yaranmaz. Deməli, yaradıcı ünsür olan od özlüyündə həm də hava ünsürünün də yaranmasını şərtlən­dirir. Buradan o məqam da aşkara çıxır ki, günəş təkcə odun təmsilçisi deyil, həmçinin yaradıcı digər bir ünsür olan havanın da yaranması üçün əsaslı zəmin rolunu oynayır. Bir az da dərindən düşünsək, günəşi çağırma mərasimində oxunan “Qodu xan” nəğməsində Qodunun iki əksliyin başlanğıcı olduğunu – günəşi (Odu) və yağışı (suyu) özündə təmsil etdiyini görərik. Professor Qəzənfər Paşayev bu məsələyə belə münasibət bildirir: “Azərbaycan folklorunda Qodu Günəşin rəmzi, onun bəlgəsidir. Günəşin rənginə uyğun qırmızı parçadan düzəldilən gəlin­cik “Qodu”adlanır. O da maraqlıdır ki, Qodu ikili səciyyə daşıyır; Günəşi çağır­maq, aramsız yağışı kəsmək, başqa bir tərəfdən də yağışı çağırmaq”. Bu minvalla düşündükdə, Od çərşənbəsindəki Od ünsürü mahiyyətcə günəşlə sıx bağlıdır. Am­ma Günəş isə həyat, dirilik mənbəyi olmaqla təkcə istiliyi – odu yox, həmçinin yağışı – su ünsürünü də, hava ünsürünü də, hələ desək, göydən yerə - torpağa nur (Od) ələməklə torpaq ünsürünü də canlandırıb hərəkətə gəlməsinə stimul yaradır. Bu məntiqdən hesaba aldıqda, od çərşənbəsi yaradılış ünsürü kimi təkcə Od stixiyası ilə məhdudlaşmır, digər yaradılış ünsürləri olan su, yel (hava) və torpağa da stimulverici güc bəxş edir. Bu isə Od çərşənbəsinin cövhərindəki istilik – enerji ionları ilə yüklənmiş odun yeni həyatın əsasını təşkil etdiyini göstərir.

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin