Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,74 Mb.
səhifə76/110
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#104066
1   ...   72   73   74   75   76   77   78   79   ...   110
Ключевые слова: бог женщина, барабан, рыдание, элегия, туль
Women and mourning traditions of Iraki-Turkomen
This article deals with indispensable part of Azebaijani people Iraki-Turkomen tra­ditions of mourning and the role of the women in this ritual. Nowadays women who took places of Shamans of Shumer gods play the role of the carriers of the function of priority in mourning rituals and became the main goveruers of these rituals as well as the ghosts.

Key words: god-woman, davul, sobbing, elegy, tul
İnsanların dərin kədərinin, sarsıntısının ifadəsindən törəyən yas mərasim­lərinin keçirilməsi bu günümüzə qədər çatmış, dövrünün inanc təsirlərindən də yan ötməmiş, müxtəlif zamanlara aid inanc yanaşmasının axınından qaynaq­lanaraq müxtəlif görünüşlü hərəkətləri özündə birləşdirmişdir. Şumerlərə, şamanlara məxsus rituallara daha çox istinadlanan yas mərasimləri İslam dininin qəbulundan sonra bəzi inancları İslami dəyərlər altında qorumuş, hətta İslamda qəbul edilməyən bir çox gedişlər ( qışqıraraq ağlamaq, ağılar demək, qadınları şivən edərək saçlarını yolmaq, sifətlərini cırmaq) (5 ) bu dinin əlaməti olaraq insanlar tərəfindən qəbul olunmuşdur.

Ruhların yaşamasına, bu dünya ilə əlaqə saxlamasına inanan insanlar müx­təlif ayinlər, sınamalar, yozumlar həyata keçirirlər ki, bunlar da daha çox qadın xarakterli olur. “Məhz qadın-ananın, bacı-nənənin sayəsində ölü axirət dünyası­na” urvatlı gedir (ağı söyləməklə), ölünün ruhu ehsan süfrəsindən “öz payını” ala bilir (cümə axşamı xörəyin duzunu tökərkən ölülərin adını çəkməklə; vaxtlı-vax­tında yad edilir (paltarlarının, əşyalarının müəyyən zaman çərçivəsində qo­run­ması ilə); bir sözlə, mərasimin bütün “yazılmamış qanunlarına tam ciddiliyi ilə riayət olunur”. (1;127)

Qədim Şumer mənbələrini nəzərdən keçirdikdə görərik ki, qadınlar tan­rılar olmuşlar. ( 6 ) Bundan qaynaqlanaraq deyə bilərik ki, ilk vaxtlar şamanların hamısının qadınlardan ibarət olmasına səbəb budur. Çünki şamanlar adi insan­lar­dan daha çox üstünlüklərə malik idilər, onlar insanların bacara bilmədiklərini bacarırdılar: ruhlarla əlaqə yarada bilir, ruhları aid olduqları yerə göndərir, heyvanları başa düşür, göylə yeri səyahət edir və s.

Şaman paltarlarının qadın geyiminə oxşamasının səbəbi ilkin olaraq şamanların qadınlardan ibarət olmasıdır; sonralar onlara qoşulan kişilər görünüş baxımdan qadın şamanların bənzəyişini təmin etmiş olurlar. ( 11; 61-62 )

Şamanlara görə davul ruhları ətrafına toplayır, özündə saxlayır, çalınarkən sədaları ilə pis ruhları qorxuzur ( 11; 76 ) Kərkük yas mərasimində ölüyə həsr edi­lən, davulun müşayiəti ilə səslənən sazlamaların olması, o cümlədən bu gedişatların kişi deyil, qadın məclisində mövcudluğu yuxarıda qeyd olunan gö­rün­tünün bənzəri kimi yanaşmağa əsas verir, yəni bir növ, burada davul çala­raq sazlama deyən qadın şaman kökününə qaynaqlanan görüntü canlandırır.

Bəzən şivən mərasimində ritmi kədərli olan davul da çalınır ki, buna “tərs davul” deyirlər. ( 12; 65 )

“Kərkük Türklərində bir dəliqanlı sevdiyinə qovuşmadan ölərsə, cəna­zə­sində onun ən çox sevdiyi türkü tərsinə çalınır. Kərküklülər bu adəti, “Tez yığın, tez qaldırın, mehtərim tərsə çaldırın” mahnısı ilə ifadə edər”. ( 5 )

Bundan başqa, bir çox xalqlarda, o cümlədən azərbaycanlıların qədimdən (arxaiqlik hələ də qorunub saxlanılmışdır) yas mərasimində toy görməyən cavanın yasında toyda atılacaq addımlar atılır, xonça düzəldilir, ana-bacıları qırmızı paltar geyərək şivən edə-edə qol qalxızıb oynayır. (1;127 )

Müasir insanlar tərəfindən icra edilən yasdakı toy əlamətləri qədim dövr­dən qalmışdır. Çünki tez-tez baş verən amansız müharibələr cavan-toy görmə­yən gənclərin həyatdan köçməsinə səbəb olurdu.

Digər tərəfdən, yasda toy əlamətlərinin olmasına həmçinin yeni vəziyyətə, yeni həyata keçid kimi də dəyərləndirilərək atılacaq addım kimi də yanaşmaq olar. (1;134)

Qadın yas mərasiminin birinci, tükürpədici mərhələsi olan şivən insan ölən anından başlayaraq dəfn olunana qədər davam edir. Yaxın, doğma insan itkisin­dən təsirlənərək ağı demək, ağlamaq, üz cırmaq, saç yolmaq şivənin xas xü­su­siyyətləridir.( 3;126 )

“Kişilər kimi qadınlar da yeddi gün ərzində yas saxlayırlar. Azərbaycanda olduğu kimi, qadınlar avaz ilə mərhuma münasib ağı deyir və acı-acı ağlayırlar. Azərbaycanda ağı, Türkiyədə “ağıt” adlanan bu mərasimə Kərkük dolaylarında “sazlamaq” deyirlər ki, bu da “sızlamaq” sözündən yaranmışdır.” ( 8 ; 74 ) Nəzm və nəsr şəklində olan sazlamalar ölən insanın xarakterik xüsusiyyətlərini müxtəlif yanaşmalarla özündə cəmləşdirir, sazlamalar övladlarını itirmiş anala­rın, yoldaşlarını itirmiş cavan qadınların dərin sarsıntılarına, bir sözlə, yaxın insan itkisini yanıqlı dillə ifadəsinə sökənən xalq ədəbi nümunəsidir:



Övlad dağı dəyən ananın dilindən:

Bala, vay,

Bal yemədim, bala, vay,

Çöp yığdım, yuva qurdum,

Uçurtmadım, bala, vay. ( 8; 76 )

Gənc gəlinin anasının dilindən deyilən ağı:

Dəvələr düzdə qaldı

Yükü Təbrizdə qaldı.

Balam baş aldı, getdi,

Balası bizdə qaldı.

Düzülü yataqları,

Cehiz dolu boğçası,

Qiymətli əlbəsəsi,

Tərk etdi, bizdə qaldı ( 8; 77 ) və.s



Bəzən ölən insanın dilindən də ağılar verilir:

Heyvayla narım qaldı.

Ey zalım, qəddar fələk,

Mən sənə nə etmişdim?

Beşikdə körpə balam,

Yataqda yarım qaldı( 8; 78 )



Göründüyü kimi, sazlamalar yas mərasimlərində ağrı, qəm, qüssə, kədəri ifadə etmək üçün istifadə olunan, yalnız qadınların yaradıcılığının məhsulu olan bir janrdır. ( 8; 78)

İraq Türkmanlarında yas mərasimini xüsusi ağıçı qadınlar idarə edir, ağıçı qa­dının dediyi kədərli sözlərdən təsirlənərək digər qadınlar dizlərinə və kökslə­rinə vu­rarlar. ”Yasın üçüncü və yeddinci gününə qədər yas saxlayan qadına ölənin ya­xın­ları və əqrabaları bir miqdar para ( pul) verirlər. Buna “yasanaqlıq” deyirlər. (3; 68 )

Gənc insanların ölüm mərasimində sazlama ilə yanaşı, şivən mərasimi də keçirilir. “Bu mərasimində qadınlar dörd halqa yaradırlar. Halqanın kənarına şi­vən edən qadın sandalyaya çıxır və ölünün gəncliyini, məziyyətlərini dilə gətirir. Qadınların yaratdığı halqalardan ikisi bir tərəfə, digəri isə o biri tərəfə keçər. Sazlayan qadın dedikcə digər qadınlar saçlarını yolar. Halqada sıralanmış qadınlar isə sinələrini döyərlər. Sazlayan qadın ölünün özəlliklərindən bəhs etdikcə sinə döyən qadınlar isə “hayvaşşerə“ deyə qarşılıq verərlər: (ölən kişi isə)

Sazlayan;. sıtara zübun

Qadınlar: Hayvaşşerə

Sazlayan: Altun baston

Qadınlar: Hayvaşşerə

Sazlayan: Nizam taraşı

Qadınlar: Hayvaşşerə “ ( 12; 65 )

Qadınlar bu mərasimdə də üzlərini cırar, saçlarını yolarlar. Bu mərasimə “Hayvaşşerə” mərasimi deyilir.

Orta Asiya, həmçinin Kərkük türklərinin yas mərasimlərində ölən kişinin, xüsusən də, nüfuz sahibi olan bir insanın dəfni bu günümüz üçün artıq tətbiq edilməyən bir sıra adətlərlə keçirilərdi. Yas müddətində - yeddi gün ərzində hər səhər tezdən ölən insanı təmsil edən fiqura, yəni böyük bir kuklaya həmin şəxsin ən çox geyindiyi paltar geyindirilir, onun işlətdiyi silahı taxılır və tulu ən çox sevdiyi atın üzərində otuzdurulur. Bu atın üzərinə əvvəlcədən başdan ayağadək qara örtük sərilir, qulaqlarının arasına və quyruğuna palçıq yaxılır. Heyvanın önündə kişilər davul, zurnanı tərs çala-çala, sinələrini döyə-döyə, qadınlar isə atın arxasınca şivən edərək, ağlaya-ağlaya qəbiristanlığa gedər, burada ağlayıb şivən etdikdən sonra gəldikləri yolla da geri qayıdardılar. ( 10; 19 )

Yas tutulması müddətinin davamlığı qohumluq dərəcəsinin yaxınlığından irəli gələn yanaşmadır, bu anlamda ən uzun müddətli yas tutma dul qalan qadın­lara məxsus idi. ““Tul” sözü, demək olar ki, bütün müasir Türk dil və ləhçə­lərində rast gəlinir və tul və ya ön səsi əvəzlənmiş dul şəklində olmuşdur. Söz ayrıca Qırğız dilində tulk, ...cuvaş dilində talahı şəkillərində də işlədilir və ümumiyyətlə, “dul” əri ölmüş qadın” mənasında istifadə olunur”. ( 7; 64 )

Azərbaycanda və bir çox türk xalqlarında (İngiloylar, Taciklər və s.) ölü dəfn edildikdən sonra birinci gün qadın məclisində ölən şəxsin paltarı sərilərək ətrafında ağlanılır və paltara ölünün ruhunun simvolik ifadəsi kimi, ruhun saxlancı kimi baxırlar. ( 1; 132)

Görünür, İraq-türkmanlarının yas mərasimində keçirtdikləri “tul aparma” digər xalqlardakı paltar üzərində ağlama mərasimi əvəzlənməsidir.

Yas mərasimində ölünün həyatda yaşarkən keçirdiyi günlərin yaxşı və yaxud pis olmasını ifadə edən ağılarda müxtəlif fikirlər söylənilir. Qədim xalq olan Skiflər hər yaşanan günü ifadə edən daşları torbalara yığardılar; ağ daş yaxşı günü, qara daş pis günün ifadəsi kimi qəbul edilirdi. Həmin insan öldük­dən sonra bu daşlar sayılar, ağ daş çox olarsa, xoşbəxt gün yaşadığı qənaətinə gəlirmişlər. Yaslarda ölənin həyatda yaşantılarının sadalanmasını bu qədim mənbənin ifadəsi kimi qəbul etmək olar. ( 9; 198 )

“Qədim türk tayfalarında, o cümlədən Hunlarda yuğ mərasimi zamanı ölən qəhrəmanının həyatının əlamətdar hissəsini nağıl edib tamaşa kimi göstər­mək adəti də vardır. Hunlar həm ziyafətdə, həm də yas mərasimlərində musiqi ilə şeir, mahnı oxuyarlarmış” ( 9; 198 )

İraq türkmanlarında qadın yas mərasimi daha ağır keçir. ” Cənazə evdən çıxmadan öncə qadınlar geysilərini – əlbisələrini dəgişib qərə girərlər. Başlarını açıb, saçlarını yolarlar. Başlarına çamur sürtərək çığlıqlar ( şivən) edərlər. Erkəklər məzarlıqdan döndükdən sonra qadınlar məzarlığa gedib, qəbrin başında ağlaşıb fəryad qopararlar. Ölənin ən yaxın adamları bu araya toplanaraq baş açarlar, saç yolarlar. Ölənin eşi, bacısı, qızı, nənəsi(anası) saçlarından (qayçı) ilə kəsərək biləklərinə bağlarlar. Biləkdəki saçlar yasın yeddinci günü bir qadın tərəfindən kəsilir” ( 3; 67-68 )

Türk yas mərasimlərində rastlaşdığımız təsiredici hərəkətləri biz digər xalq­ların da folklor dəyərlərində görə bilərik: qadınlara məxsus olan, İslamda qəbul edilməyən, bu dindən əvvəlki inanca istinad edən başa, dizə vurmaları, saç yolma­ları kimi gedişlər Misir, Yahudi xalqlarının da mənəvi dəyərləri sırasına daxil olmuş, həmçinin yas müddətində kişilərin taraş olmaması misir, asur, romalılarda, Perslerde, yunanlarda rast gəlinən adətlərdə özünü göstərmişdir. ( 5; 395 )

Təxminən e.ə VI-II minillikdə formalaşan “Bilqamıs” dastanında Bilqamıs dostu Enkidu ölərkən şivən qoparmış, saçlarını dağıtmışdır:

Kətan kimi dartırdı, saçlarını yolurdu.

Paltarını didib, cırıq – cındır edirdi ( 4; 53 )

Ölümü Allahın buyruğu olaraq qəbul edən və bundan digər insanlara dərs vermək tendensiyası olaraq qəbul edən islam dəyərləri yuxarıda qeyd olunan hərəkətləri məqbul saymamış, bunun əksinə getmiş, həmçinin İraq- Türkman qadınları tərəfindən yas zamanı – yeddi gün və qırx gün müddətində hər cümə axşamında ağıların oxunması da ilahiyə zidd gediləcək bir addım kimi dəyər­ləndirilərək qəbul edilməmişdir. ( 12; 63)

Onu da qeyd edək ki, türklərin yaslarda ağı demək adəti Çin qaynaqlarına əsa­sən e.ə119-cu ildə Hunlara məxsus olduğu bildirilmişdir. (5) Lakin ağıçı qa­dın­ların olması daha qədimlərə istinad edir. “Bilqamıs” dastanında Bilqamıs dos­tu En­kidu öldüyü üçün ağıçı qadınlar kimi hay salıb ağlayacağını bildir­miş­dir. ( 4; 52)

Ümumiyyətlə, Türklərə məxsus olan mərasimlərdəki ritualların bugünkü görünüş cildi əslində mahiyyəti baxımından daha qədimlərə istinad etmiş və dəyişikliyə uğramasına baxmayaraq, ilkinliyini bu və ya digər dərəcədə saxla­mışdır. Mənsub olduğu təbəqədən asılı olmayaraq, keçirilməsi mütləq sayılan yas mərasimlərindəki ritualların icrası və icra edilən bu gedişatların,xüsusən qadın məclisinə istinad etməsi heç də təsadüfi hal olmamış, tarixi aspektin ifa­dəsi olaraq özünü göstərmişdir. Şumer mənbələrindən qaynaqlanan gedişatların davamı olaraq, belə deyə bilərik ki, bir çox əlamətləri ilə dünyaya uşaq gətirən ananın təbiətlə müqayisəsi və fəsillərdəki oxşarlıqlarla eyniyyətin olması qadına Tanrı kimi yanaşılmasına səbəb olmuş, daha sonra Tanrı-Şaman əvəzlənməsi özünü göstərmiş və uzun zaman müddəti keçdikdən sonra ruhları idarə edən şaman qadınlar yas mərasimlərindəki ağıçı qadınlarla əvəzlənmişdir.



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin