Dəyirman motivi və gizlənpaç oyunu. “Koroğlu” dastanının “Həmzənin Qıratı qaçırması” qolundakı (22) dəyirman motivi də gözbağlıca oyunu ilə eposu müqayisə etmək üçün material verir. Burada üç oyunçunun iştirak etdiyini görürük: Dəyirmançı, Keçəl Həmzə və Koroğlu. Motivin oyun arxetipində bunlar gizlənpaç oynayır; Dəyirmançı mətədə durur, Həmzə ilə Koroğlu gizlənir, Həmzə mətədə durur, Dəyirmançı ilə Koroğlu gizlənir, Koroğlu mətədə durur, Dəyirmançı ilə Həmzə gizlənir. Koroğlu gizlənənləri axtarır və dəyirmançını taparkən Həmzə özünü mətəyə çatdırır və oyunu udur. Dəyirman, at və hiylə elementlərini motivdən çıxdıqdan sonra yerdə qalan gizlənpaç oyunun sxemidir.