Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,03 Mb.
səhifə69/92
tarix01.01.2022
ölçüsü1,03 Mb.
#104117
1   ...   65   66   67   68   69   70   71   72   ...   92
Keywords: saga, hero, buta, tests
Məhəbbət dastanlarında məzmun, yəni süjet əsasən qəhrəmanın buta ardınca getməsi və bu yolda başına gələn məcaraların, öz sevgilisi uğrunda apardığı mübarizənin təsvirindən ibarət olur. Məsələn, “Kitabi-Dədə Qorqud” boylarında da, “Koroğlu” kimi sırf qəhrəmanlıq, “Əsli-Kərəm”, “Abbas-Gülgəz” kimi məhəbbət dastanlarında da sınaq var, mübarizə var. Lakin onun variasiyaları fərqlidir.

Məhəbbət dastanlarının süjetini, yəni öz butasına çatmaq uğrunda müba­rizə aparan qəhrəmanın başına gələn məcaranı, əhvalatı M.Təhmasib 4 hissəyə bölərək belə səciyyələndirir:



  1. qəhrəmanın anadan olması və ilk təlim tərbiyəsi;

  2. aşiq və məşuqənin buta almaları;

  3. maneələr;

  4. müsabiqə və qələbə.

Türk dastanlarının süjetinin səciyyələndirilməsi məsələlərinə bir çox tədqiqatçılar müraciət edərək, müxtəlif şəkildə qruplaşdırmalar aparmışlar.

Doktor Ülkü Kara Düzgün tərəfindən qələmə alınan, “Türk dastan qəhrə­manı və Başqırd dastanlarının tipologiyası” əsərində alim türk dastan qəhrə­manını 24 özəlliyini verilmişdir. Bu özəlliyin 15-cisi qəhrəmanın adətən müx­təlif sınaqlardan yalnız keçmək məcburiyyətində qalması, 20-cisi qəhrəmana olağanüstü kişilərin yardım etməsi, 21-cisi isə evlənəcəyi qızla tanış olmasıdır (11, 98-99). Bu qəlip müxtəlif dastanların incələnməsinin nəticəsi olaraq mey­dana gəlmişdir. Əslində daha çox qəhrəmanlıq dastanlarının xüsusiyyətlərini özündə cəmləyən bu qəlipdə məhəbbət dastanlarına xas olan bir çox özəllikləri də görmək mümkündür.

Məsələn, “Mahmud və Ağcaquş”, “Şəhri və Mehri”, “Qul Mahmud” və onlarca bu kimi dastanlarda qəhrəman nəzir niyazla əldə edilmiş övladdır. Məhəbbət dastanı üçün səciyyəvi cəhət olan “buta” əhvalatı dastanın qız qəhrə­manının ortaya çıxması ilə başlayır. Məlumdur ki, buta verilən haqq aşığı olur.

Bir ozanın, üç badə içdiyi yuxunu görər. İlk badəni bir qurtumda içib "Yaradan eşqinə!" deyər. İkincini iki qurtumda içərkən "Yalvaç xətrinə!" deyə səslənər. Üçüncünü "Yar xətrinə!" deyərək üç qurtumda içər. Ona sevgilisinin adı deyilər. Oyandığında ağızından və burnundan köpük daşar (bəzi qaynaqlara görə qan gələr). Sazını və ya qopuzunu əlinə alar və çalıb oxuyar. Bu qabiliyyəti o yuxu ilə birlikdə qazanmışdır:

“Yuxuda gördü ki, dərvış başının üstündə dayanıbdı:

– Gəlmişəm səni arzuna yetirəm. Al bu camı, içindəkini iç...

Mahmud camı içən kimi:

– Ağa dərviş, yandim, amandı yandım, yanğımı söndür, ağa dərviş!

Dərviş dedi:

– O yanğı elə yanğıdır ki, əsla sönməz. O eşq yanğısıdır” (3,s.35).

Dərviş insanlara buta verməklə onlara həm gözəllik, həm də məhəbbət bəxş edir. Hətta bir çox süjetlərdə çəlimsiz, o qədər də yar-yaraşığı olmayan qəhrəmanlar dərvişin camını içəndən sonra gözəl, boylu-buxunlu, yaraşıqlı, səsi məlahətli aşiqə, aşığa çevrilirlər. Göründüyü kimi aşiqlərə içirilən camlar mifik cəciyyələnir. Yuxuda buta verilənlərin ayıldıqdan sonra ağzından köpük daşması özü də mifik görüşlərlə bağlıdır.

Bu yerdə qam-şaman və onun yaydıqları görüşlərdən bəhs edən (miflə səs­ləşən) adəti-hekayəti yad etmək yerinə düşər. “Şamanın azarlaması” adəti he­kayətinin bir sıra variantlarında deyilir ki, şaman-qami narahat hal keçirir və o çayın qırağına gedib üzü üstə yerə yıxılır, ağzından köpük gəlir. Müəyyən vaxt bu duruşda qalır. Ayılandan sonra şaman olur – şeir qoşur, qopuz çalır. Bu epizoda biz dastanlarda da geniş şəkildə rast gəlirik: “Üç gün keçdi. Mahmud asqırıb ayıldı, durub oturdu. Ondan xəbər aldılar:

– Şahzadə, dərdin nədir? Dərdini de, çarə edək.

Mahmud dedi:

– Dilnən dərdimi desəm dilim yanar. Bir saz gətirin, saznan deyim” (3, s.36).

Buradakı bir məsələyə diqqət yetirək. Gələcəyin şamanının çay (su) qıra­ğında üzü üstə torpağa yıxılıb yatması adi bir təsadüf deyil. Əski mif təfəkkürü ilə bağlıdır ki, gələcək şamanın su qırağında azarlamasını əski türk xalqlarının suya inamı ilə səsləşir. Belə ki, türk xalqları suyu ilk başlanğıclardan biri say­mışdır. Elə buna görə də şaman ilk başlanğıcın yanında azarlayır və bununla ondan yardım diləyir. Adəti-hekayətlərdəki digər bir duruşu göz qarşısına gə­tirək. Şaman torpağa yıxılır və bu duruşda müəyyən müddət qalır. Bu da yerin müqəddəsliyi ilə səslənir. Yer türk xalqlarında ana (qadın) kimi qəbul olun­muşdur. Gələcəyin şamanı suya, torpağa - yerə ulu, uduq (yəni müqəddəs) anaya tapınır və onla­­­rın yardımı ilə şaman-qam istedadına yiyələnir. Deməli, gələ­cəyin söz, qopuz, saz ustası, azarı, bəlanı qovan qam-şama­nı suya, yerə inam ya­ratmışdır (14).

Türkmən variantında Koroğlu qəbirdə (yerin içində) doğulur. Bununla güman ki, türkmən Koroğlusunun anasının (ölmüş ananın onu doğması sonrakı əlavədir) Yer ilahəsi olduğuna işarə olunur. Daha bir misal çəkək. Yaqut Olonxo (xalq nağılları) igidlərinin batırlarının bir sırası doğulan vaxt çox zəif, eybəcər olurlar. Belə uşağı torpağa basdırırlar və o, torpaqdan qidalanır, güclü, yaraşıqlı batır olur. Azərbaycan nağılı “Simnar”da da uşaq doğularkən eybəcər olur: “…Onun başında, qaşında, kipriklərində tük yox idi, özü də ət kimiydi” (2). Bu eybəcər, ölgün uşağı su dirçəldir, saç verir. Azərbaycan “Koroğlu”sunda Qoşa bulağın suyu Koroğluya gur səs, güc verir, onu aşıq edir. Su “Koroğlu” dastanında aktiv, “Şamanın azarlaması”nda passiv iştirak edir (7, s.231).

Gətirilən nümunələrdən görünür ki, türk xalqlarında, o cümlədən Azər­baycan xalqında torpağa olan münasibət Yeri – torpağı müqəddəs etmişdir. Bu barədə “Qurani-Kərim”in 86-cı – “əl-Tariq” (“Gecə gələn”) surəsinin 6-cı ayə­sində belə deyilir: “O, axıb-tökülən bir sudan yaradılmışdır”. 35-ci “Fatir” (“yaradan”) surəsinin 11-ci ayəsində yazılır: “Allah sizi (atanız Adəm) torpaq­dan, sonra nütfədən xəlq etmiş, sonra sizi cüt-cüt yaratmışdır”. Deməli, bu ilkin tapınma obyektləri müqəddəs kitablarda da insanın yaranması ilə əlaqəlidir (4, s.16; 5).

Buta motivi dastanlarda çeşidli şəkildə təzahür edir:



  1. “Mehr-Mah”, “Məhəmməd və Güləndam”, “Seyfəlmülk” sırasından olan dastanlarda qəhrəman şəklini gördüyü qıza aşiq olur.

  2. “Şah İsmayıl”, “Kərim-Süsən”, “Əsli-Kərəm” dastanlarında qəhrəman qızın özünə vurulub aşiq olur.

  3. Oğlan qızın sorağını eşidib onun arxasınca gedir.

  4. Oğlan qızdan məktub və ya sifariş alıb onun arxasınca gedir.

Ən çox yayılmış variant – yuxuda hər iki qəhrəmana, oğlana və qıza bir şəxs tərəfindən buta verilməsidir (9, s.6-7).

Ümumiyyətlə, mifik təsəvvürə görə “buta vermək”, “buta almaq” gözəllik ilahəsi Batanın adı ilə bağlıdır. Şəqr mifologiyasında insanlar doğularkən onların gözəllik və məhəbbət payını paylayan gözəllik ilahəsi Batadır. Bu mifik tanrı insanları şərdən qorumaq üçün çoxlarının məhəbbət və gözəllik payını az verir, bəzən də pay verməyə gecikir. Heç bir süjetdə buta verilən qəhrəman məğlub olmamalıdır. Çünki gözəllik ilahəsi müxtəlif libaslarda öz aşiqlərini “qoruyur”, onlara lazım olduqda kömək əlini uzadır. Azərbaycan dastançılığına xas olan bu ənənə “Mahmud və Ağcaquş”, “Əzətinli Əmrah”, “Məhəbbət və Səlbi”, dastanında özünü göstərir. Böyük mərhumiyyətlərdən sonra Mahmud öz butasına qovuşur və onlar xoşbəxt olurlar (6, s.8).

Ümumiyyətlə, türk ədəbiyyatında buta daha çox vergi vermək kimi qəbul edilir və bergü olaraq daha çox tanınır. Bergü - türk xalq inancında qeyri-adi qabiliyyətlər əldə etmək, tanrı vergisi xüsusiyyətlər qazanmaq, bəzən müqəddəs yuxu görmək, ruhun hərəkətli hissəsinin bədəndən ayrılaraq mücərrəd diyarlara səfər etməsidir. Vəhy və ya ilham mənasını verir ki, “allah vergisi” sözünün kö­kündə bu anlayış vardır. Eyni kökdən gələn monqolcada “berh” çətinlik, türkcədə “berk” möhkəmlik mənasını da verir ki, bu da vəhyin və ilhamın çətinliyini və intizamını izah edir. Ancaq vəhy yalvaçlara xas bir vəziyyət olaraq algılansa da, islam terminologiyasında bəzən ilahi bir xəbər olaraq da keçər. Məsələn “Qurani-Kərim”dəki Balarısı (Nəhl) surəsində, tanrının arıya vəhy etdiyi deyilir. Müqəddəs yuxu mənasında buta təbiri də istifadə edilir, lakin sö­zün mənşə etibarilə sanskritcə (qədim ədəbi hind dillərindən biri) olması ehti­malı yüksəkdir. Buta daha sonra badə ilə qarşılanmışdır. Tanrısal əsin və ya vəhy dəyişik adlarla bir çox dində iştirak edir (10).

M.Təhmasib, M.Seyidov və bir çox tədqiqatçılar isə buta sözünü çoxmə­nalı söz olaraq dəyərləndirir, dəvə, qönçə, gül, budaq, nişan, nişanə, hədəf və sairə mənaları olduğunu bildirirlər. Bu sözə “hədəf”, “nişan”, “nişanə” mə­na­sında “Kitabi-Dədə Qorqud”da rast gəlinir. “Qazan xanın evinin yağmalanması” boyunda deyilir: “Oğlum Uruz ox atanda buta qalmış”. Yaxud “Bamsı Beyrək” boyunda: “Məgər Sultanım, Dəli Qancaq dəxi... yoldaşları ilə buta atıb otu­rardı”. Xalq dastanlarındakı buta təsəvvürü də təqribən hədəf, nişan anlamına yaxın gəlir. Sadəcə olaraq, dastanlarda “buta” bir növ obrazlaşmış şəkildədir və poetik-simvolik səviyyəsi gücləndirilmişdir (9, s.5).

Qəhrəmanların bir-birini yuxuda görüb sevməsi çox qədim ədəbi motiv­lərdəndir. Bu motivə hələ eramizdan əvvəl IV əsrin rəvayət və əfsanələrində təsadüf edilir. Zərirlə Odatidenin məcarası haqqında əsəri buna misal gətirmək olar.

Kaspi qapıları ilə Sır-Dərya arasında yerləşən ölkənin hökmdarı Zərir Sır-Dəryaarası ölkəsi şahının qızını yuxuda görüb aşıq olur. Odatude də həmin gecə öz qəhrəmanlığı ilə dillərə dastan olan Zəriri yuxuda görür və sevir (12, с.170-171).

Bir çox tədqiqatçılar “buta”nı daha çox islamiyyətin gətirmiş olduğu hi­cabla əlaqələndirirlər ki, bəlkə də dastan yaradıcıları bu çətinliyi aradan qal­dırmaq üçün qəhrəmanların bir-birini yuxuda görməsi motivi ilə onları biri-birinə “buta” etmək metodundan istifadəyə yer vermişlər. Nisbətən qədim das­tanlarda da bu iş kilmliyi məlum olmayan qoca nurani dərvişlərin, daha sonralar darda qalanların köməkçisi olmaqla yanaşı həm də ailə, məhəbbəd, gənclik məbudu olan əlverişli bir “sima” – Xızırın vasitəsilə həyata keçirilmişdir. Lakin islam, xüsusilə şiəlik yayıldıqca Əli kultu qüvvətlənmiş, dastan yaradıcılığından Xızırı sıxışdırıb çıxarmışdır.

Buta almaq qəhrəmanın daxili aləmini, onun bütün varlığını kökündən də­yişdirir, onu tamamilə yeni bir insana çevirir. Hətta bəzi dastanlarımızda qəhrə­manın butadan əvvəlki mənliyi ilə butadan sonrakı mənliyi tam mənası ilə bir-birinə zidd olur. Məsələn, hələ buta almamış Qurbaninin əlindən demək olar ki, heç bir iş gəlmir. Qurbani o qədər şüursuz, fərsiz uşaqdır ki, əmisindən borc aldığı öküzlərin birini canavara yedirdir, ikincisini isə palçığa batirib öldürür. Yaxud “Abbas-Gülgəz” dastanına görə anası Abbası hər gün məktəbə qoysa da, Abbas oxuyub yaza bilmir. Belə ağır dəqiqədə Qurbani mağarada, Abbas bağda yatır. Bu anlarda Xızır və ya nurani dərviş, yaxud da Əli ümidsiz gəncin yuxu­suna gəlir, əlindəki badəni içirdir, sonra da iki barmağının arasından buta gös­tərib “nur”dan ibarət olan nur badəsini içirdir.

Buta alıb badə içən qızın – məşuqənin başına nə gəldiyi dastanlarda adətən təsvir edilmir. Oğlan isə mütləq xəstələnir. Bu xəstəlikdən bəzən bir neçə gün özünə gəlmir, hüşsuz şəkildə yatır. Nəhayət ayılıb saz istəyir. İndiyə qədər heç bir işə yaramayan şüursuz uşaq birdən-birə dönüb həm şair, həm müğənni, həm də yaxşı saz çalan sənətkar olur. Zəmanəsinin qabaqcıl müdrik arifi dərəcəsinə yüksəlir. Haqq yolunda, həqiqət uğrunda vuruşmağa başlayır, hətta gizli sirrlərə də vaqif olur.

Qəhrəman öz butası ilə rastlaşdıqdan sonra bəzən butanın harada olduğunu heç bilmədən doğmalarına: “Gəlin halallaşaq, mən gedər oldum” – deyə bəzən öz lələsi, nökəri, dostu ilə, bəzən də təkbaşına yola çıxır ki, buradan da növbəti sınağı başlayır.

Yol maneələri, yol sınağının dastanlarımızda müxtəlif formaları vardır ki, bunların ən əsaslı və səciyyəvi olanlarını M.H.Təhmasib qruplaşdırmışır.

Bəzi dastanlarımızda - Qurbani Saleh sövdəgərlə, Valeh Məsum əfəndi ilə, Tahir Xanverdi sövdəgərlə və başqaları ilə rastlaşırlar ki, bu alim, fazil, xeyirxah adamlar qəhrəmanı dərdinə şərik olur, ağıllı, kamallı olduğunu müəyyən etdik­dən sonra getdiyi yoldan qaytarmağa çalışır, onu oğulluğa götürməyə, hətta öz qızını, yaxud bacısını ona verməyə hazır olduqlarını deyirlər. Bir sıra dastan­larımızın qəhrəmanları isə yolda həramilərə, qırx quldura, kəlləgözlərə rast gəlir, ölüm-dirim mübarizəsinə girirlər, bəzilərində isə onlara aşiq olan gözəl, ağıllı, qeyri-adi bacarıqlara malik olan qızlarla dostlaşırlar. Lakin nə xeyirxah insanlar, nə onlara dost, sirdaş olan qızlar tərəfindən vəd olunan xöşbəxt həyat, nə də əzab əziyyətlər onlara öz sevgililərini unutdurmur, ilk fürsətdə butalarının dalınca gedirlər.

Qəhrəmanın butanın yaşadığı yerə çatması ilə yeni maneələr, yeni müba­rizələr başlayır. Bu mübarizəyə bəzən şah özü, bəzən vəziri, darğası, baş pəhlə­vanı, baş aşığı və digərləri rəhbərlik edir. Abbas zəhər quyusuna salınır, Qurba­ninin taleyi qumara qoyulur, Tahir sandığa qoyulub çaya atılır və sairə. Dastançı qəhrəmanın möhkəm, dönməz, basılmaz olduğunu nümayiş etdirmək üçün öz qəhrəmanını bütün girdablara salır, hamısından da qabiliyyətlə çıxardır. Bu sınaqlarda dostlaşmış olduğu çoban, naxırçı, keçəl, müflisləşmiş bəy, sövdəgər, bağban anası, qoca qarı, kəniz, nökər, yaxud qonaq düşdüyü qoca və buna bən­zər sadə adamlar kömək edirlər. Nəhayət, onun haqq aşığı olub-olmadığını yox­lamaq qərarına gəlirlər ki, bununla da dastan süjetinin müsabiqə-qələbə hissəsi başlanır.

Məhəbbət dastanlarımızda böyük eşq və məhəbbətlə təsvir edilən bu müsabiqələr ümumdünya eposunda olduğu kimi, Azərbaycanda da müxtəlif inkişaf mərhələləri keçmişdir. “Əsli-Kərəm” və bir neçə başqa dastanlar istisna olunmaqla əsas məhəbbət dastanlarımızda qəhrəman, müsabiqələrdə və ya sınaq-imtahan məclislərində qalib gələrək öz butasını alır, bununla dastanın əsas süjeti bitmiş olur (8, s.7-8).

Bununla da əsl məhəbbətə, haqqa, ədalətin bərpasına inanan xalq yaratdığı əsərlərdə sevginin qələbəsini təmtəraqla qeyd edir və cəmiyyətdə müsbət obraz və ideyaların təbliği ilə bir növ tərbiyələndirmə işi aparmış olur.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin