Oyunda gizlənmə. M.Kazımoğlu “Oxay”ın nağılının nümunəsində folklorda libasdəyişmə hadisəsini müqayisəli şəkildə şərh edib. Müqayisələrdən məlum olur ki, folklorda libasdəyişmə çox geniş yayılıb, bir janrdan digərinə keçib. Göstərilən nağılın nümunəsi ilə xalq mahnısı arasında yaxınlıq da diqqətdən kənarda qalmayıb (3). Buarada təsvir edilən situasiyanın əsasında oyunun dayandığı müşahidə olunur. Adətən burada ilk növbədə bir “qovmaqaç” oyunu oynanılır. Bu açıq şəkildə biri digərini qovaraq tutmağa çalışan oyun modelidir. Nağıldakı qovlama sxemi də bunu göstərir. Bu oyunda qaçan tərəf qovandan qorunmaq üçün gizlənməyə çalışır. Oyundakı gizlənmə elementi oyunu “gizlənpaç” tipli oyunlara yaxınlaşdırır. Burada oyunçunun gizlənməsi üçün sehirli vasitələrdən istifadə olunur. Qeyd olunan nağılın nümunəsində “tilsim” belə bir sehirli vasitə kimi çıxış edir. Nağıl situasiyası belə vasitələrədən istifadənin intensiv işləndiyi ən uyğun şəraitdir. Nağılda tilsimdən də istifadə edərək oynanan oyunda oyunçuların gizlənməsi libasdəyişmə deyildir. Burada sehirli vasitə olan “tilsim”in işlənməsi bu dəyişməni “cilddəyişmə” kimi səciyyələndirməyə imkan verir. Oyunçu bir cilddən başqa bir cildə girir, bitki olur, balıq olur, heyvan olur, quş olur və s. Nağıldan fərqli olaraq dastanda cild deyil, libas dəyişir. M. Kazımoğlunun da qeyd etdiyi kimi, Koroğlu müxtəlif variantlarda aşıq libasında, çoban libasında, döyüşçü libasında və s. ola bilir (3). Bunların hər biri Koroğlunun peşə minimumuna daxil olan geyimlərdir. Koroğlu vergi ilə aşıqlıq sənətini almışdır, çobanlıq onun dədə-baba sənətidir. Müxtəlif variantlarda Koroğlu at baxıcısının, ilxıçının oğludur. İlxıçı geyimi ilə o, həm də ata, əcdad ruhlarının himayəsinə sığınmış olur. “həm aşıq, həm sufi, həm dəli” olan Koroğlu bu statusların hər birindən keçir.. Bunların hər birinin də özünə uyğun geyim şəkilləri var. Bütün geyim formalarında Koroğlu özüdür. Lakin Koroğlunu bir döyüşçü igid kimi tanıdıqları üçün o döyüşçü formasında başqaları tərəfindən tanınır. Döyüşçü formasında olmayanda o tanınmır. Ona görə də gizlənmək lazım gəldiyi zaman Koroğlu özgələrin tanımadığı geyim formalarından istifadə edir.
Beləliklə, həm nağılda, həm də dastanda baş verən “dəyişmələr” (cilddəyişmə, libasdəyişmə) funksional baxımdan gizlənməyə xidmət etmiş olur. Adam cildini dəyişəndə də, libasını dəyişəndə də rəqib tərəfdən gizlənmiş olur. Beləliklə, bu gizlənmə, görünməyən yerdə yerləşmək, “gözəgörünməmək” və sürətli hərəkəti ifadə edən “qaçmaq” Koroğlunun igidlik fəlsəfəsinin də əsas müddəasını atalar sözü şəklində modelləşdirir: “İgidlik ondur, doqquzu qaçmaqdır, biri də gözə görünməmək”. Bu eposda deyim şəklində öz izini saxlamış gözbağlıca oyunun rudimentidir.
Ritualdan ayrılmış və sakrallığını itirmiş oyunun oyunçusu yalançı olur, yəni bir yalanı, bir uydurmanı və oyunu oynayır. Belə bir yalançı (oyunçu) öz ritual geyiminindən də uzaqlaşdığı üçün həm də yalıncıq (lüt) qalır. Bir tərəfdən ritual sakrallığını itirir və onun personajı yalançıya, oyunçuya (aktyora) çevrilir, ritual geyimləri də aktuallığını itirdiyinə görə bu oyunçu ritual mənasında öz geyimindən, dərisindən, maskasından məhrum olur. Burada oynayan oyunçu diaxron planda ritualdan, mərasimdən, oyundan keçir, sinxron planda oyunçu (aktyor), onun əvəzedicisi (dublyor) və kələkbaz (trikster) olur. Oyunda bu funksiya personajlara görə üçə və ya ikiyə bölünə bilir. Oyunçu, adətən yanında keçisi ilə birlikdə bir oyunçu minimumunu doldurur. Padşah və təlxək nümunəsində olduğu kimi birinci gerçəyə, ikinci isə yalançıya yaxın olur. Oyunda gerçək oyunçu oyunu oynayan personajdır (məsələn, gözübağlı ipin üstündə hərəkət edən kəndirbazdır), yəni o, gerçək aktyordur, keçi isə onu əvəz edən dublyordur. Padşah öz hökmdar rolunu icra etdiyi zaman təlxək yalançı padşah rolunu oynayır. Amma bu əsasda formalaşan oyunlarda padşah da təlxək də aktyordur.
Gözbağlıca oyunun əsas hədəfi qarşıya qoyulan vəzifəni görmədən həyata keçirməkdir. Ona görə də qaranlıq, gözübağlılıq və görünmədən yayınma vasitələrindən istifadə əsas elementlərdir. Görünməmək üçün isitfadə olunan prosesin ümumi adı gizlənməkdir. Gizlənməyin isə oyunda və epik ənənədə üç əsas forması özünü göstərir:
Rəngini dəyişərək gizlənmək. Bu forma oyun üçün daha xarakterikdir.
Cildini dəyişərək gizlənmək. Bu forma nağıl üçün daha xarakterikdir.
Libasını dəyişərək gizlənmək. Bu forma epos üçün daha xarakterikdir.
Gizlənmə gözü yummaq, gözü bağlamaq, koru imitasiya etmək, görünməyən yerdə və ya mövqedə yerləşmək, suda, çayda, quyuda, mağarada, yarğanda, kahada, meşədə və s. şəkillərdə baş verir.
Dostları ilə paylaş: |