Dəyirman elementi. Oyunun dəyirmanda oynanılması epos yaradıcılığının məhsuludur. Çünki dəyirmanın özü mədəniyyətə gec daxil olsa da, xalq yaradıcılığında motivlənə bilib. Bu xüsusiyyət dəyirmanın dən üyütməsi ilə, keçid keyfiyyəti daşıması ilə bağlıdır. Şübhəsiz ki, keçid ritualını da keçid məkanına bu xüsusiyyət yaxınlaşdırmışdır. Profan mənada da oyun bir əyələncə kimi gizlənmə yerləri olan dəyirmanda oynanıla bilər. Sakral mənada ritual keçidini icra etmək üçün dəyirmanın seçilməsi dünyanın faniliyini simvolizə etməklə hadisəyə fəlsəfi məzmun qazandırmaq məqsədinə xidmət edir. Dəyirman su ilə dövr edir, dəni un edir və bütövlükdə keçidi təcəssüm etdirir. Xalq yaradıcılığında da dəyirman “çərxi-fələk” kimi insan taleyinin sınaqlardan keçdiyi önəmli məqamları özündə ehtiva etməkdədir. Əks halda atların dəyişdirilməsi, pəhləvanın adi bir adama məğlubiyyəti üçün dəyirman seçilməzdi. Dəyirman həm də özündə “ruzi-bərəkət” mənası ifadə edən sakral məkandır və ritual üçün də tam uyğundur. Dəyirman ətrafında oyun oynanılması üçün də əlverişli yerdir. Çünki nəticədə hər şey gəlib fələyin dəyirmanından keçir. Bu baxımdan dəyirmanın yanından keçmək, onun içindən keçmək ritual keçidinə işarə edir. Araşdırdığımız motivdə təkcə ritual və oyun deyil, eyni zamanda eposun epik fəlsəfəsi də Koroğlunu məğlub, Həmzəni qalib edir.
At elemnti. Oyunda iştirak edən və gizlənpaçda müşahidə etmədiyimiz elementlərədn biri atdır. Əlbəttə, qədim türklərin atüstündə oynanılan oyunlarında gözübağlı oynanılan oyun nümunələri çoxdur. Lakin burada həmin oyunlarla sintez olduğunu düşünmürük. Buradakı at elementi qədim türk rituallarının, yarışlarının oyunlarının, sınaq və müsabiqələrinin mükafatlanadırma sistemindən gəlir. Qədim türk oyun və yarışlarında müsabiqənin qalibi üçün at mükafatının olduğu haqda XI əsr müəllifi Kaşqarlı Mahmud geniş məlumat verib (4). Epik və tarixi məlumatları bir yerə gətirib məsələyə baxsaq, o zaman burada iki oyun üzərində mühakimə yürütməli olacağıq:
1.At yarışının qalibi müsabiqə üçün təqdim edilmiş atı qazanır. Həmzə at yarışında qalib gəlir və atı qazanır. Bu ehtimal o qədər də güclü görünmür. Lakin nəzərə alsaq ki, xalq qəhrəmanı Koroğlu ilə yanaşı tarixi reallığın deformasiyaya uğratdığı “Həmzə şühəda” da var. Mədəniyyətimizə daxil olan Həmzə İslam peyqəmbərinin (səv) əmisidir, İslam ordusunun ilk şəhdidir və İslam dünyasında şəhidlərin hamisi olaraq qəbul edilir. Həmzə adı arxetipi ilə şəhid qəhrəmandan, prototipi ilə Həmzə şühədadan gəlir. Bizim ənənəvi xalq deyimlərində “Keçəl Həmzə” ifadəsi də yoxdur, bunun yerində “Keçəl Həsən” var. Həsənin Həmzə ilə əvəzlənməsinin mütləq tarixi-mədəni əsasları olmalıdır. Müsəlman dünyasında İslami dəyərlərin mənfi məna sahəsinə daxil edilməsi ziddiyyətli bir məsələdir. Bununla yanaşı, mifoloji qəhrəmanların passivləşməsi, tarixi qəhərmanların aktivləşməsi fonunda məsələyə baxsaq, o zaman xalqın Həmzə prototipinə olan sevgisinin və İslami dəyərlərə üstünlük verdiyinin şahidi olarıq. Xalq at oğrusu Keçəli, Kəloğlanı deyil, ölkəsini təhlükədən qoruyan və bu yolda şəhid olmağı da qəbul edən şəhid arxetipi-Həmzəni qalib çıxarır, onu xanın hüzuruna atın dublyoru ilə deyil, əsas oyunçusu ilə-Qıratla qaytarır.
Dostları ilə paylaş: |