Etnoqrafik leksika. Ustad aşıqlar xalqımızın məişətinə, zəngin etnoqrafiyasına yaxndan bələd olan, ona xüsusi dəyər verən insanlar olmuşlar. Aşıq Hüseyn Bozalqanlının şeirərində də xalqımızın gündəlik həyat tərzini əks etdirən xeyli sayda dil faktları öz əksini tapmışdır:
Nə vaxt ki ət olur, işi xoş olur,
Nə vaxt horra olur, işi yaş olur (1, 50).
Un da yoxdu, kəsdirəydik əriştə,
Düyü alınmayıb, yuyula teştdə (1, 25).
Nə odun var, öydə ocaq qalıyax,
Nə də yağ var, plov üstə calıyax.
Gedək kimin sinisini yalıyax,
Ölmürük, itmirik, ajal da yoxdu (1, 25).
Burada Azərbaycan mətbəxində üstünlük verilən ət, yağ, düyü və un məhsullarının; horra, əriştə, plov xörək növlərinin; odun, ocaq, teşt, sini kimi mətbəx ləvazimatlarının adına rast gəlirik.
Söz qrupları: Aşıq ədəbiyyatında şeir dilini araşdırarkən şəkil və məna etibarilə fərqlənən söz qrupları – omonim, sinonim və antonimlərdən çox istifadə edildiyi diqqəti cəlb edir. Bu, Aşıq Hüseynin şeirlərində də izlənilir:
Qadir Allah, qismət eylə halalı
Haramnan dövlətim, nə malım ola (1,157).
Göründüyü kimi, burada halal-haram antonimləri, dövlət-mal sinonimləri işlədilmişdir.
Toponimika. Dilimizin onomastik leksikasının öyrənilməsində klassik aşıq poeziyasında işlənən yer, yurd adlarının tədqiqata cəlb edilməsi əhəmiyyətlidir.
Aləmi-zərrədə İslam dinniyəm,
Sadiqin qolunda bənd divannıyam,
Mahalım Tovuzdu, Bozalqanlıyam,
İsmim xəbər alsan, aşıq Söyündü (1,158).
Bu gün torpaqlamızın bir hissəsi erməni tapdağı altındadır və mənfur ermənilər yer adlarımızın saxtalaşdırılması ilə bağlı daim haqsız təbliğat aparırlar. Yer-yurd, mahal-kənd adlarımızın ədəbiyyatımızda yaşaması bu gün xüsusilə dəyərlidir. Fakt ortaya qoymaq üçün dəlil sübutdur.
Xalq etimologiyasına görə, Tovuz rayonunun Bozalqanlı kəndinin adı Boz Alı Qanlı adlı tarixi şəxsiyyətin adı ilə bağlıdır. Söyləyici Həsənov Əsgər Nəcəf oğlunun (1926-cı il təvəllüdlü) dediyinə gəlincə, "Boz türkün bozlar tayfasınnandı, al sözü indi də qırmızı mənasında işdəner, yəni bozlar qırmızı qannıdılar".
Əslində Bozalqanlı mürəkkəb toponimik addır və iki türk tayfasının adını özündə birləşdirir. Tədqiqatçı Zirəddin Xasıyev yazır ki, bu cür birləşmə hər iki tayfanın dövrü üçün nüfuzlu, güclü olması ilə bağlıdır. Çünki bir yerdən başqa yerə köçərək məskunlaşan hər hansı qədim nüfuza malik tayfa heç vaxt öz soykökündən ayrılmaq istəməzdi. Təbii ki, bu cür müxtəlif etnik qrupa malik tayfaların birləşməsindən yaranmış Bozalqanlı kimi adlar məhz bu tarixi zərurətdən doğmuşdur (3, 63). Yeri gəlmişkən qeyd edək ki,Cənubi Azərbaycanda Aşıq Abbas Tufarqanlı da qanlı soyundan olmuşdur.
Nəticə olaraq onu da vurğulayaq ki, son dövrlərdə bir sıra tədqiqatçıların el sənətkarlarının dilinin fərdi şəkildə araşdırılması istiqamətində gördüyü işlər təqdirəlayiqdir. Bu zaman folklorşünaslarımız mövzuları ilə bağlı tədqiqat obyektlərinin sənətkarlıq xüsusiyyətlərini də elmi təhlilə cəlb etmişlər (2; 4; 7). Belə araşdırmalar folklorşünaslıq elmi ilə yanaşı, Azərbaycan dili leksikasının tarixi inkişaf prosesini izləmək, müxtəlif dövrlərdə onun dəqiq mənzərəsini təyin etmək baxımından böyk imkanlar aça bilər.
Qaynaqlar
1. Aşıq Hüseyn Bozalqanlı. Bakı, Nurlan, 2003, 234 səh. Tərtib edəni: Aşıq Əli Quliyev
2. Əskər N. Aşıq Nəsibin yaradıcılıq yolu. Bakı, Elm və təhsil, 2016, 164s.
3. Xasıyev Z. Tovuzun toponim dünyası. Bakı, Elm və təhsil, 2010, 228s.
4. İsayeva S. Aşıq Şəmşirin poetikası. Bakı, Elm və təhsil, 2012, 256s.
5. Kazımoğlu M. Ustad aşıq və tarixi ənənə. Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir mərhələsi mövzusunda Beynəlxalq elmi konfransın materialları. Bakı, Nurlan, 2013, 408 səh.
6. Kitabi-Dədə Qorqud. Bakı, Yazıçı, 1988, 265s.
7. Qasımova S. Hüseyn Bozalqanlının poetik irsi. Bakı, elm və təhsil, 2012, 176s.
Dostları ilə paylaş: |