Ключевые слова: Зенгилан, легенда, предание, Кероглы, свекровь, невестка
Azərbaycan folkloru xəritəsində Zəngilanın folkloru, ədəbiyyatı, şifahi xalq yaradıcılığı özünəməxsus mühüm yer tutur. Əfsanə və rəvayətlərin yaranması, toplanması, araşdırılması, başqa xalqların eyni folklor örnəkləri ilə oxşar və fərqli cəhətlərinin müəyyənləşdirilməsi Azərbaycan folklorşünaslığının diqqət mərkəzində duran məsələlərdən biridir. Azərbaycanın digər regionlarında olduğu kimi, Zəngilan folkloru da əfsanə və rəvayətlərlə zəngindir.
Ötən əsrin 70-80-ci illərində Zəngilandan toplanan əfsanə və rəvayətlərin böyük əksəriyyəti Zəngilanda çıxan “Kənd həyatı” qəzetində çap olunmuşdur.
Həmin əfsanə və rəvayətlərə nəzər saldıqda onların müxtəlif məzmunda olduğunun şahidi oluruq. Bu əfsanə və rəvayətlərin içərisində tarixi şəxsiyyətlərin adı ilə bağlı rəvayətlər, tarixi hadisələrlə bağlı rəvayətlər, toponomik əfsanələr, dini rəvayətlər, məişət məzmunlu əfsanələr, qaynana-gəlin münasibətləri ilə bağlı rəvayətlər üstünlük təşkil edir.
Bu regionun əfsanə və rəvayətləri xalqın keçdiyi həyat yolunun tarixi çətinliklərini, fəlsəfi düşüncələrini bu günə qədər bizlərə çatdırmaqdadır.
Tarixi hadisələrlə zəngin regiondan toplanmış əfsanələrdən biri “Koroğlu daşı” əfsanəsidir. Tarixi qəhrəmanlarımızdan olan Koroğlunun səfəri zamanı bəylərin-xanların haqsızlığına dözməyib Misri qılınca sarılaraq kəndlini xilas etməsi və həmin yerə “Koroğlu daşı” adı verilməsi bu əfsanənin mövzusuna çevrilmişdir: “Deyirlər ki, zaman o zaman idi. Koroğlu adı bəylərin, xotkarların canına lərzə salmışdı. Ömrü-günü Vətənin dağ aranında keçən Koroğlunun yolu Zəngilan bazarında bir kəndlinin döyüldüyünü görür, özünü saxalaya bilməyib carvadar libasının altından əl aparır Misri qılınca, kəndlini döyən və döydürən zalımların başını üzüb salır bazarın ortasına. Qıratı cövlana gətirib bir göz qırpımında “Ağ oyuğu”a sarı çapır. Arxasınca düşənləri toza basan Koroğlu Qıratın ac olduğunu düşünüb “Ağ oyuq”da atı əyləyir. O tərəfə, bu tərəfə baxır, münasib bir şey tapmır ki, atı yedirtsin. Hirsindən qarşısındakı iri daşa yumruğunu elə çırpır ki, yumruğu boyda daşda kuful açılır. Arpanı kişmişə qatıb tökür həmin kufula. Qıratı doyuzdurandan sonra çıxıb gedir. Özü gedir, amma daş qalır “Ağ oyuq”da.
Qeyd etməliyik ki, həmin daş erməni işğalına qədər rayonumuzun “ Ağ oyuq” muzeyində saxlanılırdı. Hamı ona Koroğlu daşı deyirdi” (7, 4).
Daha bir əfsanəyə nəzər yetirək. “Ədalətli bölgü” adlı məişət məzmunlu əfsanədə iki qonşunun bir-birinə olan etibarından, sədaqət və səxavətindən, dünya malına tamah salmamasından, bir sözlə, halallıqdan bəhs olunur: “Bir kasıb kişinin kiçik torpaq sahəsi varmış. Nə qədər əkib becərsə də, bu torpaqdan yaxşı məhsul götürə bilmirmiş. Kişi torpaqdan xeyir görmədiyinə görə onu satmaq qərarına gəlir. Torpağı onun qonşusu alır. Qonşusu kotan salıb yeri qazanda kotan nəyə isə ilişib dayanır. Düşüb baxır ki, içi qızılla dolu iri bir küpdür. Küpün üstünü torpaqla örtüb, torpağı satan kişinin yanına gəlir və deyir ki, gəl küpünə yiyə dur. Çünki torpaq əvvəl sənin olub. Kişi küpə yiyə durmur ki, küp sənindir və bildirir ki, neçə illərdir bu torpağı əkib becərirəm, əgər mənə qismət olsaydı, elə torpağı satmamışdan qabaq tapardım, küp sənə çatmalıdır. O deyir, bu deyir, heç birisi küpə yiyə durmurlar. Durub qazının yanına gedirlər ki, məsələni o həll etsin. Məsələdən hali olandan sonra qazı qayıdır ki, mənim bir ərgən qızım, torpağın indiki sahibi isə deyir ki, bəs mənim də bir ərgən oğlum var.
Qazı məsləhət bilir ki, bəs sən qızını ver torpaq alanın oğluna, o torpaq onların olsun, günün də yarısı da onun olsun. Bu ədalətli bölgü.
Deyirlər, həmin il həmin sahədə taxıl əkirlər və məhsulunu yığanda təəccüb qalırlar. Buğda dənəsinin iriliyi quş yumurtası boyda imiş və rəngi də qızıl kimi parıldayırmış. Bunun nə üçün belə olduğunu öyrənmək istəyəndə bilici deyir ki, bu torpağın sahibləri o qədər təmiz adamlardır ki, ona görə bu torpaq belə gözəl məhsul yetirib” (2, 4).
Azərbaycan folkloru qarı obrazları ilə zəngindir. Onlardan biri ipək qarıdır ki, dili şəkər, danışdıqca dürr tökər, el dərdini çəkər. Sözü məlahətli, əli şəfqətli.” Belə qarıların bir nümunəsinə “Yazıq nə yeyib ki” rəvayətində rast gəlmək olar: “Gəlinlə qaynananınkı düz gətirmirmiş. Onlar evdə bir-birinin işinə qarışmazmışlar. Biş-düşləri də, yeyib-içməkləri də ayrı imiş. Ancaq oğlan evə gələndə gəlin ərinə gileylənərmiş ki, evdə heç nə yemir, çox vaxt ac qalır. Yazıq arvad isə aradakı pərdəni götürməz, həya edib heç nə deməzmiş.
Bir gün yenə gəlin ərinə gileylənərkən arvad özünü saxlaya bilməyib oğluna deyir:
– Gəlin düz deyir, doğrudan da ac qalır. Dörd baxar, iki mələr. İki başıdı, səkkiz ayaq, gəlin aşırdi bayaq. Gəlinin nənəsi ölsün. Yazıq nə yeyib ki...” (1, 4).
Daha bir gəlin-qaynana münasibətinə həsr olunmuş rəvayətdə isə gəlinlərin kələyi qayınananın hiyləsinə güc gəlir. Üç gəlin birləşib, qarının hiyləsini dəf edirlər: “Rəvayət edirlər ki, bir qarının üç gəlini var imiş. Qarı o qədər əldən kasad, xasiyyətdən bərbad imiş ki, yazıq gəlinlər bircə dəfə belə öz arzuları ilə xörək bişirib yeməyə girəvə tapa bilmirmişlər. Gəlinlər nə qədər kələk gəlirmişlər ki, qaynanaları evdən bircə dəfə çıxıb başqa yerə getsin, mümkün olmurmuş ki olmurmuş. Xoşbəxtlikdən bir gün qarının qardaşı adam göndərir ki, oğluna toy eyləyir gəlsin. Qarı getmək istəmir. Gəlinlər qaynanalarının üstünə düşüb deyirlər:
– Ay arvad, gözünün ağı-qarası bir qardaşın var, onun oğlunun toyuna getməyəndə bəs kimin toyuna gedəcəksən?
Nəhayət, gəlinlər bir təhər qarını yola gətirirlər. Qarı evdən çıxan kimi gəlinlər tez yağlı kömbə bişirib yeməyə başlayırlar. Ancaq hələ qurtarmamış görürlər ki, qarı gəlir. Gəlinlər əl-ayağa düşüb bilmirlər ki, neyləsinlər. Gəlinlərdən biri tez torba gətirib kömbənin qalanını onun içərisinə qoyub qatması ilə paltarlarının altından belinə bağlayır.
Çox bilmiş qarı içəri girən kimi hiss edir ki, nə isə yağ iyi gəlir. Ancaq gəlinlərin nə etdiklərini başa düşə bilmir. Kələyə əl atır.
– Ay gəlinlər, toya getdim cavanlığım yadıma düşdü. Gəlin çırtma vuraq oynayın, mən də baxım boyunuza.
Gəlinlər də onun hiyləsini başa düşüb bir-birinə göz edirlər. Birinci gəlin işarə verib oynaya-oynaya deyir:
Fənddi, fənddi, ay bacı.
– İkinci gəlin də işarə ilə deyir:
Bilsə, qiyamətdi, ay bacı.
Üçüncü gəlin qol qaldırıb süzə-süzə deyir:
– Çəpiyi çal, şırtığı vur.
Qatması bərkdi, ay bacı” (3, 4).
Zəngilan bölgəsində duz-çörəyin müqəddəsliyi haqqında aşağıdakı rəvayət də qeydə alınmışdır: “Quldurlar məşhur xanın malikənəsinə girib onun bütün əmlakını oğurlayıb aparmaq üçün bir yerə toplayırlar. Qaranlıqda quldurbaşının əlinə bir torba keçir. Onun içində nə olduğunu bilmək üçün barmağını torbaya salıb sonra dadına baxır. Görür ki, duzdur. Heç bir şey götürməyib çıxıb gedir.
Xana xəbər gəlir ki, evi quldurlar qarət ediblər. Xan gəlib görür ki, ev tör-tökülüdür. Ancaq heç bir şey aparılmamışdır. O çox təəccüb edir: “Axı bu necə oğrudur ki, evdən heç bir şey aparmamışdır?”
Nökər-naibinə əmr edir ki, necə olursa-olsun, gərək evə girən quldur tapılsın. Çox axtarışdan sonra quldurbaşını tapıb xanın hüzuruna gətirirlər.
Xan ondan soruşur:
– Evə girmisən, lazım olan şeyləri aparmaq üçün yığışdırmısan. Bəs nə üçün heç bir şey aparmamısan?
– Əlimə bir torba keçdi. İçindəkinin nə olduğunu bilmək istədim. Barmağımı batırıb dadına baxanda gördüm ki, duzdur. Evində dilimə duz dəydiyi üçün ondan keçib heç bir şey aparmadım.
Xan quldurun bu mərdanəliyinə çox heyran olur və ona xeyli mal-pul bağışlayır” (4, 4).
Yaxşılıq və pislik, xeyir və şər kimi münasibətlər Zəngilan folklorunun əsas tematik istiqamətlərindəndir. Zəngilanın rəvayətlərində də bu tematikalı örnəklər vardır. Məsələn, “Mahir xəttat” rəvayətində deyilir ki, şahın çox savadlı bir saray xəttatı varmış. O, hər cürə mürəkkəb xətləri oxumağı bacarırmış. Onun şöhrəti hətta qonşu ölkələrə də yayılmışdı. Şah öz mirzəsi ilə fəxr edirmiş. Çox təəssüf ki, xəyalına gətirmirmiş ki, mirzəsinin gözü bir gün nurdan qalsa, onu kim əvəz edə bilər. İllər keçir, nəhayət, xəttat belə bir bəlaya mübtəla olur, gözü nurdan qalır. Belə bir vaxtda qonşu ölkə şahından ona məktub gəlir. Ancaq onu heç kəs oxumağı bacarmır. Şah xəttatın yanına gəlib bu məktubun oxunması üçün nə kimi kömək edə biləcəyi barədə ondan məsləhət almaq istəyir. Mirzə bilir ki, ölkədə məktubu oxuya biləcək bir adam yoxdur, onun da gözü görmür. Xeyli fikirləşdikdən sonra şaha deyir:
– Qibleyi-aləm, sərəncam ver hamamı hazırlasınlar və bir qədər də buz tapsınlar.
Şah bütün bunları hazır edəndən sonra Mirzə deyir:
– Məni hamama salın. Mirzələrdən biri həriflərin şəklini kürəyimə çəksin. Beləliklə, şah qonşu şahın məktubundan hali olur və öz mirzəsinin qədrini layiqincə bilmədiyi, onun özünə davamçı yetişdirməsinə imkan vermədiyi üçün çox peşiman olur” (5, 4).
Belə məlum olur ki, insanlar bütün ömrüboyu yaxşılıq etməlidilər. “Mollanın savab işi” rəvayətində deyilir ki, “öz dünyasını dəyişən bir mollanın cənnətə və cəhənnəmə getməsini müəyyənləşdirmək üçün məleykələr onu məşhər ayağına çəkirlər.
– İşıqlı dünyada nə kimi savab iş görmüşsən? – deyə sual verəndə molla deyir:
– Oruc tutmuşam, namaz qılmışam, Allaha ibadət etmişəm...
– Bunlar sənin ruhani borcundur, sən de görək təmənnasız nə iş görmüsən?
Molla gördüyü işlərdən nə qədər sadalayırsa, onun heç birini cənnətlik iş hesab etmirlər.
Axırda molla belə bir əhvalat danışır:
– Bir gün yolla gedirdim. Əlimdə də qırmızı bir alma var idi. Qabağımca isə qucağı uşaqlı bir zənən xəylağı gedirdi. Uşağın üzü mənə tərəf idi. Əlimdəki almanı görən kimi uşaq qığıldaya-qığıldaya əlini mənə tərəf uzatdı. Mən də almanı uşağa verib gizləndim ki, arvad görməsin.
– Yaxşı ki, ömründə bir təmənnasız xeyirxahlıq etmisən, təkcə buna görə səni cənnətə buraxmaq olar – deyə məleykələr onu cənnətə buraxırlar” (6, 4).
Beləliklə, nümunələrdən gördüyümüz kimi, Zəngilan bölgəsi əfsanə və rəvayətlərlə zəngindir. Bu əfsanə və rəvayətlərdə xalqın əski inam və təsəvvürləri, adət-ənənələri, ailə-məişət münasibətləri, dünyagörüşü qorunub saxlanmışdır.
Dostları ilə paylaş: |