Peşəkar söyləyici ifaçılığı
TOVUZ FOLKLORUNDAN ÖRNƏKLƏR
Tovuz rayonu Azərbaycanın qərbində, Qazax-Gəncə düzənliyində yerləşir. Ərazisi 1903 kv.km, əhalisi 160 000 nəfərdir.
Mənbəyini Axınca çayından götürən Tovuzçay şəhərin kənarından axır. Tovuzçay hidronimi Azərbaycan ərazilərinin qədim dövrlərini əks etdirən xəritələrdə qeyd olunmuşdur.
Tovuzda 1 şəhər, 1 qəsəbə və 102 kənd, eləcə də başqa kiçik yaşayış məntəqələri vardır.
Tarixən folklor ocağı hesab edilən Tovuz ərazisində oğuz qrupu türk dillərinin dil xüsusiyyətləri bugünədək qorunub saxlanmışdır. Bu fakt Tovuz bölgəsindən – Bozalqanlı, Abulbəyli, Cəlilli kəndlərindən toplanmış folklor örnəklərinin dilində öz təsdiqini tapır. Diktofon vasitəsilə qeydə aldığımız mətnləri yazıya köçürərkən dil-üslub, dialekt-şivə xüsusiyyətlərinin qorunmasına diqqət yetirmişik. Qədim yaşayış məskəni olan Tovuz ərazisində yerli sakinlərlə görüşərək zəngin folklor ehtiyatına malik olan yaşlı insanlardan topladığımız mətnlər içərisində bayatılar, atalar sözləri və məsəllər, rəvayətlər, etnoqrafik mətnlər, aşıqların həyatı ilə bağlı xatirələr üstünlük təşkil edir. Bəllidir ki, folklor materialları tariximizi əks etdirən dəyərli faktlarla zəngindir. Bölgədən qeydə aldığımız nəsil, tayfa, yer-yurd adları haqqındakı mətnlər və əfsanələr dediklərimizin sübutudur. Burada Haça Qaya, Aldədə, Qərif Seyid ziyarətgahları ilə bağlı söylənilənlər də olduqca maraqlıdır. Adı Alı Dədə olduğu deyilən Seyid Ağamirəli – Aldədə XIX əsrin əvvəllərində yaşamışdır. Bu gün Tovuz əhlinin ziyarət etməyə həsrət qaldığı bu sınaqlı ocaq da erməni əsirliyindədir. İnsanlar Axınca çayının günbatan istiqamətində yerləşən bu ziyarətgahı dolana bilməyib qəbul olunmuş qurbanları körpünün üstündə kəsməyə məcbur qaldıqlarını ürək yanğısı ilə söyləyirdilər. Bu nisgil Qaratel Həsənovanın, Mahizər Məstanovanın, Həmayə Əliyevanın nitqində daha aydın duyulur.
Nigar Həsənova
Dostları ilə paylaş: |