Azərbaycan şifahi xalq ədəbiyyatına


ПИСЬМЕННЫЕ ИСТОЧНИКИ ФОЛЬКЛОРА



Yüklə 1,18 Mb.
səhifə30/128
tarix01.01.2022
ölçüsü1,18 Mb.
#104207
1   ...   26   27   28   29   30   31   32   33   ...   128
ПИСЬМЕННЫЕ ИСТОЧНИКИ ФОЛЬКЛОРА

ЗАПАДНОГО АЗЕРБАЙДЖАНА

Резюме

Статья посвящена проблеме письменных ресурсов фольклора Западного Азербайджана (ныне Армения). Было вовлечено в научное исследование древние надписи, исторические источники, в том числе книга Абу Бакра Теграни "Китаби-Диярбекрия". Сравнение фольклорных текстов, которые наблюдаются в этих источниках совпадаются с текстами собранных из Западного Азербайджана и это доказывает что азербайджанские тюрки в этих землях живут с древних времен.



Ключевые слова: Западный Азербайджан, Абу Бакр Teграни, "Китаби-Диярбекрия", Тревер, озера Гекче, Aгридаг.

Şifahi xalq yaradıcılığı ilə yazılı ədəbiyyat arasında qırılmaz tellərin möv­cudluğu tədqiqatçıların diqqətini çoxdan çəkmişdir. Bu istiqamətdə bir çox araş­dırmalar aparılmış folklorun ümumiyyətlə yazılı ədəbiyyata və konkret olaraq bu və ya digər ədəbi növə, janra, xüsusilə hər hansı yazıçının yaradıcılığına və kon­kret bədii əsərə təsirinin müxtəlif aspektləri elmi-nəzəri təhlilə cəlb edil­mişdir.

Bəs yazılı qaynaqlarda Qərbi Azərbaycan (indiki Ermənistan) coğrafiyası üçün spesifik folklor elementlərinin əks olunma səviyyə, miqyas və özünə­məx­susluğu nə şəkildədir? Bu məsələyə elmi münasibət sərgiləməmişdən qabaq, xa­tırladaq ki, “Qərbi Azərbaycan” anlayışı coğrafi-siyasi termin kimi XX yüzilin 90-cı illərindən etibarən dövriyyəyə girmişdir və ondan törəmə olan “Qərbi Azərbaycan folkloru” anlayışı da Azərbaycan folklorşünaslığının yeni sahəsi ol­duğundan yazılı ədəbiyyatda, xüsusən də klassik ədəbiyyatda Qərbi Azərbaycan folkloru süjet və motivlərinin axtarılması ilk baxışdan perspektivsiz bir iş təsiri bağışlaya bilər. Lakin Qərbi Azərbaycan Dərbənddən Gəngər (indiki İran) kör­fəzinə, Qara dənizdən Xəzər dənizinə qədər böyük bir ərazini əhatə edən tarixi Azərbaycan torpaqlarının tərkib hissəsi və ən qədim dövrlərdən Türk-Oğuz diyarı olduğundan, Qərbi Azərbaycan folkloru da həm bütövlükdə Azərbaycan, həm də ümumtürk folklorunun ayrılmaz tərkib hissəsidir və belə olduğu üçün də Qərbi Azərbaycan folklorunda həm Azərbaycan, həm də ümumtürk folklorunda geniş yayılmış süjet və motivlərin, eləcə də müxtəlif lirik və epik janrların çoxsaylı variant və paradiqmaları müşahidə edilməkdədir. Bu baxımdan, yazılı ədəbiyyatda, o cümlədən klassik ədəbiyyatımızda rastlanan süjet və motivlər Qərbi Azərbaycan folkloru üçün də xarakterikdir. Lakin bu, qətiyyən o demək deyil ki, Qərbi Azərbaycan folkloru yazılı qaynaqlardan bütünlüklə məhrumdur və bu mövzu yalnız və yalnız ümumazərbaycan və ümumtürk folkloru kontekstində araşdırıla bilər və araşdırılmalıdır.

Tədqiqatlarımız nəticəsində gəldiyimiz yekun fikrə görə, Qərbi Azər­bay­can folklorunun ayrıca yazılı qaynaqları var və onları aşağıdakı kimi qurup­laşdırmaq olar:



  1. Qərbi Azərbaycan ərazisində qeydə alınmış epiqrafik abidələr və on­larda əks olunmuş folklor motivləri.

  2. Ayrı-ayrı dövrlərdə yaşamış səyyah və tarixçilərin əsərlərində rastlanan və bilavəsitə və ya dolayısı ilə Qərbi Azərbaycanın ərazisi ilə bağlı olan əfsanə və rəvayətlər.

  3. Hər hansı bir vəsilə ilə yazıya köçürülmüş folklor nümunələrinin yer aldığı yazılı ədəbiyyat nümunələri.

Bu məqaləmizdə bu mənbələrdən bəzilərini qısaca nəzərdən keçirmək istərdik.

Öncə qeyd etmək lazımdır ki, Qərbi Azərbaycan ərazisindən indiyə qədər onlarla epiqrafik abidə üzə çıxarılmışdır ki, onlardan bir qismi qədim arami əlifbası ilə türk və yəhudi dillərində, digər bir qismi yunan və latın əlifbaları ilə yunan və latın dillərində, başqa bir qismi isə elm aləmində “Orxon-Yenisey” əlifbası kimi tanınan əlifba ilə türk dilində və nəhayət, ərəb əlifbası ilə yenə türk (Azərbaycan) dilindədir.

Yunan, latın və arami əlifbası ilə qeydə alınmış abidələr, onların yerləşmə və ya tapılma yeri və məzmunu haqqında bir çox əsərlər yazılmışdır ki, onlardan ən mühümləri haqqında K.Trever özünün “Qədim Ermənistanın tarixi və mədəniyyəti barədə oçerklər” kitabında geniş məlumat vermişdir (1).

Arami əlifbası ilə yazılmış epiqrafik abidələrdən ən azı üçünün qədim türk dilində olduğu məlumdur. Bunlardan ikisi Ərdaş//Artaş (Artaksi//Artaşes) adlı məliyin Göyçə gölü yaxınlarından tapılmış iki sərhəd daşı üzərində cızılmış eyni məzmunlu yazısıdır ki, həmin daşlar hazırda Ermitajda saxlanılır.

“Həmin daşlar (biri bütöv, biri sınıq iki daş) XlX əsrdə Göyçə gölü yaxın­lığından tapılmışdır. Bu daşların “Ermənistan çarı” Artaşes tərəfindən yazdırıl­dığını və “Ermənistan çarlığının” sərhəd daşları olduğunu iddia edən erməni və rus alimlərinin “səylərinə” (Периханян, 1964; Периханян, 1965; Борисов, 1946; Дьяконов, Старкова, 1955; Тираця, Новош. 1959) baxmayaraq, yazının birinci iki sözündən – Artaxşsi (Artaksi) adından və sonrakı sami mənşəli "mə­lik" (mlk) sözündən başqa digər sözlərin mənalarını anlamaq mümkün olma­mışdır. Yəni yazının arami əlifbası ilə yazıldığını və necə səsləndiyini dəqiq­ləşdirən alimlər yazının məzmununu dərk edə bilməmiş, yalnız onun erməni (hay) dilində olmadığı fikrini vurğulamışlar. Onların qənaətincə, yazının dilinin urartu və sami dilləriylə də heç bir bağlılığı yoxdur” (2, 176).

Professor F.Ağasıoğlu mətnlərin türkcə olduğunu aşkarlamış və onları “Artxşsi (Artaksi) mlk (məlik) bryi (birəyi – ərazisi) yritir (yeridir). Bund (bunda – burada) knxlt (konxuldu – qonuldu, qoyuldu)” kimi oxumuşdur. Başqa sözlə, alimin qənaətincə, bu sərhəd daşı Artaşes məliyin ərazilərinin hüdudlarını göstərmək məqsədi güdmüşdür.

Artaksi məliyin sözügedən sərhəd daşları və onların üzərindəki yazılar tariximizi, xüsusən də ana dilimizin tarixini öyrənmək baxımından böyük və əvəzsiz qaynaq rolunda çıxış etsə də, Qərbi Azərbaycan folklorunu öyrənmək baxımından bizə birbaşa informasiya vermir. Lakin arami əlifbası ilə yazılan və sonradan tikinti işləri nəticəsində məhvə uğrayan üçüncü türkcə yazı isə təkcə etnik dil və ədəbiyyat tariximizi incələmək baxımından deyil, həm də folklor­şü­naslıq baxımından qiymətli qaynaq rolunda çıxış edə bilər.

Əhməd Oğuz tərəfindən aşkarlanmış, görkəmli dilçi alim Firudin Ağa­sıoğ­lu tərəfindən tədqiq edilmiş və səslənişi (transkripsiyası) dəqiqləşdirilmiş hə­min epiqrafik abidə barədə F.Ağasıoğlu yazır:

“On il əvvəl gənc tədqiqatçı Əhməd Oğuz mənə bir şəkil göstərdi. Bu 130.50.25. sm ölçülüdə hamar yonulan daş üzərində naməlum bir yazının şəkli idi. Həmin yazı Qafqazda rast gəlinən yunan, latın, arami, pəhləvi, erməni, gürcü, ərəb və başqa məlum əlifbaların hüç birinə uyğun gəlmirdi. Ona görə də yazılı daşı yenidən tədqiq etmək üçün yazıçı dostum Mövlud Süleymanlı ilə Qızıl Şəfəq (qədim Cuci – Ə.Ə.) kəndinə getməli olduq.

İndiki Ermənistanla Gürcüstan sınırında yerləşən kənd qədim Qoqar (Gö­yər) mahalının qərb bölgəsində idi...

Kənd ağsaqqallarının dediyinə görə, kiçik təpənin üstündə çox kiçik bir mə­bəd varmış və onun iki daşı yazılı imiş. Vaxtilə bu yazıları oxumağa gələn er­məni alimləri yazının ermənicə olduğunu, gürcü alimləri isə gürcücə olduğunu de­mişlər. Kəndin ...türk əhalisi də məbədin daşlarını söküb kolxoz üçün tövlə tikmişlər və özündə tarixi yaşadan həmin daşlardan biri Əhməd Oğuzun çəkdiyi şə­kildəki daş idi. İkinci yazılı daşı nə qədər soraqladıqsa yerini bilən olmadı” (3, 147).

Professor F.Ağasıoğlunun yazılışını bərpa etdiyi mətnin oxunuşuna cəhd edən tədqiqatçı B.Tuncay onu belə oxumuşdur: “sxlu –SaXLU (saxlı, saxlan­mış, gizli) ağta (torda) ise (isə) çn - ÇiN (doğru, həqiqət) QOR (ziyan vermək) AKİLTA (comərdliyə, əliaçıqlığa, ürəyiaçığa)”. Beləliklə, tədqiqatçı “Həqiqətin torda gizli saxlanması comərdliyə ziyan vurar” məzmununda bir atalar sözü aşkar etmişdir.

Lakin bundan daha önəmli bir yazılı qaynaq da var. Söhbət Qərbi Azər­bay­­canın Zəngəzur mahalının Meğri rayonu ərazisində, Nüvədi kəndi yaxın­lı­ğın­dakı Qarqadaşı dağında Həmzə Vəli tərəfindən aşkarlanmış daş kitabədən ge­dir. Kitabənin ilk oxunuşu Həmzə Vəliyə məxsus olsa da (4,34-35), kitabə Gü­ney Azərbaycandan olan tədqiqatçı Mənsur Rəhbəri tərəfindən bir qədər fərqli oxunmuş (“ONı UÇUK eRiNÇ AS YeLiNÇ əSRi UDSıN KaN əNGRiZ GÖÇü Bok eRiNÇ aRZ(J)uLa BaRÇa”) və çağdaş dilimizə aşağıdakı kimi tərcümə olunmuşdur: “Önünüz uçqun olsun, yırtıcılara yem olun, bəbir qov­sun, qan ağlayasınız, köçünüzə pox olsun, çaqqallar leşinizə toplaşsın!” (5).

Beləliklə, kitabədə bir qarğış mətni həkk olunmuşdur və onun yaşı 3000-3500 ildən artıqdır. Folklor ekspedisiyaları zamanı Qərbi Azərbaycandan toplan­mış bəzi qarğışlarla sözügedən qarğış arasında bənzərlik isə çox diqqətçəkicidir:

“Ağzınnan çıxsın, qoynuna girsin!” (6, 41; 7,116).

“Davarını qotur qırsın, davanın dağlansın” (8, 48).

“Qanaa bulaşasan” (9,117).

“Qoçunun gözünü canavar yesin!” (10,42).

“Qurd-quşa rast gələsən!” (6,44).

“Yurdunda bayquş ulasın!” (9, 119).

Qərbi Azərbaycan folklorunun yazılı qaynaqları içərisində ayrı-ayrı dövr­lərdə yaşamış səyyah və tarixçilərin əsərlərində rastlanan və bilavəsitə və ya dolayısı ilə Qərbi Azərbaycanın ərazisi ilə bağlı olan əfsanə və rəvayətlərdən də ayrıca söhbət açmaq lazımdır. Bu tip əfsanələrdən biri XI əsrdə yaşamış gürcü tarixçisi Leonti Mrovelinin qələminə məxsus olduğu hesab edilən, XII əsrdən etibarən tərtib edilməyə başlayan və XIV əsrdə müəyyən əlavələr edilən (11,3) “Kartli çarlarının həyatı” (12) adlı salnamədə yer almaqdadır. Salnamənin ən başında Həzrət Nuhun oğlu Yafəsin övladlarından biri, gürcü mənbələrində adı Torqom (Torqomos) (bizim fikrimizcə: Turqam, çünki həmin mənbədə Torqo­mun atasının adı Tur/Tir, babasının adı Qamər/Qomer-dir), yəhudi və xristian mənbələrində, o cümlədən erməni və alban mənbələrində Toqarma, müsəlman mənbələrində isə Türk kimi çəkilən şəxsdən bəhs edilir və onun nəsli barədə məşhur əfsanənin gürcü variantı verilir. Turqamın (Torqomun // Toqarmanın // Türkün) və nəslinin ata yurdu kimi Ağrı dağıyla (Böyük Ağrı dağı) Masis (Kiçik Ağrı dağı) arasındakı ərazi, yəni Qərbi Azərbaycanın bir hissəsi göstərilir. Ümu­milikdə isə həmin nəslin yaşadığı ərazinin quzeydən Qafqaz dağları, doğudan Xəzər dənizi, batıdan Qara dəniz, güneydən Urmu gölü ilə əhatələndiyi söy­lənilir (Мровели, 1979, səh. 21). Bu isə bizə Qərbi Azərbaycan ərazisinin də Nax­çıvan ərazisi ilə birlikdə Həzrət Nuh, Yafəs və Türklə bağlı əfsanələrin formalaşma arealına daxil olduğunu söyləməyə əsas verir.

Bu fikri Qərbi Azərbaycandan toplanmış əfsanələr də təsdiq etməkdədir. “Şübhəsiz ki, hər bir ərazinin, xalqın minillərin o ucundan yol alıb gələn ən qədim tarixi barədə ilkin bilgilər öncə mifik təfəkkürdə, bu təfəkkürün daş­laşdığı mifik mətnlərdə, bu mətnlərin bədiiləşdirilmiş formaları olan rəvayət, əfsanə, na­ğıl, dastan və s.-də yer almış, günümüzə qədər gəlib çıxmış­dır. Keç­miş İrəvan xanlığının Vedibasar, Gərnibasar, Zəngibasar, Karbibasar, Sərda­rabad, Sürməli mahallarını (Sovet dönəmində Ermənistan SSR-in Vedi, Qə­mərli, Zəngibasar, Sərdarabad, Üçkilsə rayonlarını və həmin rayonlarla üzbəüz Araz çayının Türkiyə ərazisindəki sağ sahillərini) əhatə edən, Azərbaycan, Türkiyə, İran və Ermənistanın bu günkü dövlət sərhədlərinin kəsişdiyi bir məkanda yerləşən İrəvan çuxuru da bu mənada istisna təşkil etmir.

Doğrudan da, əgər Nuhun gəmisi ilə bağlı məşhur rəvayə­tin Ağrı dağları ilə əlaqədar olduğunu və İrəvan çuxurunun da bu dağlarla qabaq-qənşər, Böyük və Kiçik Ağrı dağları ilə Kiçik Qafqaz sıra dağları arasında böyük bir çökək-düzən­likdə (vadidə) yerləşdiyini nəzərə alsaq ("Nuh çıxan" anlamında olan Naxçıvan şəhəri də bu düzənliyin şimal-şərq tərəfindədir), onda Nuhun gəmi­sində xilas olan qədim insanların tufandan sonra dağdan enib həm də İrəvan çuxuru ərazisində məskunlaşdığı fikrini söyləyə bilərik. Dünya tufanı və Nuhun gəmisi ilə bağlı müxtəlif əfsanə və rəvayətlərin məhz bu bölgədə daha geniş yayılması da, görünür, təsadüfi deyil” (İsmayılov, Ələkbərli, 2004, səh. 5).

Qərbi Azərbaycandan, bilavasitə İrəvan mahalından toplanan folklor mate­rialları içərisində Nuh Peyğəmbərlə bağlı əfsanələr də önəmli yerə sahibdirlər.

Qərbi Azərbaycan folklorunun yazılı qaynaqları içərisində Əbubəkr əl- Tehrani əl-İsfahaninin “Kitabi-Diyarbəkriyyə” əsəri xüsusi yerə sahibdir. Ağqo­yunlu hökmdarı Uzun Həsənin (1453-1478) tapşırığı ilə 1470-1478-ci illərdə yazılmış əsərdə müəllif Ağqoyunlular sülaləsinin nəsil şəcərəsini araşdırmağa Uzun Həsənin babası – Ağqoyunlu döv­lətinin banisi Qara Yülük Osman bəydən başlamış, 52-ci nəsildə Bayandur xana, 54-cü nəsildə Oğuz xana çatmış, bu şəcərəni Adəm peyğəmbərə qədər aparmışdır (14, 39-49).

“Kitabi-Diyarbəkriyyə”də Qərbi Azərbaycan izlərini araşdırarkən üç mə­qa­ma xüsusi diqqət yetirmək lazımdır. Birincisi odur ki, Oğuz xan İran, Turan, Şam, Misir, Qıpçaq çölü, Hindistan, Kəşmir, Xətay, Türküstan və sair ölkələri özünə vətən etdikdən sonra “əsl məskəni” olan Sayrama qayıdır, burada böyük bir məclis – Toy çağırır. “Bu toyda yüz iyirmi min qoç, doqquz min madyan at, on səkkiz min inək sərf olundu. Orduya və qəbilə başçılarına nəğd qızıl və gümüş paylandı. Məmləkətini oğlanlarına verdi”. Bundan sonra isə “Göycə də­niz tərəfdə əcəl “Allahın müəyyən etdiyi vaxt mütləq gələcəkdir” ayəsinə uyğun olaraq, atını onun üstünə çəkdi və onu bu fani dünyadan əbədi dünyaya apardı” (14, 46-47).

İkinci məqam Oğuz xanın nəvəsi Bayandur xanla bağlıdır. O da babası kimi, ölkələri fəth etdikdən sonra o da Sayrama qayıdır, kiçik qardaşı Becənaqı burada özünün canişini təyin edir, özü isə “Qarabağ qışlağına və Göycə dəniz yaylağına yollandı. Böyük qurultay çağırdı, çoxlu camaat yığdı və əzəmətli məc­lis qurdu. Çox böyük qızıl çadır qurdu ki, türkcə buna “ban ev“ deyirlər” (Əbu­bəkr Tehrani, səh. 46). Oğuz xan kimi, o da eyni sayda qoç, at, inək qırdırır, güzıl-gümüş hədiyyələr edir. Bundan sonra “Məmləkətini öz övladları arasında onların qabiliyyətlərinə görə böldü. Bir neçə gündən sonra Allahın də­vətini qəbul etdi” (14,46).

“Kitabi-Diyarbəkriyyə”də Qərbi Azərbaycanla əlaqəli diqqət yetiriləsi üçüncü məqam “peyğəmbərlərin sonuncusu və başçısı Məhəmməd ibn Abdul­lah ibn Əbdülmütəllibin dövründə hakimiyyətdə olan” Sonqur bəylə bağlıdır. “O, tövhid tərəfdarı idi, lakin islama dəvət edilməmişdi. Daim kafirlərlə vu­ruşmuşdu, çoxlu eli, obaları və qəbilələri var idi. Yetmiş il Türküstanda hökm­dar olub. Qıbçaq çölünə gəlib iyirmi il oranın yaylaq və qışlaqlarında olub. Ondan sonra Alagöz yaylağına və göycə dənizinə tərəf gəlmiş, bu sərhəddə kafirlərlə müharibə etmişdi. Döyüşlərin birində ona ox dəymiş və o, Allahın dəvətini qəbul etmişdi.” (14,43).

Tədqiqatçı H.İsmayılov haqlı olaraq qeyd edir ki, “Oğuzlar Göyçə gölü ilə Arpa çayı arasındakı “Alagöz dağları” və ya Alagöz yaylaqları adlandırırdılar. Hazırda Göyçə gölü – “Sevan”, Alagöz dağları isə “Vardenis silsiləsi” adlanır (15,20).


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin