Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,12 Mb.
səhifə63/105
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104266
1   ...   59   60   61   62   63   64   65   66   ...   105
Məsələnin qoyuluşu: Sehrli nağıllarda personajlar sistemi mühüm yer tutur. Folk­lor­şü­nas­­lıqda sehrli nağıl qəhrəmanlarının təsnifatı problemi bir çox araşdırıcıların əsas təd­qi­qat ob­yekt­­lərindən biri olmuş, bununla bağlı V.Y.Propp, M.M.Meletinski, Y.S.Novik, P.Q.Boqatırova və başqaları xüsusi tədqiqat işi aparmışlar. Məqalədə dörd qrupda sistem­ləş­di­ri­lən türk və slav­yan sehrli nağıl personajlarının semantik xüsusiyyətləri tədqiqata cəlb edilmişdir.

İşin məqsədi: Məqalədə əsas məqsəd türk və slavyan sehrli nağıl qəhrəmanlarının təsnifatı prob­leminin araşdırılmasıdır.
Sehrli nağıl yaradıcılığının mühüm cəhətlərindən biri personajlar sistemi ilə bağlıdır. Bu mənada sehrli nağıl qəhrəmanlarının təsnifatı mə­sə­lə­si XX əsrin əv­vəllərindən nağıl araşdırıcılarının əsas tədqiqat ob­yekt­lə­rin­dən bi­ri olmuşdur. Be­lə araşdırıcılardan V.Y.Propp, M.M.Meletinski, Y.S.Novik, P.Q.Boqatırova, S.Y.Neklyudov, N.A.Kriniçkaya sehrli nağıl qəhrəmanlarının təsnifatı yönündə bir çox ciddi elmi əsərlər ortaya qoymuşlar.

İlk növbədə qeyd etməliyik ki, sehrli nağıl qəhrəmanlarının ən böyük özəl­­likləri onların təyinatı ilə bağlıdır. Belə ki, qəhrəmanları onların müxtəlif əla­­­mətlərinə və ya adlarına görə təyin etmək mümkündür. Bu semantik əla­mət­lər, yəni korluq, qocalıq, dul olmaq və s. nağılın sonrakı gedişinə birbaşa tə­sir edir. Nümunə olaraq Azərbaycan nağıllarından “Məlikməmməd” nağılına nəzər sal­­­saq görərik ki, nağılda padşah qoca təsvir olunur. Onun cavanlaşması üçün isə bağında bitən sehrli almaları yeməsi lazımdır. Bu semantik əlamət nağılın son­­­rakı inkişafına təkan verir. Belə ki, padşahın oğlanları div tərəfindən oğur­la­nan almaları əldə etmək üçün yola çıxırlar. Yaxud “Ögey ana” nağılının süjet xət­­­tində təsvir olunan kişi duldur. Bu, onun təzə arvad alması zərurətini yaradır. Hə­min ha­­disə isə nağılın sonrakı inkişafına zəmin yaradır və s. Y.S.Novik bu haq­da ya­­zırdı: “Personajların təqdim olunduğu semantik xarakteristikalar, gör­dü­yümüz ki­­mi, personajların iştirak etdikləri konfliktlərə uygun gəlir. Başqa söz­lə desək, qəh­­rəman konflikt situasiyalar yaradan və epizodun yaxud bütün sü­jetin həd­din­də oynanılan semantik işarələrin təzahürüdür ” (10, 218).

Nağıl qəhrəmanlarının bu əlamətlərini nəzərə alan Y.S.Novik sehrli nağıl per­­sonajlarının semantik fəaliyyət dairəsini dörd qrupda sistemləşdirirdi: a) fərdi sta­tus, b) ailə statusu, c) şərti status, ç) lokal status.

Biz də təhlillərimiz zamanı məhz bu sistemə əsaslanmağa çalışacağıq. Ön­cə fərdi statusa nəzər salaq. Bu qrup personajların əsas əlamətləri onların da­xi­li dünyasından (təbii, yaxud fövqəltəbii) və zahiri görünüşündən (antropomorf və yaxud antropomorf olmayan) asılıdır (10, 222). Bu fərqliliklər personajların qeyri-adi varlıq, insan, heyvan, bitki, eləcə də əşya kimi təyinatını verir. Əsasən per­­sonajın antropomorf və ya qeyri-antropomorf olması həmin personajın qeyri-adi, möcüzəli, yaxud adi olmasını müəyyənləşdirir. Təbii ki, nağıllarda əsa­­sən mifikləşdirilmiş personajlara böyük önəm verilir. Məsələn, rus və türk sehr­li nağıllarının heyvan personajlarından əsasən keçi, qoyun, at, öküz, inək, it, pi­­şik, siçan, ayı, ilan, qurd, şir, quşlardan durna, ördək, qarğa, qartal, şahin, gö­yər­çin, Simurq quşu və s., bitkilərdən, nar ağacı, alma ağacı, palıd, qayın, qamış və s. belə mifikləşdirilmiş obrazlardır.



Qeyri-adi varlıqlara gəlincə rus sehrli nağıllarında Baba-Yaqa, Mo­roz­ko, Ba­hadır, sehrbaz, cadugər, şeytan, şər qüvvə, ifritə, eləcə də çoxbaşlı ilan, Vo­ron Vo­ronoviç, Vixr, türk nağıllarında isə div, ifritə, Küpəgirən qarı, əjdaha və s. belə nağıl personajlarındandır.

Nağıl personajlarının fərdi statusunu təyin edən əsas əlamətlərdən biri də onların cinsiyyəti və yaşı ilə bağlıdır. Belə ki, nağıl qəhrəmanı qoca və ya ca­van oğlan və ya qız olur. Nağıllarda qocalar əsasən qəhrəmanı sınağa çəkən, müd­rik və ya məsləhətçi rolunda çıxış edir.

Personajın ölü və ya diri, xəstə və ya sağlam, yuxulu və ya oyaq, bütün və ya doğranmış, gözə görünən və ya görünməyən, güclü və ya zəif, müdrik və ya axmaq, xeyirxah və ya bədxah, gözəl və ya eybəcər, təmiz və ya kirli, böyük və ya balaca olması da onun fərdi statusu ilə bağlıdır.

İkinci qrupa ailə statusu daxildir. Ailə statusuna aid olan ata, ana, qardaş, bacı, oğul kimi obrazlar nağıl yaradıcılığının əsas üzvləridir. Yeri gəlmişkən qeyd etməliyik ki, bu qohumluq əlaqələri təbii və fövqəltəbii, eləcə də antro­po­morf və qeyri-antropomorf personajlar arasında da baş verə bilər. Məsələn, qəh­­rəman pəri qızla evlənir. Ölümsüz Koşşey qız qaçırdır. Yaxud, qəhrəman su əyə­­sinin qızı ilə evlənir. Şahzadə-qurbağa qəhrəmanın arvadına çevrilir. Baba Yaqa xala, yaxud qaynana rolunda çıxış edir. Qəhrəman göy cisimlərindən biri ilə evlənir. Məsələn, Azərbaycan nağıllarından “Pəri xanımın nağılı”ında mö­cü­zə­li şəkildə dünyaya gəlmiş padşah oğlu hurilər padşahının qızı ilə evlənir. Rus na­­ğıl personajı Ölümsüz Koşşey şahın arvadını qaçırır. Anadolu nağıllarından “Pəri qızı” nağılında dəniz şahının qızlarından biri adi insana ərə gedir və s. Bu nü­­munələrin sayını istənilən qədər artırmaq da mümkündür.

İnsanın heyvanla qohum olması motivi də sehrli nağıl yaradıcılığı üçün spe­­sifik cəhətlərdəndir. Belə ki, xeyirxah heyvanlar bəzən öz övladlarını qəh­rə­ma­­nın ixtiyarına verirlər. “Звериное молоко” (“Heyvan südü”), yaxud «Вол­шеб­ная кобылица» (“Sehrli madyan”) nağıllarında biz belə motivlərlə qar­şı­la­şırıq. “Звериное молоко” (“Heyvan südü”) nağılında Zmey Zmeyeviçlə se­­vişən Şah oğlu İvanın (“İvan Koroleviç”) arvadı özünü xəstəliyə vurur. Ar­va­dı İvana de­yir ki, onun xəstəliyinin dərmanı qurd südüdür. İvan qurddan süd is­tə­­yir. Qurd südü ilə yanaşı İvana öz balasını da hədiyyə edir. Daha sonra arvadı ayı südü tələb edir. Ayı da İvana südlə yanaşı öz balasını hədiyyə edir (8, 258).

Ailə statusuna daxil olan elementlərdən biri də möcüzəli doğum motivi ilə bağlıdır. Möcüzəli şəkildə dünyaya gələn qəhrəman övladı olmayan şəxsin öv­­­ladına çevrilir. Azərbaycan nağıllarından olan “Tapdıq” nağılı da buna bir nü­mu­­­nədir. Nağılda deyilir: “Süleyman tacir evə tərəf gəlirdi, bir də gördü bir nə­ril­­ti gəldi, bir işıq qaranlığı yara-yara yerə düşdü. Süleyman tacir bu işə məəttəl qal­­­dı, yavaş-yavaş işıq gələn yerə gəlib gördü ki, burda bir uşaq var. Süleyman ta­cir öz-özünə dedi: “Xudaya sənə çox şükür. Yəqin rəhmin gəlib, göydən bu uşa­­ğı mənə saldın”. Süleyman tacir uşağı qucağına alıb düz evə gətirdi” (3, 39).

Nağıllarda valideyn, yaxud övlad doğma və ya ögey ola bilər. Bəzən isə qəh­­rəman sonradan özünə qardaşlıq və ya bacılıq tapır. S.Y.Novik bu haqda ya­zır­dı: “Məhz qohumların münasibəti sehrli nağılların əsas kolliziyalarını təyin edir. Bu münasibətlər isə nağıldakı konflikti formalaşdırır. Bu, ilk növbədə va­li­de­yn­lərlə övladlar arasındakı konfliktlərdir” (10, 230). Ata və övlad arasında doğ­­­malıq və ya ögeylik ola bilər. Bu da nağıl konfliktini formalaşdıran əsas ele­ment­­lərdəndir. Yaxud, ana xəyanətkardır və öz övladını buna görə öldürmək is­tə­­yir. Buna nümunə olaraq “Tutuquşu” nağılını misal göstərmək olar. Kimya­gər qu­­şunun ürəyini və başını yeyən bu qəhrəmanları anası məşuqunun göstərişi ilə öl­­­dürmək istəyir (5, 9). Yaxud ögey ana süjetinin müxtəlif variantlarında ana daim ögey qızını təqib edir. Bacı və qardaş münasibətlərində də bu hal müşahidə edi­­­lir. Azərbaycan nağıllarından “Dəmirdiş”, rus variantında isə “İfritə və Gü­nə­şin bacısı” nağılında öncə valideynlərini yeyən ifritə bacı, daha sonra qardaşı tə­qib edir və onu yeməyə cəhd göstərir (1, 192).

Nağıllarda qohumluq münasibətləri yalnız qarşıdurmalarla müşahidə olun­­­mur. Bu münasibətlər eyni zamanda bir-birinə yardım məqsədi də daşıyır. Va­­li­­deynlər övladlarını sevirlər. Ata oğlunu və ya qızını evləndirir, onlara mal-mülk hədiyyə edir. Ana ölmədən öncə qızına ona yardım edəcək varlıq hədiyyə edir. Xəstə atanı sağaltmaq üçün oğul səfərə yollanır. Qardaş oğurlanmış ba­cı­sı­nı axtarmaq üçün yola çıxır. Bacı qardaşını ifritənin əlindən xilas edir və s. Buna nü­­­munə kimi “Məlikməmməd” nağılını göstərmək olar. “Məlikməmməd” na­ğı­lın­­da atanı gəncləşdirə biləcək həyat almaları div tərəfindən oğurlanır. Şahın oğ­­lanları atalarını xilas etmək üçün yola çıxırlar. (3, 169-170). Yaxud “Tapdıq” na­ğılında Qəmər xanım Gün xanımın göstərişi ilə Tufan div tərəfindən oğur­la­nır. Qardaşı Qəmər xanımı xilas etmək üçün yola çıxır (3, 38-40). Rus na­ğıl­la­rın­dan “Vasilisa Prekrasnaya” (“Gözəl Vasilisa”) nağılında deyilir ki, ana ölər­kən qızının səkkiz yaşı vardı. O, ölmədən öncə qızına bir gəlincik hədiyyə edir və deyir: “Qulaq as, Vasilisa. Mənim son sözümü yadında saxla və yerinə yetir. Mən sənə valideyn xeyir-duası verərək ölürəm. Sənə isə bu gəlinciyi əmanət edi­rəm. Onu hər zaman yanında saxla və heç kimə göstərmə. Əgər bir bəd­bəxt­lik baş verərsə, onu yedir və ondan məsləhət istə” (8, 122).

Nağıl personajlarının təsnifatında şərti statusun da özünəməxsus yeri var­dır. Bu qrupa, adından da göründüyü kimi, personajın şərti əlamətləri daxildir. Be­lə ki, şahzadə, şah, zadəgan, keşiş, molla nağıllarda məhz şərti əlamətləri bil­di­rir. Daha dəqiqi bunları belə sistemləşdirmək mümkündür: məsləki və ya sə­nəti-əsgər, bağban, ovçu, çoban, qazı, dəmirçi, nökər, qulluqçu və s., maddi və­ziy­­yəti kasıb, varlı, oğru, borclu və s. kimi personajlar məhz bu qəbildən sa­yı­lır. Şər­ti statusun əsas xüsusiyyəti nağıl personajlarının qarşıdurması faktoru ilə bağ­­lıdır. Daha dəqiq desək, şah və kəndli, varlı və kasıb bu qarşıdurmalara da­xi­ldir. Y.S.Novik şərti statusla bağlı nağıl personajlarının qarşıdurması ha­di­sə­si­nə belə aydınlıq gətirirdi: “Burada daha vacib bölgü kimi şah və kəndli qar­şı­dur­­ması əsas götürülməlidir. Belə ki, bir çox nağılların əsasını nağılın əvvəlində aşa­­ğı şərti statuslu personajın nağılın sonunda yüksək mənsəbə çatması təşkil edir” (10, 233). Belə nağıllardan yüzlərlə nümunələr göstərmək mümkündür. Aşa­ğı şərti statuslu qəhrəmanın yüksək mənsəbə yetişməsi də bir neçə halda baş verə bilər. Azərbaycan nağıllarında tez-tez rast gəldiyimiz motivlərdən biri şah­lıq quşunun uçurulması ilə bağlıdır. Bu tip nağıl mətnlərində əsasən məmləkətin pad­­şahı ölür. Yeni şah təyin etmək üçün quş uçurdulur. Quş şəhərə təsadüfən gəl­miş qəhrəmanın başına qonur. Məsələn, “Tutuquşu” nağılıda Kimyagər qu­şu­nun başını yemiş qəhrəman anasının təqiblərindən yaxa qurtarmaq üçün evdən qaçır. Təsadüfən gəlib bir şəhərə çıxır. Bu şəhərdə şahlıq quşu uçurdulurmuş. Hə­­min quş qəhrəmanın başına qonur və o, həmin məmləkətin padşahı seçilir. Aşa­­ğı təbəqəli qəhrəmanın yüksək mənsəbə çatması motivinin daha bir variantı “Tu­tuquşu” nağılında ortaya çıxır. Belə ki, qəhrəman şəhəri susuz qoyan əj­da­ha­nı öldürür. Bununla da padşahın qızını əjdahadan xilas edir və padşahın kürə­kə­ni rütbəsini qazanır. Yaxud padşah qəhrəmana çətin tapşırıq verir. Həmin tap­şı­rı­ğı yerinə yetirən qəhrəman sonda padşahın kürəkəni olur. Belə nağıl mo­tiv­lə­ri­nə “Gül Sumana neylədi?” nağılında da rast gəlmək mümkündür. “Gül Sumana ney­lədi?” nağılında deyilir: “Bir kasıb oğlan vardı, adına Məhəmməd deyərdilər. Bu paççahın qızın istiyirdi. Elçi göndərdi.

Paççah dedi:

– Getsin xəbər gətirsin görək, Gül Sumana neylədi, Suman gülə neylədi? On­­dan sonra qızımı verərəm” (1, 133). Bu sualın cavabını tapan qəhrəman pad­şa­hın kürəkəni olur. Eyni motivə Anadolu nağıllarından “Keloğlanın Ali Cengiz oyunu”nda da rast gəlirik (7, 469-476).

Aşağı statuslu qəhrəmanın padşahın kürəkəninə çevrilməsi hallarından bi­ri də ölüm yatağında olan padşah qızını sağaldan qəhrəmanın mükafat olaraq bu qızla evlənməsi motivi ilə bağlıdır. Təbii ki, slavyan nağıllarında da bu mo­ti­və kifayət qədər rast gəlmək mümkündür. Təkrara yol verməmək üçün slavyan na­­ğıllarının bir qədər fərqli nümunələrindən istifadə edəcəyik. Belə nü­mu­nə­lər­dən biri də arvadın ərini təqib etməsi motivi ilə bağlıdır. Fikrimizə aydınlıq gə­tir­mək üçün “Волшебное кольцо” (“Sehrli üzük”) nağılına nəzər salaq. Nağılda dul arvadın oğlu Martından bəhs olunur. Martın padşahın qızına elçi düşür. Pad­şah Martının qarşısına şərt qoyur. Sehrli üzüyün köməyi ilə bu şərti yerinə ye­ti­rən Martın padşahın qızı ilə evlənir. Padşahın qızı Martını aşağı təbəqəyə mən­sub olduğu üçün qəbul etmir. Bunun üçün də o, qəhrəmanı aldadaraq onun üzü­yü­nü ələ keçirir və onu çətin vəziyyətə salır. Özü isə siçanlar ölkəsinə qaçır. No­vik bu nağılda arvadın ərini təqib etməsi motivinə belə aydınlıq gətirir: “Əgər qə­­zəbli qadın öz ərini kasıb təbəqədən olduğu üçün təqib edirsə, bu, ailəvi xa­rak­ter daşıyır. Bu hal qadının möcüzəli doğumu kimi sosial mənada kod­laş­dı­rıl­mış interpretasiya da oluna bilər (10, 233). Bəzən isə qeyri-adi mənşəyi olan ar­vad ərini deyil, onun ailəsini təqib edir. N.Tezelin topladığı Anadolu na­ğıl­la­rın­dan “Pəri qızı” nağılında deyilir ki, dənizin dibində yaşayan üç pəri qızından ən ki­çiyi balıqçıların torundan tutaraq dünyaya çıxır və adi insanla evlənir. İnsan onu kəndli qızı adlandırdığı üçün ona qəzəbi tutur və onunla danışmır. Oğlan qı­zı bir otağa salaraq üzünə qa­pıları bağlayır. Pəri qızını təqlid etməyə çalışan bö­yük bacının əlləri yanır. Ortancıl bacı quyuda boğulur. Kiçik bacı isə təndirdə ya­naraq kül olur (7, 51-53).

Nağıl personajlarının təsnifatında mühüm yer tutan şərti statusun əsas cə­­hət­lərindən biri də qəhrəmanın icra etdiyi işi ilə bağlıdır. Məsələn, nökər, da­yə, qapıçı, keşikçi, işbaz və s. əsasən padşahın ətrafında cəmləşir. Çoban, muz­dur, odunçu, bağban və b. bağ və ya kənddə yaşayır. Dərzi, pinəçi, zərgər, bənna şə­­hərdə yaşayır. Sehrli nağıllarda rast gəldiyimiz maraqlı məsləklərdən biri də də­­mirçilikdir. Dəmirçi bəzən qəhrəmanın səsini incələşdirir, rus nağıllarında isə Baba Yaqanın dişlərini itiləyir. Demonik varlıqlara qalib gəlmək üçün (sehrli ata, cadugərə) misdən və dəmirdən əşyalar hazırlayır. Azərbaycan nağıllarında əsa­sən qəhrəman uzaq yola çıxmadan öncə özünə dəmirdən əsa, ayağına də­mir­dən çarıq hazırlatdırır və s.

Ümumiyyətlə, nağıl yaradıcılığı üçün, əsasən, sehrli əşyalar hazırlayan sə­­nətkarlar xarakterikdir. Belə sənətkarlara dərzilər və pinəçilər də daxildir. Slav­­­yan nağıllarında qəhrəmanın müdrik arvadı ona möcüzəli xalça toxuyur, qur­­bağa-arvad hər kəsdən daha dadlı bişirir. Ögey qız misli görünməyən nəcib par­ça toxuyur. Pəri qızı barmaqlarını ocağa soxur. On barmaq on balıq olur və s. Daha bir sənətkarlıq da cadu sənəti ilə bağlıdır. Azərbaycan nağıllarından “Ox­xayın nağılı”nda qəhrəman su hamisindən tilsim və sehr sənətini öyrənir. Slav­­yan nağıllarında sehrli musiqiçilərə rast gəlinir. Onlar öz musiqiləri ilə qar­şı­­­sındakını əldən düşənə qəhər oynamağa, yaxud başqa görkəmdə gizlənənlərin hə­­­qiqi simasının açılmasına səbəb olurlar. Məsələn, «Царьевна лягушка» (“Çar ar­­vadı Qurbağa”) nağılında şah gəlinlərinin şərəfinə şənlik təşkil edir. Bu şən­li­yə musiqiçilərlə təşrif buyuran gəlin qurbağa donundan çıxaraq əsl görkəminə qa­­­yıdır. O, yemək yeyərkən yemək qalıqlarını paltarının qollarına yığır. Oy­na­yar­­­kən isə bu yemək qırıqlarını məclisə səpir. Sağ qolundan səpdikləri meşə və suya, sol qolundan səpdikləri quşlara çevrilir (8, 361).

Azərbaycan nağıllarında da yetəri qədər belə motivlərə rast gəlmək olar. “Ha­­tə­min nağılı” buna bir nümunədir. “Hatəmin nağılı”nda dərviş, həkim, dəl­lək kimi personajlar var. Bu personajların funksiyalarına nəzər salaq. Ca­du­gər dər­­­­viş arvadı ilə meymunu cütləşdirir. Ondan dünyaya gələn varlığı bir müd­dət bö­­­yüt­dükdən sonra öldürür. Qanını insanlara yedirərək onları qızıla çe­vi­rir. Ya­xud Dəllək firiştənin kürəyini kəsərək buradan sehrli kitabı çıxarır. Hə­­kim sehr­li ki­­­tabın vasitəsi ilə sevgilisini oyandırır. Həkimin verdiyi dərmanın va­­si­tə­si ilə qı­­zıla çevrilmiş insanlar yenidən öz görkəmlərinə qayıdırlar və s. (2, 24-62).

Sehrli nağıllarda şərti statusla bağlı müşahidə etdiyimiz personajlara qəh­rə­­manın yardımçıları da daxildir. Anadolu nağıllarında qəhrəmana yardım etmək üçün qırx ərəb, yaxud zənci ərəb peyda olur. Onların üst dodağı göy, alt dodağı yer süpürür. Özləri isə zil qara təsvir edilirlər. Onlar bir neçə halda peyda olur­lar. Qəhrəman hədiyyə etdiyi üzüyə əlini sürtərək onları çağırır və yaxud qə­h­rə­man qılıncını qınından çıxaran kimi ərəblər “ləbbeyk” deyərək əmrə müntəzir olur­lar. N.Tezel zənci ərəbləri belə təsvir edirdi: “Əgər ərəbi çağıran şəxs ölüm təh­­lükəsi ilə üz-üzə qalarsa, “zənci ərəb” həmən anda ordu toplayıb onu ölüm­dən xilas edər. Yox, əgər “zənci ərəb”i köməyə çağıran şəxsin iyirmi dörd saat ər­­zin­də qızıldan imarət tikmək zərurəti varsa, “zənci ərəb” o dəqiqə yoxa çıxar və vaxtından öncə imarəti qurar (7, 16).

Slavyan nağıllarında onların qarşılığı on iki xeyirxah gəncdir (двенадцать доб­рый молодец). Bu personajlarla yanaşı qəhrəmana yardım edən digər var­lıq­­lara istər rus, istərsə də türk nağıllarında rast gəlmək olar. Rus nağıllarında скороход (sürətli gedən), звездочет (ulduz sayan), стрелец (oxatan) belə per­so­naj­­lardandır. Azərbaycan nağıllarından “Altı yoldaş” nağılında palazqulaq, dağı dağ üstə qoyan, buzatan, inəkləri musiqisi ilə oynadan naxırçı, ac adam kimi yar­dımçı personajlara rast gəlirik. Bu nağılda deyilir ki, bir padşah digər pad­şa­hın qızını oğluna almaq istəyirmiş. Digər padşah isə qızını padşahın oğluna ver­mək istəmirmiş. Bir gün padşahın oğlu digər padşahın qızını almaq üçün yola dü­şür. Yolda ona palazqulaq, dağı dağ üstə qoyan, buzatan, inəkləri musiqisi ilə oy­­nadan naxırçı, lüt, ac adam qoşulur. Padşah qızı oğlana verməmək üçün ona çə­tin sınaqlar verir. Həmin sınaqlardan qəhrəman yardımçıların köməyi ilə çıxır. Nü­­munə üçün nağıllarda təsvir olunan bu sınaqlardan birinə nəzər salaq: “Padşah dedi:


  • Vəzir, tədbir, yoxsa qız əldən gedəcək.

Vəzir dedi:

  • Tədbiri budur ki, otuz pud düyünün plovunu bişir, qabaqlarına qoy. De,

yeyin, sonra qızı aparın. Onlar da bunu yeyə bilməyəcəklər.

Elə ki, bu sözü palazqulaq eşitdi, yoldaşlarına dedi ki, padşah belə iş eləyəcək. Lüt sevinib dedi:

– Aha, Allahım verib plov yeyəcəyəm.

Bəli, plov bişdi, bunlar gəldilər. Padşah dedi:

– Bu plovu yeyin, sonra qızı verim.

Palazqulaq dedi:



– Ta biz əlimizi niyə batıraq, elə bir nəfər yesə, bəsdi. Gözünə döndüyüm lüt bir-bir qazanları yeməyə başladı. Padşah bunu gördü, qupquru qurudu” (3, 73).

Şərti statusa daxil olan personajlara yalnız işlə məşğul olanlar daxil deyil. Na­­ğıl janrına işləyənlərlə yanaşı, tüfeylilər də daxildir. Rus nağıllarında «голь ка­­бацкая» (var-yoxunu içkiyə qoymuş əyyaşlar), «люди убогие» (fağır insanlar), «калики перехожие» (kor xanəndələr), «нищие» (səfillər), «пьяницы» (sərxoşlar), «разбойники» (quldurlar) kimi personajlara rast gəlinir. Y.S.Novik belə per­so­naj­larla bağlı yazırdı: “Sehrli nağıllarda avaralar qeyri-adi qa­biliyyətə, əsasən mö­­cüzəli biliklərə sahibdirlər: dilənçi qəhrəmana sehrli atı ha­ra­dan tapa bi­lə­cə­yi­ni söyləyir, yoldan keçən dərvişlər sonsuzluğun əlacını de­yir­lər və s.” (10, 236). Y.S.Novikin bu fikrinə aydınlıq gətirmək üçün rus sehrli na­ğıllarına nəzər sa­laq. «По колена ноги в золоте, по локоть руки в серебре» (Dizə qədər ayaq­­­ları qızılda, dirsəyə qədər əlləri gümüşdə) nağılında deyilir ki, ki­çik bacı pad­­şaha üç qardaş doğur. Onların alnında Günəş, boynunda Ay, ət­ra­fın­da isə ul­duz­lar olur. Bunu qısqanan böyük bacı uşaqların yerinə padşaha pişik ba­lası, kü­çük və adi uşaq göstərir. Bundan qəzəblənən şah kiçik bacının göz­lə­ri­ni çıxa­ra­raq uşaqlarla bərabər çəlləyə qoyub dənizə çıxarır. Özü isə böyük bacı ilə ev­lə­nir. Kiçik bacı övladları ilə çəlləkdən xilas olur, meşədə gözəl bir ima­rət­də oğ­lan­ları ilə yaşamağa başlayır. Padşah bu xəbəri dilənçilərdən alır. Nağılda di­lən­çi­lər padşaha belə deyir: “Biz elə bir yerdə olduq, elə şeylər gördük ki, əv­vəl oralar çirkab və bataqlıq idi. İndi isə bu yerdə imarət ucalır ki, tərifini nə dil­lə demək olur, nə qələmlə yazmaq olur. Orada elə bir bağ var ki, heç beləsini bü­tün şahlığı gəzsən, tapa bilməzsən. Orda elə insanlar var ki, yer üzündə beləsi yox­dur. Orada üç doğma qardaş bizi qonaq etdi. Anası gözəl şahzadə isə oğ­lan­la­rı ilə birgə xoşbəxt yaşayır”(8, 380-384).

Türk nağıllarında da belə personajlara rast gəlmək olar. Xüsusən də qoca qa­rı, pirani qoca, dərviş, dilənçi, quldur obrazları türk nağıllarında kifayət qədər ge­niş yayılmışdır. Bu obrazlar içində tez-tez qarşılaşdığımız dərviş obrazı türk na­ğıllarında bir neçə halda ortaya çıxır. Məsələn, “Qızıl qoç” nağılında üç dər­viş­dən bəhs olunur. Nağılda deyilir: “Gecədən xeyli keçmiş bir də gördü qapılar tay­batay açıldı, əvvəlcə əlində təsbeh olan dərviş, sonra əsalı dərviş, lap axırda da əlində qılınc olan dərviş içəri girdilər” (4, 56). Nağılda bu dərvişlər Keçələ on­un başına gələcəkləri öncədən xəbər verirlər. Daha sonra isə daşa dönmüş dər­vişin yenidən həyata dönməsi üçün dərmanı da Keçəlin dostuna onlar ve­rir­lər. Yaxud “Yusiflə Sənubər” üçük və nağılında padşah qardaşların öv­lad­sız­lı­ğın­dan bəhs olunur. Nağılda deyilir ki, bir gün iki qardaş dərdləşərkən küçədə gö­­­zəl səslə oxuyan bir dərvişin səsini eşidirlər. Padşah dərvişin səsini bəyənərək ya­nına çağırır və ona hədiyyə vermək istəyir. Dərviş isə gülərək deyir: “Qibleyi-aləm sağ olsun, mən pay alan dərvişlərdən deyiləm, pay verən dər­viş­lər­də­nəm” (4, 67). Bunu dedikdən sonra dərviş cibindən iki alma çıxararaq onlara ve­rir. Bu al­manı yeyən qardaşların doqquz aydan sonra övladları olur. Bütün bu söy­­lə­ni­lən­lərdən aydın olur ki, dərviş türk nağılları üçün mistik personajdır. Pi­ra­ni qoca isə sehrli nağıllarda əksər hallarda hər bir sirdən ağah olan məs­lə­hət­çi qis­mində çıxış edir. Məsələn “İsgəndər Zülqərneyn” nağılında padşahın yu­xu­su­na gələn pirani kişi ona övladının olması üçün İsfahan padşahının qızı ilə ev­lən­məsini məsləhət görür (4, 136). Yaxud “Yuxu” nağılında pirani qoca ar­va­dı­nı və öv­lad­la­rını padşaha ədalətli olmağı məsləhət görür (4, 152) və s.

Y.S.Novik personajları təsnifatlandırmaq üçün daha bir status təyin et­miş­­di ki, bu da lokal status adlanır. Bu status sehrli nağıl personajlarını mövcud ol­­­­duqları daxili və xarici məkana görə təyin edir. Xarici məkana ölkə, şahlıq, me­şə, yol aid edilir. Daxili məkana isə imarət və ev aiddir (10, 240). Sehrli na­ğıl­­­­lardakı məkan qeyri-adi varlıqların və insanların yaşadığı yerə görə təyin olu­­nur. Türk nağıllarında əsasən rast gəldiyimiz div, pəri, su əyəsi kimi ob­raz­la­rın mə­­kanı insanın yaşadığı yerlə eyni deyil. Divlər əsasən dağlarda, bəzi hal­lar­da isə dərin quyunun dibində, yaxud ətrafı qalın divarlarla hörülmüş saraylarda ya­şa­yırlar.

Slavyan nağıl obrazlarından olan Baba Yaqa qalın meşədə, Ölümsüz Koş­şey isə dağda yaşayır. Onun şahlığı meşələrlə örtülüb və s. Bu varlıqlar isə çox za­man insanın məkanına daxil olur və onları oğurlayaraq öz məskənlərinə aparırlar.

Yaxud bəzi nağıllarda sehrli məkana məxsus qeyri-adi varlıqlar insanla qo­hum olurlar. Məsələn, “Baba Yaqa” nağılında ögey ananın bacısı Baba Ya­qa­dır. İnsanın pəri qızla evliliyi motivi də bütün dünya nağıllarında olduğu ki­mi, Azər­baycan və rus nağıllarında da geniş yayılmışdır.

Məkan statusu ilə bağlı daha bir maraqlı əlamət möcüzəli doğum motivi ilə bağlıdır. Bu şəxslər hər iki dünyaya məxsus olurlar. Bəzən isə qəhrəmanın sev­­gilisi sakral dünyada əsir saxlanılır və qəhrəman onunla evlənmək üçün o biri dün­­yaya yola düşür. Türk sehrli nağıllarında başqa dünyaya məxsus qızla ev­lən­mə mo­tivləri arasında geniş yayılan versiyalardan biri də qəhrəmanın pəri qıza şəkil va­sitəsi ilə aşiq olması və onu tapmaq üçün yola çıxması ilə bağlıdır. Be­lə ev­lən­mə motivi əsasən möcüzəli şəkildə dünyaya gələn qəhrəmanlarla bağ­lıdır. Mə­sələn, Azərbaycan sehrli nağıllarından “Pəri xanımın nağılı”nda dər­vişin ver­di­yi alma ilə dünyaya gələn padşah oğlu şəkildəki huriyə aşiq olur. Hu­rilərin mə­kanına daxil olmaq üçün isə dənizi keçmək lazımdır. Dənizi keç­dik­dən sonra oğ­lanın qarşısına meşə çıxır. Çətinliyi dəf etmək üçün üçüncü bacı gö­yərçin ona məs­ləhət verir. Oğlan qalaçaya daxil olur. Qarşısına çıxan qızı di­vin əlindən xi­las edir. Onun vasitəsi ilə pəri qızla görüşür. Hurilər padşahı öz qı­zı­nı bəni-adə­mə vermək istəmir və s. Bir çox çətinliklərdən sonra nəhayət, oğ­lan pəri qızla ev­lənir. Gətirdiyimiz bu nümunə sehrli nağıllara xas olan o biri dün­ya və in­san­la­rın yaşadığı lokal əlaqənin ən bariz nümunəsidir.

Ümumiyyətlə, sehrli nağıllarda personajın zahiri əlamətləri və adı onun sta­­tusunu təyin edir. Ə.Əsgərov “Sehrli qəhrəmanlıq nağıllarında bahadır ob­raz­la­rı” məqaləsində “Ceyranın nağılı”nı təhlil edərkən yazır: “Bu nağılda qəh­rə­ma­­nın asimmetrik görkəmdə doğulmasının səbəbi mətndə aydın şəkildə əks olu­nur. Qəhrəman fiziki cəhətdən öz mənşəyinin atributunu daşıyır” (6, 45).



Bununla yanaşı, qəhrəmanın adı da onun mənşəyindən xəbər verir. Buna nü­­munə olaraq Иван девкин сын (Bakirənin oğlu İvan), Надзей попов внук (Keşişin nəvəsi Nadzey), Мартын вдовий сын (Dulun oğlu Martın) və s. Azər­bay­­can nağıllarında isə padşahın qızı, Əccər oğlu, Süleyman peyğəmbərin qızı, Na­xırçı qızı və s. qəhrəmanın mənşəyini bildirir. Yaxud möcüzəvi doğumu bil­di­rən əlamətlər slavyan nağıllarında Покатигорошек (noxud dığırladan), Мед­вед­ко (ayıdan olan), Сученко, Лутоня) Azərbaycan nağıllarında Ceyran qız, İlan arvad və s. kimi adlarla xatırlanır və nağıl qəhrəmanının totemistik əla­mət­­lə­rindən xəbər verir. Slavyan nağıllarında qəhrəmanın Царенко, Поваренко, Иван Голый, Azərbaycan nağıllarında Tacir qızı, Cinlər padşahının qızı, Tacir Qəmər, Yetim bacılar, Dərzi şəyirdi Əhməd, Avçı Məhəmməd və s. kimi ad­lan­dı­­rılması qəhrəmanın şərti, maddi və professional təyinatı ilə bağlıdır. Slavyan na­­ğıllarında Незнайко, Иван Дурак, Василиса Премудрая, Azərbaycan na­ğıl­la­­rında Tənbəl Əhməd, Vəfalı arvad, İyid Eldar və s. qəhrəmanın mənəvi cə­hə­ti­ni təyin edir. Slavyan nağıllarında Красота Ненаглядная, Елена Прекрасная, Крошечка-Хаврошечка, Ванюша Недоросточек, Одноглазка, Azərbaycan na­ğıllarında Keçəl, Qızıl saçlı gözəl, Qoca Qarı və s. qəhrəmanın zahiri tə­yi­natıy­la bağlıdır.

Slavyan nağıllarında Морозко, Водяной, Студенец, Вихрь, Чернушка, Затрубник, Леший, Горыныч, Лесыня, Azərbaycan nağıllarında Ağoğlan, Qara­qaş, Dəmirdiş qız və s. qəhrəmanın rəng və ünsürlərə görə təyinatıdır.

Bəzi hallarda isə bir personaj bir neçə əlaməti özündə birləşdirir. Mə­sə­lən, salavyan nağıllarında Царевна Белая Дебедь, Буря – богатырь Шмфт ко­ро­вый сын, Василиса Золотая коса, непокрытая краса, Дедушка-железный нос bu qəbildəndir.

Adlarla bağlı daha bir özəllik onların, qohumluq bağlarının təyinatı (şahzadə – şahın oğlu), yaxud lokal xüsusiyyətlərin şərti özəlliklərlə bağlılığı, (Водяной-Морской царь) ilə əlaqədardır.



S.Y.Neklyudov “Ədəbiyyataqədərki hekayə sənətində ifadə sisteminin özəl­­likləri” yazısında personajın təbiəti ilə bağlı yazırdı: “Personajın təbiəti onun etik cəhətdən birmənalı olmayan təzahürlərində onun adını mü­əy­yən­ləş­di­rir. Adlarda yer alan semantik xarakterli bağlar aşkar şəkildə ortaya çıxa bilər, ya­xud onun “daxili formasında” mövcud ola bilər . Beləliklə də ya gizli və gö­rün­məyən birbaşa məna cəhətlərində, yaxud da işarələr halında yalnız müxtəlif sü­jet funksionallığı prosesində aşkarlana bilər (9, 200).

Bu fikrə aydınlıq gətirmək üçün biz öncə totemistik adlarla bağlı nağıl per­­sonajlarının funksiyalarına nəzər salaq. Azərbaycan nağıllarından olan “İlan ar­­vad” nağılında deyilir ki, kasıb bir kişi külfətini dolandırmaq üçün səfərə çı­xır. Kişi qərib bir şəhərdə varlı bir qadınla tanış olur. Qadının təkidi ilə kişi bu qa­­dınla evlənməyə qərar verir. Bu qadın bir xüsusiyyəti ilə digərlərindən fərq­lə­nir. O, ət yemir və ətin evə gətirilməsinə yasaq qoyur. Biz burada mifin qoyduğu ya­­saq sistemi ilə qarşılaşırıq. İlan qadınla bağlı daha bir yasaq isə onun ipək do­nu geyinməkdən imtina etməsi olur. Kişi paltarı tacirə geri verərkən tacir kişidən bu­­nun səbəbini soruşur. Kişi hadisəni nəql etdikdən sonra tacir kişidən bu qa­dı­nın ət yeyib yemədiyini soruşur. Qadının ət yemədiyini öyrənincə tacir deyir: “Qardaş sənin arvadın ilandı, ilannan törüyüf, indi insan cildinə düşüf” (1, 61). Bu­­rada qa­dının ilan olması yalnız onun adında öz əksini tapmır. Nağıl boyu qa­dı­nın dav­ra­nışları, onda ilana məxsus keyfiyyətlərin olması da qadının mən­şə­yi­ni aşkarlayır.

Rus nağıllarından «Орел-Царевич и его сын» (Qartal-şahzadə və onun oğlu) nağılında tacir oğlu İvan ova gedərkən meşədə rast gəldiyi yaralı qartalı öncə öldürmək istəyir. Qartal dilə gələrək insan səsi ilə onu öldürməməyini İvan­­dan xahiş edir. Qartal İvandan onu özü ilə götürməsini və yemləməsini xa­hiş edir. Əvəzində isə bir gün ona lazım olacağını söyləyir. Qartalın bir günlük ye­məyi bir qoyun olur. Bu minvalla bir il İvan qartalı yedirir. Buna qəzəblənən ata­­sı qartalı evdən uzaqlaşdırır. İvan yenidən qartalı tapır və onu yedirir. Bir ilin ta­mamına az qalmış yemək tükənir. İvan ağlayaraq qartala yeməyə bir şeyin qal­ma­dığını söyləyir. Qartal İvanı belinə mindirərək uçmağa başlayır. Yolda İvanı kü­­rəyindən yerə atan qartal bir az sonra şığıyaraq İvanı tutur və ona birinci bor­cu­nu ödədiyini söyləyir. Yerə enərkən qartal İvandan üç damla tər verməsini xa­hiş edir. İvan haradan tər çıxara biləcəyini soruşur. Qartal onun buxara gir­mə­si­ni söyləyir və burada İvanın onu əlləri yorulana qədər kisələməsini xahiş edir. İvan qartalı kisələdikcə o adama çevrilməyə başlayır.

İlan arvad nağılında olduğu kimi bu nağılda qartalın totemistik xü­su­siy­yət­ləri yalnız onun adı ilə bağlı ortaya çıxmır. Süjet xəttini izləyərkən biz qar­ta­lın totem funksiyalarının da şahidi oluruq.

Möcüzəli doğum aktı ilə bağlı nağıl qəhrəmanlarının adları artıq onların qeyri-adi bacarığa və sehrli qüvvəyə sahib olmalarına dəlalət edirdi. Y.S. Novik bu haqda yazırdı: “Qəhrəmanın möcüzəli doğumunun əhatəli təsviri təhkiyənin əv­vəlində vacib kompozisiya bəndinin inversiyası kimi dəyərləndirilə bilər. Belə ki, möcüzəvi vasitənin əldə edilməsi, hansı ki, əsasən “təxmini fəlakətdən” sonra və qəhrəmanı mükafatlandıranın sınağından sonra müşayiət olunur; qəhrəmanın qeyri-adi doğumu ilə bağlı belə silsiləvi nağıllarda, ümumiyyətlə, “sehrli va­si­tə­nin əldə olunması” elementi ümumiyyətlə olmaya bilər. Çünki bu hal qeyri-adi qəh­rəman-bahadır üçün səciyyəvidir” (10, 217). Əksər hallarda isə qəhrəman se­hr­li vasitəni əldə edir. Buna nümunə olaraq “Волшебное кольцо” nağılına nə­zər salaq: Nağılda deyilir ki, arvadın oğlu Martın öncə özü hərəkət edir. Ata­sın­dan ona qalan pulla it və pişik alır, ilanı oddan xilas edir və ilandan sehrli üzük hə­­diyyə alır. Şahzadə qızla evlənir. Şahzadə qız üzüyü ələ keçirərək otuzun­cu pad­­şahlığa uçur. Şahzadə xanım itdiyi üçün qəhrəmanı daş dirəyə sa­lır­lar. Bun­dan sonra itlə pişik hərəkəti davam etdirir. Onlar otuzuncu padşahlığa da­xil olur­lar, oğurlanmış üzüyü əldə edirlər. Otuzuncu şahlığın padşahını onlara kö­mək et­məyə məcbur edirlər. Daha sonra sehrli üzük on iki gəncin köməyi ilə qəh­­rə­ma­nın arvadını ona geri qaytarır. Buna bənzər süjet xəttinə türk, o cüm­lə­dən Azər­baycan nağıllarında da rast gəlmək mümkündür. Məsələn, “Tutuquşu” na­­ğı­lında iki qardaşdan bəhs olunur. Kimyagər quşunun ürəyini və başını udan bu qəh­rəmanları anası məşuqunun göstərişi ilə öldürmək istəyir. Bunu anlayan qar­­daş­lar evdən qaçır. O, yolla gedərkən üç divlə rastlaşır. Divlər qəhrəmandan Sü­­leymanın tacı, süfrəsi və xalçasını onların arasında bölməsini xahiş edirlər. Qəh­­rə­man hiylə ilə onlara məxsus bu əşyalara sahib çıxır. Daha sonra isə qəh­rə­ma­­nın aşiq olduğu dünya gözəli hiylə ilə qəhrəmanın sahib olduğu əşyaları on­dan oğur­layır. Adanın ortasında ağlamaqdan kor olmuş qəhrəmana bu dəfə quş­lar kömək edir. Belə ki, quşlar oğlana buradan xilas olmağın yolunu söyləyirlər. Qəh­rəman quşların söylədiyi kimi ağacdan dənizdə batmamaq üçün özünə çarıq dü­­zəldir. Dəryanı keçdikdən sonra ağacın budağını daşa vurur. Bu zaman at ha­zır olur. Daha sonra qəhrəman dünya gözəlinin yanına gəlir. Sehrli çubuğu gö­zə­lə vuraraq onu ulağa çevirir və s.



Nağıl janrı üçün ənənəvi hallardan biri də təbiət ünsürlərinin ob­raz­laş­dı­rıl­­ması hadisəsi ilə bağlıdır. Bu isə onların adlarında təzahür edir. Məsələn, rus na­­­­ğıllarında Звезда, Солнцева сестра, Попялов, Запечник kimi adlar bunu bir da­­ha sübut edir. Azərbaycan nağıllarında da belə obrazlara çox rast gəlinir. Mə­sə­­lən, “Tapdıq” nağılında Qəmər xanım, Şəms xanım, Günəş xanım, Tufan div ki­­­­mi adlar məhz kosmoqoniyanın elementləridir. Belə nağılların genezisində Xa­­os-Kosmos münasibətləri yer almaqdadır və əslində bu hal bir ayinin zamanla baş verən yeni interpretasiyalarda nağıl janrına transformasiyası hadisəsi ilə bağ­lı­­dır.

Sehrli nağıllarda müşahidə etdiyimiz personajlar arasında stereotip per­so­­­najlar da vardır ki, bu personajlar digər personajlara nisbətən daimi xarakterə ma­­­likdirlər. Onlar təhkiyə zamanı əsasən dəyişməz olaraq qalırlar. Bu nağıl per­so­­najlarının yerinə yetirdiyi funksiyalar da kanonikdir. Məsələn, rus nağıl­la­rın­da Кош­шей Бессмертный, Баба Яга, Падчерица, Иван Дурак və с. Azər­bay­can na­ğıllarında isə Küpəgirən qarı, div, Keçəl, kiçik qardaş kimi personajlar ste­re­otip personajlardır.



Adını çəkdiyimiz bu personajlar əsasən nağıllar üçün xarakterikdir. Na­ğıl fan­tas­tikasına aid personajlar olan Baba Yaqa, Ölümsüz Koşşey, Zmey Qorınıç (ilan) kimi qeyri-adi varlıqların rus xalq demonologiyasından daha çox na­ğıl ya­ra­dıcılığı üçün ənəvəvi olsa da, rus xalq demonologiyasının personajları ol­an, qul­yabanı, su hamisi, damdabaca çox təsadüfü hallarda nağıllarda öz əksini ta­pır. Lakin bir şeyi də unutmamalıyıq ki, kanonik nağıl personajlarına mif mətn­lə­rində rast gəlməsək də onların mənşəyi məhz mifoloji təsəvvürlərlə bağ­lı­dır. Bu personajlar mifoloji təfəkkürdə öncə hər hansı bir demonik qüvvəni təm­sil edirdi. Zamanla isə nağıl janrının kanonik personajlarına çevrilmişdilər.

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin