Azərbaycan şifahi xalq ədəbiyyatına

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 1.8 Mb.
səhifə4/8
tarix19.02.2020
ölçüsü1.8 Mb.
1   2   3   4   5   6   7   8

QAYNAQLAR


  1. Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları, Yazıçı, 1983

  2. Xalq dastanları, II cild, 1961

  3. Xəlil A. Türk xalqlarının yaz bayramları və Novruz. Elm və təhsil, 2012

  4. Rzasoy S. Əbülqazi «Oğuznamə»sində mif və ritual, Nurlan, 2013


SÖYLƏYİCİLƏR


  1. Albalıyeva (Hacıyeva) Aləmzər Ataman qızı

  2. Aslanova Rəqsanə Hüseyn qızı

Səbinə İSAYEVA

AMEA Folklor İnstitutu,

Filologiya üzrə fəlsəfə doktoru

sebine.isayeva@yahoo.com
AŞIQ YARADICILIĞINDA İCTİMAİ-SİYASİ MOTİVLƏR

(Kəlbəcər aşıq və el şairlərinin yaradıcılığı əsasında)
Xülasə

Qarabağın böyük ərazilərindən biri olan Kəlbəcərin işgalı folklorumuzun bir çox janrlarında, həmçinin aşıq yaradıcılığında da təsvir olunmuşdur. Bu bölgənin XX əsrin əvvəllərindən üzü bəri Aşıq Bəsti, Aşıq Şəmşir kimi aşıq­larının, Ağ­da­ban­lı Qurban, Sücaət, Bəhmən Vətənoğlu kimi el şairlərinin yara­dıcılığında ic­timai-siyasi problemlər öz kəskinliyi ilə diqqəti çəkmişdir. Məqa­lədə XIX əsr­dən bu günə kimi Kəlbəcərin ictimai-si­ya­si, sosial vəziy­yə­tinin aşıq poezi­ya­sın­da əksi təh­lil olunmuşdur.



Açar sözlər: aşıq, el şairi, Kəlbəcər, Qarabağ, Ağdabanlı Qurban, Aşıq Bəsti, Aşıq Şəmşir
SOCIAL-POLITICAL MOTIVES IN ASHUG CREATIVITY

(On the base of creativity of Kalbajar ashug and local poets)

Summary

The occupation of Kalbajar, a large territory of Garabag shows itself in many genres of folklore and ashug creativity. Social-political problems of local poets of this region such as Ashug Basti, Ashug Shamshir, Agdababli Gurban, Sujaat, Bahman Vatanoglu since XX centiry till nowadays attracted attention by senerity. Description of social and socio-political situation of Kalbajar since XIX century till nowdays are analysed in the article.



Key words: ashug, local poet, Karabakh, Kalbajar, Agdabanli Gurban, Ashug Besti, Ashug Shemshir
ОБЩЕСТВЕННО-ПОЛИТИЧЕСКИЕ ПРОБЛЕМЫ В АШЫГСКОМ ТВОРЧЕСТВЕ

(На основе Кельбаджарских ашыгов и народных поэтов)

Резюме

Одним из крупных оккупированных территорий Карабаха Кельбад­жар, описываются во многих жанрах фольклора, а также в твор­чест­ве ашы­гов. Начиная с ХХ века до сих пор особенно остро выдвинуты общес­твен­но-по­литические проблемы в творчестве таких ашыгов как: Ашыг Бести, Ашыг Шем­шир, а также в творчестве таких народных поэтов как: Агда­банлы Курбан, Бехмен Ветеноглы, Суджает. В статье начиная с ХIХ века и по сегодняшний день ана­­­лизируется влияние общественно-политического, социального по­­ло­жения Кельбаджара на ашыгскую поезию.



Ключевые слова: ашуг, народный поэт, Карабах, Кельбаджар, Кур­бан Агдабанлы, Ашыг Бести, Ашыг Шемшир
Folklorumuzun bir çox janrları kimi aşıq poeziyası da bütün dövrlərdə mil­li-mənəvi dəyərlərimizi, xalqın arzu və is­­­tək­lə­rini, mübarizəsini, zülmə və əda­lət­siz­­liyə qarşı etirazını əks etdirmək ba­­­xı­mın­­dan əsl sənət hadisəsi olmuş­dur. Aşıq­lar və el şa­irləri tarixin bütün mər­hə­lə­lə­rin­də xalq içə­ri­sin­dən çıxdığı, zəhmətkeş xal­qın nü­­mayəndəsi olduğu üçün hər za­man xal­­qın hə­ya­tını öz əsərlərində təsvir et­­miş­lər. Bütün dövrlərdə baş verən ictimai-si­­ya­si ha­di­sələr, sosial problemlər aşıq poe­zi­­­yasında qabarıq şəkildə öz ək­sini tap­mış­dır.

XIX əsr Azərbaycanda ictimai-siyasi hadisələrin kəskinləşdiyi bir dövr­dür. Bu dövrdə çarizmin Qafqaza, o cümlədən Azərbaycana qarşı yürütdüyü iş­ğalçılıq si­­yasəti xal­qın həyatına dözülməz yaralar vurmuşdu. Hələ o za­man­dan çar Ru­si­ya­sı­­nın Azər­bay­can torpaqlarında erməniləşdirmə siyasəti apar­ma­sı və Qarabağın yer­­ləş­di­yi əra­zi də bu siyasətin tərkib hissəsi idi. Azərbaycan tor­paqlarında erməni döv­­ləti ya­rat­­maq Rusiyanın çoxdankı planı idi. Ona görə də Azərbaycanın böl­gə­lə­ri­nə İran, Tür­kiyə və digər ölkələrdən ermənilərin kö­çü­rül­məsi heç də təsadüfi de­yil­di. Bu kö­çürmə siyasəti nəticəsində ermənilər Azər­baycanın həm strateji, həm də ya­şa­yış üçün münbit sayılan Qarabağ tor­paq­larında yerləşdirilirdi. Çar Rusiyası Qaf­­qaz­da er­mənilərdən öz mənfur si­ya­sə­tini yeritmək üçün istifadə etdiyi kimi, ey­ni za­manda burada yaşayan yerli mə­murlardan, xan və bəylərdən də əhaliyə qarşı is­­ti­­fa­də edirdi. Ona görə də bu dövr­də bölgələrdə xarici işgalçılara və yerli bəylərə qar­­şı tez-tez xalq üsyanları baş qaldırırdı. Bu zaman qaçaq hərəkatı da geniş vü­sət al­­­mış­dı. Bu hərəkatın Qa­çaq Nəbi, Qaçaq Kərəm, Qandal Nağı, Dəli Alı kimi rəh­bər­­ləri ça­rizmin milli müstəmləkəçilik siyasətinə, eyni zamanda yerli məmurların öz­başı­na­lı­ğı­na qarşı mübarizə aparırdılar. Belə bir za­manda xalq içərisindən çıxmış saz-söz adam­ları da öz yaradıcılıqlarında mövcud quruluşun siyasətini kəskin tən­qid edir­­dilər.



XIX əsrlə XX əsrin hüdudlarında yaşayıb yaratmış el şairi Ağdabanlı Qur­ban­­­la (1859-1935) Aşıq Bəsti (1840-1936) Kəlbəcər aşıq sənətinin inkişafın­da mü­­hüm rol oy­­namış sənətkarlardandır. İctimai-siyasi motivli şeirlər bu sənət­kar­la­rın ya­­ra­dı­cılığı üçün xüsusilə xa­­rakterikdir. Onların yaşadıqları dövr çarizmin Qaf­­­­qaz­da, o cümlədən Azərbay­can­­da daha da möhkəmləndiyi, tüğyan etdiyi döv­rə təsa­düf edirdi. Ağdabanlı Qur­ban bu zaman yazdığı şeirlərdə zə­ma­nədən şika­yət­­­lənir, çar mə­murlarının, yerli xan­­ların, bəylərin zülmünə, özbaşı­na­lığına qarşı açıq etiraz edirdi:

Xəyalım dəryadı, axa bilmirəm,

Evimdən kənara çıxa bilmirəm.

İşıqlı dünyaya baxa bilmirəm,

Açıb gözüm bəyi, xanı görəndə (1, 108).

Yaxud:


Fürsət əyrinindi, qismət zalımın,

Açıram, bəd gəlir falı yoxsulun.

Danışmağa yoxdur nitqi-ixtiyar,

Laldı bu dövranda dili yoxsulun (2, 179).

Zamanın bəd gəldiyi, haqq-ədalətin qalmadığı bir dövrdə zülmün, əzab-əziy­­­yə­tin təsviri el şairinin şeirlərində də getdikcə daha qa­ba­rıq özünü gös­tər­mə­yə baş­layır. Bu zülm ümumxalq kədərini ifadə edir, sənət­kar cə­sa­rətlə tən­qid edir və on­lara qarşı barışmaz mövqe tuturdu.

Bu qəbildən olan «Getdi», «Döndərib», «Yoxdur», «Kasıbların», «Əkin­çi» və digər şeirlərində el şairi dövrün amansızlıqlarına etiraz etmiş, yox­sulların zillət için­də yaşadıqlarını, insanların təbəqələşdiyini, bunun nə­ticəsində hərc-mərcilik ya­randığını ürək ağrısı ilə təsvir etmişdir.

Ağdabanlı Qurbanla eyni dövrdə yaşayan, Qarabağ mahalının qadın aşıq-şa­ir­ləri içərisində xüsusi istedadı ilə seçilən Aşıq Bəsti aşıq poeziyasında mü­bariz, əzmkar bir qadın, eyni zamanda lirik şeirlər müəllifi kimi tanın­mış­dır. “...Aşıq Bəs­tinin əlinə saz götürüb aşıqlıq etməsinin özü dövrü üçün böyük bir inqilab sa­yıla biləcək hadisə idi. Bu mərd qadın nə dövrün qadağalarına bo­yun əymiş, nə də düş­mənlərin hədələrindən qorxmuşdur” (8, 36). Aşıq Bəsti öz döv­rünün ictimai-si­ya­si ha­disələrini ən çox yaradıcılığında əks etdirən sə­nət­kar­lardandır. Hələ ilk gənc­lik il­­lərindən dövrün amansızlıqları ilə üzləşmiş Bəs­tinin sevgilisi varlı bir bəy tə­­rə­fin­dən amansızlıqla öldürülmüş, bundan sonra Bəstinin yaradıcılığında şəxsi kə­dərdən do­­ğan qəm, kədər motivləri icti­mai motivlərlə birləşərək onun yaradıcı­lı­ğı­nın ana xət­­tini təşkil etmişdir:

Ay bəy, nə gəzirsən hallı-havalı,

Süleyman mülkünün yiyəsi kimi?

Nədəndi yaxşının başın kəsməyə

Hazırsan xəncərin tiyəsi kimi? (6, 36)

Həm yaşadığı mühitdə gördüyü, həm də şəxsi həyatında məruz qaldığı haq­­­sız­­lıqlar sənətkarın bütün yaradıcılığına sirayət etmiş, bundan sonra yazdığı bü­­tün şe­ir­­lərində ədalətsiz zamanı lənətləmişdir. Onun yaradıcılığında şəxsi hə­ya­tı­nın ağ­rı-acıları, məhrumiyyətləri ifadə olunsa da, bu haqsızlıq ümumi şəkildə zəh­­mət­keş xal­qın yaşadıqlarının real boyalarla təsvirindən ibarətdir:

Bu yazıq canımı gətirdi cana,

Ədalətsiz divan, zalım zamana.

Atəşə pərvanə, oxa nişana,

Piltəyə şam oldu canım, a Qurban (6, 37).

Təxminən 100 il ömür sürmüş Aşıq Bəstinin yaradıcılığı, demək olar ki, bu əh­vali-ruhiyyə üzərində köklənmiş, dövrünə, zəmanənin hakim üsul-ida­rəsinə qarşı ye­­nilməz bir cəsarətlə çıxış etmişdir.

XX əsrin əvvəlləri Qafqazda çarizmin milli müstəmləkəçilik siyasətinin möh­­­­­­kəmlənməsi nəticəsində ermənilər Azərbaycan türklərinə qarşı qanlı qır­ğın­lar ­­­­­rədirdilər. Bu dövrdə Zəngəzurda, İrəvanda, Qarabağda, Şamaxı­da, Gən­­­, Ba­kı­­da başqa ərazilərdə azərbaycanlıların kütləvi qırğınları baş verirdi. “O qanlı il­lər­­də Kəl­bə­cə­r daha çox Göyçə və Dərələyəz mahallarına qar­daşlıq yardı­mını gös­tər­­məklə yanaşı, həm də ermənılərin Qarabağa, ümu­mən Azərbaycanın içərilərinə uza­­nan qara əllərinin kəsilərək bu işğalın daha ge­niş ərazilərə yayılmasının qar­şı­sı­nın alınmasında təbii və canlı bir sipər rolunu oynayıb. Kəl­bə­cə­rin bu qanlı qır­ğın­la­rın baş verdiyi ərazidə, həm də ol­duqca strateji bir böl­gədə yer­ləş­­məsi onun si­ya­si-coğrafi əhəmiyyətini daha da artırırdı” (8, 19). Bunun nə­­ticə­sin­də İrə­vandan, Də­­­rələyəz və Göyçə ma­hal­la­­rından qaçqın düşən azər­bay­can­­lıların sı­­ğın­dıqları, pə­nah apardıqları məs­kən­lər­dən biri də Kəlbəcər olmuşdur. Aşıq Ələs­gə­rin də öm­rü­nün ahıl çağ­la­rın­­da er­məni vəh­şə­tin­dən qurtarmaq üçün Göyçədən məhz Kəl­bə­cə­rə gəlməsi, bu­­­rada mü­əy­yən müd­dət yaşaması və dəyir­mançılıqla məş­ğul olması mə­lum fakt­lar­­dan­dır. Aşıq Ələs­gərin Ağdabanlı Qur­banla dostluq et­məsi XX əsr aşıq sə­nə­ti­nin par­laq simalarından olan Aşıq Şəm­şirin də əsl sə­nət­kar kimi ye­tişməsində mü­hüm tə­siri olmuşdur.

Aşıq Şəmşirin də yaradıcılığının ilk dövrlərindən ictimai məzmunlu şe­irlər üs­­­­tün­­lük təşkil etmişdir. O, öz dövrünün sosial gerçəkliklərinə biga­nə qal­ma­mış, əsl xalq sə­nət­­karı kimi, xalqın həyatında baş ve­rən hadisələri, onu əha­tə edən dün­ya­­­nın ic­ti­mai gerçək­lik­lərini yaradıcılığında əks etdirmişdir. Zəma­nə­sində baş ve­rən haq­sız­lıq­lar, hakim qüv­vələrin qayda-qa­nun­la­rın­dan na­ra­zılıq və s. bu kimi mo­­­tivlər aşığın yara­dı­cılığının ilk mərhələsində apa­­rı­cı və ha­­kim mövqedə idi. Folk­­lorşünas M.H.­­Təh­masib bu xüsusda yazmışdır ki, təzəcə ya­ra­dı­cı­lı­ğa baş­la­yan gəncin saysız-hesabsız sələfləri və bir sıra müa­­sir­ləri kimi gözəl­ləmələr deyil, da­­ha çox ic­ti­­mai məz­munlu qoş­malar, divanilər, hətta nəsi­hə­ta­miz ustadna­mə­lər yaz­­­ma­sı ilk ba­­­xışda adamda heyrət doğurur. Lakin onun ya­şa­­dığı, dolaşdığı aşıq­lar mü­hi­tinin diq­­qətli tədqiqi bunun heç də qəribə olma­dığını göstərir (11, 174­-175). Şəmşir də məhz belə bir mühitdə formalaşmışdır.



Məlumdur ki, XX əsrin əvvəlləri tarixin çox keş­mə­keş­li, ziddiyyətli dövr­lə­­rin­dən biridir. Bu dövr Azərbay­can­da baş verən milli-azadlıq hərəkatı, 1905-1906 və 1918-ci il­lərdə ermənilərin Azərbaycan türklərinə qarşı apardığı soy­qırımı və s. ha­di­­sələrlə xarakterikdir. Bu zaman kəndli hə­rə­katları da geniş vüsət al­­mışdı. Bu hə­­rə­­ka­tın məqsədi çariz­min milli müs­təm­­lə­kəçilik siyasətinə qarşı mübarizə apar­maq idi. Əs­rin əv­vəllərində baş verən mühüm dəyi­şik­lik­lər aşıq sə­nətində də bu və ya digər şə­kildə öz əksini tap­mışdır. M.İbra­hımov «Aşıq poe­ziyasında rea­lizm» əsərin­də gös­tə­rir ki, bu dövr­də aşıq poeziya­sında sinfi mü­barizə motivləri güclənir, qoş­ma və gə­ray­lılarda açıqdan-açığa əzi­­lən kəndli tə­bə­­qə­lə­rinin və ümumiyyətlə, yox­sulların mə­­nafeyi müda­fiə olu­nur (5, 58). Belə bir zamanda ya­şa­yan Şəmşiri zə­ma­­nə­sin­də baş ve­rən hadisələr bir vətəndaş və sə­nətkar kimi na­ra­hat etməyə bil­məz­di. O da bir çox müa­sirləri kimi döv­rü­nün ha­disələrinə biganə qalmamış, ta­rixi ha­disələrə öz fəal mü­­na­sibətini bildirmişdir. Zə­­manəsində baş ve­rən haq­sız­lıq­la­rın, zülm­­lərin aşığın ya­radıcılığında öz bədii ək­­si­ni tapmasını gös­­­tərən O.Sa­rı­vəl­li haqlı olaraq yaz­mış­dır: «Aşıq Şəmşir köh­nə əy­yamın ağalar, bəylər, mül­kə­dar­­lar dün­yasının əzab, ağ­rı­­larını, zəh­mət­keş kənd­lilərin ağır güzə­ra­nını öz gö­zü ilə gör­müş, elin, obanın bu ağır, dö­zülməz dərdini şair hə­lə inqi­lab­dan qabaq yaz­dı­­ğı bir sıra şeirlərində ifadə et­­­mə­­yə çalışmışdır» (9, 7). Bu cəhət­dən «Ağdabana» rə­­­dif­li qoş­ması aşığın ya­şa­dı­ğı dövrün ictimai-siyasi mənzə­rə­si­ni, tipik ha­di­sə­lə­ri­ni, so­si­al gerçəkliyini gös­­tər­mək ba­xı­mın­dan xüsusilə səciyyəvidir:

Hardasan, ey bəxtim, oyanmayırsan,

Bir gör nə zülmlər var Ağdabana.

Bu zalım bəylərin zülmü, sitəmi

Baharda yağdırır qar Ağdabana (3, 47).

Ustad aşıq əsərlərində yalnız yerli məmurların, bəy­lə­rin deyil, eyni za­man­­da ya­şadığı tarixi dövrün real mən­zə­rə­sini poeziya dili ilə canlandırmış, insanı ümidli ol­mağa, dün­yanın gedişatının uca ilahi dəyərlərinə inanmağa, zül­mə qarşı mü­ba­ri­zə­yə çağırmışdır:

Axır su yerinə insanın qanı,

İmdada yetişən ədalət hanı,

Dövran belə qalmaz, kəsmə gümanı,

Başımda qiyamət qopar, ağlama.


Qisas qalmayacaq bu zülmkara,

Məhv olub Mənsuru çəkdirən dara.

Təbib qarşı gələr – sağalar yara,

Bu qəmli hicrandan qurtar, ağlama (4, 28).

Sənətkarın şeirlərinin yazılış tarixinə nəzər saldıqda gö­rürük ki, təxminən 1915-1918-ci illərdə yazdığı əsər­lə­rin­də ictimai-sosial bəlalar öz təcəssümünü tap­­mış­dır. Şəm­şi­rin ictimai motivli şeirləri içərisində 1918-ci ildə, təxminən, iyir­­mi beş yaş­­larında yaz­dığı «Özümə» şeiri ictimai məz­mun­lu əsər ki­mi xüsusi aktuallıq kəsb edir:

Zəhmətlə bağ saldım, bağça düzəltdim,

Qismət olmur nədən barım özümə?

Yolları piyada gedib gəlməkdən

Düşmən olub ayaqlarım özümə.
Bəy deyir: «Yaradan mənəm insanı,

İşləsin qapımda çıxınca canı».

Bəs mənim torpağım, əkinim hanı?

Niyə çatmır ixtiyarım özümə?


Çəkilib sinəmə dəmir şiş dağı,

Yediyim zəhərdi, içdiyim ağı,

Şəmşir ha qazanır, aparır yağı,

Verən yoxdu qazanc-varım özümə (3, 51).



Bu qoşma Şəmşirin ictimai məzmunlu ilk əsər­lə­rin­dən hesab olunur. Üç bənd­lik bu qoşmada ustad sənətkar döv­rün, zamanın real mənzərəsini yarada bil­­miş­dir. Aşıq zəh­­mət çəkdiyini, qan-tər içində əlləşib-vuruşduğunu, bu­nun mü­qa­­bilində isə zəhmətinin barını özgələrin – bəy­lə­rin, ağaların mənimsədiyini ürək ağ­­rısı ilə çatdırmışdır. Sə­nət­kar cəmiyyətdə hökm sürən ictimai bərabərsizliyi, öz­­ba­şı­nalığı, ədalətsizliyi və qanunsuzluğu kəskin tənqid edərək rə­i­yyətin insan ye­rinə qo­yulmadığını, qul kimi istismar olun­­duğunu konkret olaraq bəyin mü­ra­ciə­tində ifadə et­miş­dir. (Bəy deyir: «Yaradan mənəm insanı, İşləsin qa­pım­da çı­xın­ca canı»). Şəmşir cəmiy­yət­də­ki bu sosial bəlaları cə­sa­rətlə qam­çı­lamışdır. O, cə­miy­yətdə baş verən ha­di­sə­lər­­dən doğan suallara cavab axtar­mağa təşəbbüs gös­­tər­miş­­­dir. Bu qoşma ilə bağlı M.İb­ra­hi­mov yazmışdır: «... «Özü­­mə» qoş­ma­sın­da və bir sıra başqa qoşmalarda zülmə qar­şı açıq etiraz var, onların mənası da­­­­­ha dərindir» (5, 63). Gö­ründüyü kimi, şeirin ya­zılmasında aşığın həyati mü­­­şa­­hi­dələri böyük rol oynamışdır.

Aşıq Şəm­şir real həyati mü­şa­hi­də­lərinə əsas­lanaraq yaşadığı dövrün tə­ləb­lə­rinə cavab verə bi­lən kamil sənət nümunələri yaratmışdır.

Aşıq Şəmşirlə eyni dövrdə yaşayan Şair Nəbi Dilsuz, Bimar Əli, Şair Fi­rudin, Qa­mışlı Rüstəm, Ayrım Əhməd, Zal Cabbarlı kimi el şairlərinin ya­ra­dı­cı­lığında da cə­miyyətin ziddiyyətləri, çirkinlikləri, zəmanənin ədalət­sizliyi yük­sək sənətkarlıqla qə­ləmə alınmış və tənqid olunmuşdur.

XX əsrin sonlarında yenidən ermənilərin azərbaycanlılara qarşı torpaq id­­­di­a­sı qaldırması, Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan döv­ləti” ya­rat­­maq istəyi nəticəsində rusların himayədarlığı ilə Qərbi Azərbaycanda ya­­şayan soy­­daş­­­la­rı­mız öz doğ­ma torpaqlarından deportasiya olundular. Ça­riz­min XIX əsrdə əsa­­sı­nı qoy­duğu bu siyasət XX əsrin sonlarında da öz acı nə­ti­­cə­lərini gös­tər­di. Bu­nun ar­dın­ca Qarabağın işğal olunması nəticəsində azər­bay­can­lılar öz doğ­ma yurd-yu­­va­la­rın­dan qaçqın düşüb Azər­baycanın müxtəlif böl­­gə­lərinə pənah apar­­­dılar. Tə­bii ki, bü­­­tün bunlar folk­lo­ru­muz­da, aşıq şe­ir­lə­rin­də də öz qabarıq ək­sini tapmışdır. Qa­­ra­bağın iş­ğa­lın­dan son­ra artıq ədə­biy­­ya­tı­mız­da, folklorumuzda qaç­­qın­lıq, köç­­­künlük, və­tən, Qa­ra­bağ mövzulu ye­ni-ye­ni nümunələr yaranmağa baş­­ladı. Za­man-zaman aşıq­ların və el şair­lə­ri­nin də ya­radıcılığında ic­ti­mai mo­tiv­lər, so­sial prob­­lemlər, və­tən həs­rəti, yurd sev­gisi da­ha önəmli yer tutmağa baş­la­mış­dır. Bəh­­mən Və­tən­oğ­lu, Sü­caət, Qəm­­­­keş Al­lah­­verdi, Aşıq Xalıqverdi kimi qaç­qınlıq, di­­dər­ginlik taleyi ya­şayan Kəl­­bəcər aşıq­larının və el şairlərinin ya­ra­­dı­­cı­­lı­ğın­da vətən, yurd sev­gi­si, torpaq həs­rəti ol­duqca qabarıq təsvir olunmuşdur. Kəl­­­­bə­cər­dən qaç­­qın düş­mək bu sə­nət­kar­la­rın fikirlərini, düşüncələrini daha da də­rin­­­ləş­dir­mişdir. On­­­la­rın ya­ra­dı­cı­­lığının zən­gin qatını ictimai məzmunlu şeir­­lər təşkil edir. Aşıq ya­ra­­­­dı­cı­lı­ğın­da torpaq, və­tən məhəbbəti daim aparıcılıq təş­kil et­miş­dir. Və­tən mə­­həb­bəti Kəl­bəcər sə­nət­karlarının da yaradıcılığından qızıl xətlə ke­çir, onun əsas leyt­mo­­­­­tivini təşkil edir. Vətən, torpaq müqəddəsliyi, el-obaya, in­san­lara mə­­həbbət və s. kimi mə­nə­vi dəyərlər bu məhəbbətin özülünü təşkil edir. Kəl­bə­cər mü­hi­tin­də vətən mə­həb­bətinin çox geniş özünü göstərməsi bu əra­zidəki ic­timai-si­ya­si, so­­sial və­ziy­yətlə bağlıdır. XX əsrin əvvəllərindən başlayan haq­sız­lıq­­ların, zid­­­diy­yət­lə­rin, torpaq­la­rımızın zəbtinin, ermənilərin təcavüzünün əsrin son­­la­rın­da da da­vam etməsi bu döv­rün sənətkarlarının əsərlərində də özünü gös­tər­miş­­dir:

Xocalıda olan qırğın

Kərbəlada olan gündü.

Taleh bizdən üz döndərib

Fələk gözdən salan gündü.
Həddən aşıb dərdi-sərim,

Od alıb könül dəftərim.

Əldən çıxıb Kəlbəcərim

Yurd-yuvası talan gündü.


Laçın kimi tacım gedib,

Qubadlı illacım gedib.

Neçə nazlı bacım gedib,

Əsir-yesir qalan gündü (7, 138-139).

Aşıq Xalıqverdidən verdiyimiz bu nümunədən də görürük ki, şeirdə 1990-cı il­­­lərin hadisələri öz əksini tapmış, Xocalı soyqırımı Kərbəla hadisələri ilə eyni­ləş­­di­­­­­rilmiş, Laçın, Qubadlı, Kəlbəcər torpaqlarının düşmən tərəfindən zəbti, qa­dın­­la­rın əsir düşməsi, köçhaköç prosesi və bu hadisələrin qarşısını almaqda aciz olan sə­nət­­­kar sanki fəryad, üsyan edir, ürək yanğısı ilə bu hadisələri təsvir edir.

XX əsrin tanınmış el şairlərindən olan, hələ gəncliyindən şeirləri xalq ara­­­­­sın­da sevilən, aşıqların ifasında yayılan Bəhmən Vətənoğlunun da ya­­ra­dı­cı­lı­­ğında ictimai-siyasi motivlər güclüdür. O, hələ sovet hakimiyyəti döv­rün­də möv­­­cud reji­mi öz şeirlərində kəskin tənqid etmişdir. Qarabağ işğal olun­duq­dan, Kəl­­­bəcərdən qaçqın düşdükdən sonra el şairi yurd həsrətli, vətən nis­gil­­li şeirlər yaz­mışdır:

Ağdaban torpağı qarışdı qana,

İndi də məbədin biri dağıldı.

Qoy İslam dünyası bilsin, eşitsin,

Külli-Qarabağın bəri dağıldı (6, 68).

Yaxud:


Bu mənəm, a qardaş, tanımadınmı?

Könlü dərdli, dili nalalı Bəhmən.

İndi yurdsuz qalıb, yuvasız qalıb,

Gördüyün o yurdlu, yuvalı Bəhmən (6, 67).

Yaxud, sovet dövründə mövcud quruluşa qarşı etiraz edən, buna görə də­­fə­lər­lə həbs olunan kəlbəcərli el şairi Sücaətin də şeirlərində ictimai-siyasi möv­­zu­lar, so­sial problemlər həmişə aparıcılıq təşkil etmişdir. Sovet ide­o­lo­gi­ya­­sının təb­liğ et­diyi sosialist realizminin tüğyan etdiyi 1960-70-ci il­lər­də Sü­ca­ət siyasi qu­ru­lu­­şa qar­­şı üsyankar çıxış etmişdir. Kəlbəcər işğal olun­duq­dan son­ra isə vətən möv­zulu şe­ir­­lər poeziyasının əsasını təşkil et­miş­dir. Kəlbəcər fa­ciəsini bütün ağır­lığı ilə ya­şa­mış, vətənindən ayrı düşmüş sə­nət­kar həsrətini bu cür ifadə etmişdir:

Əsir vətən, həzin-həzin,

Sən ağlama, mən ağlaram.

Sürünürük dizin-dizin,

Sən ağlama, mən ağlaram (10, 16).

Yaxud, qaçqınlığın bütün əzabının, dözülməzliyinin bədii təsvirini el şairi belə çatdırmışdır:

Mən yaxşı bilirəm qaçqınlıq nədir,

Mən yaxşı bilirəm köç nə deməkdi.

Doğma qardaşın da himayəsinə,

Sığınıb yaşamaq nə deməkdi (10, 25).

Bununla belə sənətkarın yaradıcılığı bədbinlik, şikayət notları üzərində kök­­lən­­məyib. Mövcud ziddiyyətlərdən doğan qəm-kədər motivləri getdikcə üs­yankar not­­­­­larla əvəzlənir, el şairinin şeirləri vətənpərvərlik ruhunda olub, tor­­paq­la­rı­mı­zı düş­­mən­­lərdən azad etmək uğrunda milləti birləşməyə, mübari­zə­yə səsləyir:

Dərdləri saymayaq, dərdimiz çoxdu,

Sücaət, çatıbdı intiqam vaxtı!

Bizim dayanmağa haqqımız yoxdu,

Tək qalan məzarlar bizi çağırır (10, 27).

Bütün bunlar göstərir ki, XIX əsrdən bu günə qədər Kəl­bə­cə­­­rin ic­timai-si­ya­si, sosial vəziyyəti aşıq poeziyasında bədii və geniş şəkildə əks olun­muş­­­dur. Qa­­­­­rabağla, düşmən tapdağında olan torpaqlarımızla, əsir düşmüş soy­daş­­­ları­mız­la bağ­­­­lı yaranan folklor nümunələrində xalqımızın keşməkeşli ta­­ri­xi, mü­­­barizə sal­na­­məsi özünü göstərir. Bu gün də xalqımızın zaman-za­­man ya­şa­dı­ğı tarixi ha­di­sə­lər­lə bağlı folklorumuzun müxtəlif janrlarında, həmçinin aşıq şeirlərində ta­ri­xi­miz qo­runub yaşanır.


QAYNAQLAR

  1. Ağdabanlı Şair Qurban. Kəpəzin kəkliyi, maralı getmə (Toplayıb tərtib edən­lər Pirsultanlı S., Şəmşiroğlu Q.). Bakı, Gənclik, 2000, 178 s.

  2. Ağdabanlı Şair Qurban. Qumrutək ləhcəli, xoşxandı Qurban (Toplayanı Şəm­şi­r­oğlu Q., tərtib edəni Ramazanoğlu F.). Bakı, Elm və təhsil, 2012, 480 s.

  3. Aşıq Şəmşir. Şeirlər (Tərtib edəni Sarıvəlli O.). Bakı, Azərbaycan SSR EA Nəş­riyyatı, 1959, 155 s.

  4. Aşıq Şəmşir. Seçilmiş əsərləri. Bakı, Azərnəşr, 1973, 416 s.

  5. İbrahimov M. Aşıq poeziyasında realizm. Bakı, Azərbaycan SSR EA Nəş­riyyatı, 1966, 84 s.

  6. Kəlbəcər dünyası: yüz şairin bir kitabı (Toplayıb tərtib edənlər Cəmil A., Nə­ri­manoğlu M.). Bakı, Adiloğlu, 2005, 460 s.

  7. Kəlbəcərin söz sərvəti (Tərtib edəni: Məmmədli İ.). Bakı, Sabah, 2005, 270 s.

  8. Məmmədli İ. XX əsr Kəlbəcər ədəbi mühiti. Bakı, Elm, 2010, 180 s.

  9. Sarıvəlli O. Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir. Bakı, Elm, 1973, 33 s.

  10. Sücaət. Sən ağlama, mən ağlaram. Bakı, Azərnəşr, 1994, 88 s.

  11. Təhmasib M.H. Özü də Şəmşir, sözü də Şəmşir // «Azərbaycan» jurnalı, 1973, №8, s. 173-179

Sönməz ABBASLI

Filologiya üzrə fəlsəfə doktoru,

AMEA Folklor İnstitutu,

abbasli-sonmez@rambler.ru
HÜMMƏT ƏLİZADƏNİN “AZƏRBAYCAN EL ƏDƏBİYYATI” ─ ATTC-NİN UĞURLU NƏŞRLƏRİNDƏN BİRİ KİMİ
Xülasə

Məqalədə mövcudluğu qısa bir dövrü əhatə edən Azərbaycanı Tədqiq və Tə­­­təbbö Cəmiyyətinin uğurlu fəaliyyətinə geniş nəzər salınmışdır. Folklorun top­­lanması, nəşri, araşdırılması ilə bağlı cəmiyyətin gördüyü işlər yüksək qiy­mət­­ləndirilmişdir. O dövrdə çap olunmuş bir sıra qiymətli kitabların, o cüm­lə­dən H.Əlizadənin “Azərbaycan el ədəbiyyatı” nəşrinin əhəmiyyəti qeyd olun­muş­dur.

Açar sözlər: folklor, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti, nağıl, dastan, nəşr
AZERBAIJANI FOLK LITERATURE BY HUMMAT ALIZADEH

AS ONE OF THE SUCCESSFUL PUBLICATIONS OF AZERBAIJANI EXPLORATING AND STUDYING SOCIETY

Summary

The article is dedicated to the successful activity of the Azerbaijani Explorating and Studying Society which embraces a short period. The works of society dealing with the collecting, publicating and investigating of folklore are highly appreciated. The importance of some valuable books and “Azerbaijani Folk Literature” by H.Alizadeh are mentioned.



Key words: folklore, Azerbaijani Explorating and Studying Society, tale, epos, publication
АЗЕРБАЙДЖАНСКАЯ НАРОДНАЯ ЛИТЕРАТУРА ГУММЕТА АЛИЗАДЕ ─ КАК ОДНА ИЗ УСПЕШНЫХ ПУБЛИКАЦИЙ ОБЩЕСТВА ОБСЛЕДОВАНИЯ И ИЗУЧЕНИЯ АЗЕРБАЙДЖАНА

Резюме

В статье рассматривается деятельность Общества Обследования и изу­­чения Азербайджана, которая просуществовала короткое время. Вы­со­ко оценивается деятельность общества по собиранию, изданию и пуб­ли­ка­ции Азербайджанская фольклора. Было отмечено значимость некоторых цен­ных книг, опубликованных в то время, также «Азербайджанская на­род­ная литература» Гуммета Ализаде.



Ключевые слова: фольклор, Общества Обследования и изучения Азербайджана, сказка, эпос, публикация

Zənnimizcə, XX əsrin əvvəllərindən, dəqiq desək, 1923-cü ildən fəa­liy­yətə başlayan Azərbaycanı Tədqiq və Tətəbbö (Öyrənmə) Cəmiyyətini (ATTC) əsası 1945-ci ildə qoyulan Azərbaycan Elmlər Akademiyasının ilk elmi bazası he­sab etmək olar. Qısa bir dövrü 1923-1929-cu illəri əhatə edən bu cəmiyyətin fəaliy­yət dinamikasına nəzər saldıqda əsrin əvvəllərində, yəni 20-ci illərdə fəaliyyətə başlamış bir sıra elmi cəmiyyət və təşkilatlardan çoxşaxəli fəaliyyəti ilə fərq­ləndiyini aydın görmək olar.

Bizə gəlib çatan faktlara görə, “Azərbaycanı Tədqiq və Tətəbbö Cə­miy­yəti” işinə üç əsas şöbə ilə başlamışdır ki, tarix və etnoqrafiya, təbiyyat və iq­ti­sa­diyyat adı altında fəaliyyət göstərən bu şöbələr Azərbaycanı və digər öl­kə­ləri sis­temli şəkildə iqtisadi, ictimai, tarixi, etnoqrafik, arxeoloji və dil cəhətdən təd­qiq etməyi, eyni zamanda dövlətimiz haqqında biliklərin mübadiləsini əsas məq­səd olaraq qarşıya qoymuşdur.

Tədqiq və Tətəbbö Cəmiyyətinin Azərbaycan Mərkəzi İcraiyyə Komi­tə­sinin tərkibində olduğunu və yarızirzəmi olan bir otaqda iki il fəaliyyət göstər­dikdən sonra yenicə tikilmiş maarif evinə köçdüyünü nəzərə alsaq, bu iki il müddətində qurumun hansı çətinliklərlə üzləşdiyini, hansı şəraitdə fəaliyyət gös­tərdiyini təsəvvür etmək o qədər də çətin deyil. Ancaq bütün bunlara bax­ma­ya­raq, o dövrün maarif komissarı M.Quliyev cəmiyyətin ikiillik yubiley mə­ra­si­mində iftixarla bildirmişdir ki, mən cəmiyyətin şəxsində Azərbaycanın gələcək Elmlər Akademiyasını görürəm (3, 121).

Həqiqətən də, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin çox ciddi bir struktur olması və nəinki alimlərin, eləcə də digər peşə nümayəndələrinin, jur­nalist, fəhlə, müəllim, mühəndis və hətta tələbələrin də bu cəmiyyətin tər­ki­bi­nə daxil edilməsi, bu qurumu ona qədərki elmi təşkilatlardan fərqləndirən ən baş­lı­ca xüsusiyyətdir. Bu o deməkdir ki, Azərbaycanı Tədqiq və Tətəbbö Cə­miyyə­tinin uğurlu fəaliyyətində geniş ictimaiyyətin səyi və dəstəyi danılmaz faktdır.

Tədqiq və Tətəbbö Cəmiyyətinin Azərbaycanı öyrənmək istiqamətində gördüyü işlərə nəzər yetirdikdə folklorla bağlı müxtəlif sistemli tədbirlərin hə­ya­ta keçirildiyini görmək mümkündür. Qısa müddət ərzində ölkənin müxtəlif re­gionlarına ezamiyyətlərin təşkil olunması, bu işə təcrübəli mütəxəssislərin cəlb olunması, əldə olunmuş folklor nümunələrinin mütamadi olaraq mətbuatda dərc olunması, daha sonralar geniş miqyasda işlər aparmaq üçün müəllim və tələbə heyətindən istifadə olunması şifahi söz sənətinin toplanması, nəşri istiqamətində görülən əhəmiyyətli addım kimi dəyərləndirilə bilər.

Bundan əlavə, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin nəşri olan “Xəbərlər”(1925), bir qədər sonra isə “Azərbaycanı öyrənmə yolu” (1928) adlı digər məcmuənin işıq üzü görməsi şifahi söz sənəti nümunələrinin yayılmasında yardımçı rol oynamışdır. Tanınmış folklorşünaslar A.Baqri, H.Zeynallı, V.Xu­luflu, A.Sübhanverdixanov, yazıçılardan C.Məmmədquluzadə, Ə.Haq­ver­diyev kimi nüfuzlu ziyalıların cəmiyyətin tərkibində üzv olması folklorumuzun əmin əllərdə olmasına bir sübut idi.

Bu cəmiyyətin xətti ilə görülmüş işlərdən söhbət açdıqda önəmli bir mə­sələni də qeyd etmək yerinə düşərdi. Diqqətçəkən məsələ ölkəmizin maddi və mənəvi irsinin, dilin, ləhcənin öyrənilməsində yaxından iştirak etmək məqsədilə keçmiş Sovetlər məkanında, eləcə də Türkiyədə çalışan tanınmış şərqşünas və türkoloqların Bakıya işləmək və ya mühazirələr oxumaq məqsədilə dəvət olun­ması idi. Prof. Paşa Əfəndiyev bu dövrün folklorşünaslığından danışarkən Azər­baycanın mühüm türkologiya məkanına çevrildiyini vurğulayır.

“Azərbaycan o zaman şərqşünaslığın, türkologiyanın mühüm mərkəzlə­rin­dən birisinə çevrilmişdi. Burada yalnız sırf Azərbaycan məsələsi öyrənilmir, tədqiq olunmurdu. O zaman Azərbaycanda türk-tatar dilli xalqların dili, ədə­biy­yatı, folkloru, etnoqrafiyası, tarixi, maddi-mədəni abidələri müqayisələr, tutuş­durmalar yolu ilə tədqiq olunur, ümumi nəticələr çıxarılırdı”(2, 9).

Zənnimizcə, ATTC-nin fəaliyyətindən söhbət açarkən kitab nəşrini önə çəkmək lazımdır. Belə ki, bu günə qədər dəyərini itirməyən bir sıra qiymətli ki­tablar da məhz Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin xətti ilə həyata və­siqə qazanmışdır. H.Əlizadənin “Azərbaycan el ədəbiyyatı” (1929), H.Zey­nal­lı­nın “Azərbaycan atalar sözü” (1926), “Azərbaycan tapmacaları” (1928), “Molla Nəsrəddin lətifələri” (1927), V.Xuluflunun “El aşıqları” (1927), “Koroğlu” (1927), “Tapmacalar” (1928) kimi kitabları “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin folklor sferasında uğurlu tədqiqatları kimi dəyərləndirilə bilər.



Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin təşkil etdiyi folklor ko­missiya­sı tərəfindən işıq üzü görən H.Əlizadənin “Azərbaycan el ədəbiyyatı” (Nağıllar) top­lusu yorulmaz folklorçunun ilk kitabı ─ ilk toplama-tərtib-nəşr işidir. Təbii ki, bu­na qədər H.Əlizadə topladığı nümunələri müxtəlif qəzet və jurnal səhifələrində hissə-hissə çap etdirmişdir. “Azərbaycan el ədəbiyyatı” (Na­ğıllar) toplusu ilə tanış olar­kən H.Əlizadənin əsl folklor fədaisi olduğunu, se­vin­cini-kədərini, sözünü-söh­bətini sazla bölüşən sadə insanlarla ünsiyyətini, bu söhbətlər əsnasında topladığı zən­gin irsin canlı şahidi oluruq. Qazax və Gəncə qəzasından toplanmış bu xalq na­ğıl və dastanları canlı xalq dilində olduğu kimi yazıya alınmışdır ki, bu da folklor mətnlərinin obyektivliyinin qorunmasında mühüm şərtlərdəndir. - Qeyd edək ki, son­rakı nəşrlərdə bu prinsip pozulmuşdur. “Azərbaycan el ədəbiyyatı” toplusuna 1926-1928-ci illər arasında toplanmış “Şahzada İbrahim”, “Tahir Mirzənin nağılı”, “Şahzada Qasımın nağılı”, “Şah­za­da Bəhramın nağılı”, “Məlik Məhəmmədin na­ğılı”, “Nəcəf” kimi məhəbbət das­tanları daxil edilmişdir. Heç şübhəsiz, bu dastanlar Azərbaycan dastan­şü­nas­lı­ğı­nın klassik nümunələridir. Maraqlı odur ki, bu dastan­la­rın böyük əksəriyyətini H.Əlizadə öz atasından Əli Rəhim oğlundan toplamışdır. Da­ha maraqlı bir fakt ondan ibarətdir ki, “Şah oğlu Şah Abbasın nağılı”nı H.Əli­za­dənin özü söy­lə­miş­dir. Digər nağıl və dastanlar şair Vəlidən, Güllü xaladan, Xədicə xaladan, Aşıq Mirzə, Aşıq Əsəd və digər söyləyicilərdən toplanmışdır. Ümumiyyət­lə, topluda yeddi dastan özünə yer almışdır. Tədqiqatçının 1937-ci ildə çap etdirdiyi “Das­tanlar və nağıllar”da isə on dastan verilmişdir ki, bu da ona dəlalət edir ki, o, ümumilikdə 15-dən yuxarı məhəbbət dastanı toplayaraq nəşr etdirmişdir.

Dastanlarla yanaşı, “Beylibozun nağılı”, “Piyalagözün nağılı”, “Nardan xa­tın”, “Paracanın nağılı” və s. olmaqla on dörd nağıl təqdim olunmuşdur. Eyni za­man­da, folklor toplamalarından ibarət “Azərbaycan el ədəbiyyatı”nda elə nağıl­la­ra rast gəlinir ki, onların yenidən nəşri bu gün Azərbaycan folklorunun nağıl sfe­rasını daha da zənginləşdirə bilər. Bu günə qədər heç yerdə rast gə­lin­məyən “Bey­libozun nağılı”, “Piyalagözün nağılı”, “Xəddixumarın nağılı”, “Dər­zi qızı Dərdi­yoxun nağılı” kimi folklor örnəklərinin yenidən nəşri onları unu­dulub yaddan çıxma təhlükəsindən hifz edəcəkdir. Heç şübhəsiz ki, bu nağıl­la­rın əksəriyyəti xalq içərisində geniş yayılmış, sevilən nümunələr idi ki, onların bir çoxu dəfələrlə nağıl toplularına daxil edilmişdir. Hümmət Əlizadənin folk­lorşünaslıq fəaliyyətini araşdıran fil.ü.f.d. Ziyafət Yaqubova onun nağılçılıq sa­həsində gördüyü işləri : 1.Nağılların toplanması, tərtibi və nəşri; 2.Nağılların tədqiqi kimi bölgülərə ayırmaqla qeyd edir ki, “O, dastanları yalnız toplayıb nəşr etdirmişdirsə, nağılları təkcə çap etdirməmiş, həm də onlarla bağlı müəyyən fi­kirlər söyləmiş, onları öz dövrünün nəzəri baxış və prinsipləri səviyyəsində təs­nif etmişdir” (4, 94-105).

Qeyd edək ki, nağıl və dastanların hamısı Qazax və Gəncə bölgəsindən toplanmışdır ki, bu yerlər də H.Əlizadəyə uşaqlıqdan tanış olan, fədakar folklor­çunun qarış-qarış gəzdiyi yerlər idi. Hər bir nağıl və dastanın əvvəlində söy­lə­yi­cinin adı, toplandığı bölgə və tarix göstərilmişdir. Topludakı nağılların mövzu çevrəsi zəngindir. Burada həm sehrli, həm satirik, həm ailə-məişət, həm də hey­vanlar haqqında nağıllar özünə yer almışdır.

Söz yox ki, topludakı dastan və nağılların bu gün əlimizdə olması H.Əli­zadənin yorulmaz əməyinin bəhrəsidir. Bu əvəzsiz nümunələri toplayana qədər fədakar folklorçunun üzləşdiyi problemlər: çayxanada gecələmə, əlac­sız­lıqdan quru taxta üzərində yatma, sübh açılar-açılmaz bazardan at kirələyib aşıq­ların sorağına çıxmaq və s. bu kimi faktlar H.Əlizadənin folklor toplayıcılığında yad­da qalan nüanslardandır. H.Əlizadə folklor toplayıcılığı prosesində qar­şı­laş­dığı bütün çətinlikləri sonda “El ədəbiyyatını necə topladım” başlıqlı yazıda de­tal­larla təsvir etmişdir. Yazı aşıqların sorağıyla Ağkilsəyə gedib çıxan H.Əliza­dənin verdiyi sorğuya aldığı cavabla tamamlanır. Belə ki, H.Əlizadə aşıq İmam və aşıq İbrahimi xəbər aldıqda ona “─ Yoldaş, sən nə qədər söz is­tə­yirsən yaz. Aşıq nəyinə lazımdır. Onsuz da bizim hər birimiz bir aşığıq”─ de­yir­lər (1, 202).

Beləliklə, klassik irsin, şifahi söz sənətinin toplanması, nəşri və araş­dı­rıl­masında böyük əmək sərf etmiş H.Əlizadənin Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin xətti ilə nəşr etdirdiyi toplunun bu gün nəşrə hazırlanması sayı yox dərəcəsində olan toplunu itib-batmaq təhlükəsindən xilas edərək, klassik na­ğıl və dastanlarımızı folklor dövriyyəsinə daxil etmək imkanı yaradacaqdır.

Ümid edək ki, gələcəkdə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin digər nəşrləri də həyata vəsiqə qazanacaq.


QAYNAQLAR



  1. Azərbaycan el ədəbiyyatı. Toplayanı H.Əlizadə, Bakı, Azərbaycanı Öyrənən Cəmiyyət, 1929, 206

  2. Əfəndiyev P. Azərbaycan folklorşünaslığı (1920-1930-cu illər), Bakı, 1997, N.Tusi adına ADPU-nun mətbəəsi, 117

  3. Известия общества обследования и изучения Азербайджана, 1925, №- 1, стр. 121

  4. Həbibova Z. Hümmət Əlizadənin Azərbaycan nağıllarının toplanması, nəşri və tədqiqi sahəsindəki rolu. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, XXIV, Bakı, 2007, 94-105


Ülkər ƏLƏKBƏROVA

AMEA Folklor İnstitutu,

Filologiya üzrə fəlsəfə doktoru,

ulker.qezenferqizi@mail.ru
ƏCƏLDƏN QAÇMA MOTİVİ
Xülasə

Məqalədə əcəldən qaçma motivi ümumtürk folkloru kontekstində araş­dır­­ma­ya cəlb edilib. Azərbaycan nağılları, dini rəvayətləri, lətifələri, mifləri, al­qış­­larında, “Dədə Qorqud” dastanının “Duxa Qoca oğlu Dəli Domrul” bo­yunda, Qor­qud əfsa­nələrində, eyni zamanda Altay türklərinin Erlik haqqında folklor nü­mu­nələrində əcəldən qaçma motivi və onun transformasiyası kimi can əvəzinə can vermə motivinin ifadə formaları və mifoloji ideyası göstərilib. Məqalədə əcəl­dən qaçma motivinin arxeotipi, yəni ilk şəkli ilə motivin Azərbay­can folk­lo­run­dakı müxtəlif janrlar üzrə dəyişmələri və şəkilləri ardıcıllıqla, mü­qa­yisəli şə­kildə izlənib.

Açar sözlər: əcəldən qaçma, can əvəzinə can vermə, motiv, Əzrayıl, Erlik
THE MYTHOLOGICAL MOTIF OF GET RID OF SOUL

Summary

The article gives information obout the death angel – one of the mythological image which we came across in Azerbaijani folklore and Turkish folklore. With showing the specific feautures of this image, the mythological legends dealing with the death angel analyzing. In all the legends connected with Gorgut Ata (father) and the stories the escaping from death in the Turkish folklore is considered to be the main element.



Key words: myth, death, motif, folklore, shaman
МОТИВ БЕГCТВО ОТ СМЕРТИ

Резюме

В статье говорится что самое бегство от смерти недопустимо ис­ла­мом, составляет один из постоянных мотивов легенд шаманских народов. По­яв­­ление мифологического мотива спасение от смерти, магическом зна­че­ние и мифологического образа ангела смерти в фолъклорных текстах Азер­­байджанского фольклора, так и в устном народном творчестве тюркс­ких народов. Во всех связанных с Горгуд Ата легендах и сказаниях побег от смерти является основным елементом. Мотив бегcтво от смерти в фоль­к­лоре тюркских народов связано представлениями о бессмертии шамана.



Ключевые слова: побег от смерти, Eрлик, Азраил

Nağıllarda: Azərbaycan nağıllarında olduğu kimi Altay türklərinin Erlik haqda folk­lor mətnlərində də hiyləgər qəhrəmanlar Balın – Senqe və Uskuz – ul da Erliyə hiylə gəlirlər. Hər iki folklor nümunələrində əcəldən qaçma ölüm mə­lə­yi­nə hiylə gəlmək yolu ilə baş verir. Öncə Azərbaycan nağıllarında əcəldən qaçma motivinə nəzər salaq, sonra Altay türklərinin Erlik haqda folklor nümunələri ilə müqayisəli şəkildə motivin ifadə formalarını müşahidə edək. “Əzrayılın kələyi” nağılında (Sus AA 332) bir kasıb adam oğlunu sünnət eləmək istəyir. Heç kim ona kirvə olmur. Özünü dənizə atmağa qərar verir. Yolda Allahla rastlaşır. Bi­ri­ni kasıb, birini varlı etdiyi üçün Allahın kirvəliyini qəbul etmir. Allah da Əz­ra­yı­lı ona kirvə olmağa göndərir. Oğlan fərq qoymadan hamının canını aldıgı üçün Əzrayılın kirvəliyini qəbul etmir. Əzrayıl oğlanı padşahın xəstə oğlunun yanına göndərib tapşırır ki, xəstənin baş tərəfində dursam, xəstəyə əlac yoxdu, ayaq tə­rəfində dursam, sağaldaram de. Oğlan Əzrayılın dediyi kimi edib varlanır. Ev - eşik tikdirir, oğlanlarını sünnət eləyir, Əzrayılı kirvə tutur. Aradan xeyli vaxt keçdikdən sonra Əzrayıl kişinin canını almağa gəlir. Kişi on il də ömür istəyir. Allah ona on il də möhlət verir. Əzrayıl təkrar kişinin canını almağa gələndə kişi dünyaya baxması üçün möhlət istəyir. Kişi çıxıb dünyaya baxıb qayıtdıqdan sonra Əzrayıl onun canını alır (5, 218).

Erlik Altay türklərinin mifologiyasında ölüm mələyi funksiyasını yerinə ye­­tirən personajlardan biridir. Azərbaycan folklor örnəklərində isə bu funksiyanı Əz­­rayıl yerinə yetirir. Azərbaycan nağıllarından göründüyü kimi, Əzrayıl fərq qoy­­madan hamını öldürdüyü üçün ədalətli hesab edilərək Allahdan üstün tu­tu­lur. Qəhrəmanlar Əzrayılın vasitəsi ilə varlanır. Erliyə və Əzrayıla – hər iki ölüm mələyinə hiylə gəlmək, canını ölümdən qurtarmaq, ölüm mələyi ilə yol yol­daşı olmaq, birgə çalışmaq hər iki folklor örnəklərində vardır. Erliyə öncə qurban təklif edirlər. Qurbanı qəbul etməsə, xəstə canın yerinə sağlam can ve­ri­lir. Əzrayıl Allahın əmri ilə can dalınca gəlir, əliboş geri dönüb-dönməməsi də Allahın iradəsindən asılıdır. Erliyin isə iki elçisi, göz tökən iki qarğası, iti, yer­al­tı şahlığı, taxt-tacı, zindanı, çoxlu əsgərləri var. Altay türklərinin “Yaradılış” dastanında Tanrı Qara xanla Erlik, Tanrı Ülgənlə Erlik qarşıdurması da öz əksini tapmışdır. Tuvalı Burqutun söylədiyi “Tana-Qerel” mətnindəsə Erlik xanın kö­məkçiləri bəd ruhlar azalar adlandırılır (aza – bəd ruh). Erliyin yurduna (xaraçi) gedən yol səkkiz qapıdan keçir, səkkizinci qapı və Erliyin taxt-tacı (şire) isə şü­şədən təsvir edilir (15,426). Ümumiyyətlə, türk xalqlarının miflərində Erlik ilk araq çəkən mədəni qəhrəman kimi göstərilir. Altaylı Sanaşın söylədiyi “İren Şayn Çiçirqe” mətnində isə araq çəkmək üçün ciraki adlı qabı almaq üçün qəh­rəman Erliyin yeraltı dünyasına enir. Orada onu Erliyi qoruyan iki qara qarğa, doqquz qara at və iki dəvə qarşılayır (15,429). Şamanlar ovsunlarında Erliyi qaş-gözü qara rəngdə, iki yerə bölünən saqqalı dizinə qədər çatan, azı dişlərini xatırladan burma bığları qulağının arxasına qədər uzanan, buynuzları ağac kök­lərini xatırladan, saçları buruq-buruq vəsf edirlər. Erliyin yeməyi qanlı insan əti, içdiyi isə insan ciyərinin qanıdır. Onun yemək vaxtı günəş şəfəqinin hər yeri al rəngə boyadığı vaxta təsadüf edir. O, bir versiyaya görə, qara palçıqdan tikilmiş sa­rayda, digər versiyaya görə isə, qara dəmir çəpərli sarayda yaşayır. Bu saray Toy­badım çayının sahilində yerləşir. Erlik ya avarları olmayan qara qayıqda, ya da keçəl öküzün belində gəzir (7, 53). Miflərin birində deyilir ki, Erlik əvvəllər ağ atda gəzərmiş. O, bu atı Tanrıya onun tərəfindən qorunan bir bahadırın canını almaq müqabilində qurban verir, fəqət Tanrı onu aldadır, atının əvəzinə ona qara kəl qaytarır. Həm də tərsinə minməsini əmr edir. O da bu kəlin üzərində tərsinə oturaraq gəzməyə məcburdur (8, 4). Erliyin öküzün belində gəzməsini və Balın-Senqenin onu aldadaraq öküzünü ondan alması Altay türklərinin folklor mətn­lə­rinin birində öz əksini tapır. Altay türkləri hesab edirdilər ki, qəzəbli Erlik on­lar­dan qurbanlar tələb edir, ona qurban verilmədikdə qəzəblənir və xalqın üzərinə müxtəlif bədbəxtlik və xəstəliklər göndərir. Qurban verməyənlərin ruhunu alan bu bədxah ruh onları öz nökərlərinə çevirir və insanlara şər əməl törətmək üçün yer üzünə göndərir. Altay türkləri inanırdılar ki, qurban verildiyi halda Erlik nəinki insanlara toxunmur, əksinə, hətta övladlarına da onları şər ruhlarından qorumağı tapşırır. Altaylılar öz dualarında onu insanların yaradıcısı və atası ad­landırırdılar. Ona “Erlik ata deyə müraciət edirdilər (8, 3). Altay türklərinin inanclarına görə, Erliyin, bir varianta görə yeddi, digər varianta görə isə doqquz oğlu var. “Dədə Qorqud” dastanında və Azərbaycan nağıllarındakı Əzrayıl per­sonajı isə ağ saç-saqqalı, heybətli, gözləri nursuz qoca kimi təsvir olunur. Azər­baycan nağıllarında ilana, göyərçinə, qartala çevrilir. “Dədə Qorqud” əf­sa­nə­lə­rində Əzrayılın ilana, “Dədə Qorqud” dastanında isə göyərçinə çevrilməsi öz ək­sini tapıb. Nağıllarımızdan da göründüyü kimi, pis adamların canını onlara əzab verərək, yaxşı adamların canını isə gül qoxladaraq alır. Əzrayılın da atı ol­duğunu və o atın üstündən dünyanın xəlbir kimi qızıl qan içində görünməsi, can almağa gəlməsini ilk hiss edən ev heyvanlarının olması, əlinin qanını itə sürt­mə­si, yalnız hal əsilliyə Əzrayılın can almasının görünməsi, bəzənsə körpəyə yazığı gəlib öldürməməsi, uşaq cildinə girməsi nağıllarımızda öz əksini tapmışdır. “Öv­ladını Əzrayıldan qaçıran ana” nağılında isə Əzrayılın anası da təsvir olunub (11, 318).

Məqsədimiz Erlik və Əzrayıl mifoloji personajlarının arxaik köklərini araşdırmaq deyil, sadəcə əcəldən qaçma motivinin həm Altay türklərinin, həm də Azərbaycan folklor örnəklərindəki ifadə formalarını müqayisəli şəkildə iz­lə­məkdir. Məsələn, Erlik haqda mətnlərin birində deyilir ki, Balın-Senqe adlı bir hiyləgərin varlığından xəbər tutan Erlik xan iki elçisini onun ruhunun dalınca göndərir. Onlar gedib heç nə tapmayıb geri qayıdırlar. Erlik elçilərini yenidən göndərir və tapşırır ki, bu dəfə də heç nə tapmasanız, sizi cəhənnəmə atacam. Elçilər gedib Balın-Senqeni tapırlar. O, özünü ölülüyə vurur. Elçilər onun hə­qi­qətən ölüb-ölmədiyini yoxlamaq üçün gözlərini açıb duz tökürlər. Balın-Senqe tərpənmir. Sonra dabanlarını kəsib ora da duz səpirlər. Yenə tərpənmir. Elçilər deyirlər ki, gedək başqa ruhun dalınca üç gündən sonra gələrik. Əgər doğrudan ölübsə, qoyduğumuz yerdə tapacağıq. Elçilər gedib bir varlı adamın oğlunun ru­hunu alıb, tuluğa qoyub Balın-Senqenin yanına gəlirlər. Onu qoyub getdikləri halda görürlər. Erliyin yanına getmək istəyəndə Balın-Senqe onlara çatıb hara getdiklərini soruşur. Onlar Balın-Senqeni tanımırlar. Balın-Senqenin ruhunu tapa bilmədiklərini, Erliyin yanına varlı oğlanın ruhunu vermək üçün get­dik­lə­ri­ni deyirlər. Yol yoldaşı olurlar. Yolda Balın – Senqe onlardan nədən qorx­duq­la­rını soruşur. Onlar qarağac ti­kan­la­rın­dan və Şikurtu-nomdan qorxduqlarını de­yirlər. Balın – Senqe isə on­ara hiylə gə­lərək guya ətdən və çaydan qorxduğunu deyir. Onlar yolda qarağac kol­larına ça­tanda Balın-Senqe onlardan ruh olan tu­luğu alıb deyir ki, siz kolluğa girə bil­mədiyiniz üçün fırlanıb keçməlisiniz, tuluq da sizə yük olmasın. Məndə qalsın. Özü də kolluğa girib Şikurtunu oxumağa başlayır. Elçilər onu qovmaq üçün ona ət və çay atırlar. Balın-Senqe kolluqda oturub yeyib-içir. Erliyin el­çiləri isə əliboş qayıdırlar. Balın – Senqe varlı ada­mın yanına gedib onun oğlunun ruhunu geri qaytarır. Əvəzində isə bir arıq öküz və bir parç istəyir. İstədiklərini aldıqdan sonra çayda parçdan su tökərək arıq öküzünü çimdirir. Elçilərinin onu yarıtmadığını görən Erlik özü Balın-Senqenin ruhunun dalınca gedir. Yolda onu görüb tanımır. Balın-Senqe Erlikdən hara get­diyini soruşur. Erlik isə öz növbəsində onun nə elədiyini xəbər alır. Balın-Senqe öküzünün onu bir gündə yeddi dəfə yer kürəsi üzərində gəzdirdiyini, dünən isə yorğun olduğu üçün yalnız üç dəfə gəzdirə bildiyini söyləyir. Erlik öz öküzü ilə Balın-Senqenin öküzünü dəyişir. Hiyləgər Balın-Senqeni Erliyin öküzü birbaşa yerin altına cəhənnəmə gətirir. Balın-Senqe Erliyin taxt-tacında oturur. Artıq Er­liyin yerinə keçən Balın-Senqe özünü Erlik kimi təqdim edərək, hiyləgər Balın-Sen­qeni, yəni Erliyi tutub cəhənnəmə atmalarını əmr edir. Erliyi tutub cə­hən­nə­mə atırlar. Erlik Balın-Senqeyə yalvarıb onu buraxması müqabilində öz taxt-ta­cını ona verir. O da Erliyi azad edərək, zindana qarovul qoyur (15, 242).

Azərbaycan nağıllarında rast gəldiyimiz Əzrayılla kirvə olmaq, yol yoldaşı olmaq, birlikdə çalışmaq təsadüfi bir detal deyil. Belə ki, Erlik haqda mətnlərdə bu məqama diqqət etmək lazımdır. Bu mətnlərdə deyilir ki, Balın-Senqe Er­li­yin elçiləri ilə birlikdə çalışır, onlarla yol yoldaşı olur. Hətta Erliyin elçiləri ilə birlikdə üçlükdə can almağa gedirlər. Bu da onu deməyə imkan verir ki, Azər­baycan nağıllarında rast gəldiyimiz Əzrayılla kirvə olmaq, yol yoldaşı olmaq, qəhrəmanın Əzrayılla birlikdə çalışması (yəni xəstənin üstünə birlikdə getmələri şəklində) Erlik haqda mətnlərlə səsləşir. Bu da motivin ümumtürk folklorundan qaynaqlandığını göstərir.

Əzrayıla kələk gələrək əcəldən qaçmağa çalışmaq hiyləgər qəhrəman Balın-Senqe və Erlik qarşıdurmasında olduğu kimi “Əzrayılın kələyi” nağılının bir variantında da qarşımıza çıxır. Nağılda qəhrəman əvvəldə qeyd etdiyimiz va­riantda gördüyümüz kimi Əzrayılı Allahdan daha ədalətli sayaraq onunla kirvə olur. Kişinin vaxtı tamam olanda Əzrayıl onun canını almağa gəlir. Əvvəlki va­riantdan fərqli olaraq, kişi onu kəsdikləri duz-çörəyə and verir. Əzrayıl canını al­mayıb gedir. Əzrayıl bir müddətdən sonra yenə gəlib deyir ki, yerə yatıb kəl­me­yi-şəhadətini de, canını alacam. Kişi kəlmeyi-şəhadətini yarımçıq deyib, yarısını yüz ildən sonraya saxlayır. Əzrayıl uşaq donuna düşüb oturur kişinin yolunun üstündə başlayır ağlamağa. Kişi uşaqdan ağlamağının səbəbini soruşanda kəl­me­yi-şəhadətini bilmədiyini, sona qədər öyrətməsini istəyir. Kişi kəlmeyi-şə­ha­də­ti­ni sona qədər deyir. İstəyir uşağa da öyrətsin. Uşaq dönüb Əzrayıl olur. Kişi əlacsız qalıb yerə yatır. Əzrayıl onun canını alır ( 5, 219).

Nağılın bu variantında qəhrəman Əzrayıla kələk gələ bilmir. Əzrayıl on­dan hiyləgər çıxır. “Əzrayılın kirvəliyi” nağılı da öncəki nağılın bir variantıdır. Bu variantda isə qəhrəman kəlmeyi-şəhadəti yarımçıq deyərək Əzrayıla hiylə gəlib öz ömrünü uzadır. Nağılda Yetim Həsən öncəki nağıldakı kimi Əzrayılın sayəsində varlanır. Həsənin özü bir gün görür ki, Əzrayıl baş tərəfində oturdu, arvada üç dəfə yerini dəyişdirtdirir. Əzrayıl kəlmeyi-şəhadətini deməsini tələb edir. Həsən yarısını deyir, yarısını da yüz ildən sonra deyəcəyini bildirir. Əzrayıl Allaha şikayət edir. Allah Həsənin düz dediyini və canından bezib özü ölmək is­təməyənə qədər öldürməməyi buyurur ( 5, 218).

Sadaladığımız Azərbaycan nağıllarında olduğu kimi Altay türklərinin Erlik haqda folklor mətnlərində də hiyləgər qəhrəmanlar Balın-Senqe və Uskuz-ul da Erliyə hiylə gəlirlər. Hər iki folklor nümunələrində əcəldən qaçma ölüm mə­lə­yinə hiylə gəlmək yolu ilə baş verir. Mətnlərdən də aydın olur ki, komik folklor süjetlərində tez-tez rast gəldiyimiz kələkbazlar müxtəlif qütblər arasında kəskin ayrılığı aradan qaldıran obrazlardır (13, 10). Mətnlər arasındakı bu qədər uy­ğunluq və səsləşmə Azərbaycan folklorundakı əcəldən qaçma motivinin ümum­türk folklorundan qaynaqlandığını deməyə imkan verir.

Yeri gəlmişkən, Əzrayılın hiylə yolu ilə qəhrəmanın canını alması ilk in­san haqqında Azərbaycan mifoloji mətnlərində də qarşımıza çıxır. Burada əcəldən qaçma motivi Ucubılıx, digər variantda isə Möhsün adlandırılan ilk in­sanla bağlıdır. Ucubılıx çox uzun adam olub. Əzrayıl onu öldürə bilmir. Hiylə ilə öldürməyə qərar verir. Kötüyün ucunu yerə batırır. Ucubılıxın ayağı ilişib yı­xılır. Əzrayıl sinəsinə çöküb onun canını alır (1, 155). “Ucubılıx”ın variantı “Möhsün” mifoloji mətnində də əcəldən qaçma motivi ilə rastlaşırıq. Çox hün­dür, bərk qaçan adam olub. Əzreyil gəlir canını almağa. Allah Əzreyilə tapşırır ki, gözünə görün. Əzreyil qonaq kimi gəlir. Möhsün bərk qaçmağına güvənib deyir ki, Əzreyil mənə çata bilməz. Qaçıb ucqar dağın belində meşənin içində iki adamı dalaşan görür: bir adam ölüb, ona qəbir qazıblar. Biri deyir gödəkdi, digəri deyir bəsdi. Möhsün ölçünü yoxlamaq üçün qəbrin içinə girir. Əzreyil orada canını alır (3, 17). Hər iki mətndə də Əzrayıl hiylə yolu ilə qəhrəmanların canını alır.

Əzrayıla hiylə gəlmək Balın-Senqenin Erliyə kələk gəlməsi ilə bağlı mət­nin bir variantı ilə səsləşir: Balın-Senqe ölüm ayağında olan qadını Erliyin el­çi­lərindən, yəni ölüm mələyindən, əcəldən qaçırır. Səhər gün çıxanda qadının ru­hunu alacaqlarını öz aralarında danışan Erliyin elçiləri belə şərtləşirlər ki, gecə qa­dını başqa çadıra keçirəndə biri onun ağrıyan yerindən yapışacaq, qadın as­qı­ra­caq. O zaman digəri peyda olub onun ruhunu alacaq. Balın-Senqe qadını ölüm­dən xilas etmək üçün başqa çadıra onun yerinə qadının paltarı ge­yin­di­ril­miş müqəvva qoydurur. Özü isə lüt soyunub çadırda gizlənir. Erliyin elçiləri mü­qəvvadan yapışanda qəfildən ortaya çıxıb qışqırır ki, Erlik sizi müqəvva öl­dür­məyə göndərib?! Bundan sonra elçilərlə birlikdə üçlükdə can almağa ge­dir­lər. Bu mətndə də digəri kimi qəhrəman Erliyə dəfələrlə hiylə gəlir (15, 243).

Azərbaycan nağıllarında qəhrəmanın Əzrayıla hiylə gəlməsi daha çox ya­rımçıq deyilmiş kəlmeyi-şəhadətlə əlaqəlidir. Yəni dini amil üstünlük təşkil edir. Bu da motivin daşıdığı arxaik mifoloji ideyanın dəyişik şəklidir. Azər­baycan na­ğıllarında əcəldən qaçma kəlmeyi-şəhadətin yarımçıq deyilməsi, kəsilən duz-çö­rəyə and içilməsi, çörəyin müqəddəsliyinə and verilməsi şəklində özünü gös­tə­rir. Burada hiylə elementindən başqa kəsilən duz-çörəyin müqəddəsliyi də ön plana çəkilir. Qədim türk şamanizmindən qal­ma motivin öz ilkin arxaik mi­fo­lo­ji ideyası islam dini təsəvvürləri ilə əvəz­lə­nib.

Qarabağdan toplanmış Əzrayılla bağlı mətnlərdə də Əzrayıl duz-çörəyə and verilərək, can alma fikrindən döndərilir (AT 1199). Oğlan canını almaq is­tə­yən Əz­rayıla bir yerdə kəsdikləri duz-çörəyə and verir. Əzrayıl Allaha şikayət edir. Allah buyurur ki, get onların hərəsini on beş-on altı yaşında cavan elə, qoy ömür sür­sünlər. Duz-çörəkdən keçə bilməyən Əzrayıl onun ömrünü uzadır (10, 227). Ölüm mələyi ilə bağlı mətnlərin bir variantında da oğlan canını almaq is­tə­yən Əz­rayılı duz-çörəyə and verir. Əzrayılla bir gənc yol yoldaşı olurlar, bir yer­də çörək kəsirlər. Əzreyil oğlana toy gecəsi otağa ayaq basan kimi öləcəyini de­yir. Oğlan ev­lənmək istəmir. Məcbur evləndirirlər. Əzreyil gələndə oğlan Əz­re­yıla and verib bir gecəlik möhlət alır. Yüz iyirmi dörd min peyğəmbərə, on iki imama, “Quran”a and verdirir. Əzreyil eşitmir. Çörəyə and verəndə qırx il möh­lət verir. Əzreyil deyir ki, “Qu­ran”dan qabaq çörək gəlib, dünyada çörəkdən qiy­mətli şey yoxdu ( 10, 228).

Sadalanan mətnlərdə Əzrayıl duz-çörəkdən keçə bilməyib qəhrəmanların ömrünü uzadır. Bu da çörəyə, nemətə verilən dəyərdi. Motiv özünün ilkin arxaik mifoloji ideyasından duz-çörəyin müqəddəsliyi ideyası şəklinə düşüb.



Dini rəvayətlərdə: Əcəldən qaçma motivi dini rəvayətlərin və qəribə əh­valatların da mövzusunu təşkil edir. Peyğəmbərlə bağlı olub və dini məzmun daşıyır. Burada motiv hansısa bir xeyirxah əməlin nəticəsində ömrün uzadılması kimi ifadə edilir. İslamlaşdırılmış və dini məzmun kəsb etmiş şəkildə qarşımıza çıxır. Bu da motivin dəyişik ifadə formalarından biridir. Motivin arxaik mifoloji ideyası dini ideya ilə əvəzlənib. Allah yolunda verilən sədəqə nəticəsində ömrün uzadılmasını “Allah yolunda sədəqə ver” dini rəvayətində görürük. Rəvayətdə Əzrayılın toy axşamı ilan cildində can almağa gəlməsi əks olunur. Peyğəmbər deyir ki, cavan oğlanı toy günü ilan vuracaq. Üç gün keçir cavan ölmür. Bunu peyğəmbərdən soruşurlar. Peyğəmbər bəyin otağındakı balışın altına baxmağı buyurur. Bir ilanın mütəkkənin altında qıvrılıb yatdığını görürlər. Evdən çıxanda bəyin sədəqə verdiyi məlum olur (14, 87). Xeyirxah əməl sayəsində əcəldən qaçmağa müyəssər olma, Əzrayılın toy axşamı ilana çevrilib balışın altında giz­lənməsi və gəlinin səxavətli olması sayəsində canının bağış­lan­ması “Ölümdən qaçan gənc” nağılında da əksini tapıb. Lakin rəvayətin bu va­riantında əcəldən qaçma Süleyman peyğəmbərlə əlaqələndirilir ( 2, 260). Qəh­rəmanın Əzrayılla yoldaşlıq etməsi və öləcəyi günü əvvəlcədən bilməsi Əz­rayılla bağlı nağıl sü­jet­lərinin əksəriyyətində var. Səfərə çıxan gənc Əzrayılla yol yoldaşı olur. Oğlan Əzrayıldan onun canını nə vaxt alacağını soruşur. Əz­ra­yıl “toy axşamı” deyir . Toy axşamı gəlin özü ilə gətirdiyi xonçanı bir kişinin apar­maq istədiyini görüb verir. Süleyman peyğəmbər Allahın hüzurunda deyir ki, sə­nin Əzrayılın ilan olub balışın altında yatdı. Mən xonçanı aldım, çörəkdən keç­mədim, ilanı yuxuya verdim. Get heyvanın başına vur ayılsın çıxsın getsin. Hər iki mətndə bəyin və gəlinin verdiyi sədəqə əcəldən qaçmalarına xidmət eləyir.

Qarabağ folklorunda “Əzrayılın qardaşlığı” mətnində də ömrün uzadıl­ması, əcəldən qaçılması Allah yolunda verilən sədəqə, xeyirxah əməl sayəsində, əliaçıqlıq və səxavət sayəsində baş verir.(Kişi qapısındakı heyvanların öləcəyini öyrənib onları satır. Axırda qada-bəla onun özünə gəlir.) (+AT332) ( Kişi Əz­ra­yılın yanına qaçır. Yalvarır ki, məni ölməyə qoyma. Əzrayıl hansı xəstənin ba­şı­nın üstündə durursa kişi onu sağaldıb haqqını alır.) (+AT751 C) (Kasıb Əz­ra­yı­lın köməyi ilə varlanır, amma qapısına gələn şəxsi əliboş geri qaytarmamalıdır. Süd üçün qapısına gələn şəxsin dalınca danışdığından Allah onun var-dövlətini əlindən alır.) (10, 225).

“Əzrayılın dostluğu” rəvayətində isə bir nəfər Əzrayılla dost olur. Əzrayıl ona öləcəyini qabaqcadan xəbər verəcəyinə söz verir. İki gün ara ilə iki qonşusu ölür. Səhərisi Əzrayıl kişinin yanına gəlir. Kişi Əzrayılın niyə xəbərsiz gəldiyini soruşanda Əzrayıl deyir ki, qonşularının ölməyi xəbər idi. Kişi iki gün də möhlət istəyir. Əzrayıl kişinin istəyini Allaha çatdırır. Allah iki gün möhlət verir. Kişi atını çapıb evdən uzaqlaşır. Ucsuz-bucaqsız çölə çatır. Dəstəmaz alıb namaz qıl­maq istəyəndə yolu toz-duman bürüyür, Əzrayıl görünür. O deyir ki, namazını qıl, vaxtın tamamdı, sənin canın bu yerdə alınmalı idi. Ona görə də öz ayağınla bura gəlib çıxmağına izn verildi (4, 93).

Bu mətndən elə görünür ki, Əzrayıl kişiyə son möhləti lazım olan ünvana yetişməsi üçün verib. Bu mətnin sonluğu bizə Qorqud haqda məşhur əfsanənin sonunu xatırladır. Əfsanənin sonunda da Qorqud səmadan gələn səsin dediyi kimi qaçdığı yerə­ – Sırdərya kənarına geri qayıdır və ruhunu ölüm mələyi Əz­rayıla tapşırır (16, 549).



Lətifələrdə: Əcəldən qaçma motivi lətifələrdə də öz əksini tapmışdır. Burada əcəldən qaçma komik element kimi ifadə olunur. M. Kazımoğlunun doğru qənaətinə görə, şifahi xalq ədəbiyyatının hansısa başqa janrında Allahla zarafatın bu cür silsilə təşkil etməsi çətin ki, mümkün olsun. Başqa janrların im­kanından kənar olan lətifədə, ümumiyyətlə komik folklor nümunələrində müm­künlüyü ən çox gülüşlə bağlıdır (13, 67). Burada əcəldən qaçmanın özü müx­tə­lif şəkillərdə komizmə xidmət edir. Əzrayıl birinin canını almağa gəlir. O, üç gün möhlət istəyir, Əzrayıl verir. Sonra iki gün, yenə də bir gün möhlət istəyir. Gəmi ilə səyahətə gedəndə Əzrayıl gəlir. Əzrayıldan yenə möhlət istəyir ki, mənzil başına çatım, qayıdım sonra öldür. Əzrayıl deyir ki, hamınızı söz verə-verə gəmiyə komalamışam (11, 441). Qarabağ folklorundakı “Əzrayılnan yol­daşlıq edən şəxs” mətni isə öncəki lətifəyə nisbətən daha komikdir: Bir kasıb yoxsulluq əlindən başını götürüb çıxıb gedir ki, Əzrayılı harda görsəm, de­yə­cəm, al canımı. Birinə yol yoldaşı olur. Çayın kənarında yemək yeyəndə Əzrayıl olduğunu bilir. Qaçıb bəhməz küpəsinin içində gizlənir. Fikirləşir ki, birdən Əz­rayıl bəhməz alıb yeyər, məni tapar. Ordan çıxıb tük yastığının içinə girir. Yenə fikirləşir ki, birdən söykənər yastığa məni tapar. Ordan da özünü buxarıya atır. Yenə düşünür ki, buxarını yandırar, yanıb kül olaram. Buxarıdan çıxanda Əz­ra­yıl qapıdan girir. Kişini nə vəziyyətdə görürsə, qorxub qaçır. Allahdan hökm gə­lir ki, mən ona ömür verdim. Ona görə sən ondan qorxub qaçdın (11, 316).

Ölüm mələyinə hiylə gəlmək yolu ilə əcəldən qaçma Altay türklərinin folklorundakı Erlik haqda mətndə də komik şəkildə ifadəsini tapır. Bununla da, buradakı hiyləgərlik komik qarşıdurmanın əsasına, başlanğıc nöqtəsinə çevrilir (13, 60). Belə ki, can almağa gələn Erliyin iki elçisini aldatmaq üçün Balın-Senqe (variant: Andzın, Xurumçu) özünü ölülüyə qoyur. Ağzına yağ qoyub, əy­ninə kürk geyinib, əlinə çəkic alıb üzüstə yola uzanır. Arxasından da ot bi­tir­mə­lərini tapşırır. Erliyin iki elçisi gəlib təəcüblə ona baxırlar. Onun nədən və necə öldüyünü anlaya bilmirlər. Belə ki, o, soyuqdan donmayıb əy­nin­də kürk var. Onu heyvanlar öldürməyib, çünki əlində iki çəkic var. Acından öl­mə­yib, çünki ağzında bir tikə yağ var. Əgər dalında ot bitibsə, deməli, çoxdan ölüb. Amma ağzındakı yağ heç əriməyib. Erliyin elçiləri çaş-baş qalıb, bu adamın necə və nə vaxt öldüyünü başa düşməyib əliboş geri qayıdırlar (15, 244).

Bu mətn bizə yuxarıda təsvir etdiyimiz “Əzrayılın yoldaşlığı” ləti­fə­sin­də­ki qəhrəmanın bəhməz küpəsindən yastığa, yastıqdan da buxarıya girməsinin nə­ticəsi olaraq aldığı komik vəziyyətlə səsləşir. Mətnlər arasındakı bu səsləşmədə qədim türk dünyagörüşü ilə islam dünyagörüşünün qarşıdurmasının məzəli məz­mun daşıması açıq-aydın görünür. Azərbaycan folklorundakı əcəldən qaçma motivinin arxaik kökünü, invariantını ümumtürk folklorunda gördük.

Yeri gəlmişkən qeyd edək ki, M. Kazımoğlu “Xalq gülüşünün poetikası” əsərində Azərbaycan folkloru ilə müqayisəli şəkildə türkmənlərin Burkut baba rəvayətlərində və bəktaşi lətifələrində Allahla qarşıdurmanı komizm aspektindən geniş şəkildə araşdırmışdır (13, 59).




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə