Azərbaycan şifahi xalq ədəbiyyatına


AŞIQ ƏLƏSGƏR VƏ SƏMƏD VURĞUN YARADICILIĞINDA



Yüklə 1.8 Mb.
səhifə7/8
tarix19.02.2020
ölçüsü1.8 Mb.
1   2   3   4   5   6   7   8

AŞIQ ƏLƏSGƏR VƏ SƏMƏD VURĞUN YARADICILIĞINDA

DÜNYA OBRAZI
Xülasə

Məqalədə Dünya obrazının həm aşıq, həm də XX əsr Azərbaycan ya­zı­lı ədəbiyyatında mövqeyindən bəhs edilmişdir. Aşıq Ələsgərin və S.Vurğunun yaradıcılığına müraciət edilərək müəyyən nümunələrdən isti­fa­də olunmuşdur.



Açar sözlər: aşıq, poeziya, obraz, dünya, cahan
THE CHARACTER OF WORLD IN THE TRACE OF ASHUG ALASGER AND SAMAD VURGUN

Summary

In the article it is said about both character og ashug the character world and the status of written literature of Azerbaijan. Appealing to Ashug Alasger and Samad Vurgun activity the definite examples are used.



Key words: ashug, poetry, character, world, universe
ОБРАЗ МИРА В ТВОРЧЕСТВЕ

АШУГ АЛЕСКЕР И САМЕД ВУРГУНА

Резюме

В статье рассказывается о положении образа мира как в ашугс­кой поэзии, так и в эпистолярной литературе Азербайджана ХХ века. Были использованы некоторые образцы из творчества Ашуг Алес­кера и Самед Вургуна.



Ключевые слова: ашуг, поэзия, образ, мир, вселенная
Folklorumuzun ən qədim və zəngin qollarından birini aşıq poeziyası təşkil edir. Aşıq yaradıcılığı tarixinin çox qədimlərə söykəndiyini bir sıra alim­­lərimiz araş­­dırıb tədqiq etsələr də, bu haqda dəqiq məlumat yoxdur. Aşıq poeziyasının fəl­səfi məzmununda mühüm rol oynayan obrazlardan bi­­ri Dünya obrazıdır. Bu da təsadüfi deyildir. Çünki dünyanın yaradılışı, dün­ya haqqında müxtəlif mü­la­hi­zə­lə­rin mövcudluğu poeziyaya, o cüm­lə­dən aşıq yaradıcılığına da təsir et­miş­dir. Aşıq­larımız öz şeirlərində bə­zən dünyaya tərif deyir, bəzən də hər hansı bir na­razılıqları varsa, onu dün­yaya ünvanlayıb şikayətlənirlər. Bu mənada Yunis İm­rədən, Qurba­ni­dən tut­muş Abbas Tufarqanlı, Xəstə Qasım, Molla Cümə, Aşıq Alı, Aşıq Ələs­­gər və başqa aşıqların yaradıcılığında Dünya obrazına çox sıx tə­sa­düf olunur.

Dünya sözü çox vaxt nümunələrdə fələk, aləm, cahan sözləri ilə də əvəz olu­nur. Dünya sirlərlə dolu bir aləmdir, başqa sözlə, sirr dağarcı­ğı­dır. “Kimsə bil­məz dünya necə qurulmuş” (3, 9). Dünyanı tanımaq, ona bə­ləd olmaqdan ötrü

keş­məkeşlərdən keçməlisən, görüb-götürməlisən, başına min bir qəzavü-qədər

gəl­məlidir və gəlir də (3, 10).

Aşıqlar dünyanın etibarsızlığından, faniliyindən şikayətlənərək onları öz şe­ir­lərində yeri gəldikcə qeyd etmişlər. Dünya firavanlıq, harınlıq timsalıdır, onun­la bəhsə girmək, onun qayğısına qalmaq olmaz, o heç kimə qalmayıb: “Ye­dilər, içdilər fani dünyada, Aldılar beş arşın ağı get­dilər...” (3, 17).

Bəzən klassik aşıq poeziyasında biz dünyanın faniliyinə, etibarsız­lı­ğına qarşı etiraza da rast gəlirik. Məsələn, Aşıq Veysəl yaradıcılığında bu, aydın du­yulur:

Veysəl de: başını boşuna yorma,

“Dünya fani” deyib çöküb oturma,

Addım at irəli, avara durma,

Yoldaş ol rifaha qarışanlara (3, 17).

Dünya haqqında bir sıra deyimlər də mövcuddur. Məsələn: “Gə­lim­li-ge­dimli dünya, Bir ucu ölümlü dünya”, “Beş günlük dünya”, “Dün­yadan qalan beş arşın bezdir” və s.

Aşıq dünyanın hər cür üzünə bələd olduğu üçün şeirlərində bəzən bəd­binləşir. Lakin bununla yanaşı nikbin ruh da aşığı tərk etmir. Qurba­ni­də bu fikir daha qabarıqdır:

Ey ağalar, bu dünyanın üzündə

Təzəcə açılan güllər sevinsin.

Bir əyri çalmalı, xumar gözlünün

Zülfünü dağıdan yellər sevinsin (3, 20).

Məlum olduğu kimi, aşığın müraciət etdiyi əsas mövzulardan biri də han­sı­sa bir gözəlin tərifidir. “Gözəl vəfasız olanda lirik qəhrəman ona Dün­yanın bir atributu kimi baxır və gözəlin vəfasızlığı Dünyanın vəfasız­lığının tərkib hissəsi kimi qiymətləndirilir” (3, 22). Əhdinə, ilqarına düz dur­mayan gözəl lirik qəh­rə­manın “gen dünyasını” başına dar edir. “Gö­zə­lin vəfasızlığı elə bir stress gücünə malikdir ki, “gen dünyanı” lirik qəh­rəmanın başına tərsinə çevirir”.

XIX əsr aşıq poeziyasının ən görkəmli simalarından olan Aşıq Ələs­gərin yaradıcılığında da Dünya obrazına yetərincə yer ayrılmışdır. O, er­kən yaş­la­rın­dan aşıq sənətinin incəliklərinə yiyələnərək dəyərli irs yarat­mışdır. Aşığın ya­ra­dıcılığına nəzər saldıqda ilk şeirlərindən tutmuş son şeir­lərinədək onun gözəllik aşiqi oldu­ğunun, gözəli səmimi şəkildə vəsf etdiyinin şahidi oluruq. “Böyük sə­nətkar mə­həbbəti yolunda canını fəda edən aşiqlərə qibtə edir, çox zaman özünü onlarla müqayisə eyləyir və göstərir ki, əhli-hal adamlar bu fədakarlığı qiy­mət­ləndirə bilər:

Ölsəm Fərhad kimi Şirin yolunda,

Adam sayar adam sayılan məni” (2, 27).

Aşığın şeirlərində vətənə məhəbbət, dosta hörmət, insanın mənəvi gö­zəl­li­yinə rəğbət motivləri son dərəcə qüvvətlidir. Dünya obrazına gəl­dikdə isə aşıq öz yaradıcılığında müxtəlif formalarda dünyaya müra­ciət etmişdir. Dünya cah-cəlallıdır, varidatlıdır və həmin varidata aldananların, uyanların aqibəti klassik aşıq poeziyasında həmişə nəsihət örnəyi kimi çıxış edir, lirik qəhrəmanı haqqa,

ədalətə, təmizliyə, toxgözlüyə, mərdliyə, əhdə, özündən zəiflərə, yoxsullara əl tutmağa çağırır.

Aldanıb dünyanın cah-cəlalına,

Haram qarışdıran öz halalına,

Xəyanət eyləyən qonşu malına

Haqqın divanında qaldı da getdi (3, 15).

Yaxud:


Neçə sirri gördüm, sirr qaldım aşkar,

Səxavət əhlini yandırmadı nar.

Salavatla işlər hər dükan, bazar,

Zay oldu dünyanın malı qabaqda (1, 59).

Bəzən də aşıq dünya malına çox həris olmamağa, bu dünyada oruc tutub namaz qılmağa, Allaha şükr eləməyə çağırır. Ölən vaxt yalnız in­sa­na kəlmeyi-şəhadətin lazım olduğunu göstərir. O dünyada Sirat körpü­sün­dən keçərkən sual-cavab sorğusuna öz savab əməllərinlə hazır olmalısan. Dünya malı yalnız dün­yada qalacaqdır:

Suali-Sirat qabaqdadı,

Nə damaqdı dünyada!?

Kəlmeyi-şəhadət lazımdı

Ölən vaxtı dünyada.

Tut orucun, qıl namazın,

Şükür eylə Allaha;

Gül olma dünya malına,

Qalacaqdı dünyada (2, 194).

İstər aşıq yaradıcılığında, istərsə də yazılı ədəbiyyat nümunələrində ayrı-ayrı sənətkarlar müəyyən fikri ifadə etmək üçün müxtəlif poetik va­si­tə­lərdən is­tifadə edirlər. Həmin poetik vasitələr bir tərəfdən irəli sürülən ide­yanın bitkin forma al­masına kömək edir, digər tərəfdən də cazibədar poe­tik mənzərə yaranır. Aşıq Ələs­gər yaradıcılığında dünyanın eti­bar­sız­lığına yönələn nümunələr də məhz belədir:

Qafil dilim, bu nə yoldu tutubsan.

Sərf edirsən nə kamaldı dünyada.

Dövlətə güvənib, gül tək açılma,

Çox sənin tək güllər soldu dünyada (1, 43).

Digər bir şeirdə Aşıq Ələsgərin lirik qəhrəmanı üç şeyin insana bəla gə­tirə biləcəyini qeyd edir. Əslində bunlar da Dünya obrazı ilə müqa­yi­sə­də həyat real­lıqlarının təcəssümüdür:

Bu dünyada üç şey başa bəladı;

Yaman oğul, yaman arvad, yaman at.

İstəyirsən qurtarasan əlindən,

Birin boşla, birin boşa, birin sat (1, 32).

Nümunələr göstərir ki, Aşıq Ələsgər yaradıcılığında əsas yer tutan mə­həb­bət mövzusu və bu mövzunun inikas məsələləri də Dünya obra­zın­dan kənarda

deyil. Bu mənada aşığın lirik qəhrəmanı vəfasızlığa uğra­ya­raq eşqə mübtəla ol­mağın ağırlığından bəhs edir:

Dedim, könül, içmə eşqin camını,

İçsən dünya sənə dar olacaqdı...(3, 23).

Aşıq Ələsgərin lirik qəhrəmanın yar həsrətinə ünvanladığı başqa bir şeirin­də bu həsrət Dünya obrazı ilə müqayisədə verilir:

Ala gözlüm, səndən ayrı düşəli,

Hicranın qəmiylə kef eyləmişəm.

Ah-vay ilə günüm keçib dünyada,

Qəm satıb, dərd alıb nəf eyləmişəm (1, 46).

İstər aşıq yaradıcılığında, istərsə də yazılı ədəbiyyatda, o cümlədən Aşıq Ələsgər və S.Vurğun şeirlərində çərx, fələk sözlərinin də dünya sö­zü­nün si­no­ni­mi kimi işləndiyi, başqa sözlə, Dünya obrazını əvəz etdiyi nümunələr də vardır:

Fələyin qəhrindən, el töhmətindən

Dərdim artıb, bir ümmana dönübdü.

Dostun firqətindən, yar həsrətindən.

Bahar mana zimistana dönübdü (1, 42).

Yaxud:

Çarx dolandı, baxtım tapdı tənəzzül.



İqbalım şikara döndü, nə döndü!

Can deyən dostlarım, şux gözəllərin

Ovsunlamaz mana döndü, nə döndü!(1, 41)

Nümunələrdən göründüyü kimi Dünya obrazı Aşıq Ələsgərin yaradı­cı­­lı­ğında geniş əks olunmuş və bununla da şeirlərə daha da rəngarənglik qatmışdır.

Yaradıcılığında Dünya obrazının xüsusi yeri olan XX əsr sənətkar­ların­dan biri də Səməd Vurğundur. Səməd Vurğunun yaradıcılığı çoxşa­xə­lidir, həm və­tə­nə, həm təbiət gözəlliklərinə həsr edilmiş müxtəlif əsər­lərinə rast gəlirik. Aşıq Ələsgərlə müqayisədə Səməd Vurğun dünyaya nik­bin baxmış, şeirlərində bir növ dünyanı qınamamış, əksinə dünyaya mü­ra­ciətlə istəklərini bildirmişdir. Sə­məd Vurğun yaradıcılığında da dün­ya sözü ilə yanaşı, cahan, aləm, kainat söz­lə­rinə də rast gəlirik. Aşağı­dakı bənddə şair cahan, kainat sözlərindən istifadə et­miş, eyni zamanda aləmə səslənərək, insanın hər bir əməlini dünya ilə müqayisə

edərək kainat sə­viyyəsinə çatdırmışdır:

Qoy deyim onları, eşit, sən də bil;

Bil ki, hər əməlin bir kainatdır.

Səsimə səs versin bağçada bülbül;

Cahanda ən gözəl, məncə həyatdır,

Bil ki, hər əməlin bir kainatdır (4, 139).

Səməd Vurğun aşağıdakı bənddə bir növ, dünyaya müraciətlə öz şikayət və fəryadını bildirir:

Sürmədim bir həyat canlı dünyada,

Şövkətli dünyada, qanlı dünyada,

Şu xəstə könlümdən qopan fəryada

Bülbüllər dillənsin, güllər ötüşsün (4, 23).

Aşıq Ələsgərlə müqayisə etmiş olsaq, Səməd Vurğun şeirində də bəzən dünya sözü fələk sözü ilə əvəz edilir:

Qalmamış qüdrətim...dalğınam çoxdan,

Unutdum varlığı...dönmədim yoxdan...

Fələklər tac saldı mən atan oxdan,

Çıxmadım bu qanlı meydan əlindən (4, 47).

Yaxud:


Fələklər yaratmış bu yeri cənnət –

Desəm, çox münasib həqqindir əlbət.

Səndə var doğruluq, var səmimiyyət,

O ibrət bağına loğmanlar gəlir (5, 124).

Aşıq Ələsgər yaradıcılığı ilə daha bir müqayisə onu göstərir ki, Sə­məd Vurğun şeirində də sevən aşiqin arzuları Dünya obrazı ilə qar­şı­laş­dı­rı­lır. Nikbin ruhda yazılmış aşağıdakı nümunədə şair sevgilisinə müra­ciət­lə gözəl bahar ge­cə­sini, dəniz səsini xoş bir laylaya bənzədərək hər kəsin həyatda öz yeri olduğunu nəzərimizə çatdırır:

Sevgilim, nə gözəl bahar gecəsi!

Bizə layla çalır dənizin səsi.

O kimdir sulara qəzəl oxuyur,

Cahana hər gələn bir əsər qoyur...(4, 152).

Səməd Vurğun yaradıcılığında dünya mövzusunda yazılmış diqqət çə­kən şeirlərdən biri də məşhur “Dünya” şeiridir. Burada şair dünyanın, doğ­rudan da, gəlimli-gedimli olmasını dolğun və əhatəli şəkildə təqdim etmişdir:

Buludlar dağılır uzaqda lay-lay,

Yenə öz yerində yuvarlanır ay,

Fəqət nə Cəlal var, nə də ki, Humay,

Nə ömrə acıyır, nə yaşa dünya (5, 263).

Bu bənddə şair buludları, ayı nəzərdə tutaraq əslində hər şeyin oldu­ğu kimi qalmasını vurğulayır. Həyatdan köçmüş insanların timsalında isə Cəlalla Humay

dayanır. Dünyanın heç kəsə yazığı gəlmir, nə yaşa baxır, nə də ömrə. Ulduzlu gecədə xəyalı ilə təkbətək qalan lirik qəhrəman həyatın bir göz qırpımında gəlib keçməsindən təəssüflənir:

Ulduzlar havanın bağrını dəlir,

Qayalı dağlardan duman yüksəlir,

Xəyalım gecəni salama gəlir,

Çapdırır atını birbaşa dünya (5, 263).

Digər bənddə şair hər yerin bağlı-bağatlı olmasını, göyün ucsuz-bu­caq­sız olduğunu, kainatın sirli, əzəmətli olduğunu qeyd edərək dünyaya tamaşa et­mək­dən doymadığını nəzərimizə çatdırır:
Ellərə baxıram bağçalı-bağlı

Göylərə baxıram qapısı bağlı,

Kainat ixtiyar, sirli, soraqlı,

Əzəldən yaranıb tamaşa dünya (5, 263).

Şair şeirdə heç nəyin əbədi olmadığını, dünyanın sirlərlə dolu oldu­ğu­nu göstərərək bir gün yarananın sabah qara torpağa qarışdığını, dün­ya­nın daim ye­nilənərək boş qalmadığını əks etdirir:

Bir də görürsən ki, açılan solur,

Düşünən bir beyin bir torpaq olur,

Bir yandan boşalır, bir yandan dolur,

Sirrini verməyir sirdaşa dünya (5, 263).

Nəticə olaraq Səməd Vurğun dünyanın əzəldən belə olduğunu, vəfa­sız hə­yatın əldən-ələ keçərək daimi dünyada bizlərə əmanət olduğunu nü­ma­yiş etdirir:

Əzəldən belədir çünki kainat,

Cahan daimidir, ömür amanat.

Əldən-ələ keçir vəfasız həyat,

Biz gəldi-gedərik, sən yaşa dünya! (5, 263)



Həm Aşıq Ələsgər, həm də Səməd Vurğun yara­dı­cı­lı­ğında Dünya obra­zı­nın geniş şəkildə işlənməsi nümunələrlə sübut olunur. Eyni zamanda aydınlaşır ki, hər iki sənətkar Dünya obrazına müx­təlif cəhətlərdən ya­naşmış və öz poetik məqsədləri üçün istifadə etmişlər.
QAYNAQLAR

  1. Aşıq Ələsgər. Əsərləri. Bakı, 2004

  2. Aşıq Ələsgər. Əsərləri, dastan-rəvayətlər, xatirələr... Bakı, 1999

  3. Əfəndiyev Elçin. Klassik aşıq poeziyasında “Dünya” obrazı. Bakı, 1996

  4. Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, 2005

  5. Səməd Vurğun. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, 1976


Peşəkar söyləyici ifaçılığı
NAĞIL USTASI ABBAS ABBASOVUN REPERTUARI2


Abbas Mahmud oğlu Abba­sov 1938-ci ildə Cəbrayıl rayo­nu­nun Soltanlı kəndində dindar bir ailədə anadan olub. Babası Hacı Ab­bas həcc ziyarətində, ana babası məşhəd ziyarətində olub. Atası Mah­mud kişi isə kəndin mollası olub. Dindar ailədə böyüdüyündən hələ kiçik yaşlarından dinə xüsusi maraq göstərib, babasından, ata­sın­dan Quranın müəyyən surələrini öyrənib. 1958-ci ildə Azər­bay­can Dövlət Pedaqoji Universitetinin ib­tidai sinif müəllimliyi fakül­tə­sinə qəbul olub. 1962-ci ildə ali təhsilini başa vurub Soltan­lıya qayıdıb və 30 ildən artıq Soltanlı kəndində ibtidai sinif müəl­limi işləyib. İxtisasının müəllim olmasına, səkkiz kəndin metodisti işləməsinə baxmayaraq, əhali arasında müəl­limdən daha çox molla kimi tanınır. Ona görə də hamı onu Molla Abbas deyə çağırır. Abbas kişinin dediyinə görə, atası dünyasını dəyişəndən sonra kənddə molla ol­ma­dı­ğın­dan yas yerlərinə gizlin gedib fatihə verər, Quran oxuyar­mış. 1993-cü ildən sonra isə sərbəst mollalıq etməyə başlayıb. Danışdığı nağılları atasından eşidib. Güclü yaddaşı sayə­sində bir dəfə eşit­məklə onları yadında saxlaya bilib.

Abbas kişi indiyə qədər qarşılaşdığımız söyləyicilərdən fərqli olaraq, mətnə münasibətdə professional söyləyici kimi çıxış edir və mükəmməl bil­mə­di­yi mətni qətiyyən söyləmir. Bu səbəbə görə ilk görüşdə ondan, demək olar ki, heç nə yazıya ala bilmədik. Uzun müddət ifa etmədiyindən bəzi nağılları unut­duğunu və ya qismən xatırladığını bildirərək daha yaxşı hazırlaşmaq və nağılı tam yada sala bilmək üçün bizdən möhlət istədi. Növbəti görüşümüzdə on­dan “İs­gəndər Zülqərnə”, “Üç vəsiyyət”, “Abid və çoban” nağıl­larını, bir neçə gündən sonra təkrar görüş­ümüz zamanı daha üç mətn – “Üç məsləhət”, “Yetim oğlan” və “Üç ölüm” nağıllarını yazıya aldıq.

Həmin nağıllar bəlli süjetlər əsasında qurulsa da, təhkiyəsinə, yeniliyinə görə ənənəvi variantlardan xeyli fərqlənir. Məsələn, “Üç ölüm” nağılı­nın Azər­bay­canda indiyə qədər ancaq bir variantı məlum idi, Abbas kişidən qeydə alın­mış variant isə süjetin təhlilində mühüm rol oynayacaqdır. “İsgəndər Zülqərnə” na­ğılı isə kontaminasiya baxımından xüsusi maraq doğurur. Nağıl İsgəndərin şi­mala, cənuba, şərqə və qərbə səfər etməsi və başına gələn macəralardan bəhs edir. Söyləyici bu üsulla beş süjetin kontaminasiyasına nail olub və nəticədə bənzəri olmayan bir nağıl nümunəsi ortaya çıxıb.




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə