Şəkinin müstəqilliyinə son qoyulması. Dərviş Məhəmmədin dövründə Səfəvi – Şəki münasibətləri pisləşdi. 1538-ci ildə Şah I Təhmasıb Şirvana yürüş edəndə Dərviş Məhəmməd Şahruha kömək göstərməyə cəhd etmişdi. Dərviş Məhəmməd 1547-ci ildə Əlqas Mirzənin Səfəvilərdən ayrılmaq cəhdini də müdafiə etmişdi. 1551-ci ildə Şəkinin müstəqilliyinə son qoymaq üçün Şah I Təhmasib Şəkiyə hücum etdi. O, Dərviş Məhəmmədə məktub yazıb tabe olmağa çağırdı. Lakin Dərviş Məhəmməd “Gələrsən Görərsən”, Kiş qalalarında möhkəmlənib müqavimət göstərmək qərarına gəldi. Səfəvilər Kiş qalasını top atəşi ilə dağıtdılar. Dərviş Məhəmməd qaçarkən tutuldu və başı vurulub şaha gətirildi. Beləliklə, 1551-ci ildə Səfəvilərin Şəkini tutması nəticəsində Şəkinin müstəqilliyinə son qoyuldu, Şəki hakimliyi Səfəvi dövlətinə birləşdirildi. I Təhmasib Toğrul bəy Qacarı Şəkiyə hakim təyin etdi.
Beləliklə, Şirvanın və Şəkinin müstəqilliyinə son qoyulması ilə Azərbaycan torpaqlarının vahid dövlətdə birləşdirilməsi başa çatdı. Ölkənin şimal və cənubunun bir dövlətdə birləşdirilməsi Azərbaycanın gələcək iqtisadi və mədəni həyatında müsbət rol oynadı.
I Səlim Azərbaycan torpaqlarını tam şəkildə ələ keçirməyə nail ola bilmədi. Bu vəzifəni Sultan I Süleyman Qanuni (1520-1565) yerinə yetirməyi düşünür və Osmanlı dövlətinin ərazisini şərqə doğru genişləndirməyə çalışırdı. Şah I İsmayılın ölümündən sonra hakimiyyətə gəlmiş I Təhmasib (1524-1576) ölkənin müdafiəsini təşkil etdi.
Birinci dəfə Sultan Süleymanın 100 minlik qoşunu Azərbaycana 1534-cü ildə hücum etdi. Sentyabrın 27-də osmanlılar Təbrizi ələ keçirdilər, lakin burada ciddi çətinliklərlə üzləşdilər. Qışın sərt keçməsi və aclıq onları Bağdada çəkilməyə məcbur etdi.
Sultan I Süleyman ikinci dəfə 1535-ci ilin yazında Azərbaycana yürüş etdi. Hələ bundan əvvəl I Təhmasib “yandırılmış torpaq” taktikasını tətbiq edərək, Təbriz əhalisini İraq və İrana köçürmüş, aparılması mümkün olmayan şeyləri məhv etmişdi. Osmanlı qoşunları Təbrizə daxil olsa da, aclıq və səfalət onları bu dəfə də geri qayıtmağa vadar etdi.
Sultan Süleyman üçüncü dəfə 1548-ci ildə Azərbaycana hücum etdi. Bu zaman qızılbaş əmirləri arasında çəkişmələr başlamış, Şirvanda isə Bürhan Mirzənin başçılığı ilə üsyan baş vermişdi. Vəziyyətin ağırlığını görən I Təhmasib 1548-ci ildə paytaxtı Təbrizdən Osmanlı sərhəddindən uzaqda yerləşən Qəzvinə köçürdü. Türkiyə sərhəddindən Təbrizə qədər olan ərazidə ərzaq, ot-alaf məhv edilmiş, su quyuları doldurulmuşdu. Osmanlılar Təbrizi tutdular, 4 gün qaldıqdan sonra oranı tərk etdilər. Şahın qardaşı Əlqas Mirzə osmanlılara kömək edirdi. O, Həmədan yaxınlığında döyüşlərdə səfəvilərə əsir düşdü, Qəhqəhə qalasına salındı və orada da öldürüldü.
Osmanlılar Azərbaycanı tərk edəndən sonra 1549-cu ildə I Təhmasib Şirvan üsyanını yatırmağı Abdulla xana tapşırmışdı və Abdulla xanın başçılığı ilə qızılbaşlar Şirvana yürüş etdilər, Əlişaban adlı yerdə üsyançılar məğlub edildi, onların başçısı Bürhan Mirzə öldürüldü. Şirvanın müstəqilliyinə nail olmaq məqsədi güdən bu üsyan amansızlıqla yatırıldı. Abdulla xan Şirvanın bəylərbəyi təyin olundu.
I Təhmasib Osmanlılara qarşı fəal hərbi əməliyyata başladı. 1552-ci ilin yazında dörd istiqamətdə Osmanlı ərazisinə hücum etdi. Hilat, Van, Bitlis, Vostan, Ərciş qalaları dağıdıldı. Qızılbaşlar xeyli qənimət ələ keçirdilər.
1554-cü ilin yazında Sultan Süleyman dördüncü dəfə Azərbaycana hücum etdi. O, Naxçıvanı işğal etsə də, ərzaq çətinliyi onu Ərzuruma çəkilməyə məcbur etdi. Osmanlı qoşunlarını təqib edən qızılbaşlar onlara böyük zərbə vurdular. Səfəvi Qasım Mirzə Osmanlı tərəfə keçdi. Sultan Süleyman bu zaman Krım xanının süvarilərini Osmanlıların tərəfinə keçmiş Qasım Mirzənin köməyinə göndərdi. Osmanlı qoşunları isə yenidən Şirvana hücum etdi, lakin Buğurd qalası yaxınlığında məğlub oldular. Gülüstan qalası ətrafında bəylərbəyi Abdulla xan Qasım Mirzənin başçılıq etdiyi üsyançıların dəstələrini darmadağın etdi və Qasım Mirzə Dağıstana qaçdı.
Səfəvilər əlverişli şəraitdə Osmanlıların üzərinə hücum edib onlara zərbələr endirirdilər. Bu isə Osmanlıların qüvvəsini tükəndirdi. Azərbaycanı işğal etmək planının boşa çıxdığını görən Sultan Süleyman Səfəvilərlə danışıqlara başladı. 1555-ci il may ayının 29-da Amasiyada sülh müqaviləsi bağlandı.
Bu sülhə görə Qərbi Gürcüstan, Van gölü ətrafı ərazilər Osmanlılara, Şərqi Gürcüstan, Göyçə gölü və Ağrı dağı arası ərazilər Səfəvilərə verildi. Beləliklə, Osmanlı Səfəvi müharibəsinin birinci mərhələsi başa çatdı.
Dostları ilə paylaş: |