Urmiya xanlığı. XVIII əsrin ortalarında Urmiya gölünün cənubi-qərbində Urmiya xanlığı meydana gəldi. Onun əsası Nadir şahın əmisi oğlu Fətəli xan Əfşar tərəfindən qoyulmuşdu. O, Təbrizi ələ keçirib paytaxtı bura köçürtdü və Nadir şahın görkəmli sərkərdələrindən biri Azad xanı öz tərəfinə çəkdi. Xoy hakimi Şahbaz xanla ittifaqa girdi. Qaradağ, Marağa və Sərab xanlıqlarını hərbi yolla özündən asılı vəziyyətə saldı. O, 1751-ci il də İrəvan üzərinə hücum etdi, lakin müvəffəqiyyət qazanmadı.
XVIII əsrin 50-ci illərində İranda taxt-tac uğrunda mübarizədə zənd tayfasından olan Kərim xan Zənd daha fəal idi. O, 1752-ci ildə Cənubi Azərbaycana yürüş etdi. Lakin Fətəli xan Əfşar tərəfindən məğlub edildi, döyüşdə qardaşı İsgəndər öldürüldü, özü isə Farsa qaçdı. 1755 - 1756-cı illərdə Məhəmmədhəsən xan Qacar Kərim xan Zənd üzərində qələbə çaldıqdan sonra, Qarabağı, Təbrizi və Urmiyanı ələ keçirdi. Lakin 1759-cu ildə Məhəmmədhəsən xan Qacarın ölümündən sonra Fətəli xan Əfşar Təbrizə qayıdıb hakimiyyətini möhkəmləndirdi. 1759 - cu ildə Qarabağa hücum etdi və Pənahəli xanı özündən asılı vəziyyətə saldı. O, Pənahəli xanın oğlu İbrahimxəlil xanı girov apardı. Lakin bu zaman İranda hakimiyyətini möhkəmləndirən Kərim xan Zənd yenidən Cənubi Azərbaycana hücum etdi. 1761-ci ilin yayında Qaraçəməndə baş verən döyüşdə Fətəli xan Əfşar qələbə çaldı, arxayınlaşdı. Kərim xan Zənd qüvvələrini cəmləyib Fətəli xan Əfşarı Urmiya qalasına sıxışdırdı, buranı 9 ay mühasirədə saxladı. Kərim xan Zənd digər Azərbaycan hakimlərini, o cümlədən qarabağlı Pənahəli xan da öz tərəfinə çəkdi. Urmiya qalası təslim oldu və Fətəli xan Əfşar əsir düşdü. Kərim xan Zənd Fətəli xan Əfşarı qardaşı İsgəndər öldürüldüyü yerdə öldürdü. Ona kömək edən xanları qonaqlıq adı ilə Şiraza apardı. Onlar arasında Pənahəli xan, Xoylu Şahbaz xan və başqaları da var idi. O, bu yolla xanları öz vətənlərindən uzaqlaşdırdı. Bu hadisə tarixdə “Şiraz qonaqlığı” adlanır. Xanların bir çoxu, o cümlədən Pənahəli xan orada öldü, bəziləri isə müxtəlif yolla qaçıb canını qurtara bildi.