1.3.Azərbaycan ərazisində son tunc və ilk dəmir dövrlərində əmlak bərabərsizliyinin yaranması və ibtidai icma quruluşunun dağılması.
Azərbaycan ərazisində tunc və dəmir dövrləri, sinifli cəmiyyətə keçidin başlanması.Son tunc dövrü e.ə. XIV - XII əsrləri, İlk Dəmir dövrü e.ə. XIII – XI əsrləri əhatə edir. Bu dövrdə təsərrüfatda mühüm irəliləyişlər baş verir və ibtidai icma quruluşu dağılmağa başlayır.
Tunca nisbətən daha möhkəm və keyfiyyətli olan dəmirdən hazırlanan əmək alətləri və silahlar yeni yüksəlişə səbəb oldu. Ancaq dəmirdən e.ə. VIII əsrdən başlayaraq, geniş istifadə edilməyə başlandı. Tarixçilərimiz tərəfindən son tunc və ilk dəmir dövrünə aid yaşayış məskənləri, qəbir abidələri (kurqanlar, daş qutu qəbirlər, torpaq qəbirləri), siklop tikililəri öyrənilmişdir. Şəmkir rayonunun Kür qəsəbəsində, Şəmkirçayın sağ sahilində yerləşən, sahəsi 2 hektardan artıq olan Bitdili yaşayış yerində iki qazıntı aparılmışdır. Birinci qazıntı sahəsində müxtəlif formalı küpə və bardaqların fraqmentləri, düz və dalğalı xətlərlə bəzədilmiş dərin və dayaz kasaların qırıqları, çəlləkvarı və kubformalı qabların parçaları tapılmışdır. İkinci qazıntı sahəsində üç dulus kürəsinin qalıqları aşkarlanıb təmizlənmişdir. Çiy kərpicdən hörülmüş bu kürələr yüksək hərarətin (1000-1200 dərəcə ) alınmasına imkan verən ikiqatlı quruluşa malik olmuşlar. Bu dulus kürələrində iri küplərdən tutmuş kiçik nəfis qablara qədər müxtəlif saxsı məmulat istehsal olunmuşdu. Faktiki materiallar Bitdili yaşayış yerini erkən dəmir dövrünə aid etməyə imkan vermişdir.
Zəyəmçay nekropolu.Şəmkir rayonu ərazisində Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz boru kəmərlərinin inşaatı ılə əlaqədar geniş arxeoloji qazıntılar aparılmışdır və tapılan abidələrdən biri son tunc- erkən dəmir dövrünə aid Zəyəmçay nekropoludur. Qəbir avadanlığı Xocalı-Gədəbəy mədəniyyətinə mənsub saxsı məmulatından, silahlardan və bəzək əşyalarından ibarətdir. Zəyəmçay nekropolunda tədqiq olunan qəbirlər e.ə. XIV-X əsrlərə aid edilir.
Son tunc- erkən dəmir dövrünə aid yaşayış məskənləri daha davamlı idi. Binalar möhkəm tikilirdi, onların bünövrəsi çaydaşından, qaya parçasından qoyulur, divarları çiy kərpicdən hörülürdü. Bu dövrdə siklopik tipli qalalar inşa edilməyə başladı. Təsərrüfatda yarımköçəri yaylaq maldarlığı ön plana keçmiş, atçılıq, dəvəçilik inkişaf etmişdi. Ata sitayiş ayini meydana gəldi.Heyvanlar ən çox yaylaq və qışlaq şəraitində bəslənilirdi. Dağlarda da daimi yaşayış məskənləri salınırdı.Bu dövrdə iri suvarma kanalları çəkilir, bağçılıq və bostançılıq, üzümçülük və şərabçılıq ayrıca təsərrüfat sahələrinə çevrildi. Sənətkarlıqda dulusçuluq xüsusi yer tuturdu. Ayaqla hərəkətə gətirilən dulus çarxı məhz bu dövrdə ixtira olundu.Saxsı qabların istehsalında ayaqla hərəkətə gətirilən dulus çarxlarından istifadə daha zövqlü saxsı məmulatların hazırlanmasına imkan verdi. Müxtəlif sənət sahələrinin inkişafı nəticəsində sənətkarların içərisindən sənətkar-tacirlər qrupu formalaşıb ayrıldı və hazır məhsulun satışı ilə məşğul olan peşəkar tacirlər meydana gəldi. Beləliklə, ticarət sənətkarlıqdan ayrıldı, yəni üçüncü böyük ictimai əmək bölgüsü baş verdi. İlk Tunc dövründə əsası qoyulan tayfa Son Tunc dövründə təşəkkül tapdı. Tayfa bir ərazidə yaşayan, eyni dildə danışan, ümumi adət-ənənəyə malik olan, bir neçə qəbilənin birləşdiyi insan kollektivi idi.Tayfa başçısını zinət şeyləri, arvadı, kəniz və qulluqçuları, atı ilə birlikdə dəfn edirdilər. Bu, axirət dünyasına inamla bağlı idi. Azərbaycanda oda, suya, müxtəlif ağac və heyvanlara, göy cisimlərinə sitayiş geniş yayılmışdı.Son Tunc və İlk Dəmir dövründə Azərbaycanda yaşayan tayfalar Şərq ölkələri ilə xammal və məhsul mübadiləsi edirdilər. Bu ölkələrdən Azərbaycana silah, bəzək əşyaları və s. gətirilirdi. Arxeoloji qazıntılar zamanı Xocalıda üzərində mixi yazı ilə Assuriya hökmdarı Adadnirarinin adı yazılmış muncuq və Assuriyadan gətirilmiş müxtəlif əşyalar tapılmışdır.
Azərbaycanda e.ə. II minilliyin axırı I minilliyin əvvəllərində ibtidai icma quruluşunun dağılması sürətləndi, əhali yoxsul və varlı təbəqələrə ayrıldı. Bu dövrdə Azərbaycanın cənubunda dövlət qurumları, şimal hissəsində iri tayfa ittifaqları mövcud idi. Bu tayfa ittifaqlarına nüfuzlu tayfa başçıları rəhbərlik edirdi. Var-dövlət tayfa başçılarının və tayfa ağsaqqallarının, icma şurası üzvlərinin, nüfuzlu hərbiçilərin, habelə kahinlərin əlində cəmləşmişdi. Dini və hərbi hakimiyyət tayfa başçılarının əlində cəmləşdi, onlara sitayiş meydana gəldi.
Əhalinin təbəqələşməsini varlı və yoxsul adamlara məxsus qəbirlər daha əyani şəkildə göstərir. İri tayfa ittifaqlarının yaranması, hakimiyyətin ayrı-ayrı nüfuzlu adamların əlində cəmləşməsi, cəmiyyətin yoxsullara və varlılara parçalanması və sairə e.ə. II minilliyin axırı - I minilliyin əvvələrində Azərbaycanda ibtidai icma quruluşunun dağılmasını sürətləndirən amillər idi. Nəsli icmanın dağılması və əvəzində qonşuluq icmasının yaranması, icmanın var yoxdan çıxmış üzvlərinin və müharibə zamanı əsir alınmış adamların köləyə çevrilməsi, kölələrin varlı icma başçılarının təsərrüfatlarında işlədilməsi-bütün bunlar sosial təbəqələşməni dərinləşdirdi. Beləliklə, cəmiyyət varlı və yoxsullara bölündü. Varlı tayfa başçıları tabeliklərində olanları itaətdə saxlamaq üçün məcburetmə strukturları – məmurlardan ibarət idarəetmə orqanları, mühafizə, ordu, həbsxana və sair güc strukturları yaratdılar.Bu isə artıq primitiv bərabərliyə əsaslanan ibtidai icma quruluşunun dağılmasını və dövlətin yarandığını göstərən əlamətlər idi.
AZƏRBAYCAN ƏRAZİSİNDƏ QƏDİM DÖVLƏTLƏR.
Plan
Eramızdan əvvəl IV-II minilliklərdə Azərbaycan ərazisində tayfa birləşmələri, ilk dövlət qurumları.
Manna dövləti.
İskit (Skif) padşahlığının yaranması.
Azərbaycan Midiya və Əhəmənilər dövlətlərinin tərkibində.
Şimali Azərbaycanda Massaget şahlığı və Azərbaycanda yaşayan tayfaların Əhəməni – yunan müharibələrində iştirakı.