Azərbaycan ərazisində rusların məskunlaşdırılması. Birinci Rusiya-İran müharibəsindən (1804-1813) sonra işğal edilmiş Şimali Azərbaycan ərazilərində rusların da məskunlaşdırılması başlandı. 1821-ci il 03 yanvar fərmanı ilə ordu qərərgahı yanında təsərrüfatlar və hərbi məskənlər yaratmaq qərara alındı. Bu işlə hərbi xidməti başa vurmuş hərbi qulluqçular məşğul olmalı idi. Hərbi xidmətlərini başa vurmuş əsgərləri gərargahlar ətrafında təsərrüfat yaratmağa cəlb etdilər. Lakin qraf Arakçeyev tərəfindən hazırlanan bu plan baş tutmadı, çünki ordudan təxris olunanlar Qafqazda qalmaq istəmədilər. Ona görə də, 1830-cu il oktyabrın 20-də Rusiyadan Cənubi Qafqaza təriqətçi və bidətçi əhalinin köçürülməsi haqqında fərman verildi. XIX əsrin 30-40-cı illərində Cənubi Qafqaza köçürülən rusların sayı 12 minə çatırdı və salınmış 34 rus kəndinin 30-u Azərbaycanda idi. Rus kəndləri əsasən Qarabağ və qərb bölgələrində salınmışdı. Rusiya hökuməti onları çarizmin yerlərdə etno-mədəni, dini dayağı sayırdı.
Almanların köçürülməsi. Almanların Azərbaycana köçürülməsi Napoleon müharibələrinin Almaniya iqtisadiyyatına vurduğu ağır zərbə və alman torpaqlarında gedən dini toqquşmalarla bağlı idi. Vəziyyəti ağırlaşan əhali başqa yerlərə - ABŞ,Kanada, Latın Amerikası ölkələri və sair ərazilərə köçməyə məcbur olmuşdular. Alman köçkünlərinin böyük hissəsi Rusiya imperiyasına miqrasiya etmişdi. Qafqazda xristian əhalinin sayını artırmaq məqsədilə çar hökuməti bura ermənilərlə, ruslarla yanaşı, almanların da köçürülməsinə önəm verirdi. Rusiya hakim dairələri belə hesab edirdilər ki, almanlar Qafqazın yerli əhalisinə əməksevərlikdə və əkinçilik mədəniyyətində nümunə olmalıdırlar.
Almanların Cənubi Qafqaza köçürülməsi 1817-ci ildə başlayıb.Belə ki, hökumət dairələrinin uzun yazışmalarından sonra 1817-ci ildə general Yermolov almanların ilk dəstəsinin Cənubi Qafqaza gəlməsinə razı oldu. İlk koloniya Gürcüstanda azərbaycanlıların Sartiçala kəndi yaxınlığında yaradıldı və Marienfeld adlandırıldı. 1817-1818-ci illərdə Gürcüstanda ümumilikdə 6 alman koloniyasının əsası qoyuldu. 1819 –cu ilin baharında Azərbaycanda 2 koloniya - Yelenendorf (indiki Göygöl) və Annenfeld (indiki Şəmkir yaxınlığında) koloniyaları yaradıldı. Cənubi Qafqaza köçürülən almanların ümumi sayı 2265 nəfər idi ki, onların da 1100 nəfəri Şimali Azərbaycanın 2 koloniyasında məskunlaşmışdılar. Çar hökuməti almanlar üçün evlər inşa etdirir, onlara uzunmüddətli kreditlər verirdi. Yerli Azərbaycb kəndliləri torpaqsızlıqdan əziyyət çəkdiyi vaxt, çar hökuməti hər alman ailəsinə 35 desyatin(38 ha) torpaq sahəsi ayırmışdı.