Azərbaycan tarixi



Yüklə 0,62 Mb.
səhifə162/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   158   159   160   161   162   163   164   165   ...   269
Azərbaycan tarixi mühazirə

Şəki üsyanı. 1838-ci ildə Şəkidə baş verən üsyanın səbəbləri də əvvəlki üsyanların səbəblərinə oxşar idi. Xanlıqlar dövründə mövcud olan vergi və mükəlləfiyyətlər Şəkidə saxlanıldığı qədər heç bir əyalətdə saxlanılmamışdı. Başqa yerlərdə olduğu kimi, Şəkidə də maaflar vergilərdən azad idi. Lakin 1835-ci ildən Şəkidə maaflardan vergi alın­mağa başlandı. Şəhər sənətkarları üzərinə qoyulan vergilər artırılırdı. Bu narazı qüv­vələr hər an üsyana qalxmağa hazır idilər. 1837-ci il Səlim xanın oğlu Hacı xan İrandan Məşədi Məhəmməd adlı biri ilə Şəkiyə məktub göndərdi ki, şəhər əhalisini üsyana qaldırsın. Məşədi Məhəmməd çar hökuməti tərəfindən həbs edildi. Həbsdən qaçaraq Qubada Yarəlinin yaxın silahdaşı rutullu Ağabəylə birləşdi. Ətraf ərazilərin əhalisi də ona qoşuldu. Şəki uğrunda üsyançılarla hökumət qoşunları arasında mübarizə baş­ladı. Üsyançılar 5 min nəfərlik qoşunla hücum edib Şəkini ələ keçir­sələr də, yeni gətirilən qüvvələr hesabına güclənən rus qoşunları 1838-ci il sentyabrın 3-də üsyançıları Şəkidən sıxışdırdı. Məşədi Məhəmməd İrana qaçdı.Şəki üsyanı da məğlubiyyətlə başa çatdı.
Göründüyü kimi, XIX əsrin 30-cu illərində çarizmin müstəmlə­kəçilik siyasətinə qarşı xalqın azadlıq mübarizəsinə çar hökumətinin incitdiyi keçmiş xan, bəy, ruhani təbəqəsinin nümayəndələri başçılıq edirdilər.Üsyanlar məğlub olsa da, onun müsbət nəticələri oldu və çar hökumətini bir sıra islahatlar apar­mağa məcbur etdi.


15.4. Çarizmin inzibati-iqtisadi islahatları


Komendant idarə üsulunun ləğv edilməsi. XIX əsrin 30-cu illərində komendant idarə üsulu tamamilə iflas etmişdi və çarizmin Azərbaycanda siyasi mövqeyini möhkəm­lətmək tələbinə cavab vermirdi. 1830-cu illərin əvvəllərində general Paskeviç “Cənubi Qafqaz ölkəsinin quruluşu haqqında təkliflər“ irəli sürmüşdü. 1837-ci ildə senator P. Qan və İ. Vasilçikovun rəhbərliyi ilə hazır­lanmış “Cənubi Qafqaz ölkəsinin idarə olunması üçün təsisatlar “ adlı layihə Rusiya Dövlət Şurasına təq­dim edildi. Layihədə Rusiyada mövcud olduğu kimi, Cənubi Qafqazda da inzibati idarələrin yaradılması nəzərdə tutulurdu. Uzun müzaki­rələrdən sonra çar I Nikolay 1840-cı il aprelin 10-da Cənubi Qafqazda inzibati və məhkəmə islahatı haqqında qanun verdi. Qanun 1841-ci il yanvarın 1-dən qüvvəyə mindi.
Qanuna görə, komendant idarə üsulu ləğv edildi və Ümumrusiya inzibati sistemi təşkil olundu. Cənubi Qafqazda mərkəzi Tiflis olan Gürcüstan-İmeretiya quberniyası, mər­kəzi Şamaxı olan Xəzər (Kaspi) vilayəti yaradıldı. Vilayət qəzalara, qəzalar nahiyələrə bölündü. Mahallar və mahal naibliyi ləğv edildi. Dərbənd, Quba, Bakı, Şamaxı, Şəki və Şuşa qəzaları Xəzər vilayətinə daxil idi. Qazax, Şəmşəddil distansiyaları, Yeliza­vetpol, Balakən, İrəvan, Naxçıvan qəzaları Gürcüstan-İmere­tiyanın tərkibinə verildi. Azərbaycanlı məmur­lar inzibati və məhkəmə aparatının bütün pillələrində ruslarla əvəz edildi.
Qanuna əsasən məhkəmə sistemi yenidən quruldu. Ümumrusiya qanunları əsasında fəaliyyət göstərən quberniya, vilayət və qəza məhkəmələri yaradıldı. Şəriət məhkəmələri saxlanıldı, lakin onlar ancaq nigah məsələlərinə baxırdılar.
Qanun Cənubi Qafqazda rus zadəganlarının mövqelərini möhkəm­ləndir­məyə yönəldilmişdi. Ona görə də rus zadəganlarını burada yerləş­dirmək üçün çoxlu torpaq sahələri lazım idi. Bu məqsədlə bəy və ağaların tiyul torpaqlarının onların əlindən alınması nəzərdə tutulurdu. 1844-cü ildə Qafqaz canişinliyi yaradıldı. Onun ilk canişini qraf S. Vorontsov oldu. O, Tiflisə getdikdən sonra 40-cı illərin insibati-ərazi bölgüsündə dəyişik­lik etdi. 1846-cı il dekabrın 14-də çarın verdiyi fərmana görə, Cənubi Qafqazda 4 quber­niya - Tiflis, Kutais, Dərbənd və Şamaxı quberniyaları yaradıldı. 1849-cu ildə isə İrəvan quberniyası təşkil edildi. Naxçıvan, İrəvan, Ordubad qəzaları İrəvan quberniyasına qatıldı. Quba Dərbənd quberniyasına, Yelizavetpol Tiflis quber­niyasına verildi. Bu cür inzibati bölgüdə məqsəd azər­baycanlıların milli-etnik birliyini pozmaq idi.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin