Milli azadlıq hərəkatı. Rusiyada Fevral burjua-demokratik inqilabından sonra Azərbaycanda milli-azadlıq hərəkatı genişləndi və keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Milli hərəkat daha kütləvi və siyasi səciyyə daşıyırdı, konkret iqtisadi tələblər irəli sürülürdü, azərbaycanlı əhalinin bütün təbəqələri milli dövlətçilik ideyası ətrafında birləşirdi. Bu dövrdə xüsusilə, “Müsavat” partiyasının fəaliyyəti genişləndi. Martın 15-də partiyanın qəbul etdiyi müraciətdə Rusiyada burjua respublikası ideyası bəyənildi. Bu zaman Gəncədə “Türk Ədəmi mərkəziyyət Federalistlər partiyası” yaradıldı. 1917-ci ilin fevralında bu partiya Rusiyanın federativ, demokratik şəkildə qurulması və onun tərkibində Azərbaycana muxtariyyət verilməsi şüarını müdafiə edirdi.
1917-ci ilin Fevral İnqilabının qələbəsi çar rejiminin devrilməsi Azərbaycanda siyasi partiyaların və təşkilatların açıq fəaliyyətinə şərait yaratdı. Bu dövrdə Şimali Azərbaycanda “Müsavat” və “Türk Ədəmi-Muxtariyyət” partiyaları ilə yanaşı, “Hümmət”, “Ədalət”, “İttihad”, “Müstəqil Demokratik Qrup” partiyaları da fəaliyyət göstərirdi. Bu partiya və təşkilatların heç biri Azərbaycanda təkbaşına milli demokratik hərəkata rəhbərliyi həyata keçirə bilmirdi. Bu səbəbdən, Azərbaycan millətini birləşdirə biləcək komitələrin və yaxud cəmiyyətlərin yaradılmasına ehtiyac yarandı.
Fevral inqilabının ilk günlərindən Bakıda Müsəlman Milli Şurası yaradıldı. Onun yaradılmasında məqsəd milli hərəkata vahid rəhbərliyi təmin etmək idi. Bakıda rus və erməni milli şuraları da fəaliyyət göstərirdi. Müsəlaman Milli Şurası bütün siyasi partiyaları və cəmiyyətləri öz ətarafında birləşdirdi.
Yaranan yeni təşkilatlar içərisində xalq kütlələri arasında ən çox nüfuz qazanan 1917-ci ilin martın 27-də yaranan, “Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti komitəsi” oldu. Komitənin sədri hüquqşünas M.H.Hacinski, katibi isə M.Ə. Rəsulzadə seçildi.
Müvəqqəti Komitənin fəallığı nəticəsində 1917-ci il aprelin 15-20-də Bakıda Qafqaz Müsəlmanlarının Birinci qurultayı keçirildi. Gərgin müzakirələrdən sonra, qurultayda qətnamə qəbul edildi ki, Rusiya ərazi federasiyası əsasında qurulan demokratik respublika olmalıdır. Qurultayda, həmçinin, müsəlman qadınların Azərbaycan cəmiyyətində rolunun artırılması, türk dilində ümumi-məcburi və pulsuz təhsilin zəruriliyi, dini işlərdə məzhəb ayrılığına son qoyaraq sünnü və şiə dini idarələrinin vahid orqanda birləşdirilməsi, günün tələblərinə uyğun din xadimlərinin hazırlanması haqqında qərarlar qəbul olundu. Nümayəndələrin razılığı ilə fəhlə və torpaq məsələlələri üzrə qərarların qəbulu çağrılması 1917-ci ilin payızında gözlənilən Müəssislər Məclisinin səlahiyyətinə verildi. Qurultayın tarixi əhəmiyyəti onda idi ki, burada Rusiyada yaşayan türk xalqlarının gələcək siyasi istiqamətləri müzakirə edildi və ilk dəfə Azərbaycanda muxtariyyət ideyası bu qurultayda irəli sürüldü. Qurultay Rusiya müsəlmanlarının birliyi şüarı altında keçdi.
1917-ci ilin iyununda “Müsavat” və “Türk Ədəmi Mərkəziyyət” partiyası birləşərək “Türk Federalist Müsavat partiyası” adlandırıldı.
Federalistlər Rusiya tərkibində milli - ərazi muxtariyyəti prinsipini irəli sürdüyü halda, tatar burjuaziyası milli – mədəni muxtariyyət tələbi ilə çıxış edirdi. Bu ideyaları müzakirə edib yekdil fikrə gəlmək zərurəti meydana çıxdı. Ona görə də Ümumrusiya müsəlmanlarının qurultaya hazırlıq məqsədi ilə üçün IV Dumanın vəkili tatar Əhməd Salikovun başçılığı ilə “Rusiya müsəlmanlarının müvəqqəti bürosu” yaradıldı və 109 maddədən ibarət təklif hazırlandı.
Ümumrusiya müsəlmanlarının qurultyı 1917-ci il mayın 1-də milyonçu Ş. Əsədullayevin öz xərci ilə tikdirib müsəlmanların sərəncamına verdiyi binada keçirildi. Qurultayın gündəliyində milli-ərazi muxtariyyəti, maarif və mədəniyyət, müəssislər məclisi, torpaq və s. məsələlər dururdu. Əhməd Salikovun məruzəsində Rusiyanı unitar dövlət kimi qoruyub saxlamaq, milli azlıqlara milli-mədəni muxtariyyət verilməsi ideyası əsaslandırılmışdı. Bu təklif M.Ə.Rəsulzadənin və federalistlərin ciddi etirazına səbəb oldu. Səsvermədə federalistlərin milli-ərazi muxtariyyəti təklifi 446, unitaristlərin milli-mədəni muxtariyyət təklifi isə 275 səs aldı. Beləliklə, federalistlər böyük səs çoxluğu ilə qələbə çaldı. Nümayəndələrin əksəriyyəti Rusiyanın demokratik federativ respublika kimi saxlanmasına və türk xalqlarına milli-ərazi muxtariyyəti verilməsi təklifinə tərəfdar çıxdılar. Ourultayda ibtidai təhsilin icbari və pulsuz olması, təhsilin ana dilində aparılması, ali məktəblərin açılması və s. təkliflər irəli sürüldü. Fevral inqilabından sonra Müsəlman Milli Şurasında təmsil olunan ictimai-siyasi təşkilatlar arasında rəhbərlik uğrunda mübarizə gedirdi. Buraya “Hümmət”, “Ədalət” və “Birlik” təşkilatları da daxil idi. İnqilabın qələbəsindən sonra “Hümmət” təşkialtı öz fəaliyyətini genişləndirdi. Martın ortalarında təşkilatın yığıncağının qərarına görə təşkilat yenə də RSDFP Bakı komitəsinin nəzdində qaldı. N.Nərimanov onun sədri seçildi. Həmçinin “Hümmət” qəzetinin redaktoru da N.Nərimanov idi.
Cənubi Azərbaycandan Bakıya kasıbkarlıq üçün gəlmiş fəhlələrin 1917-ci ilin martında Azərbaycan bolşeviklərinin təsiri altında “Ədalət” təşkilatı yaradıldı. Əsədulla Qafarzadənin redaktorluğu ilə fars dilində təşkilatın orqanı “Bayraği-Ədalət” qəzeti nəşr edilirdi. 1917-ci ilin avqustunda, bolşeviklərin təşəbbüsü ilə Volqaboyudan Bakıya gəlmiş, neft mədənlərində və sənaye müəssisələrində çalışan müsəlman fəhlələrin “Birlik” təşkilatı yaradıldı. Bu təşkilat fəhlələr arasında siyasi iş aparırdı. Təşkilata Hənifə Terequlov rəhbərlik edirdi. Hər üç təşkilat bolşeviklərin sosialist nəzəriyyəsini qəbul edirdi. Ona görə də onlar Azərbaycanda milli azadlıq hərəkatına rəhbərlik edə bilməzdi.
1917-ci il oktyabrın 26-da “Musavat ” partiyasının birinci qurultayı oldu. Partiya Azərbaycanda milli azadlıq hərəkatı və milli dövlətçilik ideyasını irəli sürdü və bu məqsədlər uğrunda mübarizəni davam etdirmək niyyətini sərgilədi. “Müsavat” partiyasının təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqaz müsəlmanları arasında siyasi nüfuzu durmadan artırdı.
Azərbaycan milli - azadlıq hərəkatına rəhbərlik uğrunda öz iddiasını ortaya qoyan partiyalardan biri də 1917-ci ilin sentyabrında yaradılan “Rusiyada müsəlmançılıq partiyası” və “ İttihadi – islam” partiyaları idi. Sonuncu partiya Gəncədə yaradılmışdı. Bu partiyanın Bakı təşkilatının ən fəal üzvləri Qara bəy Qarabəyov, İsabəy Aşurbəyov, S. Qənizadə idi. “İttihadi – islam” partiyası Rusiya tərkibində Azərbaycana muxtariyyət verilməsi mövqeyini müdafiə edirdi.
1917-ci ildə milli - azadlıq uğrunda mübarizədə üç istiqamət formalaşmışdı. Birinci istiqamət Müvəqqəti hökumətin müstəmləkəçilik siyasətinə, ikinci istiamət eser - menşevik - daşnak blokunun hegemonluq etdiyi sovetlərin Azərbaycan xalqının maraqlarına cavab verməyən, düşmən siyasətinə və üçüncü istiqamət ermənilərin azərbaycanlılara qarşı yeritdiyi soyqırımı aktlarına qarşı yönəlmişdi.