Azərbaycan tarixi


Azərbaycan SSR-də inzibati-amir­lik sisteminin bərqərar olması, kütləvi repressiyaların başlanması



Yüklə 0,62 Mb.
səhifə220/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   216   217   218   219   220   221   222   223   ...   269
Azərbaycan tarixi mühazirə

19.4. Azərbaycan SSR-də inzibati-amir­lik sisteminin bərqərar olması, kütləvi repressiyaların başlanması.

Sovet dövləti yarandığı gündən 1961-ci ilədək proletariat dikta­turası kimi fəaliyyət göstərmişdi. 1920-ci illərin əvvəllərində mövcud olan az-çox demokratik əhvali-ruhiyə də sonralar tədricən ləğv edildi. Mülkiyyətsizlik yarandı, bazar iqtisadiyyatına son qoyuldu, kütlələrdə bərabərçilik psixologiyasının formalaşdırılmasına başlandı. Ölkədə planlaşdırma və sərt mərkəzləşdirmə prinsipi həyata keçirildi. Sovet orqanları və digər ictimai qurumlar partiyanın iradəsini həyata keçirir­dilər. Partiya cəmiyyətin rəhbəri, ilhamvericisi, təşkilat­çısı olan bir diktatora çevrildi. Bütün bunlar Stalin modeli əsasında Azərbaycanda da həyata keçirilirdi.


1920-ci illərin ikinci yarısından 1930-cu illərin əvvəllərinə kimi Azərbaycanda rəhbərlik tez-tez dəyişdirildi. 1934-cü ildə M.C.Bağırov partiya rəhbərliyinə gətirildi və 1953-cü ilə qədər bu vəzifədə çalışdı. Ondan əvvəl Azərbaycan partiya təşkilatına Mirzo­yan, Qarayev, Ağaverdiyev, Çikalo, Polonski, Ruben və başqaları rəhbərlik etmişdilər. Beləliklə, Azərbaycanda da partiyanın diktatorluğu şəraitində inzibati- amirlik sistemi, yəni avtoritar dövlət və Kommunist partiyasının diktaturası yaradıldı.
1920-ci illərin ortalarından başlayaraq, Stalin modeli əsasında sosialist yenidən­qurması həyata keçirilirdi. YİS 1927-ci ildə dayan­dırıldı, Stalin modeli əsasında totalitar sosializm cəmiyyəti quruldu, inzibati-amirlik sistemi bərqərar oldu. Hakmiyyətin vahid bir partiyanın əlində cəmləşməsi və idarə olunmasına başlanıldı. Xüsusi mülkiyyət ictimai mülkiyyət adı ilə dövlət mülkiyyətinə çevrildi. Respublika əhalisinin sinfi tərkibi dəyişdi: mülkədar, qolçomaq, tacir, kapitalist təbəqə və sinifləri aradan qalxdı, həyat meydanında kəndlilər, fəhlələr və sovet ziyalıları qaldı. Əhalinin 86 faizi dövlət sektorunda çalışırdı. Beləliklə, avtoritar dövlət (siyasi hökmranlığın antidemokratik sistemi) yarandı.
Bütün bunlar 1936-cı il dekabrın 5-də qəbul edilmiş SSRİ-nin yeni Konstitu­siyasında təsbit edildi. Yeni Konstitusiyaya görə Azərbaycanın da daxil olduğu ZSFSR ləğv edildi və Azərbaycan birbaşa SSRİ-nin tərkibinə daxil oldu. Bu konstitusiya əsasında 1937-ci ilin martın 10-da Azərbaycan SSR-in yeni Konstitusiyası qəbul olundu. Konstitusiyada vətəndaşlara geniş hüquqlar və demokratik azadlıqlar verildiyi göstə­rilmişdi.
Totalitar cəmiyyətdə müstəqil fikir və sərbəst düşüncəsi olan vətəndaşlara qarşı repressiyalar başlandı. Repressiyalar açıq fikirli, istedadlı ziyalılara, partiya və dövlət xadimlərinə qarşı yönəldilmişdi. Bəzən fəhlə və kəndlilərə də divan tutulurdu.
Azərbaycan K(b) P MK birinci katibi M.C.Bağırov dostu Beriya vasitəsilə Stalinlə yaxın münasibət yaratmışdı. Azərbaycan xalqının onlara arxalanan düşmənləri Sumbatov-Topuridze, Qriqoryan, Markaryan və digər ermənilər vasitəsilə on minlərlə azərbaycanlını məhv etmişdi. Görkəmli partiya və dövlət xadimlərini xalqa "xəyanətdə", "cəsusluqda" «əksinqilabi fəaliyyətdə günahlandırıb bəzilərini güllələt­dirmiş, bəzilərini Sibirə sürgün etdirmişdilər. 1937-cı ildə R.Axundov, Ə.Qarayev, Q.Musabəyov, D.Bünyadzadə və digər partiya və dövlət xadimləri güllələndi. Respublikanın şəhər və kəndlərində on minlərlə. günahsız adamlar cəzalandırıldı. Təkcə 1937-ci ildə 29 min nəfər güllələnmiş və Sibirə sürgün edilmişdilər.
1937-ci ildə respublikanın rayonlarında gecə əməliyyatları keçirilirdi. Bu əməliy­yatlar nəticəsində 70 min adam həbs olunmuşdu. Belə əməliyyatlar ən çox İsmayıllı, Əli Bayramlı, Cəbrayıl, Qonaqkənd və digər rayonlarda aparılmışdı. 1937-ci ilin noyabrında İsmayıllı rayonunun Kürdmaşı kəndində 18-70 yaşlı bütün kişilər həbs edilmiş, onların 63 nəfəri güllələnmişdir.
1937-1938-ci illərdə Azərbaycanın görkəmli şair və yazıçılarından H.Cavid, M.Müşflq, Əli Nəzmi, Ə.Cavad, S.Mümtaz, B.Talıblı və başqaları repressiyanın qurbanı oldular.
Repressiya olunanların üzərinə ən ağır ittihamlar qoyulurdu. 1930-cu illərdə Azərbaycanda repressiyaların sərt olmasına səbəb cəza orqanlarında əsasən ermənilərin işləməsi idi. Bu illərdə Azərbaycanın 51 rayonunun 31-nin Xalq Daxili İşlər Komissarlığı rayon şöbəsinin rəisi erməni idi. Azərbaycan ziyalılarının qaymağı olan təqsirsiz insanların mühakimə edilməsində respublikadakı cəza orqanlarına soxulub at oynadan ermənilər xüsusi rol oynamışdılar.
1937-ci ildə Qərbi Azərbaycanda on minlərlə adamın öz ata-baba yurdundan didər­gin salınması böyük faciə idi. Cənubi Azərbaycandan Bakı neft sənayesində işləməyə gəlmiş azərbaycanlıları 1938-1940-cı illərdə zorla Azərbaycan SSR-dən İrana qaytardılar. Bu adamlar bir parça çörək üçün XIX əsrin sonu - XX əsrin əvvəllərində, bəziləri isə Cənubi Azərbaycanda demokratik və milli azadlıq hərəkatı dövründə (1905-1911, 1917-1920) Şimali Azərbaycana gəlmişdilər. Onlar burada ailə qurmuş, özlərinə güzəran yaratmışdılar. Lakin onlar Sovet vətəndaşlığı almadıqlarına görə geri qaytarıldılar və İrana qayıtdıqdan sonra orada da təqiblərə məruz qaldılar.
Sovet hakimiyyətinin ilk illərində bolşeviklər Şimali Azərbay­canda din və vicdan azadlığı elan etdilər, dini mərasimlərin, bayramların keçirilməsinə loyal münasibət bəslədilər. Lakin bolşevik hakimiyyətinin siyasi dayağı möhkəmləndikcə dinə qarşı dözüm­­süzlüyünü büruzə verməyə başladı. 1924-cü ildə keçirilən Rusiya Kommunist (bolşevik) Partiyasının XIII qurultayında məscidlərə, sinaqoqlara, kilsələrə və s. qarşı müba­rizənin təşkili haqqında qərardan sonra Azərbaycanda da dinə qarşı təzyiqlər artdı. Dinə qarşı mübarizədə 1924-cü ildə Bakıda yaradılan “Allahsız” cəmiyyəti xüsusi canfəşanlıq edirdi.
1920-1930-cu illərdə məscidlər dağıdılır, sökülür, onların materiallarından başqa obyektlərin tikintisində istifadə olunurdu. 1935-ci ildə pravoslav xristianlara aid Aleksandr Nevski soboru (“Qızıllı kilsə”) dağıdıldı. Bütün Şərqdə məşhur olan Bibiheybət məscidi 1936-cı ildə M.Bağırovun göstərişi ilə partladıldı. Ən yaxşı halda məscid mədəni-maarif ocağına çevrilirdi. Təkcə 1920 – ci illərdə Azərbaycan SSR-də 400 məscid bağlanmışdı və 1930-cu illərdə Azərbaycan SSR-də cəmi “20 məscid formal fəaliyyət göstərirdi”. Yaradılan din tarixi və ateizm muzeyləri dinə qarşı təbliğat ocağına çevrilmişdilər. 1930-cu illərdən “Allahsız” cəmiyyəti “Mübariz Allahsızlar ittifaqı”na çevrildi. Dinə, dindarlara qarşı inzibati-amiranəlik metodu ilə mübarizə aparan bu cəmiyyət geniş xalq kütlələrinin nifrət obyektinə çevrildi və onun fəaliyyəti uğursuzluğa düçar oldu.
1934-1938-ci illərdə Azərbaycan SSR-də 27 min 458 nəfər repressiyaya məruz qaldı və onların arasında din xadimləri də az deyildi. Quranı Azərbaycan dilinə ilk tərcümə edən Bakı qazısı Mir Məhəmməd Kərim ağa Nargin adasında qətlə yetirildi.
Beləliklə, 1920-ci ildə Sovet hakimiyyətinin elan etdiyi vicdan və din azadlığı kağız üzərində qaldı. Əslində dinə qarşı mübarizə pərdəsi altında Azərbaycan xalqının mənəvi köklərinə və adət-ənənələrinə qarşı mübarizə aparılırdı
1920-1930-cu illərdə təqiblərdən yaxa qurtarmaq üçün on minlərlə adam siyasi mühacirətə getdi. Hələ 1920-ci illərin əvvəllərində AXC-nin liderləri qonşu Gürcüstana pənah apardılar. Lakin erməni terrorçuları F.X.Xoyski və H.Ağayevi öldürdülər. 1919-cu ildə Ə.M.Topçubaşov başda olmaqla Paris sülh konfransına getmiş Azərbaycan nüma­yəndə heyəti xaricdə qaldı. II Dünya müharibəsinin başlanmasına qədər Azərbaycandan xaricdə 50 min siyasi mühacir var idi. Onlar, əsasən, Türkiyə, Polşa, Fransa, Almaniya və digər ölkələrdə məskunlaşmışdılar.
M.Ə.Rəsulzadə 1922-ci ildə Türkiyəyə gəldi və Azərbaycan mühacirlərini təşkilat­landırdı. Sonrakı il «Müsavat» partiyasının Xarici Bürosunu yaratdı. 1924-cü ildə İstan­bulda gizli fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzini yaratdı. Onun sədri M.Ə.Rəsıılzadə oldu. Azərbaycan mühacirlərinin başlıca amalı Azərbaycanın istıqlalını bərpa etmək, vahid, müstəqil, azad respublika yaratmaqdan ibarət idi.



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin