Cənubi Azərbaycan 1970-1980-ci illərdə. 1978-1979-cu illərin İran inqilabı və Cənubi Azərbaycan. «Ağ inqilab», neft sənayesindən götürülən külli miqdarda gəlir feodal qalıqlarının aradan qaldırlmasına və kapitalist sənayesinin inkişafına şərait yaratdı. Digər tərəfdən İran iqtisadiyyatında xarici kapitalın güclü təsiri, korrupsiya, rüşvətxorluq və qohumbazlığın şah ailəsini və yuxarı təbəqəni əhatə etməsi ölkədə sosial-iqtisadi ziddiyyətləri kəskinləşdirmişdi, insan azadlıq və hüquqlarının geniş şəkildə pozulması müşahidə olunurdu.
1970-ci illərin sonunda İranda Azərbaycan məsələsinin həllini tələb edən qüvvələr zəhmətkeşlərin marağını təmsil edən sollar və xırda burjuaziyaya mənsub solçu demokrat təşkilatlar idi. Yaranmış vəziyyət sosial partlayışa doğru aparırdı.
İnqilabın I mərhələsi (1977-ci ilin dekabrından – 1978-ci ilin sentyabrınadək).İnqilab 1977-ci ilin payızından Cənubi Azərbaycanda tələbə və şagirdlərin nümayişləri ilə başlandı. 12 dekabrda, Milli hökumətin ildönümü günü Təbriz Universitetinin tələbə və müəllimlərinin izdihamlı çıxışı oldu.1978-ci ilin yanvarında Qum şəhərində çıxışlar və nümayişlər başladı. Etirazçıların əsas tələbi şah rejiminin ləğv edilməsi idi. Nümayişçilərə ordu hissələri atəş açdılar, çoxsaylı ölən və yaralananlar oldu. 1978-ci ilin fevralın 18-də Qum qurbanlarının 40-cı günü Təbrizdə 100 minlik nümayiş oldu. Təbriz üsyanında İranda gizli fəaliyyət gostərən «İran xalq fədailəri» təşkilatının üzvləri də iştirak edirdilər. Polis nümayişi dağıda bilmədi. 1978-ci ilin 19 fevral (bəhmən) günü Təbrizdə nümayiş üsyana çevrildi. Nümayişçilərə qarşı ordu hissələri göndərildi.
Təbrizdəki cəza tədbirlərinə cavab olaraq Yəzd, Tehran, Qum, Zəncan və b. şəhərlərdə çıxışlar oldu. Həmin gündən başlayaraq mitinq və nümayişlər İranın demək olar ki, bütün iri şəhərlərini bürüdu. Xaricdə olan Ayətullah Xomeyni Təbriz əhalisinə müraciət göndərdi. Artıq Təbriz üsyanı bütün İranda baş verəcək inqilabın başlanğıcı hesab edilirdi. Mayın 9-dan 19-na qədəki dövrdə baş vermiş çıxışlar İranın 20-dən cox şəhərini əhatə etdi.