Azərbaycan Respublikası 1991-1993-cü illərdə, iqtisadi və siyasi böhranlar.
Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı, Heydər Əliyev görkəmli və müdrik dövlət xadimidir.
Müstəqil Azərbaycanda bazar iqtisadiyyatına keçid, iqtisadi və sosial tərəqqi.
Azərbaycan Respublikasında hüquqi demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu.
Müstəqil Azərbaycanın xarici siyasət kursu və beynəlxalq əlaqələri.
Azərbaycan Respublikası üçüncü minilliyin başlanğıcıda: siyasi və iqtisadi inkişaf,milli-demokratik dəyərlərin daha da möhkəmləndirilməsi.
Azərbaycan mədəniyyəti 1991-2016-ci illərdə.
22.1. Azərbaycanın dövlət müstəqilliyinin bərpası.
1991-ci il avqustun 19-23-də Moskvada dövlət çevrilişi baş verdi, lakin qarşısı alındı. Azərbaycanda hökumət mühafizəkar qüvvələri müdafiə etdi, demokratlar isə onlara qarşı çıxdılar. Dövlət çevrilişi baş tutmadı, demokratiya tərəfdarları qələbə çaldı. Bu hadisə SSRİ- nin dağılmasını sürətləndirdi. Bundan sonra Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi xalq hərəkatının əsas məqsədinə çevrildi. Xalqın tələbi ilə AR Ali Sovetinin növbədən kənar sessiyası çağırıldı və bu sessiyada 1991-ci il avqustun 30-da “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyənnamə” qəbul edildi. 1991-ci il sentyabırın 3-də H.Əliyev Naxçıvan MR Ali Məclisinin sədri seçildi. Həmin il Azərbaycanda ilk prezident seçkiləri keçirildi və sentyabrın 8-də A.Mütəllibov Azərbaycan Respublikasının prezidenti seçildi. 1991-ci il sentyabrın 14-də Azərbaycan Kommunist Partiyası XXXIII fövqəladə qurultayında özünü buraxdığını elan etdi.
1991-ci il oktyabrın 3-də prezident və müxalifət liderləri Milli Şura yaradılması barədə razılığa gəldilər.1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyası xalqın tələbi ilə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitutsiya Aktı”nı qəbul etdi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olundu. Beləliklə, Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Həmin gün rayon, şəhər icra hakimiyyəti başçısı, sonra dövlət katibi və dövlət müşavirləri vəzifələri təsis edildi. Ölkədə prezident idarəçiliyi yaradıldı. İlk dövlət katibi akademik Tofiq İsmayılov oldu.
1991-ci il noyabrın 20-də Qarakənd erməni yaşayış məntəqəsi yaxınlığında respublikanin yüksək vəzifəli dövlət xadimləri, Rusiya və Qazaxıstan müşahidəçiləri olan helikopter vuruldu. Noyabrın 26-da Azərbaycan Respublikası Ali Soveti Milli Şura haqqında qanuna yenidən baxdı (əvvəl oktyabrın 30-da baxmışdı) və 25 nəfər demokratik blokdan, 25 nəfər digər deputatlardan, cəmi 50 nəfərdən ibarət Milli Şura təsis edildi.
1991-ci il dekabrın 8-də Brest şəhəri yaxınlığında “Viskuli ” mehmanxanasında Belorus, Ukrayna respublikaları və Rusiya Federasiyası rəhbərləri “Müstəqil Dövlətlər Birliyi”nin yaradılması haqqında müqavilə bağladılar və SSRİ-nin beynəlxalq subyekt kimi ləğv olunduğunu elan etdilər. 1991-ci il dekabrın 25-də M.S.Qorbaçov SSRİ prezidenti vəzifəsindən istefa verdi və beləliklə, SSRİ-nin varlığına hüquqi cəhətdən son qoyuldu.
Beləliklə, SSRİ kimi nəhəng bir dövlət xəritədən silindi. SSRİ-nin dağılmasının səbəbləri onillərlə bu dövlətin öz daxilində yetişmişdi və uzunmüddətli köklərə malik idi. Dəqiq proqrama malik olmayan və ölkədə xaosa gətirib cıxaran M.S. Qorbacovun “yenidənqurma” siyasəti də bu məsələdə taleyüklü rol oynadı.
SSRİ rəsmən fəaliyyətini dayandırdıqdan sonra 1991-ci il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında referendum kecirildi və əhalinin 95%-i dövlət müstəqilliyinə “hə” dedi.
Gənc Azərbaycan dövləti müstəqil xarici siyasət yeritməyə başladı. Əsas vəzifə Azərbaycanı dünyaya tanıtmaq idi. İlk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə, dekabrın 11-də Rumıniya, dekabrın 13-də Pakistan, daha sonra İsveçrə, İran, ABŞ, Rusiya Federasiyasi və başqa dövlətlər Azərbaycanın dövlət müstəqilliyini tanıdılar.
Müstəqil Azərbaycan xarici siyasətdə ilk addımlarını atmağa başladı. Azərbaycan Respublikası 1991-ci ilin dekabrın 8-də İslam Konfransı Təşkilatına, 1992-ci il yanvarın 20-də Avropa Təhlukəsizlik və Əməkdaşlıq Müqaviləsinə (ATƏM), 1992-ci ilin fevralında İqtisadi Əməkdaşlıq Təşkilatına, martın 2-də BMT-yə üzv qəbul olundu.1992-ci il iyulun 10 -da Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsinin üzvü kimi Helsinki Yekun Aktını imzaladı və Helsinki hərəkatına qoşuldu.