Azərbaycan tarixi


Azərbaycanda siyasi inkişaf və demokratik dəyərlərin həyata keçirilməsi



Yüklə 0,62 Mb.
səhifə256/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   252   253   254   255   256   257   258   259   ...   269
Azərbaycan tarixi mühazirə

Azərbaycanda siyasi inkişaf və demokratik dəyərlərin həyata keçirilməsi. Müstəqillik dövründə respublikamızda çoxsaylı siyasi partiyaların, ictimai təşkilatların, birliklərin təşəkkülü və inkişafı prosesi getdi. Onlar Azərbaycan Respublikasının Konsti­tusiyası, “Siyasi partiyalar haqqında”, “İctimai birliklər haqqında”, “Həmkarlar ittifaqları haqqında” və digər qanunlar əsasında yaradılıb fəaliyyət göstərirlər. Azərbaycan Avropa Şurasına üzv oldu və bundan sonra bir sira beynəlxalq hüquqi aktlara qoşuldu. Bu aktlar­dan biri “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konven­siyası idi. Beləliklə, Azərbaycan milli qanunvericiliyini beynəxalq Avropa standartlarına uyğun təkmilləşdirilməyi öhdəsinə göturdü. Bu məqsədlə Azərbaycanda Ombudsman təsisatı yaradıldı. 2001-ci il dekabrın 28-də Milli Məclis “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Kons­ti­tusiya qanununu qəbul etdi: bu qanunun başqa ölkələrdə qəbul edilmiş qanunlardan fərqləndirici xüsusiyyəti odur ki, Azərbaycanda hər bir kəsə Ombudsmana müraciət etmək hüququ verilmişdir. 2002-ci il iyulun 2-də Elmira Süleymanova Azərbaycan Respubli­kasının ilk Om­buds­manı seçildi.
1990-cı ildən başlayaraq Azərbaycanda siyasi partiyalar və sair təşkilatlar yaranmağa başladı. “Azərbaycan Sosial-Demokrat”, “Ana vətən”, “Azərbaycan Milli İstiqlal Partiyası”, “Yeni Azərbaycan Partiyası”, “Türk Dünyası Birliyi Partiyası”, ‘Müsa­vat Partiyası”, “Azərbaycan Demokratik Partiyası”, “Azər­baycan Yeniləşmiş Kommunist Partiyası”, “Azərbaycan Vahid Kommunist Partiyası’, “Azərbaycan Liberal Parti­yası”,“Azərbaycan Əmək Partiyası”, “Milli Dövlətçilik Partiyası”, AXC siyasi təşkilatı zəminində “Azərbaycan Xalq Cəbhəsi Partiyası” və sair partiyalar, siyasi birliklər yaradıldı. Bundan başqa Azərbaycanda “Vətən Cəmiyyəti”, “Heydər Əliyev Fondu”, “Azərbaycan Mədə­niyyət Fondu”, “İnkişaf Assosiasiyası”, H.Z.Tağıyev adına “Xeyriyyə Fondu”, “Bakı İncəsənət Mərkəzi”, respublikada yaşayan azsaylı etnik qrupların mər­kəzləri, birlikləri və icmaları yaradılaraq, fəaliyyət göstərməkdədirlər. 1999-cu ilin ortalarında Azərbaycanda 50-dən çox siyasi partiya və ictimai təşkilat mövcud idi. Artıq 2000-ci ildə Respublikada rəsmi qeydə alınmış 34 siyasi partiya, 1000-dən çox ictimai birlik və təşkilat, o cümlədən 30-a qədər hüquq-müdafiə təşkilatı və 500-dən çox kütləvi informasiya vasitəsi fəaliyyət göstə­rirdi. Siyasi partiyaların sıralarında 410 min nəfərdən çox adam birləş­mişdi. Ondan 230 min nəfəri YAP-ın üzvü idi.
Azərbaycan Respublikası Prezidentinin 05 oktyabr 2002-ci il tarixli 794 saylı Fərmanı ilə televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzim­ləmək məqsədilə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası yaradıldı. Şuranın əsas vəzifəsi televiziya və radio yayımçılarının fəaliyyətini tənzimləmək, yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanun­vericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir. Şuranın fəaliyyəti «Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə» ilə tənzimlənir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Dünya azərbay­canlılarının ümid yerinə çevrildi, hər bir kəs bundan qürur duydu. 2001-ci il mayın 23-də Azərbaycan Respublikası prezidentinin sərən­canına əsasən həmin il noyabrın 9-10-da Bakıda Dünya azərbay­canlılarının İ qurultayı keçirildi. Qurultayda 36 ölkədən 1105 nüma­yəndə, 906 qonaq iştirak etmişdi. Qurultayın qərarlarına uyğun olaraq, Milli Məclisdə “Xaricdə yaşayan azərbay­canlılara münasibətdə Azərbaycan Respublikasının dövlət siyasəti haqqında” qanun qəbul edildi. 2002-ci il iyulun 5-də xarici ölkələrdə yaşayan azərbay­canlılarla iş üzrə Dövlət Komitəsi yaradıldı.
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən sonra respublikamız bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdur. Lakin bunlar Konstitusiyada əksini tapmamışdı. Bunları nəzərə alaraq, Azərbaycan Respu­blikasının prezidentinin fərmanına əsasən, 2002-ci il avqustun 24-də Azərbay­can Respublikasının Konstitusiyasına dəyişiklik edilməsina dair referendum keçirildi. Xalq Konstitusiyanın 24 maddəsində dəyişiklik edilməsinə səs verdi. Dəyişikliyin bir çoxu Avropa Konvensiyasının 9-cu maddəsindən irəli gələn dəyişikliklərdir. Bu dəyişikliklər əvvəla, insan hüquqları və azadlıqları, Azər­baycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə bağlıdır. İkincisi, ölkədə məhkəmə islahatına görə hər bir Azərbaycan vətəndaşı Konsti­tusiya məhkəməsinə müraciət edə bilər. Üçüncü qrup dəyişiklik seçki sisteminin dəyiş­dirilməsi ilə bağlıdır, Milli Məclisin deputatlarının mojaritar və proporsional seçki sistemi “mojaritar seçki sistemi” ilə əvəz edildi, əvvəl prezident səslərin 2/3-ni aldıqda, indi isə səsin yarıdan çoxunu aldıqda seçilmiş hesab olunur. Dördüncü qrup dəyişiklik isə ali qanunverici orqanların səlahiyyətlərinin yeni­dən müəyyənləşdirilməsinə aiddir. Əvvəl prezident səla­hiyyətini icra edə bilmə­dikdə onun səlahiyyəti Milli Məclisin sədrinə keçirdi. Konsti­tusiyada edi­lən dəyişikliyə əsasən, prezident vəzifəsini icra edə bilmədikdə onun səlahiy­­yəti Baş Nazirə keçməli idi.
2003-cü ilin avqustunda İlham Əliyev Azərbaycan Respu­blikasının Baş naziri təyin edildi. Milli Məclis Azərbaycan Respubli­kasının Seçki Məcəlləsini qəbul etdi. Bu Məcəllədə beynəlxalq təşkilatların tövsiyə və təklifləri nəzərə alınmışdı. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində İ.Əliyev 76,84%, İsa Qəmbər 13,97%, Lalə Şövkət 3,5% səs aldılar. H.Əliyevin davamçısı İ.Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi. 2003-cü il dekabr ayının 12-də dövlət və siyasi xadim Heydər Əliyev vəfat etdi.



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin