Azərbaycan tarixi


Müstəqil Azərbaycanın xarici siyasət kursu və beynəlxalq əlaqələri



Yüklə 0,62 Mb.
səhifə257/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   253   254   255   256   257   258   259   260   ...   269
Azərbaycan tarixi mühazirə

22.6.Müstəqil Azərbaycanın xarici siyasət kursu və beynəlxalq əlaqələri.

Müstəqilliyinin ilk günlərindən Azərbaycan Respublikası digər dövlətlərlə münasi­bətlərini dövlət sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü, mübahisəli məsələlərin dinc yolla nizama salınması, başqa dövlətlərin daxili işlərinə qarış­mamaq prinsipləri əsasında qurdu. Azərbaycan Respublikasının xarici siya­sətinin əsasını Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etmək, Azər­baycanın dövlət müstəqilliyini və suverenliyini möhkəm­ləndirmək, ölkəmizin dünya ölkələri arasında layiqli yer tutmasını təmin etmək, dostluq və əməkdaşlıq münasibətləri yaratmaqdan ibarət idi.


Tarixi keçmişi, dini, mədəni və mənəvi dəyərləri ilə islam dünya­sının ayrılmaz hissəsi olan Azərbaycanın 1991-ci ilin dekabr ayında İslam Konfransı Təşkilatına (İKT) üzv olması beynəlxalq aləmdə respu­blikamızın qarşısında yeni üfüqlər açdı. Azərbaycan 1992-ci ilin fevralında İqtisadi Əməkdaşlıq Təşki­latına, Helsinki Müşavirəsinin Yekun Aktına və Avro­pada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsinə, martın 2-də isə BMT-yə üzv qəbul olundu. 1993-cü ilin əvvələrində Azərbaycanın dövlət müstəqilliyi 100-dən artıq dövlət tərəfin­dən tanınmış, 70 xarici dövlət ilə diplomatik əlaqələr qurulmuş, Azərbaycan Respublikası 14 beynəlxalq təşkilata üzv qəbul edil­mişdir.
Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Qaç­qınlar üzrə Ali Komissarı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. qeyd etmək olar. Təhsil, elm və mədəniyyət məsələlə­rinin vacibliyini nəzərə alaraq, Azərbaycan BMT-nin Təhsil, Elm və Mədəniy­yət Təşkilatı (YUNESKO) ilə geniş əməkdaşlıq edir və bu məqsədlə 1994-cü ildə Azərbaycan Prezidentinin Sərəncamına əsasən Azərbaycanın YUNESKO nəzdində Milli Komissiyası təsis edilmişdir.Azərbaycanın müxtəlif nazirlik və qurumları BMT sistemində olan müvafiq qurumlarla sıx əməkdaşlıq edirlər.
Azərbaycanın xarici siyasətində MDB ölkələri ilə əlaqələrə böyük əhəmiy­yət verilir. MDB 1991-ci ilin dekabrında yaranıb. Yarandığı vaxt MDB-yə 12 dövlət daxil idi. Azərbaycan 1993-cü il sentyabrın 24-də Müs­təqil Dövlətlər Birliyinə (MDB) daxil oldu. Yarandığı gündən MDB adından bəyan edilən, əslində isə Rusiyanın mövqeyini əks etdirən bəzi qərarlara, yanaşmalara münasi­bətdə Gürcüstan, Ukrayna, Azərbaycan, Özbəkistan və Moldova həmişə fərqli mövqelərdən çıxış etmişlər. Qərb dövlətləri ilə əlaqələrə, Qərbə inteqrasiyaya, MDB və NATO təhlükə­sizlik məsələlərinə, Şərq-Qərb enerji, nəqliyyat və kommunikasiya layihələrinə, MDB üzvü olan ölkələrin ərazisində mövcud olan etnik separatizmə və s. məsələlərə münasibətdə adı şəkilən 5 dövlət həmişə MDB-nin (Rusiyanın) mövqelərinə fərqli yanaşma nümayiş etdirmiş və alternativ layihələr irəli sürmüşdür. 1997-ci ildə Azərbaycan, Gürcüstan, Ukray­na və Moldova tərəfindən subregional inteqrasiya təşkilatı-GUAM (Gür­cüstan, Ukray­na, Azərbaycan, Moldova) yaradıldı. 1998-ci ildə GUAM-a Özbəkistan da daxil oldu, lakin 2005-ci il may ayının 26-da Özbəkistan qurumu tərk etdi. GUAM-ın 2 may 2006-cı ildə Kiyevdə keçirilən zirvə görüşündə bu qurum Demokratiya və İqtisadi İnkişaf Uğrunda Hərəkat adlandırılmışdır. Bu qurumun yaranması MDB daxilində gedən proseslərin ən obyektiv və qanunauyğun nəticələrindən biri idi. 2008-ci ilin avqustunda baş verən Rusiya-Gürcüstan mühari­bəsindən sonra Gürcüstan MDB-ni tərk etdi.
Hal-hazırda MDB-nin daxilində GUAM-dan savayı mövcud olan ikinci qruplaşma Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adlanır ki, bura Rusiya, Ermənistan, Belarusiya,Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. Türkmə­nistan neytral qalaraq heç bir qruplaşmaya daxil olmamışdır.
Azərbaycanın xarici siyasətinin əsas üstünlüklərindən birini Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq təşkil edir.Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Aİ-nın üzv dövlətlərinin Azərbaycanla siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək marağını artırır. Aİ öz Xüsusi Elçisini 1998-ci ildə Azərbay­cana göndərmiş və Azərbaycan Aİ-da öz Daimi Nümayəndəliyini 2000-ci ildə açmışdır.
Azərbaycan Respublikasının xarici siyasətində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının çərçivəsində Dağlıq Qarabağla bağlı Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə xüsusi əhəmiyyət verilir. Azərbaycan 1992-ci ildə yanvarın 20-də ATƏM üzvlüyünə qəbul olundu. 1992-ci ildə ATƏM-in Minsk qrupu yaradıldı. Bu qrupun vəzifəsi Ermə­nistan - Azərbaycan mühari­bəsini və Dağlıq Qarabağ məsələsini dinc danışıqlar yolu ilə nizama salmaqdır. Hazırda Minsk qrupunun tərkibinə 13 dövlət (Azərbaycan, Türkiyə, Almaniya, ABŞ, Fransa, İtaliya, Niderland Krallığı, Finlandiya, Portu­qaliya, İsveç, Belarus, Rusiya, Ermənistan) daxildir. 1994-cü ilin deka­brında Budapeşt zirvə toplantısında ATƏM adı dəyişdirilərək ATƏT (Avropada Təhlükə­sizlik və Əmək­daşlıq Təşkilatı) adlandırıldı. Budapeşt zirvə top­lan­tısında ilk dəfə ATƏT-in sülhmə­ramlı qüvvələrinin yaradılması və müna­qişəli ərazilərə göndərilməsi qərara alındı. ATƏT-in ilk sülhməramlı çox­millətli hərbi hissəsinin yaradılması və Dağlıq Qarabağa göndərilməsi razı­laş­dırıldı. 1994-cü il mayın 8-də Minsk qrupu və Rusiyanın vasitəçiliyi, prezi­dent H.Əliyevin səyi nəticəsində Beşkekdə Ermə­nistan - Azərbaycan mühari­bəsində atəşkəs barədə saziş imzalandı.
1997-ci ildən Rusiya, ABŞ və Fransa nümayəndələri Minsk qrupunun həm­sədrləridir. Qarabağ məsələsinin həllində Azərbaycanın ATƏT-lə əmək­daş­lığı hələlik heç bir müsbət nəticə verməmişdir.
Azərbaycan NATO ilə əməkdaşlığa da fəal can atır. 1994-cü ilin mayında Azər­baycan Respublikası NATO-nun “Sülh naminə tərəf­daşlıq” proqramına qoşuldu və Avropa Atlantika Əməkdaşlıq Şurasına qəbul olundu. Bu gün Azər­baycan ordusu NATO standart­larına uyğun­laşdırılır, Kosovoda, İraqda, Əfqanıs­tanda NATO qoşunları ilə birgə xidmət edir. NATO ilə tərəfdaşlıq proqramının genişlənməsinin nəticəsi olaraq Azərbay­can 2002-ci ilin noyabrında Praqada keçirilmiş sammitdə NATO Parlament Assamble­yasının Assosiativ Üzvlüyünə qəbul olundu.
1994-cü il sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə ABŞ, Böyük Britaniya, Norveç, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Yunanıstanın neft şirkətləri daxil olan konsorsium arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq”, “Günəşli” yatağının bir hissəsinin birgə işlənməsi haqqında 30-illik saziş imzalandı. Bu sənəd “Əsrin müqaviləsi” adlandı. Əsrin sonunadək 14 ölkənin 30 neft şirkəti ilə 57 milyard dollarlıq sərmayə qoyuluşunu nəzərdə tutan 20 neft müqaviləsi imzalandı.
Müstəqil Azərbaycanın xarici siyasətində “neft amili” mühüm rol oynayır. Bu cəhətdən Bakı – Tiflis – Ceyhan ixrac kəmərinin çəkilmə­sinin böyük əhəmiyyəti var. Bu kəmə­rin çəkilişi haqqında razılıq 1999-cu ildə əldə edildi. 2002-ci ilin sentya­brında ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan kəmərin çəkilişinə başladılar və kəmər 2006-cı ilin yazından neft nəql etməyə başladı. Ölkə prezidentinin «Azərbaycan Respubli­kasında Dövlət Neft Fondunun yaradılması haqqında» 29 dekabr 1999-cu il tarixli fərman imza­lanması və fondun əsasnaməsini təsdiq etməsi isə «Əsrin müqaviləsi»nin və sonrakı müqavilələrin davamı oldu.
ABŞ-ın “EKSON”, “AMOKO”, “Yunokol”, “Penzoyl”, Böyük Britaniyanın “Britiş Petrolium”, Yaponiyanın “Mitsuri”, “İtoçi”, Norveçin “Statoyl”, Səu­diyyə Ərəbistanın “Delta”, Rusiyanın “Lukoyl”, Fransanın “Elf Akiten” və “Total”, İtaliyanın “ACİL” kimi neft şirkətləri Azərbaycanın neft, neft maşın­qayırmasına yeni texnika və texnologiya gətirdilər. “Xəzərdənizneft” qurgusu “Dədə Qorqud” adı ilə 2-ci dəfə işə salındı. “Şelf-5” qazma qurğusu əsaslı şəkildə yenidən quruldu, dünyada ən böyük üzən qazma qurğu­larından birinə çevrildi və 1998-ci ildə “İstiqlal”adı ilə istifadəyə verildi. 2000-ci ildə “Qur­tuluş” müasir qazma qurğusu işə düşdü. 1997-ci il noyabrın 12-də “Əsrin Müqaviləsi” üzrə neft hasilatına başlanıldı. Çıxarılan neftin Avropa bazarlarında satılması üçün 1997-ci il oktyabrın 25-də Bakı - Novorossiyski, 1999-cu il aprelin 17-də Bakı-Supsa (Gürcüstan) neft kəmərləri işə salındı.
Azərbaycanın xarici siyasətində Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi xüsusi yer tutur. 2001-ci ilin yanvarında Rusiya Federasiyası, həmin ilin noyabrında Qazaxıstan arasında Xəzər dənizinin dibinin milli sektorlar əsasında bölüşdürülməsinə dair sazişlər bağ­lanmışdır. 2002-ci il aprelin 23-də Xəzəryanı ölkələrin dövlət başçı­larının Xəzərin hüquqi statusunun müəy­yənləşdirilməsinə dair Aşqabad zirvə toplantısı keçirilmişdir. Lakin İran və Türkmənistanın qeyri-obyektiv mövqe tutması nəticəsində konkret nəticə əldə edilmədi.
Heydər Əliyev Azərbaycan diaspor təşkilatları ilə əlaqələrin qurulmasında bö­yük rol oynadı. Bu gün dünyanın 120 ölkəsində 50 milyondan artıq azərbay­canlı yaşayır. Rusiyada 2,5 mln., Ukraynada 500 min, Fransada 300 min, Al­mani­yada 200 min azərbaycanlı yaşayır. ABŞ, Türkiyə, Mərkəzi Asiya, Mərkəzi Avropa ölkələrində də azərbaycan­lıların sayı çoxdur. 2001-ci ildə H.Əliyev bütün Dünya Azərbay­canlılarının I qurultayını təşkil etdi və qərara alındı ki, bundan sonra xaricdə yaşayan azərbaycanlılar öz səylərini birləşdir­məlidirlər.2002-ci ildə Xaricdə yaşayan Azərbaycanlılarla iş üzrə Döv­lət Komitəsi yara­dıldı.
H.Əliyev Azərbaycanın türkdilli dövlətlər və xalqlarla müna­sibətlərinin inki­­şa­fına da böyük önəm verirdi. Türk xalqları – Anadolu türkləri, qazaxlar, Azərbaycan türkləri, özbəklər, tatarlar və sairləri birləşdirən “Türksoy” təşkilatı yaradıldı. 2007-ci ildə türkdilli xalqların Bakıda forumu keçirildi. Burada İ.Əli­yev çıxış edərək göstərdi ki, Qarabağ, Kipr və sair məsələlərin həll edilməsində bütün türk xalqları, dövlətləri bir olmalıdır.
1996-cı il dekabrın 2-3-də Portuqaliyanın paytaxtı Lissabonda ATƏT-in zirvə toplantısında Azərbaycan diplomatiyası mühüm nailiyyət qazandı. Belə ki, Azərbaycan nümayəndə heyəti aşağıdakı prinsiplərlə Dağlıq Qarabağ proble­minin həllini irəli sürdü:1) Azərbaycan Respu­blikasının ərazi bütövlüyünün tanınması; 2) Dağlıq Qarabağa Azər­baycan Respublikasının tərkibində ən yüksək status verilməsi; 3) Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinə təminat verilməsi.
ATƏT-in üzvü olan 54 ölkədən 53-ü Azərbaycan prezidentinin irəli sürdüyü bu prinsipləri bəyəndi. Təkcə Ermənistan bu prinsipləri qəbul etmədi, daha doğ­rusu Azər­baycan Respublikasının ərazi bütövlüyünü tanımadı.
1997-ci il sentyabrın 9-11-də Azərbaycan Respublikasının Prezi­denti Strasburqda Avropa Şurası üzvü olan dövlətlərin zirvə toplantısında iştirak etdi və burada “Avropada adi silahların azaldılması haqqında” müqavilənin muza­kirəsi zamanı Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova dövlət başçıları GUAM adlı dördlər qrupu yarat­dılar. Sonralar buraya Özbəkistan da qoşuldu, lakin tezliklə də tərk etdi. Bu təşkilatın vəzifəsi iqtisadi artımı sürət­ləndirmək, təhlükəsiz və səmərəli nəqliyyat-kommunikasiya dəhlizini inkişaf etdirməkdir.
1999-cu ilin noyabrın 18-19-da İstanbulda ATƏT-in növbəti zirvə toplantısı keçi­rildi. Burada 1990-cı ildə qəbul edilmiş “Paris Xartiyası”ndan sonra dünyada baş vermış dəyişiklikləri əks etdirən yeni İstanbul Xartiyası qəbul edildi. İstanbul zirvə toplantısı göstərdi ki, Azərbaycanın sülh siyasəti indiki zamanda düzgün yoldur. İstanbul zirvə toplantısında ABŞ-ın iştirakı ilə Azər­baycan, Gürcüstan və Türkiyə arasında “Bakı-Ceyhan” Əsas İxrac Neft Kəməri haqqında saziş imzalandı.
Azərbaycan Respublikasının xarici siyasətində xarici dövlətlərlə iqtisadi əlaqələrin yaradılmasına xüsusi diqqət yetirildi. İstehsalı inkişaf etdirmək, ölkəyə xarici sərmayələr cəlb etmək üçün “Açıq qapı” siyasəti yeridilirdi. Respublikada investorları və kreditorları müdafiə edən və onlara təminat verən qanunlar qəbul edildi. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əlaqələr yaradıl­dı. Təkcə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Azərbaycana 1 milyard 300 milyon dollardan çox kredit verdi. ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa, Norveç, Rumıniya, Bolqarıstan və başqa ölkələrlə 90-a yaxın sənəd imzalandı. Bu sənədlər Azərbaycanın Avropa iqtisadi münasibət­lərinə inteqrasiyasını sürətləndirdi.
1991-ci ildə Avropa Birliyinin köməyi ilə TACİS proqramı yaradıldı. Bu proqramın məramı yeni yaranmış müstəqil dövlətlərdə demokratik islahatlar keçirilməsinə kömək etmək idi. Avropa Birliyi proqramının böyük layihəsi olan Avropa-Qafqaz-Asiya Trans­qafqaz nəqliyyat dəhlizi (TRASEKA) – Böyuk İpək Yolunun mühüm əhəmiy­yəti var. Bu yolun uzunluğu 13 min km-dir. Çinin Şanxay şəhərindən başlayır və Londonda qurtarır. Brüsseldə 1993-cü ilin mayın­da keçirilmiş 8 təsisçi dövlətin (5 Mərkəzi Asiya və 3 Cənubi Qafqaz ölkələri) ticarət və nəqliyyat nazirlərinin Konfransında Avropa Birliyinin təşəbbüsü ilə nəqliyyat dəhlizinin açılması barədə “Brüssel Bəyan­naməsi” qəbul edildi. 1998-ci il sentyabrın 7-8-də Bakıda Azərbaycan və Gürcüstan Prezidentlərinin təşəbbüsü ilə İpək yolunun bərpası üzrə beynəlxalq konfrans keçirildi. Kon­fransda 32 ölkə, 13 beynəlxalq təşkilatın nümayəndəsi iştirak etmişdi. Kon­fransda “Avropa-Qafqaz-Asiya” Transqafqaz beynəlxalq nəqliyyat dəhlizinin inkşafı haqqında çoxtərəfli saziş və Bakı bəyannaməsi imzalanmışdır. Azər­baycan bu beynəlxalq strukturun mərkəzinə çevrildi, konfransda yaradılan beynəlxalq təşkilatın mənzil qərargahı Bakıda yerləşir.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin