Alban xaç daşları. Azərbaycan Respublikası və indiki Ermənistanın müxtəlif bölgələrində toplu və tək halda yayılmış xatirə daşları və stellalar olan alban xaç daşlarında xristianlıqdan əvvəlki müəyyən dünya görüşü və simvolik təsəvvürlər əks olunmuşdur. Alban xaç daşlarının obrazları bir çox əsrlər ərzində, əvvəlcə dini obrazlarda üzvi şəkildə çarpazlaşmış iki, sonra üç dinin təsiri altında təşəkkül etmişdi. Xaç daşlarının orijinallığı və erməni xaçkarlarından əsaslı fərqi də bundan irəli gəlir.
Araşdırmalar göstərir ki, xaçların yaranmasında hələ xristianlıqdan çox-çox qabaq qədim türk tayfalarının böyük rolu olmuşdur. Alban xaçı dünyada yeganə xaçdır ki, xristianlığaqədərki inamların və kainatı dərketmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Bu xaçların bütün kompozisiyaları göylə yerin əlaqəsi, günəş, işıq, nur və məhsuldarlıq simvolu kimi əks olunmuşdur.
Cənubi Qafqaz ərazisinə səpələnmiş alban xaç daşlarını əsasən dörd qrupda cəmləşdirirlər ki, onlar da Xaçın, Arsak, Cuğa və Yenivəng xaç daşlarıdır.
Alban memarlığı.Alban memarlığınn nümunələri əsasən Azərbaycan Respublikası, Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası yerləşən ərazi) və Dağıstanın cənub ərazilərində aşkarlanmış və tədqiq edilmişdir. Alban memarlıq nümunələrinin dövrümüzə çatan ən maraqlı nümunələri müdafiə tipli qala və istehkamlar, dini xarakterli tikililər olan kilsə və monastırlardır. Türk tayfalarının alban dövlətinin idarə olunmasında, onun mədəniyyətinin və memarlığının inkişafında danılmaz rolu olmuşdur. Ona görə də alban memarlığından danışarkən "Alban-türk memarlığı" ifadəsi işlədilir ki, bu da o dövrlə tam qanunauyğunluq təşkil edir. Albaniya ərazisində yaşayan bu tayfaların bir qismi xristianlığı qəbul edərək xristianlaşmış, bir hissəsi isə sonradan İslamı qəbul etmişdi. Alban mədəni irsinə məxsus müdafiə tikililərindən öz möhtəşəmliyi ilə bu gün də seçilən Dərbənd qalası, Cavanşir qalası, Çıraqqala və başqalarını göstərmək olar.
Albaniyada şəhər salma və memarliq inkişaf etmişdir. Azərbaycan ərazisində Şəki, Dərbənd, Qəbələ, Təbriz, Şiz, Ərdəbil, Marağa, Naxçıvan kimi şəhərlər vardı. Azərbaycanın şimali-şərqində yad tayfaların şimaldan hücumlarının qarşısını almaq üçün Dərbənddə, Beşbarmaqda, Şirvanda (Gilgilçay), Çıraqqalada, Samur çayı sahilində müdafiə sədləri inşa edilmişdir. Bunlardan ən əzəmətlisi Dərbənd sədləridir. Bu sədlərin tikintisinə V əsrin ortalarından başlanmış və tikinti bir əsrə qədər davam etdirilmişdi. Sasani hökmdarlarının əmri ilə tikilən bu sədlər yerli əhalinin və sənətkarların əməyi ilə yaradılmışdı.
Albaniyada bir sira qalalar, məbəd və kilsələr də tikilmişdi. Bu abidələr içərisində Torpaqqala (Qax), Girdiman (İsmayıllı), Govurqala (Ağdam), Caraberd və sair qalalar, Kəlbəcər rayonunda Xudavəng məbəd kompleksi (XIII əsr), Laçın rayonu Kosalar kəndindəki Ağoğlan məbədi (IX əsr), Xocavənd rayonu Sos kəndindəki Amaras monastrı (IV əsr), Şəki (I əsr) və Ağdərə (IV əsr) rayonlarındakı Müqəddəs Yelisey məbədləri, Ağdərə rayonu Vəng kəndində Qandzasar məbədi (XIV əsr), Qax rayonunda Ləkit məbədi (V əsr), Qum məbədi (VI əsr), Yeddi kilsə məbədi (IV əsr), Kürmük məbədi (XII əsr),Qərbi Azərbaycan (Hazırda Ermənistan respublikasının yerləşdiyi ərazi) ərazisində Haqapat məbədi, Qoşavəng məbədi, Ağtala məbədi, Tatev məbədi, Uzunlar məbədi, Yenivəng məbədi,Borçalıda Sənain məbədi alban məbəd memarlığının dövrümüzə qədər çatmış ən gözəl nümunələridir.
Azərbaycanda Qafqaz Albaniyası dövrü abidələrinin əksəriyyəti öz ilkin formasını qoruyaraq dövrümüzə çatmışdır. Alban xristianlığının ilk dövrü üçün kilsə tikililəri xarakterik idi. Albaniyada xristianlıq memarlığı üslubunda dairəvi məbədlər deyilən xüsusi memarlıq da yayılmışdı və bu üslub yalnız albanlara aiddir. Bunun da öz səbəbi var. Belə ki, Albaniyada dairəvi məbədlərin tikilməsi erkən xristianlıq dövrünə aiddir və bu məbədlər günəşə ibadət edən albanlar tərəfindən, yəni hələ xristianlığın tam mənimsənilmədiyi və səma cismlərinə ibadətlə qarışdırıldığı dövrlərdə tikilib.
Albaniyada xristian memarlığının ən kütləvi forması isə sovmələrdir. Sovmələr karvan yolları kənarında kiçik ibadətgah rolunu oynasalar da, onlar əslində memorial tikililərdir. Albanlar həm mehrablı, həm də mehrabsız sovmələr inşa edirdilər.
Din.Erkən orta əsrlərdə Azərbaycan əhalisinin əsas dini etiqadları bütpərəstlik, atəşpərəstlik, göy cismlərinə, təbiət hadisələrinə, müxtəlif əşyalara inam və sairə idi. Azərbaycanda təkallahliğa keçid vahid dövlətin olmadığı şəraitdə baş vermişdir. Təkallahliğa inam - Zərdüşt dini ehkamı yaranmış, lakin ümumi dünyəvi dinə çevrilə bilməmiş, atəşpərəstlik dini ehkami ilə qarışmışdı. Sasanilər dövründə yaranmış Mani dini insanlara yaxşı və xöşbəxt həyat arzulayırdı. Bu dini təlimdə xeyirlə şər arasında mübarizə zərdüştlüyün təsiri altında yaranmışdı. Azərbaycanın türk tayfaları arasında Ulu Tanriya inam– tanrıçılıq geniş yayılmışdı.
Eramızın 70-ci illərindən Albaniyada ilk xristian missionerlər fəaliyyətə başladılar.Missioner Yelişa (Yelisey) 70-ci illərdə Şəkinin Kiş kəndində ilk xristian kilsəsinin əsasını qoydu. Kalankatlı Musa bu kilsəni “bütün şərq kilsələrinin anası” adlandırmışdı. Arşakilər sülaləsi dövründə Albaniyada Sasanilərin təsiri ilə atəşpərəstlik yayılmağa başladı. IV əsrin 30-cu illərindən Albaniyada yenidən xristianlığın təbliği gücləndi. V əsrdə III Mömin Vaçaqanın dövründə (493-510- cu illər) xristianlıq Albaniyada hegemon mövqe tutdu. Albaniyada xristianlıg zorla yayılmışdı və bu səbəbdən başqa dini ehkamları tam olaraq sıxışdırıb aradan çıxara bilməmişdi.