Şəki hakimliyi. Albaniyanın ən böyük vilayətlərindən biri olan Şəki VII əsrin ortalarında ayrıca çarlıq kimi fəaliyyət göstərməyə başlamışdır. Şəki çarlığının əraziləri indiki Azərbaycan Respublikasının şimal – qərbini, Gürcüstanın şimal-şərqini və Dağıstanın qərbdən cənub ərazilərini əhatə etmişdir. Şəki çarlığının paytaxtı VII əsrin ortalarından X əsrin əvvəllərinədək Şəki şəhəri, X əsrin əvvəllərindən XI əsrin əvvəllərinədək Telav şəhəri, XI əsrin əvvəllərindən 1117-ci ilədək Kiş qalası olmuşdur. Şəki dövlətinin adı orta əsr mənbələrində müxtəlif cür çəkilir. Belə ki, ərəb müəlliflərindən ibn Havgəl əl-Bəlazuri, Məsudi dövləti Şəki şəhərinin adı ilə “Şəkkən” və yaxud Şəki adlandırmışlar. Gürcü mənbələrində dövlətin adı həm Şəki, həm də Hereti yaxud Ereti kimi göstərilir. Gürcülər Şəki dövlətini onun ərazilərində yaşayan, alban tayfalarından olan erlərin adına görə tanımışlar və “Ereti” adlandırmışlar. Erməni və Bizans mənbələrində isə Şəki dövlətini 705-ci ildə ərəblər tərəfindən ləğv edilən Albaniyanın davamçısı kimi qiymətləndirərək onu Albaniya adlandırmışlar.
Ərəb mənbələrində göstərilir ki, xəlifə Osmanın dövründə (644-656) Salman ibn Rəbiənin başçılığı ilə ərəb qoşunları Kür çayını keçərək Qəbələni tutmuş, sonra isə Şəkkən (Şəki) və Kəmibəran hökmdarları ilə vergi ödəmələri şərti ilə müqavilə bağlamışdır. Tarixi mənbələrdə IX əsrin otuzuncu illərində Şəki çarlığını mehranilər nəslindən olan Səhl ibn Sumbatın idarə etdiyi və 854-cü ildə onun Ktiş hakimi Yesai Əbu Musa ilə birlikdə ərəb sərkərdəsi Buğa əl-Kəbir tərəfindən həbs olunub Xilafətin paytaxtı Samirəyə aparılması haqqında məlumat verilir. X əsrdə yazılmış və müəllifi tarixə bəlli olmayan “Hüdud əl- Alami” əsərində Şəki çarlığının ərazisinin 70 fərsəx uzunluğunda olması göstərilir. 1117-ci ildə Şəki gürcü çarı IV Davidin qoşunları tərəfindən işğal edilmiş və müstəqilliyini itirmişdir. III Mənüçöhrün dövründən (1120-1160) başlayaraq Şəki əraziləri Şirvanşahlardan asılı vəziyyətdə olmuşdur. Bu dövrdə Şəkini Səfiəddin və vali Qaşqara idarə edirdilər. XIII əsrin əvvəllərindən Şəki də başqa Azərbaycan əraziləri kimi əvvəl Cəlaləddinin, daha sonra monqolların və hülakilərin yaratdığı dövlətlərin tərkibində olmuşdur.Tarixi mənbələrdən görünür ki, Hülakilər dövründə Şəki Hülakilər tərəfindən təyin olunan vali tərəfindən idarə olunmuşdur. XIII əsrin sonu – XIV əsrin əvvəllərində Qarabağ, Muğan, Arranla birlikdə Şəkini Fəzlullah Rəşidəddinin oğlu Cəlal idarə etmişdir.