Səlcuq imperiyasının Azərbaycan xalqının və dilinin formalaşmasına təsiri. Səlcuq türkləri onların hakimiyyəti altına düşən bütün xalqların və ölkələrin sonrakı tarixi inkişafında eyni rol oynamadılar. Qonşu ölkələrdən və xalqlardan fərqli olaraq Səlcuq dövrü Azərbaycanın və Azərbaycan xalqının tarixi müqəddəratında mühüm rol oynadı.Hələ səlcuqların gəlişinə qədər Azərbaycan qədim türk tayfalarının - sakların, iskitləri, kimmerlərin, hunların,barsillərin, bulqarların, xəzərlərin, qıpçaqların, oğuz türklərinin və s. yaşadığı ərazi idi. Azərbaycan Sasani imperiyası və Ərəb xilafətinin tərkibində olarkən Azərbaycan xalqının təşəkkül tapması prosesi gedirdi. Xilafət dövründə Azərbaycan əhalisi islam dini ətrafında daha sıx birləşdi, islam-türk etnik siyasi amilli daha da gücləndi. IX əsrin ikinci yarısından Xilafətin parçalanması nəticəsində Qafqazda islam dininə qarşı fəallaşan Bizans-xristian amilini dayandıra biləcək yeganə etnik - siyasi amil Azərbaycan türkləri idi. Gürcü və erməni feodalları müsəlman türklərə qarşı məkrli siyasət yeridərək türk-müsəlman amilini Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq və Azərbaycan torpaqlarını öz aralarında bölüdürmək niyyəti güdürdülər.
Azərbaycan Səlcuq imperiyası tərkibinə qatıldıqdan sonra türk tayfalarının yeni dəstələri burada məskunlaşmağa başladı. Eyni kökə, eyni dilə, eyni dinə malik olan oğuz-səlcuq türkləri qədim yerli türklərlə qaynayıb qarışdılar. Azərbaycanın Böyük Səlcuq imperatorluğunun tərkibinə qatılması buranı türklüyün başlıca etnosiyasi dayaqlarından birinə çevirdi. Səlcuq axınları zamanı türk boylarının yeni toplumları Azərbaycanda yerləşdilər. Eyni kökdən olan, eyni dildə danışan və islamı qəbul etmiş səlcuq türkləri ilə Azərbaycan türkləri tez bir zamanda qaynayıb-qarışdılar.VII-VIII əsrlərdə təşəkkül tapmağa başayan Azərbaycan türk xalqının və Azərbaycan dilinin formalaşması prosesi başa çatdı.
Səlcuqların axınları nəticəsində Cənubi Qafqazda və Ön Asiyada oğuz-turk tayfaları başlıca etnik ami lə çevrildi, bu isə Yaxın və Orta Şərqin sonrakı tarixində mühüm rol oynadı. Avropa feodallarının Şərq torpaqlarını işğal etmək məqsədilə təşkil etdikləri soyğunçu Xaç yürüşləri zamanı səlibçilərə sarsıdıcı zərbələr endirən səlcuq türkləri o zaman Yaxın və Orta Şərqin siyasi xəritəsinin Qərbi Avropa dövlətlərinin xeyrinə dəyişməsinə imkan vermədilər.
Erməni və gürcü feodalları müsəlman türklərinə qarşı məkrli siyasətlərini həyata keçirmək üçün Qərbi Avropa cəngavərləri və Bizans imperiyasına arxalanırdılar. Səlcuq türklərinin axınları Bizans imperiyasının Cənubi Qafqazda möhkəmlənmək siyasətini və qəsbkarlıq planlarını da puça çıxardı. Səlcuqların hücumları Cənubi Qafqazda möhkəmlənməyə çalışan Bizans-erməni-gürcü təcavüzünün qarşısının alınmasında mühüm rol oynadı. Türklük və islam amilləri Qafqazda qəti olaraq möhkəmləndi