Orta Paleolit (Mustye mədəniyyəti). Orta paleolit eramızdan əvvəl 100-cü minillikdən 40-cı minilliyə qədərki 60 min illik dövrü əhatə etmişdir. Bu dövrə aid əmək alətləri ilk dəfə Fransada Le- Mustye arxeoloji abidəsindən tapıldığına görə orta paleolit dövrü Mustye mədəniyyəti dövrü də adlanır. Azərbaycanda aparılan arxeoloji tədqiqatlar zamanı orta paleolitə (Mustye mədəniyyətinə) aid maddi mədəniyyət nümunələri Azıx mağarasının III təbəqəsində, Tağlar (Qarabağ), Damcılı (Qazax), Zar (Kəlbəcər), Qazma (Naxçıvan), Lerik rayonu ərazisində Zuvand çayının sol sahilində tapılan Buzeyr mağaralarında aşkar edilmişdir. Azərbaycanda aid Orta paleolitdə yeni insan tipi-Neandertal adamı (bu tipli insan qalığı ilk dəfə Almaniyanın Neandertal dərəsində tapıldığına görə belə adlanır) meydana gəlmişdir.
Orta paleolitdə insanlar daha geniş ərazilərə yayılmışdır və elə o vaxt Kiçik Qafqazın cənubi-şərq yamaclarında insan məskənləri meydana gəlmişdir. Bu dövrdə yaşayan insanlar daha çox ovçuluqla məşğul olurdular ki, bu da onların daha geniş ərazilərə yayılmasına şərait yaratmışdır. Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı Mustye dövründə neandertal tipli insanların qəbirləri aşkar olunmuşdur. Deməli, Mustye dövründə neandertal tipli adamların həyatında dəfn mərasimi olmuş və artıq onlarda bəzi dini görüşlər formalaşmağa başlamış, axirət dünyasına, heyvan və təbiət qüvvələrinə inam, totem, ovsun bu dövrdə meydana gəlmişdir.
Üst Paleolit təqribən 40 min il bundan əvvəl başlayaraq, e.ə. 12-ci minillikdə başa çatmışdır. Azərbaycan ərazisində Üst Paleolit dövrünə aid maddi mədəniyyət nümunələri Qarabağ (Yataq yeri və Zar açıq yaşayış yerində) və Qazax bölgəsində (Damcılı mağarasında), aşkar olunmuşdur. Damcılı mağarasının daş məmulatı içərisində Üst Paleolit dövrünə aid əksəriyyəti çaxmaq və dəvəgözü daşlarından hazırlanmış qaşovcuqlar, kəsici alətlər, bizlər və bıçaq tipli, gəzlidişli, üçbucaq formalı əmək alətləri qeydə alınmışdır.
Üst Paleolit dövründə nəhəng heyvanların və mağara ayılarının kökü kəsilmiş, insanlar, əsasən, Qafqaz maralı, ceyran, cüyür, dağ keçisi və s. ovlamışlar. Ağıllı insan (Homo Sapiens) tipi Azərbaycanda 40 min il bundan əvvəl formalaşmışdır. İbtidai insan sürüsü 30 min il bundan əvvəl qəbilə icması ilə əvəzlənmişdir. Nəsli qəbilə quruluşunda qadınların əsas işi uşaqlara baxmaq, yemək hazırlamaq, giləmeyvə, bitki toxumu toplamaq, odu qoruyub saxlamaq idi. Qəbilə icmasında insanlar biri-birilə qan qohumluğuna görə bağlı idilər və bu birlik nəsli qəbilə quruluşu adlanır. Anaxaqanlığında (ana nəsli) qohumluq ana xətti ilə müəyyən edilirdi.