Səfəvi-Osmanlı müharibələrinin üçüncü mərhələsi, Qəsri-Şirin sülhü (1639-cu il). XVI əsrin sonuna yaxın Səfəvi dövlətinin qarşısında 3 vacib məsələ dururdu: 1) şimal-şərq sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün Şeybanilər dövlətini əzmək və Xorasanı geri almaq; 2) 1578-1590-cı illərin müharibələrində Osmanlılar tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarını geri qaytarmaq; 3) İran körfəzində Portuqaliyanın hegemonluğuna son qoymaq və Hind okeanına çıxış əldə etmək.
I Şah Abbas 1599-cu ildə Şeybaniləri məğlub etdi və Xorasanı yenidən Səfəvi dövlətinin tərkibinə qaytardı, öz təsirini Mavəraənnəhrə qədər yaydı.
Avropa dövlətləri Səfəvilərin Osmanlı imperatoluğu ilə toqquşmasına maraq göstərirdilər. 1603-cü ildə alman səfir Georgi Tektander Təbrizə gəlmiş və səfəvilərə Osmanlıya qarşı hərbi ittifaq bağlamağı təklif etmişdi. Səfəvi – Osmanlı müharibəsinin başlanmasında Rusiya da maraqlı idi: Rusiya Volqa – Xəzər ticarət yolunu nəzarətə almaq istəyirdi.
1603-cü il sentyabrın 14-də I Şah Abbas Osmanlıya qarşı müharibəyə başladı. 1603-cü ilin oktyabrın 21-də Təbriz tutuldu. Səfəvi ordusu Azərbaycanın şimalına irəlilədi. 1603-cü il noyabr – dekabr ayları ərzində Ordubad, Culfa, Naxçıvan osmanlılardan azad edildi.Culfa və Naxçıvan tutulduqdan sonra 1603-cü ilin noyabrında İrəvan qalası mühasirəyə alındı və 1604 - cü ilin avqustunda ələ keçirildi. İrəvanın idarə edilməsi Əmirgünə xan Qacara, Naxçıvan isə Maqsud Sultan Kəngərliyə tapşırıldı.
I Şah Abbas Osmanlı qoşununa qarşı ənənəvi “yandırılmış torpaq”taktikasını tətbiq etdi. Şahın əmri ilə Arazın sol sahilində daşınması mümkün olmayan hər şey məhv edildi. “Yandırılmış torpaq”taktikasını tərkib hissəsinə aid tədbirlərdən biri əhalinin köçürülməsi idi. Naxçıvan, İrəvan, Culfa və s. bölgələrdən əhali zorla İranın İsfahana, Mazandarana, Kirmana və sair vilayətlərə köçürüldü. Bu köçürmə tarixdə “böyük sürgün” adını aldı. “Böyük sürgün” siyasətinin məqsədi həm Osmanlılarla müharibədə “yandırılmış torpaq” taktikasının tətbiq olunması idi, həm də bu yolla I Şah Abbas İranın mərkəzi bölgələrinin iqtisadiyyatını canlandırmaq, Avropa-Asiya ticarət yolunu İran körfəzinə köçürmək və qızılbaş ipəyini Afrika ətrafından dənizlə Avropaya daşımağı qərara aldı. Məhz İran-ingilis tacirlərinin mənafeyi üçün Culfanın əhalsi İsfahana, Naxçıvan əhalisi isə Dizağa (Qarabağa) köçürüldü.
İrəvan Səfəvilər tərəfindən tutulduqdan sonra Osmanlı qoşunu qışlamaq üçün Vana qayıtdı. 1605-ci ilin yazında Səfəvi və gürcü birləşmiş qüvvələri Şirvanın xeyli hissəsini tutdular. I Şah Abbas 1605-ci ildə Allahverdi xanın başçılığı ilə Vana 30 minlik qoşun göndərdi.Osmanlılar darmadağın edildilər. I Şah Abbas 1605-1606-cı ilin qışında Gəncəni uzun müddət mühasirədə saxladıqdan sonra 1606-cı ilin iyununda şəhəri ələ keçirdi. 1607-ci ilin yanvarında Bakıda osmanlılara qarşı üsyan baş verdi. Şah bu münasibətlə osmanlılardan ələ keçirdiyi qənimətləri üsyançılara payladı. 1607-ci il martın əvvəllərində Dərbənd qalası da əhali tərəfindən tutuldu, osmanlılar Dərbəndi tərk etdilər. Dərbənd şəhəri Osmanlıya qarşı üsyan qaldıraraq səfəvilərə kömək etdiyi üçün Şah əhalini bütün vergilərdən azad etdi.Beləliklə, Şamaxı səfəvilər tərəfindən mühasirəyə alınmış oldu. I Şah Abbas Osmanlılardan Şamaxını döyüşsüz təhvil verməyi tələb etdi, lakin rədd cavabı aldı. 1607-ci ilin iyununda Şamaxı səfəvilər tərəfindən tutuldu və bütün Şirvan azad edildi. Zülfüqar xan Şirvana, Çıraq Sultan Ustaclı isə Dərbənd və Şabrana hakim təyin edildi.
Beləliklə, 1603-1639-cu illərin Səfəvi-Osmanlı müharibələrinin I mərhələsi (1603-1612) Səfəvilərin tam qələbəsi ilə başa çatdı. Bütün Azərbaycan, Şərqi Gürcüstan, qismən də Dağıstan yenidən Səfəvi dövlətinin tərkibinə qatıldı. 1612-ci ilin oktyabrın 17-də Sərab şəhərində Osmanlı dövləti ilə müqavilə bağlandı. Sülhə görə: 1) 1555-ci ilin Amasya sülhü bərpa edildi; 2) Səfəvilər öhdələrinə götürdülər ki, rusların tikdirdiyi Terek qalasının sökülməsində Osmanlılara mane olmayacaqlar.
1613-cü ilin oktyabrında Səfəvilər Gürcüstana və Azərbaycanın şimal ərazilərinə qarşı hərbi yürüşə başlayaraq Sərab sülhünü pozdular. 1616-cı ildə Səfəvi-Osmanlı müharibəsi yenidən başladı. Osmanlı ordusu Təbrizə hücum etdi, İrəvanı mühasirəyə aldı, lakin sərt qış, xəstəlik və ərzaq qıtlığı onları geri çəkilməyə məcbur etdi. 1618-ci ilin yazında osmanlılar Diyarbəkirdən Cənubi Azərbaycana hücum etdilər. Eyni zamanda Osmanlı ordusu ilə birlikdə Krım xanı Canı bəyin 15 minlik qoşununun da Azərbaycana hücumu başladı. Sərab vilayətində, Sınıq körpü adlı yerdə döyüş baş verdi. Osmanlılar ağır zərbə aldılar və sülh danışığına başlamağa məcbur oldular. 1618-ci ilin sentyabrında Mərənddə I Şah Abbasla Osmanlı Xəlil paşa arasında sülh müqaviləsi imzalandı. Mərənd sülhünün şərtlərinə görə 1555-ci ilin Amasya sülhünün şərtləri hər iki dövlət tərəfindən bir daha təsdiqlədi.