1.Müstəqil Azərbaycan dövlətlərinin (xanlıqlarının) yaranması. Cənubi Azərbaycan xanlıqları. 2.Azərbaycanın Şimal xanlıqları, sultanlıqları və məliklikləri və onların daxili siyasəti 3.Azərbaycan xanlıqlarının sosial – iqtisadi həyatı 4.Azərbaycan xanlıqlarının xarici siyasəti.Rusiya və İran Qacarlar dövlətinin Azərbaycanı ələ keçirmək cəhdləri. 5.XVIII əsrdə Azərbaycan mədəniyyəti
13.1. Müstəqil Azərbaycan dövlətlərinin (xanlıqlarının) yaranması. Cənubi Azərbaycan xanlıqları. Nadir şahın yaratdığı və ərazisi 5,5 milyon kvadrat kilometr olan Azərbaycan Əfşarlar imperiyası süqut etdi, dövlətin ərazisində onlarla xırda dövlətlər - xanlıqlar meydana gəldi. Təkcə Azərbaycan ərazisində 20 xanlıq meydana gəldi. Onlardan 8-i Cənubi Azərbaycanda, 12-i isə Şimali Azərbaycada yaranmışdı. Xanlıqların yaranmasının sosial-iqtisadi və siyasi şərtləri.XVIII əsrin ortalarında Nadir şahın yaratdığı dövlət dağıldıqdan sonra Azərbaycanda bir sıra müstəqil dövlətlər - xanlıqlar meydana gəldi. Nadir şahın ölümündən sonra xanlıqların meydana gəlməsinin səbəbləri bunlar idi: 1) natural təsərrüfat, ayrı-ayrı vilayətlər arasında iqtisadi əlaqələrin zəifliyi; 2) Səfəvilər dövləti və Nadirin yaratdığı Əfşarlar dövlətinin sabit mərkəzi aparata malik olmaması.Belə ki, əyalətlərin idarə edilməsi irsi hakimiyyətə malik olan nüfuzlu tayfa başçılarına tapşırılırdı. Bu isə mərkəzi hakimiyyət zəifliyəndə onların müstəqilliyə can atmasına imkan yaratdı; 3) xalqların mərkəzi hakimiyyətə qarşı azadlıq mübarizəsi; 4) xanlıqların yaranması, həmşinin beynəlxalq şəraitlə əlaqəli idi - Qərbi Avropa dövlətləri, qonşu Rusiya və Gürcüstan Azərbaycanda mərkəzləşmiş dövlətin yaranmasında maraqlı deyildilər; 5) böyük coğrafi kəşflərdən sonra Azərbaycan beynəlxalq ticarət yollarından kənarda qaldı və onun vahid dövlət kimi mövcudluğuna maraq azaldı.
XVIII əsrin ortalarında Azərbaycan müstəqil və yarımmüstəqil xanlıqlara, sultanlıqlara və məlikliklərə parçalandı. Azərbaycanın cənubunda Urmiya, Təbriz, Ərdəbil, Xoy, Qaradağ, Sərab, Maku, Marağa, şimalında isə Şəki, Qarabağ, Quba, Dərbənd, Bakı, Şamaxı, Gəncə, İrəvan, Naxçıvan, Lənkəran, Salyan və Cavad xanlıqları meydana çıxdı.